Tuesday, November 25, 2014

2015-in büdcəsi: kimə nə düşür?



Hər il olduğu kimi bu il də deputatların büdcə müzakirələri tələskənliyi və formallığı ilə yadda qaldı. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyyəsinə görə, büdcənin parlament müzakirələri üçün kifayət qədər vaxt ayrılmalı və bu müddət heç bir halda 1 aydan az olmamalıdır. Təşkilatın ekspertləri hesab edir ki, müzakirələrin müddəti büdcənin dərin və effektiv tədqiqi baxımından çox vacibdi.
Keyfiyyətini kənara qoyaq, Azərbaycanın 2015-ci il büdcəsi cəmi 3 plenar iclasda, 1 komitə iclasında müzakirə edildi. Bizdə büdcə cəmi 1 oxunuşda müzkirə edilib təsdiqlənir. Dünyanın xeyli sayda ölkəsində büdcə ən azı 3 oxunuşda müzakirə edilir. Adətən birinci oxunuşda büdcə layihəsi və ölkə iqtisadiyyatının ümumi vəziyyəti, hökumətin prioritetləri ümumi şəkildə müzakirə edilir və belə müzakirlər aparılır. İkinci oxunuşda detallı müzakirələr aparılır, büdcə bölmə-bölmə müzakirəyə çıxarılır və layihəni hər bir sahəyə məsul nazir təqdim edir. Sonuncu oxunuş büdcəyə təklif olunmuş və yenidən işlənmiş variantın təsdiqi ilə başa çatır.
Bunları xatırlatmağın məqsədi var: məhz bu cür təfsilatlı büdcə müzakirələri olduğu şəraitdə büdcə barədə qaranlıq heç bir sual qalmır. Amma bizdə büdcə 3 gün müzakirə olundu, hələ də cəmiyyətə aydın deyil ki, 2015-c ilin büdcəsindən kim necə bəhrələnəcək. Siyasi institutlar büdcə barədə tam məlumatsızdı. Sosial qrupların maraqlarını müdafiə edən təşkilatların yoxluğu onları da büdcədən tam məlumatsız buraxır. Məsələn, həkimlər, müəllimlər, mədəniyyət işçiləri onların gələn ilki maaşlarının artıb-artmayacağı ilə bağlı şaiələrə inanmaqdan savayı yolu yoxdu.
Qəzetlərin işi lap qəlizdi: büdcə məlumatlarına yaxındılar, amma həm də əlləri çatmır. Elə bu əlçatmazlığın da səbəbi parlament müzakilərələrinin qaçaqaçla keçməsidir. Jurnalistlərin marağı olmaması arqumenti yanlışdı, çünki büdcə çox maraqlı mövzudu.
Görünür elə bu məlumatsızlığın nəticədir ki, son günlər mediadan ən çox eşitdiyim sual da elə budur: gələn maaş, təqaüd və müavinətlər artacaqmı?
2015-ci ilin büdcəsindən sosial sahədə (təhsil, səhiyyə, mədəniyyəy-incəsənət) çalışanların əmək haqqının ödənilməsinə 1,467 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2014-cü ilə nisbətən cəmi 3% artım deməkdi.  Ümumilikdə gələn ilin büdcəsindən əmək haqlarının artımına 420 milyon manat ayrılması nəzərdə tutulur ki, bundan cəmi 11%-i 500 min nəfərədək insanın çalışdığı sosial sahələrə ayrılacaq.
Gələn il dövlət idarəetmə və hüquq-mühafizə sistemində əmək haqqı xərcləri təxminən 1.1 milyard manat təşkil edəcək ki, bu 2014-cü ilə nisbətən 22% çoxdur. 2015-ci il üzrə əmək haqqı artımları üçün nəzərdə tutulan vəsaitlərin təxminən 50%-i məhz bu 2 sahəyə ayrılacaq.
Tələbə təqaüdlərinin artımı üçün vəsait nəzərdə tutulmur. 2015-cü ildə həmin məqsəd üçün 25.8 milyon manat vəsait nəzərdə tutulur. Bu, təqribən 2014-cü ilin göstəricisinə bərabərdir.
Sosial müdafiə xərcləri çərçivəsndə ödənilən sosial yardım və  müavinətlər üzrə xərclərin isə cəmi 2% və ya 32 milyon artımı gözlənir.

Monday, November 24, 2014

Aldığı nəfəs üçün vətəndaşından icazə istəyən hökumət




Noyabrın 30-da İsveçrədə çox maraqlı məsələ ilə bağlı referendum keçiriləcək. Referendumun mövzusunun bizə də dəxli var.
Səsvermə vasitəsilə hökumət vətəndaşlarından 2 məsələ ilə bağlı mandat almaq istəyir. Birincisi, insanlar ölkənin qızıl ehtiyatlarını hökumətin ümumi aktivlərinin 20%-ə çatdırmağa razılıq verməlidir. Məlumat üçün deyim ki, hazırda İsveçrənin qızıl-valyuta ehtiyatlarının dəyər ifadəsində cəmi 7.5%-i "sarı metal"dadı. Hazırkı bazar qiymətləri ilə bu təxminən 40 milyard dollara bərabərdir. Refendumun nəticəsi müsbət olsa, hökumət əlavə olaraq 1500 ton almaqla bütün qızıl ehtiyatlarını 2500 tona çatdıracaq, dəyər ifadəsində bu təxminən 115 milyard dollar olacaq. Bir sözlə, isveçrəlilər qızılın ümumi ehtiyatlarda payının 20%-ə çatdırılmasına ya "hə", ya da "yox deməlidir". 
İkincisi, refendumda insanlar daha iki məslədə hökumətə mandat verib-vermədiyini müəyyən etməlidir: a) ehtiyatlar ölkədə daxilində saxlamalıdırmı; b) hökumət gələcəkdə qızıl ehtiyatlarını satmaqda sərbəst qərar qəbul edə bilərmi.

Dünya iqtiadiyyatında ciddi ziqzaqların yaşandığı, valyuta sistemi üçün risklərin qaldığı hazırkı dövr üçün bizim üçün bu məsələnin aktual olan tərəfi nədir?
Təxminən 55 milyard dollar qızıl-valyuta ehtiyatımız var. Bu ehtiyatları harda yerləşdirmək, nə qədər hissəsini hansı alətlərdə yerləşdirmək, hansı hallarda xərcləmək, birdən-birə onun onun nə qədər hissəsini xərcləmək kimi məsələlər barədə nəinki vətəndaşların, hətta parlamentin rəyi öyrənilmir. Bütün bu məsələlər barədə yalnız ali icra hakimiyyətinin qəbul etdiyi qaydalar kifayət edir. Hər şey bir tərəfə, ən azından aktivlərin illik istifadə həcminə limitləri parlament müəyyən etməlidir - parlament hər nə qədər müstəqli olmasa belə, ölkənin mənafeyi baxımından bu daha effektiv mexanizmdi.           
Avropada hökumətlər az qala aldıqları nəfəsləri üçün belə vətəndaşından icazə alırlar.

Rusiyanı "düşdüyü quyudan" çıxaran qərar qəbul edilə bilərmi?

Rusiya OPEC ölkələrini gündəlik neft hasilatını 1.5 milyon barrel azaltmağa razı salmaq istəyir. Hələlik təşkilata üzv olan 12 dövlətdən 2-si - İran və Venesuela təşəbbüsü dəstəkləyir. Məlum oduğu kimi hazırda, dünya neft bazarında gündəlik satışın təxminən 30%-i OPEK-in payına düşür.
Cəmi 3 gün sonra OPEC toplantısında Rusiyanı "düşdüyü quyudan" çıxaran qərar qəbul edilə bilərmi? 2014-ün arxada qalan 3 rübünün nəticləri göstərir ki, neftin qiymət artımını stimullaşdıran iqtisadi faktorlar indilikdə prosesə təsirini itirib. Dünyanın ən nəhəng neft istehlakçıları olan Çin və Avropa Birliyində iqtisadi artım templəri zəifləyib, onların xam neftə tələbatı kəskin azalıb. Məsələn, sentyabra nisbətən oktyabrda Çinin xam neft istehlakı 15.2% azalıb. 2013-cü ilin eyni dövrünə nisbətən bu ilin yanvar-sentyabr aylarında Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada xam neft istehlakı 5%-dək azalıb. Üçüncü ən böyük istehlakçı - ABŞ isə artıq nəinki idxaldan asılılığını minimuma endirib, hətta həm hasilatını artırmaq, həm də ehtiyatlarını bazara çıxarmaqla "bahalı neft"ə maraq göstərmir. 
Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, hazırda dünya neft birjalarında gündəlik xam neft təklifi (təxminən 92.7 milyon barrel) tələbi 0.6 milyon barrel üstələyir. 
Əksər ekspertlər OPEC-in hasilatı azaltmayacağını proqnozlaşdırır. Ən azından OPEC neftinin üçdə birini verən, ABŞ-ın 1 nömrəli mütəffiqləri sırasında yer alan Səuduyyə Ərəbistanı hasilatı azaltmağa meylli görünmür. Rusiya isi bildirir ki, bu prosesə ən böyük dəstək məhz Səudiyyədən gələ bilər. Təkcə ona görə yox ki, bazar payı yüksək olduğuna görə təsir rıçaqları daha təsirlidi. Həm də ona görə ki, Səudiyyə Ərəbistanın tətbiq elədiyi neft texnologiyaları hasilatı avtomatik azaldıb artırmağa imkan verir. Amma, məsələn, Rusiya belə texnilogiyalara malik deyil, bəzən hasilatı əvvəlki səviyyəyə qaytarmaq üçün aylar tələb edilir.
1973-cü ildən indiyədək dünyada baş verən 4 enerji böhranının təcrübəsi və bu böhranlar zamanı OPEC və ABŞ-ın davranışları da gələcəyi proqnozlaşdırmaq baxımından maraqlıdır. Sadəcə böhranların təsadüf elədiyi siyasi şəraitlər o qədər fərqlidir ki, nəticə çıxarmağı xeyli çətinləşdirir. 1973-cü il oktyabrın 16-da OPEC-in hasilatın azaldılmasına dair qərarı ilə neftin qiyməti 70% artaraq 3 dollardan 5 dollara yüksəldi. Cəmi 1 il sonra isə qiymətlər yenidən 2 dəfədən çox artaraq 12 dolları ötdü. Amma o zamanlar İsrail və Ərəb ölkələri (Suriya və Misir) arasında gedən müharibədə ABŞ İsraili dəstəklədiyi üçün onlar Qərbdən qisas almaq üçün qiymətlərin artımına səbəb olan addımı atdılar. 
1970-80-ci illər 2-ci qlobal enerji böhranı İran İnqilabının təsiri altında baş verdi. Qısa müddətdə neftin qiyməti kəskin artsa da, ABŞ-ın qərarları nəticəsində qiymətlər 6.5 dollar səviyyəsində qərarlaşdı. O zamankı ABŞ prezident Karterin dövlətin neft bazarına müdaxiləsinin məhdudlaşdırmasına qərarı qiymətlərin kəskin artımının qarşısını alan əsas səbəblərdən biri kimi göstərilir. Bunun ardınca isə Səuduyyə Ərəbistanı hasilatın artırılması ilə bağlı qərar qəbul etməklə sonrakı 20 ildə neftin qiymətlərinin artımına son qoydu. 
Proqnozlardan biri də budur ki, ABŞ hətta ehtiyatlarını fəal şəkildə bazara çıxarmaq hesabın da olsa birjalrda təklifin azalmasına imkan verməyəcək. Məlumat üçün deyim ki, 1973-74-cü illər böhranında Ərəb ölkələrinin ABŞ və Avropa ölkələrinə neft satşına embarqo qoymasına cavab olaraq ABŞ özününün strateji neft ehtiyatları yaratmaq barədə qərar verib. 2014-cü ilin ortalarına olan məlumata görə anbarlardakı ehtiyatların həcmi 4 milyard barreldən çox olub. Ekspetlərə görə, bu ehtiyatlar ən azı qarşıdakı 4-5 il ərzində ABŞ-a imkan verir ki, neftin dünya bazar qiymətlərini diqtə edə bilsin. Bu müddətdə isə alternativ enerji istehsalı onsuz da xam neftə olan tələbi azaldacaq.
Bir məsələ çox dəqiqdi: indiki şəraitdə neftin qiymətinin Rusiyanın maraqlarını təmin edəcək həddə yüksəltmək istiqamətində səylərinə mane olmamaq Qərb üçün onu bombalayan “düşmən” təyyarələrinə öz əlinlə yanacaq tökməkdi. O bombalar hələlik Ukraynanın başına yağır, neft bazarı Rusiyanın diqtəsilə çalışsa, çox başlar yanacaq.