Ölkə prezidenti
2016-cı ilin ilk rübünün iqtisadi yekunları ilə bağlı keçridiyi müşavirədə
təcili olaraq ölkədə pambıq əkinlərinin sahəsini təxminən 3 dəfə (18 min
hektardan 50 min hektara) artırmağın vacib olduğunu söyləyib. Hökumət əmindir ki, hökumət 2016-cı ildə bu vəzifəni yerinə yetirə
bilsə, pampıq istehsalının həcmini 35 min tondan 100 min tona artırmaq problem
olmayacaq.
Rəsmi əsaslandırma budur ki, pambığın dünya bazarında
həmişə alıcısı var və problemsiz özünə müştəri tapan bu məhsul ölkənin itirdiyi petrodollarlarının bir hissəsini kompensasiya etməkdə yardım edəcək.
Neft gəlirlərinin
azaldığı hazırkı mərhələdə qeyri-neft ixracının artırılması istiqamətində
axtarışlar anlaşılandır. Amma bir neçə sual var ki, ona hökumətin cavablarını görmək çox yaxşı olardı :
1) Dünyada pambığın
ən böyük istehsalçısı olan Çin, Pakistan, Hindistan və Özbəkistan kimi ölkələri
göz önünə alaraq “daxili resurs dəyəri” əsasında pambıqçılıq sektorunda
müqayisəli üstünlük imkanlarımız qiymətləndirilibmi? Sahənin inkişafı ilə bağlı
master-plan hazırlanıbmı, həmin planda sahənin inkişafı ilə bağlı
üstünlüklərimiz, sahəni inkişafdan saxlayan problemlər və risklər, onların
önlənməsi və aradan qaldırılması üçün mexanizmlər müəyyən olunubmu? Belə
dəyərləndirmə son dərəcə vacibdir.
2) Pambığın yalnız
xammal kimi ixracı nəzərdə tutulurmu? Əgər belədirsə, pambıqdan böyük qazanclar
gözləməyə dəyməz. Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan və Hindistan
istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər. Hazırda
dünya üzrə illik 25-26 milyon ton pambıq istehlakının 60%-dən çoxu bu ölkələrin
payına düşür. Mütəxəssislərin dediyinə görə, ayrı-ayrı ölkələrdə pamığın mahlıc
çıxımı 35-40% interavılnda dəyişir – yəni hər 1 ton pambıqdan təxminən 350-400
kq mahlıc alınır. Yerdə qalan 600-650 kiloqram tullantıdan dünyada bir neçə
məhsul alınır: heyvandarlıq üçün yağlı yem, tibb sənayesi üçün qliserin, qida
sənayesi üçün yağ. Yəni, göründüyü kimi əgər pambıq yerli sənaye üçün xammal
kimi istifadəyə yönəldilsə, iqtisadi diversifikasiyada mühüm rol oynaya, kənd
təsərrüfatı ilə yanaşı sənaye sferasında da yeni iş yerlərinin yaradılması üçün
baza ola bilər. Eyni zamanda, pambıq xam formada ixrac edilmədən birbaşa emal
zəncirinə daxil olduqda daha yüksək gəlir gətirir. Məsələn, mütəxəssis
qiymətləndirməsinə görə, 1 ton pambıq mahlıc ölçüsündən asılı olaraq təxminən 1500-2000
ədəd qısaqol kişi idman köynəyinin istehsalı üçün parçanın xammalıdır. Ən ucuz
topdansatış qiymətilə (məsələn, 2.5-3 dollar) bu 2500-3000 dollara bərabərdir.
Halbuki son illər dünya birjalarında 1 ton mahlıcın qiyməti 1300-1600 dollar
interavalında olub. Amma köynək istehsalına qədər pambıq iplik və parça üçün də
emal zəncirindən keçməlidir. Bir sözlə, xam pambıq ölkə daxilində istifadə
edilsə, ən azından 3-4 dəyər zəncirindən keçmək, hər zəncirdə işçi çalışdırmaq,
əlavə dəyər yaratmaq potensialına malikdir.
3) Pambıq hansı
torpaqlarda əkiləcək və onu kim əkəcək? Bu sual ilk baxışdan yersiz görünə
bilər. Amma cavabı mütləq verilməlidir. Əvvəla ona görə ki, Azərbaycanda özəl
sektorun əlində olan əkinəyararlı torpaq fondu böyük deyil. Ölkə üzrə
əkinəyararlı təxminən 1.7 milyon hektar torpağın 1.3 milyon hektarı özəl əllərdədi.
Əkinəyararlı özəl torpaqların adambaşına həcmi cəmi 0.13 hektardı. Həmin torpaqlar
yalnız ölkənin ən zəruri torpaq məhsullarının - dənli bitkilərin,
meyvə-giləmeyvənin, tərəvəz-bostan məhsullarının, heyvandarlıq üçün yem
tədarükünün, qida sənayesi üçün yağlı və texniki bitkilərin becərilməsi üçün
yetərli ola bilər. Ona görə çox güman ki, hökumət dövlət ehtiyat fondu
torpaqlarında zəruri irriqasiya işləri aparmaqla həmin torpaq resurslarından
istifadə etməyi düşünür. Hazırda bələdiyyələrin və hökumətin sərəncamında 3.5
milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq fondu var. Bu, özəl
fonddan az qala 3 dəfə çoxdu. Artıq bunula bağlı təcrübələr də var- son illər iri
fermer təsərrüfatı yaratmaqla buğda əkinlərinin xeyli hissəsi məhz həmin
torpaqlarda aparlıb. Amma burda narahatlıq doğuran problem resurslardan
qeyri-bərabər və qeyri-şəffaf isifadədir. İctimai torpaqların hərraclar
vasitəsilə istənilə şəxs tərəfindən icarəyə və istifadəyə götürülməsi
mexanizmləri çalışmır, siyasi hakimiyyətə bağlılığı olmayan iqtisadi qruplar və
ya şəxslər həmin torpaqlarda fermer təsərrüfatları yaratmaq, bu təsərrüfatlar üçün
Sahibkarlığa Kömək Mill Fondundan kredit resursları cəlb etmək şansına malik deyillər.
4) Pambıq əkməyi təklif edənlər
kəndli üçün alternativ gəlirləri qiymətləndiribmi? Pambıq keyfiyyətli və
suvarma imkanı olan torpaq tələb edir. Fermerlər hazırda belə torpaqdlarda bostan-tərəvəz
məhsulları, üzüm-meyvə əkəndə bütün xərclərini çıxmaqla 1500-2000 manatdan 3000-4000
manata qədər pul qazana bilir. Ən az gəlir gətirən heyvandarlıq üçün otun
becərilməsidir – bütün xərclər çıxılmaqla indiki qiymətlərlə fermer hər hektar
suvarılan torpaqdan azı 700-800 manat qazanc götürə bilir və bu təsərrüfatda
bütün işləri texnika həyata keçridiyi üçün kəndliən əziyyət də tələb olunmur. Amma
ötən il orta məhsuldarlığın 2.5 ton olduğu şəraitdə fermer 1 hektar pambıq
əkinindən bütün xərcləri çıxmaqla maksimum 600-650
manat gəlir əldə edə bilib. İndi pambıqla müqayisədə meyvə-tərəvəzdən ən azı 3-4
dəfə artıq gəlir götürə bildiyi halda fermeri pambıq əkməyə hansı səbəb cəlb
edə bilər?
Azərbaycanda
pambıq emalının inhisarda olması (səhv etmirəmsə bütün emal cəmi 2 şirkətin
əlində cəmlənib) bu sahə üçün rəqabətli gələcək də vəd etmir. Burda çıxış yolu
hökumətin təklif edəcəyi təşviq tədbirlərinə ümid qalır.
Yeri gəlmişkən, bizim
ictimai rəydə pambıq bir məhsul kimi qara xatirələrlə ilişib qalıb. Sovetlər
dönəmində əyalələrdə bütün orta məktəb şagirdləri, institut tələbələri tədris
ilinin ən azı 2-3 ayını pambıq tarlalarında keçirirdilər. Özüm orta
məktəbdə oxuyarkən 1984-1988-ci illərdə pambıq yığımında iştirak etmişəm. Yalnız
Vəzirovun Mərkəzi Komitənin 1-ci katibi təyin edilməsi ilə təhsil
müəssisələrinin pambıqçılığa cəlb edilməsi qadağan olundu.
Bəlkə buna görə də
ağ qızıl yaddaşımda qara tarixcə kimi ilişib qalır.
Və bu da faktdır
ki, ABŞ və Avstraliya istisna olmaqla dünyanın ən 10 iri pambıq istehsalçısı
arasında yüksək inkişaf etmiş ölkənin adı yoxdu...
No comments:
Post a Comment