Wednesday, December 23, 2015

Lari və manat, gürcülər və azərilər...



Milli valyutanın dayanıqlılığı iqtisadiyyatın rəqabət qabiliyyətliliyini və davamlılığını xarakterizə edən ən mühün indikatorlardan biridir. Lakin iqtisadiyyatı resurslardan kəskin asılı olan ölkələrdə durum bir qədər fərqlidi: dünya əmtəə bazarlarında qiymətlərin yüksək olduğu şəraitdə milli valyutanın dəyərini və gücünü iqtisadiyyatın rəqabət aparmaq imkanları deyil, onun arxasında duran xammalın qiyməti müəyyən edir. Bizim təcrübədə olduğu kimi: neft 100-120 dollardısa manat güclü və dəyərlidi, neft 30-40 dollardısa manat dəyərini və gücünü itirir. Hətta o qədər itirir ki, Bloomberg manatı ilin "dünyanın il ərizndə ən pis valyutası" adlandırır.
Lakin iqtisadiyyatı və valyuta gəlirləri şaxələnmiş iqtisadiyyatlarda tamam fərqli durumdu: milli valyutanın məzənnəsinin mümkün qədər sabit qalması, iqtisadiyyatın kənar şoklardan və inflyasiyadan sığortalanması üçün ölkənin valyuta gəlirləri mümkün qədər daha çox sahədən gəlməl və mümkün qədər onun həcmi ilbəil artmalıdı.
Həmçinin valyuta kütləsinin ölkəyə böyük həcmdə axması yalnız əmtəə və xidmət ixracının həcmindən asılı deyil. Əgər milli iqtisadiyyat xarici investorlar üçün cəlbedicidirsə, onların valyuta formasında sərmayələrinin daimi axını milli valyutanın sabitliyini təmin edən əsas mənbələrdən birinə çevriləcək.
Əksəriyyətin son zamanlaradək iqtisadi baxımdan zəif saydığı Gürcüstanla Azərbaycanın timsalında bir müqayisəyə baxaq.
Gürcü larisi son 5 ildə cəmi 40%, Azərbaycan manatı 1 ildə 2 dəfə dəyər itirib. Hər 2 ölkənin tədiyyə balansının məlumatlarını izləyəndə, manat və larinin məzənnəsinə təsir edən başlıca faktorları aydın görmək olur. Məsələn, 2010-2014 cü illərdə və 2015-ci lin 1-ci yarısında Gürcüstanın tədiyyə balansının ümumi saldosundakı kəsirin həcmi çox böyük olmadığına görə həm ölkənin valyuta ehtiyatlarının əriməsi, həm də gürcü larisinin kəskin dəyər itirməsi üçün zəmin yaranmayıb. Həmin müddətdə ən böyük kəsir 2011-ci ildə olub - 572 milyon dollar. Sonrakı illərdə artıq vəziyyət dəyişib: 2013-cü ildə saldo müsbət olub (ölkəyə gələn valyuta kütləsi gedən kütləni üstələyib), 2012 və 2014-cü illərdə təxminən 35 milyon dollarlıq, 2015-ci ilin ilk 6 ayında isə 20 milyon dollarlıq mənfi saldo yaranıb.
Azərbaycanda isə 2010-2014-cü illərdə hər il tədiyyə balansının ümumu müsbət saldosu 4-5 milyard dollardan az olmayıb - ta 2015-ci lədək. Bu ilin yarısında tədiyyə balansında 6 milyard dollardan çox mənfi saldo yaranıb.
2 ölkənin valyuta axınları arasında əsas fərq xidmətlər balansında və maliyyə hesabında özünü göstərir: 6 ayda Gürcüstanın xidmətlər balansında 335 milyon dollar müsbət saldo, Azərbaycanda isə 2.4 milyard dollar mənfi saldo yaranıb. Həmin müddətdə xarici investisiyaların və kreditlərin ölkəyə daha üstün sürətlə artması hesabına Gürcüstanın maliyyə hesabında 700 milyon dollardan artıq müsbət saldo yaranıb, amma Azərbaycana kapital və investisiya formasında ölkədən çıxan vəsaitin bu kanalla daxil olan vəsaiti kəskin üstələməsi nəticəsində 6.5 milyard mənfi saldo yaranıb.
Manat və lari: başqa valyutalar qarşısında birini yalnız neft himayə edirdi - qiymətdən düşəndə özü ilə bərabər manatı da dəyərdən salan neft.
O birini isə turizm, mineral sular, metallurgiya məhsulları, gürcü çaxırı himayə edib və hələ də edir. 
Son 5 ilin nəticəsinə görə larinin himayədarları daha etibarlı və güclü çıxıb...
Sonrasını da zaman göstərər

Tuesday, December 22, 2015

Aclıq, yoxsa yoxsulluq həddi?

Böyük neft pulları dövründə sosial müdafiənin təşkili bir mövzu olaraq aktual deyildi. Hərçənd ki, ölkədə sosial vəziyyət heç də yaxşı deyildi.
Kiçik ölkə üçün kifayət qədər iri məbləğə çatdırılmış büdcə vasitəsilə xərcləmələr, neft pulları hesabına həddən artıq böyük qazanc əldə eymək imkanı qazanmış oliqarxiyanın bir çox hallarda yalnız sosial sabitlik məqsədilə həyata keçirdiyi rentabelsiz iqtisadi layihələr hərəni bir tərəfdə ovundurmağa yetirdi. Xüsusilə də tikinti və xidmət sektoru işsizlər ordusu ilə bərabər sosial problemləri də öz içərisinə çəkmişdi. Üstəlik bahalı manat-ucuz dollar tandemi çox əlverişli sosial şərait yaratmışdı: inflyasiya yox, xaricdən gələn ərzaq və geyim də ucuz - 500 manat verib az qala 700 dollarlıq mal alırdın.
Belə şəraitdə "yaşayış minimumu", "ərzaq səbəti", "yoxsulluq" həddi, minimum əmək haqqı kimi vacib sosial normativlərin nə dərəcədə beynəlxalq praktikaya uyğun hesablanıb-hesablanmadığı hamının yadından çıxmışdı...
Amma indi vəziyyət dəyişib: sosial müdafiənin təşkili məsələləri yaxın illərdə ən aktual mövzu olaraq qalacaq. Ona görə hamı üçün maraqlı olacaq köhnə bir mövzuya diqqət çəkmək vacibdi...
Azərbaycanda hökumət yoxsulluq həddini yaşayaş minimunun dəyəri əsasında müəyyən edir. Yaşayaş minimunun dəyərini isə hər il parlament təsdiqləyir. 2016-cı il üçün orta statistiki vətəndaş üçün bu məbləğ 136 manat müəyyən edilib. Həmin 136 manat bir nəfərin ay ərzində həm ərzağa, həm geyimə, həm, sağlamlıq-təhsil-isirahət ilə bağlı xidmətlərə, həm də nəqliyyat-rabitə-kommunal xidmətlərə çəkdiyi xərclərə yetməlidi. Sizcə yetərmi?
Problem ondadır ki, bizim hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir, amma beynəlxalq təcrübədə onlar ayrıca təsdiqlənir.
Təxminən 1 ay öncə kiçik bir hesablama aparmışdım - "Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" hökumətin 2005-ci il 23 iyun tarixli qərarında nəzərdə tutulan istehlak normativləri əsasında. Məlum oldu ki, 1 nəfərin o zamankı qiymətlərlə ərzağa olan minimum tələbatını ödəmək üçün 100 manat tələb olunur. Yerdə qalan 36 manatın isə insanların yerdə qalan tələbatını nə dərəcədə ödəyə biləcəyi bir ayrı mövzudu. Sadəcə mən Türkiyə təcrübəsinə diqqət edəndə bizdə insanların sosial müdafiəsinin effektiv təşkili üçün sosial normativlərin tətbiqində çox mühüm bir boşluq gördüm: Türkiyədə "aclıq sınırı" və "yoxsulluq sınırı" ayrıca hesablanır. "Aclıq sınırı" insanların yalnız ərzağa olan tələbatının dəyəridi. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün "aclıq sınırı"nın dəyəri 480 dollardır - yəni 1 nəfər üçün 120 dollar. Amma "yoxsulluq sınırı" göstəricisi ərzaqla yanaşı ən zəruri xidmətlər dəstinin minimum dəyərini ifadə edir. 4 nəfərlik ailə üçün "yoxsulluq sınırı"nın dəyəri 1570 dollardır - yəni 1 nəfər üçün 392.5 dollar. Türkiyədə hazırda minimum əmək haqqı 340 dollar ətrafındadı. Bu odeməkdir ki, 4 nəfərlik bir ailədə minimum əmək haqqı alacağı tədqirdə ən azından ailənin ərzaq minimumunun 70-75%-ni ödəyə bilər. Amma bizdə minimum əmək haqqı (105 manat) nəinki ailədəki 4 nəfərin, yalnız bir nəfərin minimum ərzaq tələbatını ödəyə bilir.
Fikir verirsiniz, Türkiyədə 1 nəfərin yoxsulluğu qarşılamaq üçün müəyyən edilən dəyərdə ərzaqğın payı cəmi 30%-di. Bizdə isə isə hökumətin "yoxsulluq həddi" kimi müəyyən etdiyi 136 manatın 74%-i ərzaq tələbatı ilı bağlıdı. Eyniz zamanda bizdə "yoxsulluq sınırı" göstəricisinin dəyəri Türkiyədəki "aclıq sınırı" göstəricisinin dəyərinə uyğundur. Bu o deməkdir ki, bizdə hökumətin elan elədiyi "5.5% yoxsulluq" əslində "aclıq həddi göstəricisidi".
Bu qeydlərdən çıxan nəticə:

1) hökumət ərzaq səbətinin və bütövükdə yaşayış minimumunun dəyərini ayrıca olaraq hesablayıb rəsmi elan etməlidi.
2) İnflyasiyanın səviyyəsi müəyyən bir həddi (məsələn, 5%-i) keçdikdə həm ərzaq səbətinin, həm də yaşayış minimumunun dəyərinə ildə bir dəfə deyil, hər rübdə baxmalıdı.
3) Ərzaq səbəti ailə üçün hesablanmalıdı;
4) Minimum əmək haqqının həcmi ailənin ərzaq səbətinə uyğunlaşdırılmalı, inflyasiyaya uyğun müntəzəm indeksasiya olunmalıdı. Minimum əmək haqqının həcminin ailənin ərzaq səbətinə uyğunlaşdırılmasının 1 məntiqi izahı var: əmək qabiliyyətli yaşadək övladlar valideynin öhdəliyi altındadı və onların minimim yaşayışına da ata-ananın minimum qazancları çərçivəsində təminat verilir. Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatının Azərbaycanın da qoşulduğu 122 saylı «Minimum əmək haqqının təyin edilməsi haqqında» konvensiyasında birbaşa göstərilir ki, işçinin aldığı minimum əmək haqqı onun və öhdəsində olan ailənin minimum ehtiyaclarını ödəməlidir.

Monday, December 21, 2015

Yeni qiymətlər, əski gəlirlər, qayçılanmış qida rasionu... Devalvasiyanın dağ çəkəcəyi borclular

Son bir idə resurs ölkələrinin hamısının valyutası qara günlərini yaşayır. Rusiya rublu, Azərbaycan manatı və Qazaxıstan təngəsi 2 dəfəyədək dəyərdən düşüb, Nigeriya nayrası 20%, Norveç kronu 30%, Bariziliya rialı 40%-dək dəyərini itirib. Yalnız Səudiyyə rialı əvvəlki məzənnəsini qoruyub. Neft ölkələrindən yalnız  Norveç, Rusiya, Qazaxıstan və Braziliya üzən valyuta rejiminə keçmişdi.
Yeri gəlmişkən BVF-nin məlumatına görə, hazırda təşkilata  üzv ölkələrin cəmi 35%-i üzən məzənnə rejimi tətbiq edir – onlardan isə 16% dövlət tam sərbəst üzən valyuta məzənnə tətbiq edir. Yerdə qalanlar idarə edilən üzən valyuta rejimi müəyyənləşdirib. Tam sərbəst üzən valyuta rejimindən fərqli olaraq idarə olunan üzən məzənnə şəraitində hökumətlər inflyasiyanı hədəfləyirlər və ölkədə inflyasuyanın səviyyəsi hədəf göstəricini keçdiyi şəraitdə valyuta bazarına müdaxilə edilir. Belə təhlükə olmadıqca, məzənnə tələb-təklif əsasında formalaşır.  
Hər 2 valyuta rejiminin öz üstünlükləri və çatışmazlıqları var. Məsələn, fiksə olunmuş məzənnənin ən mühüm üstünlüyü odur ki, valyuta bazarını proqnozlaşdırmaq mümkün olur. Bu həm ev təsərrüfatlarına, həm də biznesə öz davranışını tənzimləmək, planlama üçün çox vacibdi. Başqa üstünlükləri də var: beynəlxalq kreditlərin və xarici ticarətin həcminə müsbət təsir göstərir, inflyasiyaya qarşı sığorta mexanizmidi. Mənfi tərəfi odur ki, Mərkəzi Bankın müstəqil və çevik pul-kredit siyasəti həyata keçirmək imkanını məhdudlaşdırır, ölkənin valyuta ehtiyatlarını daima risk altında saxlayır, ixrac potensialına mənfi təsir edir.
Üzən məzənnə ehtiyatların tükənməsinin qarşısını almaqla yanaşı çevik pul-kredit siyasəti üçün təminat verən rejimdi. Amma beynəlxalq ticarət və maliyyə əməliyyatları, inflyasiya üçün həmişə risk qalır – xüsusilə də azad iqtisadi münasibətlərin olmadığı şəraitdə bu risklər daha da yüksəlir.
Azərbaycan iqtisadiyyatının hazırkı strukturu və problemləri üzən məzənnə rejiminin üstünlüklərindən bəhrələnməyə imkan yaratmır. Söhbət hansı imkanların olmamasından gedir? Əvvəla, üzən məzənnə rejimi bilavasitə azad mexanizmidi və rəqabətli iqtisadiyyatın olmadığı , azad bazar institutlarının fəaliyyət göstərmədiyi şəraitdə bu rejimin tətbiqi ağır nəticələr verir. Üzən rejim şəraitində inflyasiyanın böyük sosial fəsadlarını yalnız ölkədə inhisarçılıqdan azad sahibkarlıq sektoru, sərt və korrupsiya mexanizmlərindən uzaq gömrük-vergi tənzimlənməsi təmin edir. Yaxşı futbol oynamaq üçün peşəkar hakimlər komandası, 22 futbolçu, oynamaq üçün topun olması nəyə lazmdı - əgər yaşıl meydança yoxdusa? SSRİ-dən qalma köhnə iqtisadi idarəetmə, vəhşi dövlət kapitalizminə məxsus ultra inhisarlaşmış iqtisadi mühit ilə üzən valyuta rejimi kimi xalis bazar alətini bir araya gətirmək arzusu, görünür ancaq bizdə eksperment edilə bilər.  

Üzən məzənnə rejimi iqtisadiyyatın müəyyən ixrac potensialının mövcudluğu, idxaldan asılılığın kəskin xarakter almadığı şəraitdə fayda verir. Özünü “aqrar ölkə” adlandıran ölkədə buğda və çörək məmulatlarının az qala 60, kərə və bitki yağlarının 50-80, geyim bazarının azı 70, dərman bazarının 100, məişəd avadanlıqlarının azı 80-90%-i idxaldan asılı ölkədə valyutanın sərbəst buraxlılması yoxsul təbəqə üçün məşəqqətli sosial şərait vəd edir.
Üzən məzənnə rejimi ölkəyə kapital axını üçün əlverişli iqtisadi mühitin olduğu şəraitdə ölkə üçün uduşlu olur. Ölkəyə gələn xarici kapitalın ölkədən çıxan kapitaldan üstünlüyü yoxdursa, üzən məzənnə rejimi milli valyutanın müntəzəm ucuzlaşması, iqtisadiyyatın inflyasiya burulğanında boğulması ilə müşaiyət ediləcək. Rəsmi məlumata görə, 2015-c ilin 9 ayında Azərbaycana kapital formasında daxil olan valyuta cəmi 3.1 milyard dollar, çıxan isə 9.7 milyard dollar olub - fərq  6.6 milyard dollar (3 dəfə). Halbuki, məsələn, 2014-cü ildə həmin fərq 2 milyard dollardan da az olmuşdu. Cari əməliyyatlar hesabının müsbət saldosunun cəmi 40 dəfəyədək azaldığı şəraitdə kapital axınlarının bu cür böyük mənfi saldosu üzən rejiminin tətbiqi üçün çox riskli zamanın seçildiyini göstərir.           
Nəhayət, iqtisadiyyatın üzləşdiyi risklər barədə. Bank sektorunun valyuta ilə borcları 5.5 milyard dollara yaxındı. Bu o deməkdir ki, bank sektoru ən azı manatla 3 milyard manat əlavə borc qaytarmalı olacaq. Ötən devalvasiayada da təxminən bank sektorunun xaricə borca xidmət xərci bu qədər artmışdı. Cəmi bir ildə təkcə xarici borclarına görə 6 milyard manat zərərə düşən bank sektoru əlavə olaraq 1.5 milyard manat da dollarla depozitlərə görə ödəyəcəklər. Çünki hazırda banklarda valyuta ilə qoyulmuş  təxminən 12 milyard dollar həcmində depozit var. Doğrudur, banklar bu resursların təxminən 9 milyardını dolları krediti kimi verib və bu o deməkdir ki, arada qalan 3 milyard dollara yaxln vəsait devalvasiya nətcəsində dəyərdən düşüb və depozit sahiblərinə onları qaytarmaq üçün manat ifadəsində əlavə olaraq 1.5 milyard manat vəsaitə ehtiyac var. İqtisadi fəallığın, kreditlərə təlabatın sürətlə azaldığı, kredit reytinqlətinin pisləşməsi üzündən xarici resurslara çıxışın məhdudlaşdığı, Mərkəzi Bankın dəstək imkanlarının minimuma endiyi şəraitdə bank sektoru bu zərəri necə qarşılayacaq? Bu sektoru yaxın aylarda çox çətin sınaqlar gözləyir. Xüsusilə gözlənulən qiymət artımı nəticəsində maddi durumun ağırlaşması əhalini depozitlərdən daha fəal istifadəyə vadar edəcək. Bu da nəzərə alınsa, bank sekorunun üzləşəcəyi ağır vəziyyəti təsəvvür etmək çətin deyil.
Əhalinin aldığı zərbə də çox ağır olacaq - təkcə qiymət artımı baxımından yox - təxminən 9 milyard dollar xarici valyuta ilə kreditə görə azı 4.5 milyard manat əlavə vəsait ödəməlidi. İndiki ağır sosial durumda insanlar bu vəsaiti hansı mənbədən alacaq?            
Yeganə təskinlik hökumətindi - ötən il bu zamanlar 5 milyard dolları Neft Fondundan büdcəyə transfert edəndə cəmi 3.8 milyard manat vəsait xərcləyə bilirdi, indi bu bu məbləğ artıq 10 milyard manata təşkil edir. Hökimət devalvasiya ilə təkcə ehtiyatları xilas etməyə hədəfə almayıb - devalvasiya büdcədə neftin açıdığı çox böyük "deşiyi" də yamamaq üçün dərman oldu.   
Yaddan çıxan çox vacib məsələ var: hökumət yaşayış minimumunu, yoxsulluq üçün ehtiyac həddini  cəmi 1 aydı təsdiqləyib. Amma gözlənilən kəskin qiymət artımı həmin göstəriclərə yenidən baxmağı qaçılmaz edir. Baxacaqlarmı? Baxacaqlarsa, büdcəni də dəyişmək lazımdı- maaş, pensiya və müavinətlər artırmaq üçün. 
Amma deyəsən ucuz neft erasının bədəlini biz ödəyəcəyik - yeni qiymətlər, əski gəlirlər, qayçılanmış qida rasionu... Geyimlərinizə də köhnə deyib atmayın - hələ çox lazım olacaq   

Manatın günahı nə?

Bu gün yayılan xəbərlərdən belə aydın oldu ki, dekabr ayında Mərkəzi Bankın ehtiyatlarında sürətli ərimə davam etməkdədi. Çox narahatedici durumdu - ehtiyatların sürətli əriməsi ölkənin maliyyə sisteminin kollapsına səbəb ola bilər.
Bisnes də, vətəndaşlar da bu prosesdən eyni dərəcədə zərbə alacaq - biznes müflis olmaqla, vətandaşlar məşəqqtəli sosial durumla.
Ehtiyatlar niyə əriyir? Bunun səbəbi vətəndaşlar deyil - vətəndaşın sadəcə olaraq dollar almağa pulu yoxdu. Hər halda Elman müəllimin "yastıq" söhbətini cəmiyyətimiz gərgin dövrdə əsəbləri sakitləşdirməyə hesablanmış yumor kimi qəbul etdi.
Əsas səbəb kənara valyuta axınıdı. Sadəcə Mərkəzi Bank şəffaf bir qurum olaraq cəmiyyətin qarşısına çıxıb gerçək durumu izah etmək istəmir. Nədən söhbət gedir?
1) Bu sırf ehtimaldı, amma reallığa çox yaxındı - idxala rəsmi elan ediləndən daha çox valyuta xərclənir.
Rəsmi məlumata görə, bu ilin 10 ayının nətisəcinə görə ixrac idxalı 2.2 milyard dollar üstələyib. UNCTAD-ın məlumatları əsasında ötən il apardığımız tədqiqat göstərdi ki, idxalın rəsmi həcmi real həcmindən azı 30% az göstərilir. İndi Mərkəzi Bank deyə bilərmi: belə alternativ hesablaması varmı, varsa nəticələr nə göstərir? Yoxdursa niyə kifayət real olan bir problemi araşdırmağa maraqlı deyillər?
2) Ölkədən kənara sərmayə və əmanət formasında çıxan leqal və qeyri-leqal kapitalın həcmi ölkəyə cari valyuta axınlarının müqabilində həddən artıq böyükdür.
Qeyri-leqal kapitalın həcmini hökumətin özündən başqa kimsə deyə bilməz.
Amma rəsmi olaraq ölkədən kənara çıxan valyutanın həcmi kəskin artıb və bu fakt onu deməyə əsas verir ki, qeyri-leqal kapitalın da artımı baş verir. Rəsmi olaraq Azərbaycandan çıxan kapitala diqqət yetirək: 2015-ci ilin 9 ayı ərzində birbaşa investisiya formasında Azərbaycandan xaricə 2.6 milyard dollar çıxıb. Bu məbləğin 1.4 milyard dolları Neft Şirkətinin xaricdəki layihələri ilə bağlıdı. Bəs yerdə qalan 1.2 milyard birbaşa investisiya kimi hansı ölkələrə gedib - milli iqtisadiyyatın hazırkı sərmayə və valyuta defisiti dövründə?
Vacib məqam: 2012-2014-ci illərin eyni dövründə xaricə çıxan birbaşa investisiyalar cəmi 2.7 milyard dollar olmuşdu. Təkcə bu fakt 2015-ci ildə kapital axının necə sürətləndiyini təsdiq edir.
Ölkədən kənara çıxan kapitalın həcminin böyüklüyünü təsdiqləyən 2-ci fakt: "depozitlər və nağd valyuta" formasında bu ilin 9 ayında ölkədən kənara 4.6 milyard dollar çıxıb. Bu 2014-cü ilin 9 ayına nisbətən təxminən 1.3 milyard dollar çoxdu.
3-cü fakt: 2015-ci ildə xaricilər Azərbaycandan "kreditlər və digər investisiyalar" maddəsi altında 824 milyon dollar çıxarıblar. Halbuki 2014-cü ildə bu maddə altında xaricilər Azərbaycana 1.042 milyard dollar valyuta gətirmişdilər.
4-cü fakt: tədiyyə balansının metodologiyasına görə, "uçota alınması mümkün olmayan valyuta kütləsi" böyüyüb. 2015-ci ilin 9 ayında uçotsuz ölkədən çıxan valyuta uçotsuz daxil olan valyutadan 2.8 milyard dollar çox olub. Halbuki 2014-cü ildə (9 ay) həmin fərq 1.7 milyard dollar, 2013-də isə 900 milyon dollar olmuşdu.
Kənara valyuta axınlarının bu qədər artdığı dövrdə ölkəyə daxil olan valyuta həcminin azalma miqyasına baxın: 2015-c ilin 9 ayında əmtəə ixracı və kreditlər hesabına daxil olan valyuta 10 milyard dollara çatmır.
Amma 2014-də 20 milyard dollar ətrafında idi. İndi manat bu stiuasiyada necə davranmalıdı və "yastıqsevərlik"də günahlandırılan sadə vətəndaşın günahı nə?