Sunday, October 30, 2016

Azərbaycanın meyvə ixracatı potensialı: imkanımız nəyə yetir?

Dünyada meyvəçilik çox nəhəng ixaracat potensialı olan sektordur.  Hazırda qlobal ticarətdə
meyvə ixracının ümumi həcmi 105 milyard dollara çatır.
Azərbaycanın təzə meyvə ixracından gəlirləri ən yaxşı halda 100 milyon dollar ətrafındadır. Rəsmi statsitikaya görə, ölkəmizin əkinəyararlı torpaqlarının çox az hissəsi - təxminən 7.7%-i (143 min hektar) meyvə bağlarına məxsusdur. Müqayisə üçün deyim ki, dünya meyvə ixracatında mühüm paya malik olan Türkiyədə meyvə əkinlərinin kənd təsərrüfatı əkinlərində payı bizim göstəricidən təxminən 2 dəfə yüksəkdir – 14% (3.3 miıyon hektar).
Arxada buraxdığımız illərdə Azərbaycanın yüksək ixrac dəyərinə malik Qərb bazarları bir yana, hətta Rusiya kimi aşağı ixrac dəyərli bazardan pay alması mümkün olmayıb. Məsələn, hələ sovetlər dönəmindən kifayət qədər böyük ərazilərdə əkilən üzüm və alma ixracatı belə nəhəng bazarı olan qonşu ölkədə əhəmiyyətli yer tutmağa imkanlar açmayıb. 2015-ci ildə şimal qonşumuz 282 milyon dollarlıq 253.3 min ton təzə üzüm idxal edib. Bu həcmdə Azərbyacanın ixrac həcmi dəyər ifadəsində 1.7 milyon dollar (Rusiyanın bütün idxalının 0.6%-i) olub. Azərbaycandab bu ölkəyə üzüm idxalının natural ifadədə həcmi 2 min ton olub. Amma, məsələn, MDB-nin başqa ölkələri – Moldovadan Rusiyaya üzüm ixracı bizdən 13 dəfə, Özbəkistanın ixracı 6 dəfə çox olub.         
Yaxud 2015-ci ildə Rusiya 385 milyon dollar dəyərində 880 min ton həcmində alma idxal edib. Azərbaycandan bu ölkəyə alma idxalı 14.5 milyon dollar olub – qonşu ölkənin ümumi idxalının təxminən 3.5%-nə bərabərdir. Natural ifadədə Azərbaycandan Rusiyaya alma ixracı 36.5 min ton təşkil edib.
Məlumatların təhlili göstərir ki, Rusiyaya idxal olunan həm üzüm, həm də almanın qiymətinə görə Azərbaycan ən aşağı qiymət olan ölkələr sırasında olub. Belə ki, Azərbaycandan Rusiyaya üzümün hər kq-ı 0.85 dollar təşkil etdiyi halda, Çilidən ixrac 1.6 dollar, Çindən 1.3 dollar, Cənubi Afrika Resbublikasından 1.4 dollar, Türkiyədən 1.05 dollar təşkil edib. Moldovanın və Özbəkistanın qiyməti bizdən bir qədər ucuz olub – müvafiq olaraq 0.75 və 0.64 dollar. İxracını təxminən yarısı (121 min ton) Türkiyənin payına düşüb.    
Eyni durum alma ixracında da müşahidə edilir. Azərbaycandan Rusiyaya almanın hər kq-nın orta ixrac qiyməti 0.38 dollar təşkil edib. Bu rəqəm Gürcüstan üzrə 0.44 dollar, Çin üzrə 0.49 dollar, Türkiyə üzrə 0.5 dollar, Serbiya üzrə 0.66 dollar, Çili üzrə 0.78 dollar, Yeni Zelandiya üzrə 1.02 dollar təşkil edib. Rusiyanın alma idxalının təxminən yarısı 3 ölkənin – Serbiya, Çin və Cənubi Afrika Respublikasının payına düşüb.
Göründüyü kimi qiymət baxımından Azərbaycan uzaq coğrafiyaya getmədən hətta qonşu bazarlarda 2 məhsulun timsalında meyvə ticarətində rəqabət qabiliyyətli ölkə statusu qazanmaq imkanına malikdir. Lakin ixrac qabiliyyətliliyi yalnız qiymət faktoruna bağlı deyil. Göründüyü kimi, Latın Amerikası ölkələrinin üzüm və alma ixracı qiyməti bizdən 2 dəfə yüksək olsa da, bu ölkələr Rusiya bazarında həlledici paya malikdirlər. Bu baxımdan səlahiyyətli qurumlar və tədqiqat insititutları məhsulun keyfiyyəti, nəqli və qablaşdırılması, çeşidi, bu bazarda tələbat olan meyvə növləri, həmçinin standartalara əməl edilməsinin durumu ilə bağlı  kompleks qiymətləndirma apararaq Azərbaycanın yüksək ixtisaslaşma potensialı olan meyvə növləri üzrə rəqabət qabiliyyətliliyini dəyərləndirən hesabatlar hazırlamalıdırlar. 
Amma ixrac imkanlarının genişlənməsi qiymət əlverişliliyinin və keyfiyyət standartlarının uyğunluğu ilə də yekunlaşmır. Çox önəmli məsələlərdən biri yüksək istehsal potensialının mövcudluğudur. Ölkə öz daxili tələbatından xeyli böyük həcmdə məhsul istehsalı imkanına malik olmalıdır ki, daxili istehlakdan artıq həcmdə məhsul üçün ixrac bazarları axtarsın. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda əhalinin hər nəfəri hesabı ilə 25 kq alma, 16 kq üzüm istehsal edilir. Halbuki Azərbaycanın ərzaq istehlakı ilə bağlı minimum normativlərinə görə orta hesabla ildə hər kəs 50 kq meyvə və giləmeyvə istehlak etməldir ki, bunun da 25 kq-nı alma istehlakı təşkil etməlidir. Yəni, alma istehsalının həcmi ilə bağlı rəsmi bəyan edilən göstərici yalnız ölkə əhalisinin minimum səviyyədə istehlakını ödəmək üçün yetərlidir. Hələ nəzərə alaq ki, bizdə alma şirəsi və alma qurusu sənayesində yerli xammaldan istifadə edilsə, alma istehsalının indiki həcmləri  daxili tələbat üçün belə yetərli olmaz.
Üzüm istehsalında da eyni durumdur. Dünyada əhalinin təzə süfrə üzümləri istehlakı orta hesabla 15-20 kq təşkil edir. Məsələn, qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda daxili istehsalın adambaşına həcminin 16 kq təşkil etdiyini nəzərə alsaq, bu həcm nəinki ixrac üçün, hətta şərab sənayesi və quru üzüm emalı üçün minimum həcmdə xammal vermək üçün belə yetərli deyil.    
Məhsulun azlığı yalnız meyvə sahələrinin həcminin məhdudluğu ilə bağlı deyil. Məhsuldarlığın aşağı olması da ciddi problemdir. Məsələn, rəsmi statistikaya görə Azərbaycanda alma bağlarının orta məhsuldarlığı 8 ton təşkol edir. Dünya üzrə bu göstərici 15.5 ton, yüksək məhsuldarlığa malik Fransa, Avstraliya və Niderland kimi ölkələrdə 40-50 ton intervalında dəyişir. Türkiyədə də bizdən 2 dəfə yüksəkdir – 18 ton.
İndi bir müqayisəyə baxaq: fermerlərin hazırkı ixrac qiymətləri ilə alma və üzüm bağlarının hər hektarından mövcud məhsuldarlıq çərçivəsində 5-8 min dollar ümumi gəlir əldə etmək imkanı mövcuddur. Məhsuldarlığın ən azı Türkiyə səviyyəsinə çatıdırıması bu gəlirlərin 25-30%-ə qədər artırılmasına imkan verər. Lakin hökumətin indi üstünlüyünü təbliğ etdiyi pambığın hər hektarından ən yüksək məhsuldarlıq (4 ton) şəraitində belə fermerin əldə edə biləcəyi ümumi gəlir bundan 7-8 dəfə azdır. Üstəlik, meyvəçilik ölkənin ekosisteminin tənzimlənməsində mühüm rol oynamaqla yanaşı, yan sektorların (məsələn, arıçılıq) da inkişafı üçün mühüm təbii mühit rolunu oynayır.        
Meyvəçilik sektorunu inkişaf etdirmək üçün təcili qarşıda duran bir neçə vəzifə var: bu sektorun inkişafına yönəlik sahə proqramı qəbul edilməli, bir neçə vacib meyvə növü üzrə rəqabət imkanlarının və istehsal potensialının dəyərləndirilməsinə imkan verən master-planlar hazırlanmalı, meyvə bağları əkmək istəyən fermerlərə  hökumətin güzəştli kreditləri hesabına müddəti 10 ildən az olmayan, faizsiz və girovsuz, dövlət zəmanəti ilə kredit xətləri açılmalıdır.   

Qeyd: idxal-iracla bağlı  bütün məlumatlar Rusiyanın rəsmi mənbələrindən götürülüb.  


Tuesday, October 25, 2016

İMF-dən "sərtləşin" çağırışı: Hökumət "onsuz da yumşalmam" deyir

Beynəlxalq Valyuta Fondu ikirəqəmli inflyasiyanı əsas götürərək Azərbaycanda sərt-pul kredit siyasətinin davam etdirilməsini dəstəkləyir.
Ölkədə qeyri-leqal işsizliyin miqyasının sürətlə genişlənidiyi, əmək haqlarının ixtisarı nəticəsində əhalinin nominal gəlirlərinin azaldığı, onsuz da az olan qeyri-neft ixrac gəlirlərinin kəskin enməsi, kənardan dolanışıq üçün ailələrə göndərilən remitənslərin 2 dəfəyədək ixtisar olunduğu şəraitdə doğrudan da ikirəqəmli inflyasiya çox ciddi sosial şoklara səbəb ola bilər. İndiki inflyasiya səviyyəsi əhalini çox sürətlə yoxsulluq və sosial iztiraba sürükləyir.
Bir fakt deyim: təxminən 2 il əvvəl Dünya Bankı Azərbaycan əhalisinin 66%-ni yoxsul və orta təbəqə arasında qalan qrup adlandırmışdı. Bank ekspertlərinin yanaşması bu idi ki, bu kateqoriyaya aid edilənlər yoxsulluqdan çıxsalar da, orta sinfə daxil olmayıblar. Həmin 66%-ə gündəlik istehlakı o zamankı məzənnə ilə 4 dollardan çox, 10 dollardan az olanlar daxil idi. Amma bank ekspertlərinin belə bir zəruri qeydi olmuşdu: hər hansı daxili və xarici şok bu təbəqəni dərhal yoxsullar qrupuna sürükləyə bilər. Neftin qiymətinin kəskin enməsi fonunda ölkədə yaşanan sosial-iqtisadi böhran, ikirəqəməli inflyasiya məhz onların nəzərdə tutduğu şoklardan sayıla bilər.
Əlbəttə, indi yoxsulluğun alternativ ölçülməsi mexanizmi olmadığına görə, Dünya Bankının "66%-lik" qrupundan yoxsullar qrupuna nə qədər insanın keçdiyini demək çətindir. Amma Valyuta Fondu məhz bu riskləri nəzərə alaraq ikirəqəmli inflyasiyanın qarşısının alınmasını vacib sayır. Amma - bir əmma var: sərt pul kredit siyasətinin o şəraitdə inflayasiyacilovlayıcı makroiqtisadi alət kimi kəsəri olur ki, qiymət artımına səbəb olan amillər sırasında monetar amillərin payı yüksək olur. Monetar amillər o zaman aktivləşir ki, iqtisadiyyatda pul kütləsinin və kreditləşmənin yüksək səviyyəsi şəraitində Mərkəzi Bank həddən artıq aşağı %-li uçot siyasəti yürüdür.
Azərbaycanda isə son 2 ildə pul kütləsi 2 dəfə, kreditləşmənin həcmi 30% azalıb. Mərkəzi Bankın bank sektoru vasitəsilə iri dövlət şirkətlərinə və hökumətə ayrıdığı vəsaitləri nəzərə almasaq, onun kredit emissiyasınnda payı kifayət qədər kiçikdir. Bu baxımdan hazırkı şəraitdə Mərkəzi bankın uçot siyasəti pulyaradıcı və deməli nəticə etibarı ilə inflyasiyatörədici gücü də böyük deyil. O ölkələrdə sərt pul kredit inflyasiyanı boğmaqda effektli silahdır ki, həmin ölkələrdə milli valyutada geniş pul kütləsinin ÜDM-ə nisbəti 40-50%-dən az deyil - Azərbaycanda bu göstərici 16% ətrafındadı. Həmiin ölkələrdə kredit resurslarının ÜDM-də payı 50-70% intervalında dəyişir - Azərbaycanda bu göstərici 30%-in altındadır.
Yəni, Azərbaycanda indi şahidi olduğumuz ikirəqəmli inflyasiya məhz xeyli uzun müddət ərzində iqtisadiyatın "pulsuzlaşdırıldığı" şəraitdə baş verib. Bizim indiki reallıqda isə "pul yoxdur", amma yüksək inflyasiya var. Çünki indi Azərbaycanda yüksək inflyasiyanı törədən səbəblər içərisində qeyri-monetar (sadə desək pula bağlı olmayan) amillərin rolu həlledicidir. İqtisadi nəzəriyyədə bu amillərin sırası çox genişdir: iqtisadiyyatın strukturunun deformasiyaya uğraması, iqtisadiyyatda yüksək inhisarıaşma səviyyəsi, siyasi və iqtisadi xarakterli gözlənilməz hadisələr, iqtisadiyyatın yüksək səviyyədə millitarizasiyası, büdcə-vergi və pul-kredit siyasətində buraxılan kobud səhvlər.
Bu amillərin hər birinin təsirini son dərəcə dəqiqliklə ölçmək üçün dərin və uzunmüddətli, komanda zəhməti olan araşdırmalara ehtiyac var. Əvvəllər Mərkəzi Bank inflyasiya proseslərində monetar və qeyri-monetar amllilərin tədqiqi ilə bağlı araşdırmalarının nəticələrini ictimailəşdirirdi və orada ayrı-ayrı amillərin payını da görmək olurdu. Son il yarımda belə məlumatlar görmək mümkün deyil.
Lakin qeyri-neft ÜDM-nin 10%-dək azalması, qeyri-neft ixrac gəlirlənin 50%-dən çox itirilməsi iqtisadiyyatın strukturunda ciddi problemlərin gözlə görünən əsas əlamətlərindən sayıla bilər. Neft gəlirlərinin 2 dəfəyədə azalmasını və bunun nəticəsində milli valyutanın 2 dəfəyədək dəyər itirməsini gözlənilməz iqtisadi proses saymaq olar. Milyardlarla manat kredit resurslarının korrupsiyanın yeminə çevrilməsi, bu resursların yerini doldurmaq üçün Mərkəzi Bankın iqtisadiyyatda dəyər yaratmayan "milyardlıq" kredit emissiyasına əl atması kredit siyasətində buraxılan kobud səhvin bariz nümunəsidir.
Hökumətin büdcə xərclərinə effektiv nəzarətə imkan yaradan nəticəli büdcə mexanizmlərinə keçə bilməməsi, büdcənin çiynində oturan izafi idarəetmə yükünü ixtisar edə bilməməsi yanlış büdcə siyasətinin təzahürü kimi gözdən keçirilə bilər.
Sonda yenə İMF-nin sərtləşmə təklifinə dönürəm: Azərbaycanda dəyər yaradan, "1 manatı 5 manata çevirən" rəqabətli real sektor mövcud olsa idi, Mərkəzi Bankın "yumşalmağı"ndan qorxmamaq olardı. Amma bir halda ki, ölkə iqtisadiyyatı bu qədər "oliqarxlaşıb", dövriyyəyə buraxılan pullar monopoliyaların mədəsindən qurtula bilmir, Fondun əndişəsini də anlamaq olur.
Müəyyən bir dövr üçün monetar sərtlik o halda özünü doğruldur və gərəkdir ki, hökumət yuxarıda sadalanan qeyri-monetar amillərin hər biri ilə ayrıca mübarizə aparır, real, nəticələri ölçülə bilən, geniş ictimai-siyasi konsensusa əsaslanan islahat proqramı qəbul edir, vaxt itirmədən onun həyata keçirilməsinə başlayır.

Monday, October 17, 2016

Pensiya yaşı necə müəyyən edilir?

Yayılan xəbərə görə hökumət pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63-dən 65-ə yüksəltməyi nəzərdə tutur.
Sonuncu dəfə pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilmişdi. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərn pensiya yaşı 62-dən 63-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi də: 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdı. 2010-2016-cı illərdə isə əksinə hər il 10 min nəfər azalma qeydə alınıb. Pensiya yaşının orta hesabla 2.5 il artırılması 6 son ildə yaşa görə pensiyaçıların sayının 10% azalmasına şərait yaratdı. Deməli, pensiya yaşının növbəti dəfə orta hesabla 2.5 il artımı yaxın 10 ildə yaşa görə pensiyaçıların sayını yenidən ən azı 10-12% azaldacaq.
Hökumətin düşdüyü vəziyyəti anlmaq çətin deyil: bu gün Sosial Müdafiə Fondunun təxminən 75%-i dövlət sektoru hesabına formalaşır. Söhbət dövlət büdcəsinin Fonda transfertlərindən, büdcə işçilərinə görə Fonda məcburi ayırmalar, qeyri-büdcə dövlət təşkilatlarının Fonda sosial sığorta ödəmələrindən gedir. Yəni, 3.3 milyard manatlıq Sosial Fondun ən yaxşı halda 25%-i və ya 800 milyon manatı özəl sektorun hesabına formalaşır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalnin 80%-ə qədəri özəl sektorun payına düşür. Yəni, əgər bu gün 1.3 milyon pensiyaçı yalnız özəl sektorun sosial sığorta ayırmalarının öhdəsində qalsa, hər pensiyaçı ayda maksimum 50 manat pensiya ala bilərdi.
Başqa bir məqam. İnkişaf etmiş iqtisadiyyatlarda 1 pensiyaçıya orta hesabla 4 nəfər sosial sığorta ödəyici düşür. Yəni 4 nəfər işləyir, 1 pensiyaçını saxlayır. Azərbaycanda vəziyyət çox katostrofikdir: 1 pensiyaçıya təxminən 1 nəfər sosial sığorta ödəyici düşür. Bu cür maliyyə bazası ilə Pensiya Fondu uzun müddət davam gətirə biıməz. Nəzəə alaq ki, əslində bizim Sosial Fondunu son illər Neft Fondu saxlayıb. Çünki dövlət büdcəsi Neft Fondundan böyük transfertlər almasa idi, Pensiya fondunun ən azı 40%-ni transfertlər hesabına formalaşdırmaq da çətin olardı. İndi isə Neft Fondunun imkanları tükənir, büdcəyə transfertləri kəsir. Bu ixtisar Sosil Müdafiə Fondunun yaxın perspektivin mütləq nəzərə alınmalıdır. Məlumat üçün deyim ki, Neft Fondunun büdcəyə ən yüksək transferi (2013-cü ildə 11.3 milyard manat) ilə müqayisədə 2017-ci ildə təxminən 2 dəfə ixtisar var (6.1 milyard manata enib).
Əslində hökuməti anlamaq asandır - amma yaranmış vəziyyətin səbəbkarının elə hökumət olduğunu unutmamaq şərtilə. Niyə Sosial Müdafiə Fondunun büdcəsində özəl sektorun payı cəmi 25%-dir? Çünki hökumət effektiv siyasətə malik olmayıb, rəqabətqabiliyyətli iqtisadiyyat, böyük dövriyyəyə və deməli uyğun qaydada böyük vergi potensialına malik özəl sektor formalaşdırmaq öhdəliyini yerinə yetirə bilməyib. Niyə sosial sığıorta ödəyənlərin sayı son dərəcə azdır? Çünki ölkədə böyük miqyasda qeyri-leqal işsizlik var, hökumət qabiliyyəti olan hər kəsi işlə təmin etməklə bağlı konstitusion öhdəliyini yerinə yetirə bilməyib, hökumət kölgə iqtisadiyyatını ləğv etməklə böyük miqyasda qeyri-leqal məşğulluğun da qarşısını ala bilməyib.
Məsələyə bir az da pensiya hüququ əldə edəcək insanların mənafeyindən baxmaq lazım, onları anlamağa çalışmaq gərəkdir. Bəli, bu gün Avropa ölkələrində, ABŞ-da, İsraildə, Yaponiyada pensiya yaşı yüksəkdir. Məsələn, Almaniyada və İspaniyada hər 2 cins üçün pensiya yaşı artıq 67 yaşdır. Hərçənd ki, nisbətən aşağı yaş senzi olan ölkələr də var. Məsələn, Belçikada hər 2 cins üçün 63, Fransada 62.5-dir. Faktiki olaraq Azərbaycan hökuməti pensiya yaşını 63 və 65 yaş həddi müəyyən etməklə, bu məsələdə inkişaf etmiş standartlarını tətbiq etmiş olur. Amma demoqrafik baxımından bu yanlışdır axı. Əvvəla, bu ölkələrdə kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Bizdə isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır. Yəni bizim insanların orta yaşama müddəti göstəricisi inkişaf etmiş ölkələrdən ən azı 10-15% aşağıdır. Bu göstəricidiən çıxış etsək, pensiya yaşının da eyni səviyyədə aşağı olması mütləq vacibdir. Bu halda ən azından yaxın 5 ildə Azərbaycandakı hər iki cind üzrə hazırkı pensiya yaşını saxlamaq daha ədalətli olardı.
Başqa bir məqam. İnkişaf etmiş ölkələrdə 65 və yuxarı yaşda əhali ümumi əhalinin 15-20%-ni təşkil edir. Yaxın zamanlarda isə bu nisbətin daha da artacağı gözlənir.
Azərbaycanda isə bu göstərici çox aşağıdır - təxminən 6%.
İnkişaf etmiş ölkələrdə ahıl əhalinin sayı öna görə çoxdur ki, onlar pensiya yaşından sonra uzun yaşayırlar - orta hesabla 15-20 il. Beynəlxalq standarta görə isə, pensiya yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər. Ən son məlumata görə, inkişaf etmiş ölkələrdə yaşlı əhalinin ən azı 70%-i 70 yaşdan sonra vəfat edir, cəmi 30%-i əmək qabiliyyətli yaşda və pensiyaya çıxdıqları ilk 5 ildə vəfat edirlər.
Bəs bu göstərici ilə bağlı Azərbacanda vəziyyət necədir? Heç bir rəsmi və qeyri-rəsmi mənbədə bu cür hesablama yoxdu. Hətta Azərbaycan hökuməti beynəlxalq praktikadan fərqli olaraq 70-75 yaş, 76-80 yaş və 80 yaş üzərində olan əhalinin sayı ilə bağlı ayrıca statistika təqdim etmir. Bu rəqəm əldə olsa, 70-80 yaş inrevalında olan insanların doğum tarixindəki sayları əsasında ahıl insanların pensiyaya çıxdıqdan sonrakı orta yaşama dövrünü təxmini də olsa hesablamaq probem olmaz.
Amma əldə olan bəzi statistik məlumatlar göstərir ki, Azərbaycanda əhalinin hətta 50%-nin (inkiaşaf etmiş ölkələrdə 70%) 70 yaşı tamamladıqdan sonra vəfat etməsi xeyli mübahisəli görünür. Rəsmi rəqəmlərə baxaq: hazırda 60-64 yaşlı insanlar 1952-1956-cı illərdə doğulan insanlardı. DSK-nın məlumatına görə, həmin illərdə Azərbaycanda 585.7 min doğum qeydə alınıb. Hazırda isə bu təvəllüddə olan insanların ümumi sayı 351.1 min nəfərdir. Göründüyü kimi, 1952-1956 təvəllüdlü insanların pensiya yaşı hələ indi çatır, amma həmin dövrdə doğulan insaların artıq 40%-i yoxdur. Əlbəttə, iddia eləmirəm ki, onların hamısı vəfat edib. Ölkədən miqrasiya edənlər də var. Amma burda səbəbdən çox nəticə mühümdür. Önəmli olan odur ki, pensiya sistemi doğulanların potensial olaraq neçə faizini pensiyaçı kimi qəbul edir və yaxın perspektivdə edəcək. Oxşar müqayisəni başqa bir yaş qrupu - pensiyaya yeni çıxmış yaş qrup üzrə də aparsaq, yenə eyni mənzərə alınacaq. Hazırda 65-69 yaşı olan insanlar 1947-1951-ci ildə doğulan insanlardır. Həmin illərdə Azərbaycanda 433.4 min nəfər doğulub. Hazırda isə həmin illərdə doğulan 222.3 min nəfər var - bu 1947-1952-ci illərdə doğulanların 51%-dir. Yerdə qalan 49% ya miqrasiya edib ölkədən gedib, ya da vəfat edib. Reallıq odur ki, Azərbaycanın pensiya sistemi hazırkı pensiya yaşının (60-63 yaş) sonrakı ilk 5 ilindən sonra pensiya potensial pensiya hüququ olan əhalnin ən yaxşı halda yarısının təminatını öz üzərinə götürür, inkişaf etmiş ölkələrdə isə həmin göstərici 65%-dən az deyil.
Bir vaib məqamı da unutmayaq: yüksək pensiya yaşı tətbiq edən inkişaf etmiş ölkələrdə əmək bazarının təklif potensialı çox böyükdür: hətta 70 yaşlı insanlar belə bazarda rahatlıqla iş tapıb işləyə bilirlər. Bizdə isə qeyri-rəsmi işszilik çox böyükdür, fakitiki olaraq insanlar 55-60 yaşı keçəndən sonra iş tapmaq onlar üçün problemə çevrilir, minimum iş stajı olan, amma işsiz qalan bu yaşda insanlar 3-5 il günlərini saymaqla ayda 160-170 manat pensiya alacağı günü gözləyirlər. İndi pensiya yaşını yenidən 3 ilə yaxın artırmaq o deməkdir ki, həmin kateqoriya pensiyasız, işsiz yenə ailələrinin sosial öhdəliyində, ağır maddi çətinliklə yaşamalı olacaqlar.
Nəhayət, pensiya yaşının necə müəyyən olunması ilə bağlı bir vacib məqama da diqqət yetirək. Pensiya yaşı qocalma ilə bağlı insanın əmək qabiliyyətinin itirmə səviyyəsinə uyğun olmalıdır. Bunu isə hazırda dünyada bir sıra institutlar birgə tədqiqatlar əsasında müəyyən edir. Məsələn, dünyada "gerontologiya" deyilən xüsusi elm sahəsi var. Bu sahənin mütəxəssislər qoclamanın bioloji, psixoloji və sosial aspektlərini öyrənir, onun səbəbləri ilə mübarizə yollarını göstərir. Hökumətlər pensiya yaşı ilə bağlı qərar qəbul edəndə bu sahənin, demoqrafların, riyazi sığorta sahəsinin (aktuarilərin), tibbi-həkim ekspertizası mütəxəsssislərin ciddi tədqiqatlarının nəticələrindən çıxış edir. Bizim bu sahədə mütəxəssis kadr bazamız, elmi potensialımız nə yerdədi? Onların tədqiqatlarının nəticəsi nə göstərir: hazırda azərbaycanlıların əksəriyyəti üçün əmək qabiliyyətini ititmə yaşı hansı yaşdır? Bu faktı təsdiqləyən yazılı əsaslandırmalar varmı (arayış və tədqiqat formasında)?
Ən pisi odur ki, hökumət pensiya yaşını davamalı olaraq artırır, amma insanların pensiya hüququ ilə bağlı çox vacib mexanizm illərdi tətbiq edilmir. Söhbət yığım pensiyasından gedir. Artıq 10 ildir insanların Sosial Fonda ödədəyi sığorta haqlarının cəmi 50%-i onların sığorta hesabında qeydə alınır. Yerdə qalan hissənin yığım hesabında toplanması və pensiyaçıya (yaxud onun varislərinə) qaytarılması həll edilməli idi, amma bu mexanizmi yaratmaq heç kimin yadına düşmür. Təsəvvür edin ki, siz hər ay 100 manat sosial sığorta ödəyirsiniz, amma hökumət onun cəmi 50 manatını sizin adınıza qeydə alır və pensiyanızı da məhz həmin 50 manat əsasında hesablayır. Bəs yerdə qalan 50 manat insanların haqqı deyilmi?



Sunday, October 2, 2016

İdxalı bahalaşdıran, yoxsulların cibini boşaldan rüsumlar

Ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi ilə bağlı rəsmi statistikanın məlumatları olduqca etibarsızdır. Məsələn, rəsmi məlumata görə, meyvə-giləmeyvə istehsalının həcmi daxili tələbatdan 20%, tərəvəz itehsalının həcmi daxili tələbatdan 3% artıqdır. Rəsmi statistikaya görə, qoyun əti tələbatının 98%-i, mal əti tələbatının 88%-i, toyuq əti tələbatının 98%-i, yumurta tələbatının 100%-i daxili istehsal hesabına qarşılanır.
Aydındır ki, bu sahədə alternativ hesablama və hesabatların yoxluğu real mənzərəni aydın görməyə imkan vermir. Amma sadə istehlakçı gözü ilə baxanda nə görürürük?
Yay mövsümü bitəndən sonrakı 7-8 ay müddətində ölkənin meyvə və tərəvəz tələbatı tam idxal məhsulları hesabına ödənir. Oktyabr ayının 2-ci yarısından sonra ta iyun ayının ortalarınadək İran və Türkiyədən gələn meyvə-tərəvəz, Polşa və Rusiyadan gələn kartofdan bizim tələbatı qarşılayır.
Pərakəndə satış kanallarında olan ət əsasən yerli məhsul olsa da, ət məhsullarının hazılandığı sənaye müəssisələrində, böyük kütlə ilə ət istehlakının baş verdiyi obyektlərdə (şadlıq evləri və restoranlar, dönərxanalar) idxal ətinin istifadə edilməsi ilə bağlı xeyli məlumatlar var. Yəni həmin idxal kütləsi nəzərə alınsa, tələbatda xaricdən alınan ətin real payının daha yüksək olduğu aydın olar.
Başqa bir fakt: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 19.8 milyon dollar ət və ət məhsulları idxal edilib. Lakin comtrade məlumat bazasında dünya ölkələri tərəfindən Azərbaycana 67.8 milyon dollar dəyərində ət və ət məhuslları göndərildiyi əksini tapıb. Braziliyadan 24.5 mln., Hindistamdan 13.5 mln., Ukraynadan 6 mln., Türkiyədən 3 mln. dollar ət və ət məmulatları idxal edildiyi göstərilir.
İdxaldan asılılığın yüksək olduğu şəraitdə yüksək rüsumların bazarda qiymətləri artıracağı şübhəsizdir. Xüsusilə də milli valyutanın ucuzlaşmasının davamlı olduğu və xarici valyutaların uzun müddət ərzində bahalaşacağı riskinin kifayət qədər yüksək olduğu şəraitdə idxal inflyasiyasının sürətlənməsi sosial durumu daha da ağırlaşdırcaq, yoxsulluğun miqyasını sürətlə genişləndirəcək. Xüsusilə də 2017-ci ilin büdcəsi göstərir ki, hökumət maaş, pensiya və sosial müavinətləri ümumiyyətlə indeksləşdirmək imkanında olmadığını nümayiş etdirir.
Daxili bazarı qorumağa yönəlik yüksək idxal tariflərinin tətbiqi daxili istehsalın inkişafına töhfə verə bilərmi? Verə bilər, amma hökumət aqrar sektorda yüksək çinli məmurlara yaxın iqtisadi qrupların yaratdığı iri təsərrfatları dəstəkləmək siyasətindən əl çəkib bütün resursları xırda və orta fermerlərə yönəltsə. İri təsərrüfatları qurmaq istəyənlər qoy öz kapitalı ilə qursun - onların onsuz da resursu var.
Məbləği 50 min manata qədər olan kreditləri Sahibkarlıq Fondundan xırda və orta fermerlərə heç bir girov təmin etmədən, maksimum 2-3%-lə, güzəşt müddətini 5 ilə, kreditlərin qaytarılması dövrünü 15 ilə qədər artırmaqla, heyvandarlıq və meyvə-tərəvəz məhsullarına zəmanətli alış qiymətləri tətbiq etməklə qısa müddətdə daxili istehsalı tələbatı ödəyə biıəcək həddə qədər inkişaf etdirmək mümkündür. Bu kreditləri fermerlər heç bir bürokratik maneə olmadan, çox qısa müddət içərisində (maksimum həftə) götürməki imkanında olmalı, həmin kredit üçün riskləri sığortalayan mexanizmlər tətbiq edilməlidir.
İndilikdə isə hökumət yüksək gömrük rüsumlarını heç olmazsa mövsümi tətbiq etməlidir. Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dyandırıla bilər.
Bir daha vurğulayıram: kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda rəqabət mühitinin olmadığı, resursların ədalətli bölgüsünə təminat verilmədiyi şəraitdə idxalın bahalaşması oliqarxiyanın və büdcəni doldurmaq üçün mənbə axtaran məmurların maraqlarına xidmət edir.
Məlumat üçün deyim ki, hazırda qonşu Rusiyada da mövsümi rüsumlar (ilin müəyyən aylaırnda) tətbiqi təcrübəsi var. Məsələn, meyvənin hər kq-ı üçün 0.12 avro, süd məhsullarının hər kq-ı üçün 0.29-0.35 avro. Hətta Rusiyanın DTT qarşısında götürdüyü öhdəlikər çərçivəsində bu rüsumların tətbiqi qüvvəsini saxlayır.
Qonşu Gürcüstanda isə tamam fərqli yanaşma tətbiq edilir. Ölkə daxilində tələbatı ödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof və tərəvəz) üçün 12% idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatı ödəyəcək səviyyədə potensial yoxdu (məs., banan, kokos, əncir, qarığadalı, yaşıl çay), həmin məhsullara idxal rüsümu "0" dərəcə ilə tətbiq olunur.