Wednesday, March 30, 2016

2015-ci ilin tədiyyə balansı: valyuta ehtiyatları 11.3 milyard dollar əriyib

Mərkəzi Bankı 2015-ci ilin tədiyyə balansının yekunlarına dair məlumatları açıqlayıb. Məlumat üçün deyim ki, tədiyyə balansı ölkədə makroiqtisadi durumu qiymətləndirmək üçün ən mühüm statistik alətdir. O hər bir milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə xarici valyuta əsasında qarşılıqlı əməliyyatlarının (ticarət, borclanma, sərmayə qoyluşu, kapital və gəlirlərin əldə edilməsi) nisbətini müəyyən edir. Milli valytanın məzənnəsinin sabitliyini, ölkənin valyuta ehtiyatlarının dayanıqlılğını da məhz tədiyyə balansının təhlili əsasında proqnozlaşdırmaq mümkündür.
Son 11 ildə (sonuncu dəfə 2004-cü ildə qeydə alınmışdı) sonra ilk dəfədir ki, cari əməliyyatlar balansında kəsir yaranıb. 2015-c ilin nəticələrinə görə, cari hesabda 222.5 milyon dollar defisit yaranıb. Məlumat üçün deyim ki, 2014-cü ildə cari əməliyyatlar balansında 10.4 milyard dollar, 2013-cü ildə 12.3 milyard dollar, 2012-ci ildə 14.9 milyard dollar müsbət saldo qeydə alınmışdı.
Cari əməliyyatara daxildir: əmtəələrin idxal-ixracı, xidmətlərin idxal-ixracı, xaricdən əldə edilən və xaricə ödənilən gəlirlər. Bu hesabda defisit yaranması o deməkdir ki, yuxarıda sadalanan əməliyyatlar çərçivəsində Azərbaycanın dünya ölkələrinə ödədiyi xarici valyutanın həcmi əldə etdiyi valyutanın həcmindən 222.5 milyon dollar az olub. Xarici ticarət balansına əsasən, məhsulların ixracı idxalı 5.8 milyard dollara üstələsə də, xidmətlər balansında 4.2 milayrd dollar, ilkin gəlirlər hesabında 2 milyard dolar kəsir yaranıb. Nəticədə əmtəə əməliyyatlarından ölkənin valyuta qazancları tam həcmdə xaricdən xidmətlərin əldə edilməsinə və əcnəbilərin Azərbaycanda əldə etdiyi qazancların valyuta formasında ödənilməsinə sərf edilib.
Rəsmi məlumatlardan aydın olur ki, Azərbaycan il ərzində 14 milyard dollarlıq neft-qaz məhsulları ixrac edib, 2.4 milyard dollarlıq isə neft-qaz məhsullarını idxal edib. Amma ölkədən qeyri-neft məhsullarının ixracı 1.5 milyard dollar, həmin kateqoruayadn olan məhsulların idxalı isə 7.4 milyard dollar olub. Göründüyü kimi, neft-qaz üzrə xarici ticarətdə ölkənin 11.6 milyard dollar həcmində müsbət ticarət saldosu, qeyri-neft məhsulları üzrə xarici ticarətində isə 5.9 milyard dollar kəsir yaranıb. Sadə dillə desək, neftdən əldə etdiyimiz valyuta qazanclarının əhəmiyyətli hissəsini tələbatımız olan qeyri-neft məhsullarının xaricdən alınmasına xərcləyirik.
2015-ci ildə Azərbaycan təxminən 8.7 milyard dollar xidmət idxal edib. Həmin vəsaitin 2.6 milyard dolları turizm xidmətlərinə, 3.5 milyard dolları tikinti xidmətlərinə, 1 milyard dolları nəqliyyat xidmətlərinə yönəldilib. Tikinti xidmətləri üçün xaricə ödənən vəsaitlər demək olar ki, neft layihələri ilə bağlıdır. Belə ki, Mərkəzi Bankın məlumatına görə, ötən il neft sektoru tikinti xidmətləri üçün xaricə 3.3 milyard dollar ödəyib.          
Ötən il Azərbaycanın xaricə turizm xidmətləri ixracı 2.3 milyard dolları olub  - yəni Azərbaycan vətəndaşları dünya ölkələrində turist kimi xərclədiyi xarici valyutanın həcmi əcnəbilərin bizim ölkədə xərclədiyi vəsaitdən təxminən 300 milyon dollar çoxdur. Əcnəbilər üçün göstərilən nəqliyyat xidmətlərinin həcmi isi 1.5 milyar dollar olub  ki, bu da həmin xidmətlərin idxal həcmindən 500 milyon dollar çoxdur.
İlkin gəlirlər hesabı çərçivəsində Azərbaycandan xaricə 3.3 milyard dollar ödənilib ki, bunun 2 milyard dollarını xarici neft-qaz şirkətlərinin əldə etdiyi gəlirlərin ölkədən çıxrarılması (2014-də bu məbləğ 3.1 milyard dollar olmuşdu), yerdə qalan 1.3 milyard dolları isə xaricilərə ödənən əmək haqları və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər təşkil edib. Bu hesab çərçivisində Azərbaycana daxil olan vəsait isə 12 milyard dollardan bir qədər çox olub ki, onun da 228 milyon dolları Dövlət Neft Şirkətinin xaricdəki fəaliyyəti ilə əlaqədar gəlirlərdir.
Təkrar gəlirlər formasında il ərzində Azərbaycana 1.227 milyard dollar daxil olub, ölkədən 1 milyard dollar çıxıb. Daxil olan vəsaitlərin 1.183 milyard dollarını əhaliyə xaricdən pul köçürmələri (məsələn, Rusiyadan) təşkil edib. Ötən il bu göstərici təxminən 1.7 milyard dollar olmuşdu.
Tədiyyə balansında əsas gərginlik maliyyyə hesabı ilə bağlı olmuşdur. Bu hesab çərçivəsində ölkəydən çıxan valyuta vəsaitlərinin həcmi ölkəyə daxil olan valyutanın həcmini 11 milyard dollar üstələmişdi. Cari hesablar balansının kəsiri də nəzərə alınmaqla ölkənin valyuta aktivləri 11.3 milyard dollar azalmışdı. Bu azalmanın 8.7 milyard dolları Mərkəzi Bankın, yerdə qalan hissəsi isə Neft Fondunun ehtiyatlarının əriməsi hesabına baş vermişdir.
İl ərzində birbaşa investisiya formasında ölkədən çıxan vəsait 3.259 milyard dollar olub  - ondan 1.8 milyard dolları xaricdəki neft-qaz layihələrində investisiya öhdəlikləri ilə bağlı oub. Ölkəyə birbaşa investisiya formasında 4.045 milyard dollara daxil olub – bunun da 3.227 milyard dolları xarici neft-qaz şirkətləri yönəldib.
Birbaşa investisiyalar formasında qeyri-neft sektoruna 818 milyon daxil olub – 2014-də 1.3 milyard dollara yaxın olmuşdu.
Portfel investisiyalar formasında Azərbaycandan 380 milyon dollara çıxıb, ölkəyə 773 milyon dollar daxil olub. Halbuki 2014-cü ildə Azərbaycan iqtisadiyyatına portfel investisiyalar 1.750 milyard dollar təşkil etmişdi.
2015-ci ildə depozitlər və nağd valyuta formasında Azərbaycan vətəndaşları (yerli və hüquqi şəxslər hamısı birlikdə) ölkədən xaricə 6.234 milyard investisiya edib - əvvəlki il bu 4.779 milyard dollar olmuşdu. Məsələ bundadır ki, 2014-cü ildə əcnəbilər depozit və nağd valyuta formasında Azərbaycana 410 milyon vəsait gətirsə də, 2015-ci ildə onlar bu kanal çərçivəsində Azərbaycandan 1.589 milyard dollar çıxarıblar (əvvəlki illərdə gətirilmiş depozit və nağd valyutanın geri qaytarılması).
Tədiyyə balansının durumu göstərir ki, böyük neft pulları daxil olmağa başlayandan (2005-ci il) 2015-ci il sonra Azərbaycan iqtisadiyyatı üçün ən gərgin il olub. Əgər iqtisadi fəallığın kəskin azalması fonunda hökumət xarici investisiyaların azalma və ölkədən kənara isə kapital axınlarının artımı tenensiyasını zəiflədə bilməsə, ölkə iqtisadiyyatının hazırkı durğunluqdan xilası çətin görünür – ölkənin yaşadığı hazırkı kəskin maliyyə defisitinin səbəbələrini 2015-ci ilin tədiyyə balansı real göstərir            

         

Monday, March 21, 2016

Hökumətin büdcəsi: 3.4 milyard dollarlıq valyuta öhdəliyi

İlin ilk 3 ayı ölkənin valyuta bazarında gərginlik kəskin hiss edilmədi. Heç şübhəsiz əsas səbəb iqtisadi fəallığın kəskin enməsi fonunda valyutaya tələbatın azalmasıdır. Başqa bir mühüm səbəb isə iqtisadiyyatın xarici valyuta ehtiyaclarını qarşılamaq üçün Mərkəzi Bank və Neft Fondu birlikdə hərraclar vasitəsilə 3 ay ərzində 2. 2 milyard dollara yaxın valyuta satması oldu. Amma problem ondadır ki, yaxın aylarda Neft Fondu Mərkəzi Banka əvvəlki aylarında olduğu həcmdə dəstək verə bilməyəcək. Səbəb budur ki, Neft Fondu qarşıdakı 9 ayda ölkədən kənarda öhdəliklərini icra etmək üçün 1.9 milyard dollara yaxın vəsait xərcləməli olacaq. Həmin vəsaitin 1.5 milyard dollardan bir qədər çox hissəsi TANAP-dakı payın, 300 milyon dollardan bir qədər çox hissəsi isə Bakı-Qarsa dəmir yolu layihəsində və “STAR” neft emalı kompleksində payın maliyyələşdirilməsinə sərf olunacaq.  

Ümumikdə 2016-cı il ərzində Neft Fondu 6.6 milyard dollar (hazırkı məzənnənin sabit qalacağı tədqirdə) xərcləməlidir. İlin ilk 3 ayında bunun 20%-ə yaxın hissəsi artıq daxili valyuta bazarında satılıb. Təxminən 29%-i isə valyuta formasında daxili bazara girmədən xarici öhdəliklərə gedəcək.  
Bundan sonrakı aylarda Neft Fondu ən yaxşı halda valyuta hərraclarına 3.5 milyard dollar çıxara biləcək. Bu isə orta hesabla 400 milyon dollardan da azdır. Halbuki hazırda ölkənin təkcə əmtəə və xidmət idxalı üçün tələbatını ödəmək üçün tələb edilən valyuta ehtiyacı 700 milyon dollardan az deyil.
Amma hökumətin valyuta ilə öhdəlikləri təkcə Neft Fondunun xaricdəki layihələri ilə bitmir. Dövlət büdcəsi vasitəsilə də təxminən 1.5 milyard dollar valyuta öhdəliyi var – bunun 800 milyon dollardan bir qədər çoxu xarici borcların qaytarılmasına, 650 milyon dollara yaxını isə TANAP-layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Göründüyü kimi, hökumət 2016-cı il ərzində xarici valyuta öhdəliklərinin icrasına 3.4 milyard dollar xərcləyəcək ki, bu ilin icmal büdcə xərclərinin 21%-nə bərabərdir. Məlumat üçün deyim ki, son illərdə icmal büdcə xərclərində xarici valyuta ilə öhdəlikləin maliyyələşdirilməsi xərclərinin payı 7-8%-dən çox olmayıb.

Bu fakt nəyi göstərir? Qarşıdakı aylarda manata təzyiq göstərən əsas faktorlardan biri hökumətin xarici öhdəlikləri olacaq. Halbuki ilin 2 ayı üzrə idxalın orta hesabla 25-30% azalmasının valyuta bazarında gərginliyi azaldacağına ümidlər vardı. Amma idxalın məhdudlaşması hesabına valyutaya azalan tələbatı büdcənin valyuta xərcləri artıqlaması ilə üstələyir.
Manatın yaxın aylar üçün durumunu proqnozlaşdıran analizlərdə bu faktlar nəzərə alınmalıdır…       

Wednesday, March 16, 2016

Sərəncam böhranı yenəcəkmi?

Ölkə prezidenti böhrana qarşı strategiya və tədbirlərin hazırlanması ilə bağlı sərəncam imzalayıb.
Kifayət qədər ləngimə olsa da, müsbət addımdır. Amma bir reallığı qəbul etmək lazımdır - indiki vəziyyətdən yalnız iqtisadiyyatın yenidən qurulmasına yönəlik mexanizm və tədbirlərlə çıxmaq mümkün olacaq. İqtisadiyyatı yenidən qurmaq üçün idarəetmə yenidən qurulmalıdır.
İsmlərin dəyişilməsindən söhbət getmir - həlledici olan davranışların və təfəkkürn dəyişilməsidir.
Əgər antiböhran tədbirlərinin mərkəizində aşağıdakı mexanizmlər dayanacaqsa, vəziyyətin real dəyişməsi üçün niyyətlərin saf, nəticələrin real olacağı da şübhə doğurmayacaq:
1) Mərkəzi icra hakimiyyəti sistemində köklü islahatlara start verilir. Bu islahatlar çərçivəsində paralel və oxşar funksiayaları yerinə yetriən bütün strukturlar birləşdirilir, fəaliyyəti iqtisadiyyat üçün heç bir töhfə verməyən strukturlar ləğv edilərək büdcənin yükü yüngülləşdirlir;
2) Nəticəli büdcə modelinə keçid üçün hüquqi baza yaradılır, bütün nazirlik və komitələrin yalnız 3-5 illik strateji palnlar əsasında büdcədən vəsait alması məcburi hüquqi norma kimi təsbit edilir. Hər bir nazirlik və komitənin fəaliyyətinin nəticələrini ölçmək üçün kəmiyyət-keyfiyyət indikatorları təsdiqlənir, ildə bir dəfə bütün nazirlərin məhz bu indikatorlar əsasında parlamentə hesabatı təqdim edilir:
3) Əksmərkəzləşmə strategiyası qəbul edilir, ən azından keçid dövrü üçün kənd (qəsəbə) icra nümayəndəliklərinin səlahiyyətləri bələdiyyələrə ötürülür, bələdiyyələrin maliyyə sisteminin yenidən qurulması üçün qanunvericilikdə dəyişikliklər edilir. Avropa Şurasının tövsiyyələrinə uyğun olaraq yaxın 1 ildə Bakı Böyük Şəhər bələdiyyəsinə seçkilər keçirilir;
4) Kiçik və orta sahibkarların kreditlərinin sığortalanması üçün Kredit Zəmanəti Fondu yaradılır;
5) Kommunal xidmətlər göstərən bütün dövlət şirkətlərinin konsessiya əsasında təcrübəli investorlara idarəetməyə verilməsi təmin edilir;
6) İctimai nəzarət funksiyasını yerinə yetirən, həmçinin araşdırma və təşəbbüsləri ilə hökumətə yeni ideyalar verən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə törədilən bütün manelər ləğv edilir;
7) Məmurların gəlir bəyannaməsini təqdim etməsi təmin olunur;
8) Dövlət vəsaitləri hesabına kreditlərin verilməsində şəffaflıq təmin edilir, xüsusilə də bu vəsaitləri alan subyektlərin adı kommersiya sirri hesab edilmir;
9) Dövlətdən vəsait alan bütün kommersiya şirkətləri üçün təsisçilərin adını açıqlamaq məcburi sayılır;
10) Mərkəzi Bankın banklara resursların verilməsi prosesində şəffaflıq və hesabatlılıq təmin edilir;
11) Hökumət aqrar sektorda monopoyaya səbəb olan aqroparkları deyil, kiçik və orta fermerlərin bazasında kooperativlərin yaradılması dəstəkləyir;
12) Kənd İnkişaf proqramı qəbul edilir, coğrafi şəraitində və iqtisadi imkanlarında olan fərqləri əsas götürərək kəndlərə differsial dəstək tədbirləri təklif edilir, icmaların və bələdiyyələrin qabaqcıl təəbbüslərini dəstəkləmək üçün Regionların İnkişafı Dövlət Fondu yaradılır;
13) Ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının 73%-ni təşkil edən dövlət və bələdiyyə torpaqlarından istifadə barədə hesabatlılıq sistemi yaradılır, bu torpaqlardan bütün subyektlərin bərabər istifadə imkanı təmin edilir;
14) Azərbaycanın dünya bazarlarında müqayisəli üstünlüyü ola biləcək məhsulların siyahısının müəyyən edilir, onların istehsalının təşkili üçün potensial investorlara üçün dəstək mexanizmləri hazırlanır;
Əslində bu siyahını yetərincə uzatmaq olar, amma məqsəd əsas institusional tədbirlərə diqqəti yönəltmək idi..


Monday, March 7, 2016

Uçot dərəcəsi artdı. Nə dəyişəcək?


Mərkəzi Bankın Uçot dərəcəsini artırması ilə bağlı maraqlı müzakirələr gedir. Əsas yanaşma budur ki, ölkədə az qala 14%-ə çatan inflyasiya səviyyəsi olduğu şəraitdə uçot dərəcəsinin səviyyəsi hətta indikindən daha yüksək olmalıdı - 10 və ya 15%-lik hədd təklif edən mütəxəssislər də var.
Nəzəri baxımdan doğru yanaşmadı: uçot dərəcəsi kreditləri bahalaşdırır, nəticədə kommersiya banklarının Mərkəzi Bankın yüksək uçot dərəcəsi ilə təklif etdiyi resurslara, biznesin və ailə təsərrüfatlarının isə kommersiya banklarının əvvəlkindən daha yüksək faizlə təklif etdiyi kreditlərə tələbatını azaldacaq. Kreditlərə (həm də real pula) tələbatın azalması o deməkdir ki, pul təklifi məhdudlaşır. Klassik inflyasiya nəzəriyyəsinə görə, pul təklifinin azalması inflyasiyaya azaldıcı təsir göstərir.
Nəzəri baxımdan tam doğrudur və tarixin müxtəlif dönəmlərində, fərqli dünya iqtisadi böhranlarında praktik olaraq öz sübutunu tapıb.
Düşünürəm ki, Azərbaycanın hazırkı iqtisadi reallığında uçot dərəcəsinin indiki 7%-lik həddinin hətta  2 dəfə yükəltməsinin inflyasiyanı cilovlayacağını iddia etmək müzakirə və dartışma tələb edir. Şəxsi gözləntim budur ki, təsir etməyəcək və əsas arqumentlərim bunlardır:

1) Uçot dərəcəsinin yüksəldilməsi inflyasiyaya o zaman azaldıcı təsir göstərir ki, həmin iqtisadiyyatda monetizasiya səviyyəsi ən azından dünya üzrə orta hesab edilən səviyyəyə yaxın olsun. Monetizasiya pul kütləsinin (M2) ÜDM-ə nisbətini ifadə edir. BVF statistikasına görə, dünyada orta göstərici 40-50%, yüksək göstərici 50-100%-dir. Ultra yüksək göstəricilər də var - 100-200%. Hazırda Azərbaycanda iqtisadiyyatın monetizasiyası 15% ətafındadı. Birinci devalvasiyadan əvvəl 28% olub. Ötən il ərzində Mərkəzi Bank monetizasiya səviyyəsini 2 dəfəyədək azaltdı - amma bu prosesdə uçot siyasəti bir alət kimi heç bir rol oynamadı.
Sözün qısası - bizim iqtisadiyyatımız onsuz da pulsuzdu, indi Mərkəzi Bankın sərt uçot siyasətilə bu səviyyəni hansı həddəqədər azaltmağı hədəfləyir? 5-10 faizəmi?
Əgər Azərbaycanda pul kütləsinin 2 dəfə azaldığı (özü də uçot siyasətinin heç bir rol oynamadığı) şəraitdə yüksək inflyasiya baş verirsə, deməli onun səbəbi monetar deyil, qeyri-monetar amillərdir. Uçot siyasəti isə sırf monetar alətdir. Əgər qeyri-monetar amilləri monetar alətlərlə sıradan çıxarmaq mümkün olacaqsa, bu dünya iqtisadiyyat elmi üçün yenilik olacaq.

2) İqtisadiyyatın, xüsusl
ə real sektorun pula yüksək tələbatı şəraitində uçot siyasəti inflyasiyaya azaldıcı təsir göstərə bilir. İqtisadiyatın pula tələabatını xarakterizə edən ən bariz göstəricilərdən biri pul multiplikatorudur. Pul multiplikatoru - manatla geniş pul kütləsinin (M2) nağd pul kütləsinə nisbətini ifadə edir. İqtisadi mənası odur ki, Mərkəzi Bankın dövriyyəyə buraxdığı hər bir manat hesabına iqtisadiyyat əlavə neçə manat pul yarada bilir. Pul multiplikatorunun səviyyəsinin artımında bank sekoru vasitəçidir, əsas mühərrik real sektordur, biznesin potensialıdır. Bir manatı 5 manat əlavə pula çevirmək üçün biznesin kreditlərə ehtiyacı fasiləsiz və dayanıqlı olmalıdır. Azərbaycanda belə iqtisadiyyat mövcud deyil. Sübut pul multiplikaorunun hazırkı səviyyəsidir. Bizdə bu göstəricinin səviyyəsi 1.25-dir. Amma inişaf etmiş ölkələrdə 5-7 intervalında, Rusiya və Qazaxıstanda 2.5-3.5 intervalındadı.
Qısası, hazırda bizim iqtisadiyyatın problemi pula tələbatın həddən artıq yüksək olması deyil ki, sərt uçot siyasəti ilə onu cilovlayaq, əksinə tələbat o qədər aşağıdır ki, bu tələb stimullaşdırılmasa, Azərbaycanda iqtisadi inikaşaf mümkün olmayacaq, durğunluq davam edəcək.

3) O ölkələrdə uçot siyasəti pula tələb və təklifə, son nəticədə inflyasiyaya təsir edir ki, Mərkəzi Bankın kredit resursları ümumi kreditlərin 35%-dən az olmasın. Araşdırmalar göstərir ki, Beynəlxalq Banka ayrılan vəsaitlər nəzərə alınmazsa, Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslarının ümumi kreditləşmədə payı 10-15%-dən çox deyil..


Aydındır ki, Mərkəzi Bank indiki şəraitdə hansısa addımlar atmalıdır. Sadəcə deyəcəyim bu ki, seçilmiş siyasət aləti qarşıya qoyulan hədəf (inflyasiyanı cilovlamaq) baxımından nəticəyə aparmayacaq...