Wednesday, April 20, 2016

Sərmayələri 3 dəfə azalan qeyri-neft sektoru…

Aydındır ki, iqtisadi inkişafda həlledici olan təkcə sərmayələrin həcmi yox, həm də onların sosial-iqtisadi səmərəliliyidir (keyfiyyəti). Amma bu da bir gerçəklidir ki, böyük neft pulları dövründə Azərbaycan hökuməti "resurs lənəti" nəzəriyyəsi üçün xarakterik olan "inkişafsız artım"ı ölkəyə gətirə bilmişdi - əlbəttə sərmayələrin böyük kəmiyyəti hesabına.
Amma rəsmi statistika göstərir ki, 2016-cı il sərmayələrin kəskin azalması ilə start götürüb. Söhbət isə hər şeydən əvvəl qeyri-neft sektorundan gedir. O sektordan ki, özünüz pik dövrü ilə müqayisədə gəlirlərini 10 milyard dollara yaxın itirən neft sektorunun yükünü çəkməlidir.
Rəsmi statistikaya görə, ötən ilin ilk rübünə nisbətən 2016-cı ilin yanvar-mart aylarında qeyri-neft sektoruna investisiyalar 3 dəfəyədək azalıb (1.7 milyard manatdan 626 milyon manata enib).
Qeyri-neft sektorunun aparıcı 4 sahəsi üzrə sərmayələrin dinamikasına diqqət edin:

1) Mənzil tikintisinə qoyulan sərmayələr 255 milyondan 125 milyona enib;
2) Kənd təsərrüfatına qoyulan sərmayələr 69 milyon manatdan 21 milyon manata enib;
3) Turizmə qoyulan sərmayələr 27 milyon manatdan 5 milyon manata enib;
4) Qeyri-neft emal sənayesinə sərmayələr 27 milyon manatdan 18 milyon manata enib.

Qeyri-neft sektorunun aparıcı sahələri olan bu 4 isiqamətin ümumi sərmayələrdə payı nə qədər olsa yaxşıdı - cəmi 5.8%. Bu qədər kiçik pay, həm də kəskin azalma. Halbuki ötən ilin 1-ci rübündə həmin rəqəm 11.6% olmuşdu.
Sərmayələrin keyfiyyətli istifadəsini kənara qoysaq belə, onlar çoxlu sayda insan üçün iş və qazanc yeridi, dövlət büdcəsi üçün vergi mənbəyidi...  
Sosial-iqtisadi səmərəliliyi dəqiq əsaslandırılmış və dinamik artan sərmayə siyasəti və mühiti yoxdusa, iqtisadiyyat yalnız enişə doğru sürətlə irəliləyə bilər. Sərmayələr belə kəskin həcmdə azalırsa, səbəbi təkcə iqtisadi tənəzzülün doğurduğu resurs qıtlığında axtarmaq lazımmı? İqtisadiyyatın perspektivinə, hökumətin islahatlarına güvənsizliyin burda heçmi rolu yoxdu?....

Qeyd: yazını yayarkən bloqa istinad şərtdir

Wednesday, April 13, 2016

Niyə islahatların ətrafında fırlanırıq?

Çoxdan eşitdiyim bir lətifə indi də yadımdadır...
İnstitutda semestr imtahanı verən tələbə bilet çəkib dil-qəfəsə qoymadan danışır. Müəllim onu dayandırır ki, sualın mahiyyətinə uyğun danışmaq lazımdır. Tələbə qulaqardına vurur, yenə uzaqlara baş vurur, müəllim yenə ona xəbərdarlıq edir ki, mövzunun məğzini danışsın. Bu hal bir neçə dəfə təkrarlanandan sonra tələbə qayıdır ki, hələlik sualın ətrafında fırlanıram, çalışıram mərkəzə gəlim.
Son günlər idarəetmədə struktur dəyişikliyini hədəfləyən fərmanların da sürəkliliyi o qədər artıb ki, bəzən gün ərzində çatdırıb izləmək də olmur. Amma görünən odur ki, biz hələlik islahatların ətrafında fırlanırıq, mərkəzə (islahatın özəyinə) hələ məsafə çox uzaqdı. 
Xatırlayırsınızsa uzun illər əvvəl İqtisadiyyat Nazirliyi vardı, sonra onu İqtisadi İnkişaf Naziriyi adlandırdılar, bir neçə il sonra yenə də İqtisadiyyat Nazirliyi adlandırıldı. Nə dəyişdi, tərəqqi edən hansısa işlər oldumu? Cavabını verən (bəlkə də bilən) yoxdu.
İndi yeni struktirlar yaradılır – Prezident yanında Mənzil İnşaatı Agentliyi, Kənd Təsərrüfatı
Nazirliyi yanında ərzaq tədarükü və satınlaması ilə məşğul olacaq ixtisaslaşmış Agentlik.
Prezident yanında yaradılacaq Mənzil İnşaatı Agentliyin əsasnaməsindən aydın olur ki, bu qurum təkcə sosial mənzillərin tikintisilə məşğul olmayacaq, həmçinin ayrı-ayrı tikinti şirkətlərinə sifariş verməklə sərəncamında olan torpaq sahələrində insanların güzəştli qiymətlərlə əldə edə biləcəyi mənzillərin tikintisini təmin etmək olacaq. Gəlin bu qurumun yaranmasını zəruri edən səbəblərə baxaq: dünya təcrübəsində mövcud olan və mənzil ala bilməyən insanların güzəştli icarə tarifləri əsasında yaşaya biləcəyi sosial mənzillər Azərbaycanda yoxdur, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə görə belə mənzil fondunun yaradılmasına həm bələdiyyələr, həm də dövlət qurumları məsuliyyət daşıyır. Problem Avropada da, bizdə də eynidir: sosial mənzil fondu olmalıdır. Amma ən vacibi həmin problemi necə həll etməklə bağlı avropalıların və bizim yanaşmamız arasında fərqdir. Məsələn, Estoniyada sosial mənzil tikintisinə məsuliyyət birbaşa bələdiyyələrin üzərinə qoyulub, lakin mənzil tikintisinin maliyyələşdirilməsinə bələdiyyələrin və mərkəzi hökumət birgə öhdəliklidir. Maliyyəni isə “Estonian Credit and Export Guarantee Fund” vasitəsilə özəl tikinti şirkətlərinə yönəldirlər. Yaxud  İsveçdə SABO (the Swedish Association of Public Housing Companies) adlı qurum hökumətdən və bələdiyyədən pul alaraq özündə birləşdirdiyi 300 tikinti şirkəti vasitəsilə bu işi görür. Bizim sistem Türkiyədə birbaşa başbakanlığa bağlı olan Toplu Konut İdaresi Başkanlığının oxşarıdır. Lakin məlumatı olan mütəxəssislərin bildirdiyinə görə, Türkiyədəki sistem siyasi hakimiyyətə yaxın tikinti şirkətlərinin TKİB vasitəsilə daha çox ihalə qazanmasına münbit şərait yaradır. Mərkəzləşdirilmiş və ictimai nəzarət imkanın çox məhdud olduğu mühitdə belə mexanizmlər korrupsiya üçün göydəndüşmə mexanizmdir. İndi nəzərə alın ki, medianın, siyasi partiyaların və sivil toplum təşkilatlarının nəzarət imkanlarının bizdən ölçüyəgəlməz dərəcədə yüksək olan Türkiyədə bu sistemin şəffaflığı ilə bağlı narahatlıqlar var.
Reallıqda Azərbaycanda indiyədək sosial mənzil fondunun yaradılmaması, yaxud imkansız insanların da ala biləcəyi ucuz mənzillərin tikilməməsi baş vermirsə, bunun səbəbi hansısa mərkəzləşdirilmiş agentliyin olmaması deyil. Əsas səbəb odur ki, tikinti bazarında rəqabət yoxdu, bütün iri tikinti şirkətləri siyasi hakimiyyətə bağlı iqtisadi qrupların əlinə keçib, bu sahədə rəqabətin yerini inhisarçılıq tutubsa, onların tətbiq etdiyi qiymətlər də inhisarçı qiymətlər olmalıdır. İkinci səbəb odurki, mənzil tikintisi sahəsində inanılmaz bürokratiya və xərcləri artıran rüşvət prosedurlar var. Tikinti ilə məşğul olna bir yaxın tanışım deyir ki, biz hansısa çoxmərtəbəli binanın bünövrəsini tökməyə başlayanda artıq alınmış qeyri-rəsmi ödənişlər hsabına hər kvadratmetr üçün xərcimiz 100 manatı keçirdi, binanı tam təhvil verəndə bu xərc yerləşdiyi ərazidən asılı olaraq 200-250 manatı ötürdü. Mənzil tikintisinin rəsmi vergi yükü də çox ağır idi – bu ilin yanvarınadək mənzil tikınlər 2 dövriyyə vergsini (ƏDV və sadələşdirilmiş vergini) paralel ödəyirdilər. Başqa problemlər də var – tikinti məhsulları bazarı da inhisarda olduğundan zəruri məhsul və avadanlıqların qiyməti də yüksək olurdu. Nəticədə isə Azərbaycanda nisbətən kasıb təbəqənin də cibinə uyğun mənzillər tikilmir. Ucuz mənzil tikintisi üçün rüşvət mexanizmlərini kəsmək, tikinti bazarında bütün şirkətlər üçün bərabər fəaliyyət imkanı yaratmaq lazımdır. Yaxud social mənzil fondunun yaradılması üçün hökumət Maliyyə Nazirliyi, yaxud İpoteka Fondu vasitəsilə özəl tikinti şirkətlərini pulsuz torpaq və zəruri maliyyə vəsaitlərilə təmin edərək bu prosesi həyata keçirə bilərdi. Amma yenə də burda önəmli olan məsələ şəffaflıq və ictimai nəzarət imkanlarıdır: yəni seçiləcək şirkətlər nə dərəcədə şəffaf tenderlər vasitəsilə seçiləcək, onlara verilən vəsaitlərin şişirdilərək korrupsiyanın yeminə çevrilməyəcəyinə hansı hüquqi təminat mexanizmləri və institutlar mövcuddur. Bir sözlə istər dövlət büdcəsinə izafi xərc hesabına prezident yanında yeni Agentlik yarat, istərsə də bu işi mövcud nazirliklərdən birinin vasitəsilə elə, şəffaflıq və ictimai nəzarət mexanizmləri yoxdursa, nəticə eyni olacaq.  
Mənzil İnşaatı Agentliyi ilə eyni gündə hökumət Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ərzaq tədarükü və satınalınması ilə bağlı başqa bir Agentlik də yaradıldı. Bu qurum dövlət satınalmaları haqda qanunvericiliyə uyğun olaraq dövlət təşkilatlarının ehtiyacı üçün zəruri olan kənd təsərrüfatı məhsullarının fermerlərdən mərkəzləşdirilmiş qaydada satınalınmasını həyata keçirəcək. Büdcədən maliyyələşən təşkilatlar onlar üçün nəzərdə tutulan vəsait həcmində özlərinin kənd təsərrüfatı məhsullarına tələbatlarını Agentliyə təqdim edəcək, bu qurum isə elektron portal vasitəsilə fermerlərdən məhsul həcmi və çeşidi ilə bağlı təklifləri qəbul edəcək, İqtisadiyyat Nazirliyi ilə birgə rübdə bir dəfə müəyyən etdiyi topdansatış qiymətinə 20% ticarət əlavəsi etməklə həmin məhsulları fermerlərdən alacaq.  
Əslində bahalı idxal mallarından imtina edib birbaşa fermerdən dövlət ehtiyacları üçün məhsul almaq tamamilə doğru yanaşmadır. Amma satınalmanın mərkəzləşdirilməsi nə dərəcədə doğru addımdı? Beynəlxalq təcrübədə mərkəzləşdirilmiş satınalma miqyas effekti baxımından qənaətə şərait yaradan model hesab edilir, amma ictimai nəzarət mexanizmlərinin çalışmadığı mühitdə bu modeldə korrusiya riskləri çox yüksək sayılır. Məsələn, nə təminat var ki, bu Agentlik kiçik və orta fermerlərin deyil, məmurların patronajlığı ilə yaradılan iri fermer təsərrüfatlarının məhsullarını alacaq və Taxıl Fondu etdiyi kimi başqa fermerlərin məhsulunun keyfiyyət standartlarına cavab vermədiyini əsas gətirəcək. Başqa bir sual: əgər belə bir qurum yaradılırsa niyə Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Taxıl Fondu da ləğv edilib bu qurumun səlahiyyətinə verilmir- bu struktur islahatları baxımından da mühüm addım olardı. Yaxud İqtisadiyyat Nazirliyinin tabeliyinə veriən Dövlət Satınalmalar Agentliyi bu vəzifəni yerinə yetirə bilməzidimi, əgər bilməzsə buna hansı manelər var?
Fermerlərdən məhsulların birbaşa satınalma mexanizmlərinin şəffaf olması üçün hökumətin aparmalı olduğu silahatlar var: kəndli-fermer kooperativlərinin yaradılması stimullaşdırılmalıdır. Məsələn, indi fürsətdir, hökumət deyə bilər ki, satınalma zamanı kooeprativ halda birləşmiş, rəsmi müqavilə tərəfi olaa biləcək sahibkar kimi qeydiyyata alınmış, dövlətin müəyyən etdiyi minimum həcmdə məhsul təklif edə biləcək subyektlərə üstünlük veriləcək. Amma təbii ki, kooperativlərin yaradılmasına ciddi maliyyə dəstəyi verilməlidir – necə ki, Sahibkarlığa Kömək Milli Fondu ayrı-ayrı şəxslərin dövlət torpaqlarında iri fermer təsərrüfatlarını yaratmasını dəstəkləyir.
Fremerlərin maraqlarını qoruyan yerli, regional və ölkə birliklərinin (ittifaqlarının) yaradılması dəstəklənməlidir, aqrar siyasətlə bağlı qərarların qəbulunda onlarla intensiv dialoq mexanizmləri formalaşdırılmalıdır.     
Tikinti sektorunda olduğu problemlərin eynisini burda da müşahidə edirik: əgər qida sənayesi inhisarlaşdırılmasa idi, çoxlu sayda bir-birilə rəqabət aparan qida şirkətləri olsa idi, şəffaf tender mexanizmləri vasitəsilə onları fermerlərdən məhsul almağa stimullaşdırmaq olardı. Dövlət isə öz ehtiyacalarını artıq nəhəng, büdcə  üçün yükə çevrilən təchizat-tədarük şirkəti vasitəsilə minlərlə fermerdən deyil, Satınalma Agentliyinin təşkil etdiyi şəffaf tenderlər vasitəsilə qida şirkətlərindən ala bilərdi.    
Hələlik hökumət sistemyaradıcı və institusional, əksmərkəzləşməni dərinləşdirən islahatlara başlamaq əvəzinə, idarəetməni daha da mərkəzləşdirir, bütün səlahiyyətləri və idarəetməni prezident hakimiyyətinin və mərkəzi hakimiyyət orqanlarının ətrafında təmərküzləşdirir. Eyni mənqilə restoran və pərakəndə ticarət biznesində rəqabəti tam boğub 3-5 adamın əlində təmərküzləşdirmək olar. Sonra isə mərkəzləşdirilmiş qaydada ticarət və restoranları özündə birləşdirən bir dövlət Agentliyi yaratmaq olar… Bu çıxış yolu deyil.            

İndiki iqtisadi böhranı yeni dövlət təsisatları yaratmaqla deyil, cəmiyyətə yeni münasibətlər gətirən, yeni institusional mühiti diqtə edən yeni mexanizmlər vasitəsilə yenmək olacaq.  Demokratik yolla seçilmiş yerli və regional hakimiyyətlər formalaşdırılmayana, mərkəzi hakimiyyətin özünün strateji funksiyalarını saxlayıb təsərrüfat xarakterli səlahiyyətlərini əksmərkzələşdirilmiş strukturalara ötürməyənə, bütün sahibkarlar üçün rəqabəti təmin edən və qoruyan iqtisadi sistem yaratmayana qədər hansısa yeni strukturlar keyfiyyət dəyişikliyi gətirməyəcək. 

Monday, April 11, 2016

Ağ qızılın qara tarixcəsi..

Ölkə prezidenti 2016-cı ilin ilk rübünün iqtisadi yekunları ilə bağlı keçridiyi müşavirədə təcili olaraq ölkədə pambıq əkinlərinin sahəsini təxminən 3 dəfə (18 min hektardan 50 min hektara) artırmağın vacib olduğunu söyləyib. Hökumət əmindir ki, hökumət 2016-cı ildə bu vəzifəni yerinə yetirə bilsə, pampıq istehsalının həcmini 35 min tondan 100 min tona artırmaq problem olmayacaq. 
Rəsmi əsaslandırma budur ki, pambığın dünya bazarında həmişə alıcısı var və problemsiz özünə müştəri tapan bu məhsul ölkənin itirdiyi petrodollarlarının bir hissəsini kompensasiya etməkdə yardım edəcək. 
Neft gəlirlərinin azaldığı hazırkı mərhələdə qeyri-neft ixracının artırılması istiqamətində axtarışlar anlaşılandır. Amma bir neçə sual var ki, ona hökumətin cavablarını görmək çox yaxşı olardı :

1)   Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan, Hindistan və Özbəkistan kimi ölkələri göz önünə alaraq “daxili resurs dəyəri” əsasında pambıqçılıq sektorunda müqayisəli üstünlük imkanlarımız qiymətləndirilibmi? Sahənin inkişafı ilə bağlı master-plan hazırlanıbmı, həmin planda sahənin inkişafı ilə bağlı üstünlüklərimiz, sahəni inkişafdan saxlayan problemlər və risklər, onların önlənməsi və aradan qaldırılması üçün mexanizmlər müəyyən olunubmu? Belə dəyərləndirmə son dərəcə vacibdir.  
2)    Pambığın yalnız xammal kimi ixracı nəzərdə tutulurmu? Əgər belədirsə, pambıqdan böyük qazanclar gözləməyə dəyməz. Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan və Hindistan istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər. Hazırda dünya üzrə illik 25-26 milyon ton pambıq istehlakının 60%-dən çoxu bu ölkələrin payına düşür. Mütəxəssislərin dediyinə görə, ayrı-ayrı ölkələrdə pamığın mahlıc çıxımı 35-40% interavılnda dəyişir – yəni hər 1 ton pambıqdan təxminən 350-400 kq mahlıc alınır. Yerdə qalan 600-650 kiloqram tullantıdan dünyada bir neçə məhsul alınır: heyvandarlıq üçün yağlı yem, tibb sənayesi üçün qliserin, qida sənayesi üçün yağ. Yəni, göründüyü kimi əgər pambıq yerli sənaye üçün xammal kimi istifadəyə yönəldilsə, iqtisadi diversifikasiyada mühüm rol oynaya, kənd təsərrüfatı ilə yanaşı sənaye sferasında da yeni iş yerlərinin yaradılması üçün baza ola bilər. Eyni zamanda, pambıq xam formada ixrac edilmədən birbaşa emal zəncirinə daxil olduqda daha yüksək gəlir gətirir. Məsələn, mütəxəssis qiymətləndirməsinə görə, 1 ton pambıq mahlıc ölçüsündən asılı olaraq təxminən 1500-2000 ədəd qısaqol kişi idman köynəyinin istehsalı üçün parçanın xammalıdır. Ən ucuz topdansatış qiymətilə (məsələn, 2.5-3 dollar) bu 2500-3000 dollara bərabərdir. Halbuki son illər dünya birjalarında 1 ton mahlıcın qiyməti 1300-1600 dollar interavalında olub. Amma köynək istehsalına qədər pambıq iplik və parça üçün də emal zəncirindən keçməlidir. Bir sözlə, xam pambıq ölkə daxilində istifadə edilsə, ən azından 3-4 dəyər zəncirindən keçmək, hər zəncirdə işçi çalışdırmaq, əlavə dəyər yaratmaq potensialına malikdir.         
3)      Pambıq hansı torpaqlarda əkiləcək və onu kim əkəcək? Bu sual ilk baxışdan yersiz görünə bilər. Amma cavabı mütləq verilməlidir. Əvvəla ona görə ki, Azərbaycanda özəl sektorun əlində olan əkinəyararlı torpaq fondu böyük deyil. Ölkə üzrə əkinəyararlı təxminən 1.7 milyon hektar torpağın 1.3 milyon hektarı özəl əllərdədi. Əkinəyararlı özəl torpaqların adambaşına həcmi cəmi 0.13 hektardı. Həmin torpaqlar yalnız ölkənin ən zəruri torpaq məhsullarının - dənli bitkilərin, meyvə-giləmeyvənin, tərəvəz-bostan məhsullarının, heyvandarlıq üçün yem tədarükünün, qida sənayesi üçün yağlı və texniki bitkilərin becərilməsi üçün yetərli ola bilər. Ona görə çox güman ki, hökumət dövlət ehtiyat fondu torpaqlarında zəruri irriqasiya işləri aparmaqla həmin torpaq resurslarından istifadə etməyi düşünür. Hazırda bələdiyyələrin və hökumətin sərəncamında 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq fondu var. Bu, özəl fonddan az qala 3 dəfə çoxdu. Artıq bunula bağlı təcrübələr də var- son illər iri fermer təsərrüfatı yaratmaqla buğda əkinlərinin xeyli hissəsi məhz həmin torpaqlarda aparlıb. Amma burda narahatlıq doğuran problem resurslardan qeyri-bərabər və qeyri-şəffaf isifadədir. İctimai torpaqların hərraclar vasitəsilə istənilə şəxs tərəfindən icarəyə və istifadəyə götürülməsi mexanizmləri çalışmır, siyasi hakimiyyətə bağlılığı olmayan iqtisadi qruplar və ya şəxslər həmin torpaqlarda fermer təsərrüfatları yaratmaq, bu təsərrüfatlar üçün Sahibkarlığa Kömək Mill Fondundan kredit resursları cəlb etmək şansına malik deyillər.
4)      Pambıq əkməyi təklif edənlər kəndli üçün alternativ gəlirləri qiymətləndiribmi? Pambıq keyfiyyətli və suvarma imkanı olan torpaq tələb edir. Fermerlər hazırda belə torpaqdlarda bostan-tərəvəz məhsulları, üzüm-meyvə əkəndə bütün xərclərini çıxmaqla 1500-2000 manatdan 3000-4000 manata qədər pul qazana bilir. Ən az gəlir gətirən heyvandarlıq üçün otun becərilməsidir – bütün xərclər çıxılmaqla indiki qiymətlərlə fermer hər hektar suvarılan torpaqdan azı 700-800 manat qazanc götürə bilir və bu təsərrüfatda bütün işləri texnika həyata keçridiyi üçün kəndliən əziyyət də tələb olunmur. Amma ötən il orta məhsuldarlığın 2.5 ton olduğu şəraitdə fermer 1 hektar pambıq əkinindən bütün xərcləri çıxmaqla maksimum 600-650 manat gəlir əldə edə bilib. İndi pambıqla müqayisədə meyvə-tərəvəzdən ən azı 3-4 dəfə artıq gəlir götürə bildiyi halda fermeri pambıq əkməyə hansı səbəb cəlb edə bilər?

Azərbaycanda pambıq emalının inhisarda olması (səhv etmirəmsə bütün emal cəmi 2 şirkətin əlində cəmlənib) bu sahə üçün rəqabətli gələcək də vəd etmir. Burda çıxış yolu hökumətin təklif edəcəyi təşviq tədbirlərinə ümid qalır.
Yeri gəlmişkən, bizim ictimai rəydə pambıq bir məhsul kimi qara xatirələrlə ilişib qalıb. Sovetlər dönəmində əyalələrdə bütün orta məktəb şagirdləri, institut tələbələri tədris ilinin ən azı 2-3 ayını pambıq tarlalarında keçirirdilər. Özüm orta məktəbdə oxuyarkən 1984-1988-ci illərdə pambıq yığımında iştirak etmişəm. Yalnız Vəzirovun Mərkəzi Komitənin 1-ci katibi təyin edilməsi ilə təhsil müəssisələrinin pambıqçılığa cəlb edilməsi qadağan olundu.
Bəlkə buna görə də ağ qızıl yaddaşımda qara tarixcə kimi ilişib qalır.
Və bu da faktdır ki, ABŞ və Avstraliya istisna olmaqla dünyanın ən 10 iri pambıq istehsalçısı arasında yüksək inkişaf etmiş ölkənin adı yoxdu...

Friday, April 1, 2016

“Dollar pəhriz”i...

İstənilən milli valyutanın dəyərli olması, məzənnəsinin sabitliyi üçün onun arxasında iqtisadiyyatın tələbatına uyğun həcmdə xarici valyuta kütləsi dayanmalıdır. Məsələn, ölkə iqtisadiyyatının hər ay 1 milyard dollar valyutaya ehtiyacı varsa, iqtisadiyyat öz imkanları (ixrac potensialı, investisiya cəlbediciliyi) hesabına bunu qazana bilirsə, milli valyutanın məzənnəsi kənar müdaxilə olmadan dayanıqlı olacaq. Əgər qazana bilmirsə ya hökumət özünün ehtiyatlarını əritmək, ya da BVF-nin dəstək kreditləri hesabına xarici valyutaya cari tələb və təklif arasında fərqi qapatmalıdır. Bu fərqi qapatmaq üçün bazar qıtlıq hiss edən anda milli valyuta dəyər itirməyə başlayır.
Azərbaycan iqtisadiyyatının hazırkı reallığı belədir:  indi ölkənin orta aylıq ixrac gəlirləri əvvəlki devalvasiya qərarları qəbul edilən dövrlə müqayisədə xeyli azdı. Məsələn, 1-ci devalvasiya qərarı ərəfəsində orta aylıq ixrac gəlirləri 1.8 milyard dollar, 2 devalvasiya qərarı dövründə 900 milyon dollar, hazırda isə 600 milyon dollar civarındadı.  
Valuta ilə gəlirlərin belə kəskin azaldığı dövrdə manat dəyər qazanırsa, deməli bir səbəb var: xarici valyutaya tələbatın daha üstün sürətlə azalması. Bunu təsdiq edən real faktlara diqqət yetirək. Mərkəzi Bankın məlumatına görə, 2016-cı ilin yanvarında ölkə üzrə nağd əməliyyatların aparılması üçün satılmış xarici valyutanın həcmi 400 milyon dollardan bir qədər çox olub. Halbuki 2015-ci ildə orta aylıq göstərici 1.3 milyard dollardan, 2012-2014-cü illərdə 900 milyon dollardan, 2011-ci ildə 500 milyon dollardan çox olub. Yəni hazırda nağd əməliyyatların aparılması üçün satılmış xarici valyutanın həcmi son 5 ilin ən aşağı göstəricisidir.
Azərbaycan iqtisadiyyatının xarici valyutaya tələbatının kəskin azalmasının bir neçə səbəbi var. Əvvəla, ölkədə iqtisadi fəallıq tamamilə sıradan çıxıb. İlin ilk ayında ÜDM-nin həcminin 3,2%, qeyri-neft ixracının 2 dəfəyədək azalması, iqtisadiyyatın kreditləşməsinin faktiki olaraq dayanması, idxalın 25%-dək kiçilməsi, büdcə xərclərinin 50%-dək azalması rəsmi etriaf edilməyən iqtisadi geriləmənin üzdə olan mənzərəsidi.
İkinci mühüm səbəb kənara kapital axınının kəskin azalmasıdı. Doğrudur, Mərkəzi Bank bu aylar üzrə tədiyyə balansının göstəricilərini açıqlamayıb. Lakin son illər üzrə tədiyyə balansının məlumatlarının analizi göstərir ki, manatın dəyərdən düşməsində, xarici valyutaya tələbatın kəskin artmasında həlledici faktor məhz kənara böyük həcmdə valyutanın çıxması olub. Məsələn, rəsmi məlumata görə, 2014-cü ildə ölkədən depozit və nağd valyita formasında ölkədən cəmi 4.7 milyard dollar çıxmışdı, amma 2015-ci ildə həmin göstərici 8 milyard dollara yaxın olub. Qeyri-rəsmi formada ölkədən çıxan kapitalın həcmini ümumiyyətlə bilmək mümkün deyil. Amma rəsmi həcm 2 dəfə artıbsa, deməli qeyri-rəsmi dövriyyə də kifayət qədər böyükdür. Birinci və 2-ci devalvasiya mərhələsində likvid dollar kütləsi demək olar ki, ölkədən çıxdı. İndi dolların kənara böyük axını o zaman mümkün olacaq ki, əmlak formasında sərvət dollara çevrilsin və ölkədən çıxarılsın. Amma hələlik həm siyasi şərtlər tamamilə bu qaçışı şərtləndirmir, həm də əmlak bazarında durğunluqdu, mülkə böyük yatırımlar edən sərmayədarlar ya yo yoxdu, ya da bunu sərfəsiz və riskli sayırlar  
İnsanın orqanizmi sağlamdırsa, onun iştahında prolbem olmur: sağlam insan özü limit qoymursa, mədəsi tutan qədər yemək yeyə bilir. Naxoş orqanizmin iştahı küsür – mədəsinin tuta biləcyini çox az həcmdə qida qəbul edir, vəziyyət ağırlaşanda ümumiyyətlə qidadan imtina edir. Bizim iqtisadiyyatın “iştah”ı küsüb – amma indiki “dollar pəhriz”i kefindən arıqlamaq istəyən adamın halı deyil. Vaxt vardı bütün iqtisadiyyatımız “səhəri yeməyi”ni, “naharı”nı, “şam yeməyi”ni hətta “qəlyanaltısı”nı  belə dollarla qidalanırdı. İndi məcbruri pəhriz  vaxtıdı.
Bu pəhrizin nə dərəcədə məcburi olmasını son bir ildə dövriyyədə manat kütləsinin 2 dəfə azalması bariz göstərir. Azərbaycanda manatla geniş pul kütləsinin ÜDM-də həcmi hazırda 15% ətrafındadı. Amma bizim kimi resurslardan asılı iqtisadiyyata malik Qazaxıstan və Rusiyada həmin göstərici müvafiq olaraq 30 və 40% təşkil edir.  Bu fakt onu göstərir ki, Azərbaycan iqtisadiyyatı kəskin pul qıtlığı dövrünü yaşayır.  Real sektorun son dərəcə zəif potensiala malik olması, yeni dəyər yaradan sahələrin həddən artıq məhdud olması biznesi və ev təsərrüfatlarını kredit götürməyə stimullaşdırmır. Hazırkı şəraitdə qeyri-istehlak, dəyər yaradan sahələr üçün kreditləşmə, həmçinin sərmayə qoyuluşları olmadan, pul multiplikatorunun səviyyəsini hazırkı 1.25-dən 2.5-3-ə yüksəltmədən manatın dönərli valyutalar qarşısında real dəyər qazanmasından söhbət gedə bilməz.
Nəhayət, köklü iqtisadi amillər olmadan manatın hazırkı 3-5 qəpiklik dəyər qazanmasına rəsmi maraq var. Əvvəla ona görə ki, bu psixoloji təsir vasitəsidir – insanlara demək istəyirlər ki, əlinizə düşən və qısa müddətdə cari istehlaka xərcləyəcəyiniz manatı dollara çevirməyin. Əks halda bu gün alacaqsınız, 3 gün sonra uduzacaqsınız. Amma bir fakt var ki, əhalinin günədlik alıdığı valyuta kütləsinin bazara ciddi təsiri yoxdur. İkincisi, mübadilə məntəqələrinin qadağan olunmasından sonra valyuta ticarəti çox kiçik qrupun əlində cəmləndi. Məzənnənin belə kəskin enib-qalxmalarından insanlar kəskin itkiyə məruz qalır, qazanan banklar olur. İndi baxın bu günlər 1.50-1.52 məzənnə ilə alınan dolları, 3-5 gün sonra 1.65-1.70 məzənnə ilə satacaqlar.   
Bir faktı isə heç nəzərdən qaçırmayaq: dövlət büdcəsinin valyuta gəlirləri və Neft Fondunun  büdcəsinin mədaxili 1 dollar-1.55 manat məzənnəsi ilə proqnoz edilib. Hökumət üçün minimum vəzifə bu məzənnəni il boyu qorumaqdır. Əks halda (neftin indiki qiymətinin ilin sonunacan qalacağı tədqirdə) manatla büdcə öhdəliyini icra etmək üçün Neft Fondunun əlavə ehtiyatlar gətirməyə ehtiyac olacaq. Bir fakt: 1 dollar-1.55 manat məzənnəsi ilə Neft Fondunun illik büdcə gəlirlərinin icrası üçün 6.8 milyard dollar lazımdırsa, 1 dollar-1.45 manat məzənnəsi şəraitində 7.345 milyard dollar lazımdır. Bir sözlə, dolların manat qarşısında 2016-cı il üçün proqnozlaşdırılan məzənnə ilə müqayisədə 10 qəpık ucuzlaşması hökumət üçün əlavə 545 milyon dollar ehtiyat əritmək deməkdir. Ona görə ən azından Mərkəzi Bank çalışacaq ki, valyuta ilə büdcə gəlirlərinin mədaxil edildiyi günlər məzənnə 1.55-dən aşağı olmasın. Çünki büdcə qanunvericiliyinə görə, büdcənin xarici valyuta ilə mədaxili Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə daxil edilir.