Çoxdan eşitdiyim bir lətifə indi də yadımdadır...
İnstitutda semestr imtahanı verən tələbə
bilet çəkib dil-qəfəsə qoymadan danışır. Müəllim onu dayandırır ki, sualın mahiyyətinə uyğun danışmaq lazımdır. Tələbə
qulaqardına vurur, yenə uzaqlara baş vurur, müəllim yenə ona xəbərdarlıq edir
ki, mövzunun məğzini danışsın. Bu hal bir neçə dəfə təkrarlanandan sonra tələbə
qayıdır ki, hələlik sualın ətrafında fırlanıram, çalışıram mərkəzə gəlim.
Son günlər idarəetmədə struktur dəyişikliyini
hədəfləyən fərmanların da sürəkliliyi o qədər artıb ki, bəzən gün ərzində
çatdırıb izləmək də olmur. Amma görünən odur ki, biz hələlik islahatların
ətrafında fırlanırıq, mərkəzə (islahatın özəyinə) hələ məsafə çox uzaqdı.
Xatırlayırsınızsa uzun illər əvvəl İqtisadiyyat
Nazirliyi vardı, sonra onu İqtisadi İnkişaf Naziriyi adlandırdılar, bir neçə il
sonra yenə də İqtisadiyyat Nazirliyi adlandırıldı. Nə dəyişdi, tərəqqi edən
hansısa işlər oldumu? Cavabını verən (bəlkə də bilən) yoxdu.
İndi yeni struktirlar yaradılır – Prezident
yanında Mənzil İnşaatı Agentliyi, Kənd Təsərrüfatı
Nazirliyi yanında ərzaq tədarükü və satınlaması
ilə məşğul olacaq ixtisaslaşmış Agentlik.
Prezident yanında yaradılacaq Mənzil İnşaatı Agentliyin
əsasnaməsindən aydın olur ki, bu
qurum təkcə sosial mənzillərin tikintisilə məşğul olmayacaq, həmçinin ayrı-ayrı
tikinti şirkətlərinə sifariş verməklə sərəncamında olan torpaq sahələrində
insanların güzəştli qiymətlərlə əldə edə biləcəyi mənzillərin tikintisini təmin
etmək olacaq. Gəlin bu qurumun
yaranmasını zəruri edən səbəblərə baxaq: dünya təcrübəsində mövcud olan və
mənzil ala bilməyən insanların güzəştli icarə tarifləri əsasında yaşaya
biləcəyi sosial mənzillər Azərbaycanda yoxdur, 2009-cu ildə qəbul edilmiş Mənzil
Məcəlləsinə görə belə mənzil fondunun yaradılmasına həm bələdiyyələr, həm də
dövlət qurumları məsuliyyət daşıyır. Problem Avropada da, bizdə də eynidir: sosial
mənzil fondu olmalıdır. Amma ən vacibi həmin problemi necə həll etməklə bağlı
avropalıların və bizim yanaşmamız arasında fərqdir. Məsələn, Estoniyada sosial mənzil tikintisinə məsuliyyət birbaşa
bələdiyyələrin üzərinə qoyulub, lakin mənzil tikintisinin maliyyələşdirilməsinə
bələdiyyələrin və mərkəzi hökumət birgə öhdəliklidir. Maliyyəni isə “Estonian
Credit and Export Guarantee Fund” vasitəsilə özəl tikinti şirkətlərinə
yönəldirlər. Yaxud İsveçdə SABO (the
Swedish Association of Public Housing Companies) adlı qurum hökumətdən və
bələdiyyədən pul alaraq özündə birləşdirdiyi 300 tikinti şirkəti vasitəsilə bu
işi görür. Bizim sistem Türkiyədə birbaşa başbakanlığa bağlı olan Toplu Konut
İdaresi Başkanlığının oxşarıdır. Lakin məlumatı olan mütəxəssislərin
bildirdiyinə görə, Türkiyədəki sistem siyasi hakimiyyətə yaxın tikinti
şirkətlərinin TKİB vasitəsilə daha çox ihalə qazanmasına münbit şərait yaradır.
Mərkəzləşdirilmiş və ictimai nəzarət imkanın çox məhdud olduğu mühitdə belə
mexanizmlər korrupsiya üçün göydəndüşmə mexanizmdir. İndi nəzərə alın ki,
medianın, siyasi partiyaların və sivil toplum təşkilatlarının nəzarət
imkanlarının bizdən ölçüyəgəlməz dərəcədə yüksək olan Türkiyədə bu sistemin
şəffaflığı ilə bağlı narahatlıqlar var.
Reallıqda
Azərbaycanda indiyədək sosial mənzil fondunun yaradılmaması, yaxud imkansız
insanların da ala biləcəyi ucuz mənzillərin tikilməməsi baş vermirsə, bunun
səbəbi hansısa mərkəzləşdirilmiş agentliyin olmaması deyil. Əsas
səbəb odur ki, tikinti bazarında rəqabət yoxdu, bütün iri tikinti şirkətləri
siyasi hakimiyyətə bağlı iqtisadi qrupların əlinə keçib, bu sahədə rəqabətin
yerini inhisarçılıq tutubsa, onların tətbiq etdiyi qiymətlər də inhisarçı
qiymətlər olmalıdır. İkinci səbəb odurki, mənzil tikintisi sahəsində
inanılmaz bürokratiya və xərcləri artıran rüşvət prosedurlar var. Tikinti ilə
məşğul olna bir yaxın tanışım deyir ki, biz hansısa çoxmərtəbəli binanın
bünövrəsini tökməyə başlayanda artıq alınmış qeyri-rəsmi ödənişlər hsabına hər
kvadratmetr üçün xərcimiz 100 manatı keçirdi, binanı tam təhvil verəndə bu xərc
yerləşdiyi ərazidən asılı olaraq 200-250 manatı ötürdü. Mənzil tikintisinin
rəsmi vergi yükü də çox ağır idi – bu ilin yanvarınadək mənzil tikınlər 2
dövriyyə vergsini (ƏDV və sadələşdirilmiş vergini) paralel ödəyirdilər. Başqa
problemlər də var – tikinti məhsulları bazarı da inhisarda olduğundan zəruri
məhsul və avadanlıqların qiyməti də yüksək olurdu. Nəticədə isə Azərbaycanda
nisbətən kasıb təbəqənin də cibinə uyğun mənzillər tikilmir. Ucuz mənzil
tikintisi üçün rüşvət mexanizmlərini kəsmək, tikinti bazarında bütün şirkətlər
üçün bərabər fəaliyyət imkanı yaratmaq lazımdır. Yaxud social mənzil fondunun
yaradılması üçün hökumət Maliyyə Nazirliyi, yaxud İpoteka Fondu vasitəsilə özəl
tikinti şirkətlərini pulsuz torpaq və zəruri maliyyə vəsaitlərilə təmin edərək
bu prosesi həyata keçirə bilərdi. Amma yenə də burda önəmli olan məsələ
şəffaflıq və ictimai nəzarət imkanlarıdır: yəni seçiləcək şirkətlər nə dərəcədə
şəffaf tenderlər vasitəsilə seçiləcək, onlara verilən vəsaitlərin şişirdilərək
korrupsiyanın yeminə çevrilməyəcəyinə hansı hüquqi təminat mexanizmləri və
institutlar mövcuddur. Bir sözlə istər dövlət büdcəsinə izafi xərc hesabına
prezident yanında yeni Agentlik yarat, istərsə də bu işi mövcud nazirliklərdən
birinin vasitəsilə elə, şəffaflıq və ictimai nəzarət mexanizmləri yoxdursa,
nəticə eyni olacaq.
Mənzil İnşaatı Agentliyi ilə eyni gündə hökumət
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ərzaq tədarükü və satınalınması ilə
bağlı başqa bir Agentlik də yaradıldı. Bu qurum dövlət satınalmaları haqda
qanunvericiliyə uyğun olaraq dövlət təşkilatlarının ehtiyacı üçün zəruri olan
kənd təsərrüfatı məhsullarının fermerlərdən mərkəzləşdirilmiş qaydada
satınalınmasını həyata keçirəcək. Büdcədən maliyyələşən təşkilatlar onlar üçün
nəzərdə tutulan vəsait həcmində özlərinin kənd təsərrüfatı məhsullarına tələbatlarını
Agentliyə təqdim edəcək, bu qurum isə elektron portal vasitəsilə fermerlərdən
məhsul həcmi və çeşidi ilə bağlı təklifləri qəbul edəcək, İqtisadiyyat
Nazirliyi ilə birgə rübdə bir dəfə müəyyən etdiyi topdansatış qiymətinə 20%
ticarət əlavəsi etməklə həmin məhsulları fermerlərdən alacaq.
Əslində bahalı idxal mallarından imtina edib
birbaşa fermerdən dövlət ehtiyacları üçün məhsul almaq tamamilə doğru
yanaşmadır. Amma satınalmanın mərkəzləşdirilməsi nə dərəcədə doğru addımdı?
Beynəlxalq təcrübədə mərkəzləşdirilmiş satınalma miqyas effekti baxımından
qənaətə şərait yaradan model hesab edilir, amma ictimai nəzarət mexanizmlərinin
çalışmadığı mühitdə bu modeldə korrusiya riskləri çox yüksək sayılır. Məsələn,
nə təminat var ki, bu Agentlik kiçik və orta fermerlərin deyil, məmurların
patronajlığı ilə yaradılan iri fermer təsərrüfatlarının məhsullarını alacaq və
Taxıl Fondu etdiyi kimi başqa fermerlərin məhsulunun keyfiyyət standartlarına
cavab vermədiyini əsas gətirəcək. Başqa bir sual: əgər belə bir qurum
yaradılırsa niyə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Taxıl Fondu da
ləğv edilib bu qurumun səlahiyyətinə verilmir- bu struktur islahatları
baxımından da mühüm addım olardı. Yaxud İqtisadiyyat Nazirliyinin tabeliyinə
veriən Dövlət Satınalmalar Agentliyi bu vəzifəni yerinə yetirə bilməzidimi,
əgər bilməzsə buna hansı manelər var?
Fermerlərdən məhsulların birbaşa satınalma
mexanizmlərinin şəffaf olması üçün hökumətin aparmalı olduğu silahatlar var:
kəndli-fermer kooperativlərinin yaradılması stimullaşdırılmalıdır. Məsələn,
indi fürsətdir, hökumət deyə bilər ki, satınalma zamanı kooeprativ halda
birləşmiş, rəsmi müqavilə tərəfi olaa biləcək sahibkar kimi qeydiyyata alınmış,
dövlətin müəyyən etdiyi minimum həcmdə məhsul təklif edə biləcək subyektlərə
üstünlük veriləcək. Amma təbii ki, kooperativlərin yaradılmasına ciddi maliyyə
dəstəyi verilməlidir – necə ki, Sahibkarlığa Kömək Milli Fondu ayrı-ayrı
şəxslərin dövlət torpaqlarında iri fermer təsərrüfatlarını yaratmasını
dəstəkləyir.
Fremerlərin maraqlarını qoruyan yerli, regional
və ölkə birliklərinin (ittifaqlarının) yaradılması dəstəklənməlidir, aqrar
siyasətlə bağlı qərarların qəbulunda onlarla intensiv dialoq mexanizmləri
formalaşdırılmalıdır.
Tikinti sektorunda olduğu problemlərin eynisini
burda da müşahidə edirik: əgər qida sənayesi inhisarlaşdırılmasa idi, çoxlu
sayda bir-birilə rəqabət aparan qida şirkətləri olsa idi, şəffaf tender
mexanizmləri vasitəsilə onları fermerlərdən məhsul almağa stimullaşdırmaq
olardı. Dövlət isə öz ehtiyacalarını artıq nəhəng, büdcə üçün yükə çevrilən təchizat-tədarük şirkəti
vasitəsilə minlərlə fermerdən deyil, Satınalma Agentliyinin təşkil etdiyi
şəffaf tenderlər vasitəsilə qida şirkətlərindən ala bilərdi.
Hələlik hökumət sistemyaradıcı və institusional, əksmərkəzləşməni
dərinləşdirən islahatlara başlamaq əvəzinə, idarəetməni daha da mərkəzləşdirir,
bütün səlahiyyətləri və idarəetməni prezident hakimiyyətinin və mərkəzi
hakimiyyət orqanlarının ətrafında təmərküzləşdirir. Eyni mənqilə restoran və
pərakəndə ticarət biznesində rəqabəti tam boğub 3-5 adamın əlində
təmərküzləşdirmək olar. Sonra isə mərkəzləşdirilmiş qaydada ticarət və
restoranları özündə birləşdirən bir dövlət Agentliyi yaratmaq olar… Bu çıxış
yolu deyil.
İndiki
iqtisadi böhranı yeni dövlət təsisatları yaratmaqla deyil, cəmiyyətə yeni
münasibətlər gətirən, yeni institusional mühiti diqtə edən yeni mexanizmlər
vasitəsilə yenmək olacaq. Demokratik yolla seçilmiş yerli və
regional hakimiyyətlər formalaşdırılmayana, mərkəzi hakimiyyətin özünün
strateji funksiyalarını saxlayıb təsərrüfat xarakterli səlahiyyətlərini
əksmərkzələşdirilmiş strukturalara ötürməyənə, bütün sahibkarlar üçün rəqabəti
təmin edən və qoruyan iqtisadi sistem yaratmayana qədər hansısa yeni
strukturlar keyfiyyət dəyişikliyi gətirməyəcək.
No comments:
Post a Comment