Wednesday, October 4, 2017

Qadınlar niyə işləmək istəmir: ləyaqətli əmək haqqı problemi yoxsa kütləvi tənbəllik sindromu?

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mediaya geniş müsahibəsində deyir ki, ölkədə 890 min nəfər əmək qabiliyyəti qadın işləmir və onların əksəriyyəti evdar olmağa üstünlük verirlər. Hansı tədqiqat və araşdırmaların nəticəsində bu qənaət təsdiqlənib ki, həmin qadınlar işləmək istəmirlər? Yalnız ona görə ki, Məşğulluq Mərkəzlərinə müraciət etmirlər və işsiz kimi qeydiyyata düşmürlər? Niyə müraciət etsinlər ki? İnsanlar onsuz da bilirlər ki, real əmək təklifi il müqayisədə iqtisadiyyatın iş qüvvəsinə tələbi son dərəcə azdır, həmin Mərkəzlərə müraciət əksər hallarda əlavə zaman itkisidir. Hətta inkişaf etmiş ölkələrdə əmək bazarının dövriyyəsində dövlət məşğulluq mərkəzləri üstün paya malik olmurlar. İşaxtaranlar şəxsi əlaqələri, şirkət elanları və başqa iş təklifi kanallları ilə də rahatlıqla iş əldə edirlər. Məsələ təkcə kəmiyyət tərəfində deyil, insanların öz peşə-ixtisas səviyyəsinə uyğun iş yerlərinin mövcudluğundan gedir. Məşğulluq və əmək bazarı ilə bağlı nəzəri yanaşmalarda belə bir yanaşma var: əmək qabiliyyətli insanın peşə-ixtisas səviyyəsi ilə iş yerinin ixtisas səviyyəsi uyğun gəlmirsə, hətta təmin edilsə belə, bu səmərəli məşğulluq deyil. Belə bir mənzərə təsəvvür edin: əmək bazarına 100 min ixtisalı əmək təklif olunur, amma əmək bazarı 500 min ixtisassız əmək təklif edir. Kəmiyyət baxımın vəziyyət çox yaxşı görünür: iş qüvvəsi bazarında tələb təklifi 5 dəfə üstələyir. Amma ali, orta və ya peşə təhsilinə malik əmək qabiliyyətli şəxsin tam ixtisassız və onların peşə-ixtisas səviyyəsindən aşağı iş yerlərini seçməsi nə qədər səmərəli və ədalətli yanaşmadır? İnşaat Mühəndislər Universitetini bitirmiş mühəndis tikintidə fəhlə yerindən imtina edəndə bunu tənbəlliyə yozmaq yanlış yorumdur. Məsələn, nazirlik araşdırma aparıbmı ki, işləməyən qadınların hansı hissəsi yüksək ali, orta ixtisas və ya peşə təhsilinə malikdir və mövcud əmək bazarı bu ixtisas tələblərinə uyğun iş yerləri təklif etmək potensialına malikdir? Araşdırma varsa, müsahibədə belə maraqlı məqamları da səsləndirmək vacibdir.
Doğurdanmı 1 milyon nəfərə yaxın iqtisadi fəal qadın işləməyib evdar olmağı üstün tutur, ləyaqətli əmək haqqına, əlverişli və insanların peşə-ixtisas səviyyəsinə uyğun iş yerləri var, amma yüz minlərlə insan bu iş yerlərini görməzdən gəlir? Özü də söhbət o ölkədən gedir ki, əhalinin hətta orta real gəlirləri belə insanların orta sinfə daxil olması üçün yetərli deyil. Ümumiyyətlə rəsmi təbliğatdan belə aydın olur ki, cəmiyyətin əksər hissəsi ünvanlı sosial yardımın marığına yatıb və işləmək istəmir. Belə ailələrin olması istisna deyil, bəlkə ölkədə on minlərlə belə adam var, amma onları sayının yüzminlərlə olması mümkün deyil və belə iddialar absurddu. Əslində bu təbliğat hökumətin səmərəli məşğulluğu təmin etmək sahəsində bacarıqsızlığını pərdələmək, işsizlik və yoxsulluğun əsasən insanların tənbəlliyi ilə bağlı olduğunu ictimai şüura oturtmağa xidmət edir. Bir suala hamımız cavab verək: sizin ailənin, yaxud bildiyiniz bir ailəni maaşla 1000 manat qazanmaq imkanı varsa, təxminən 400-500 manatlıq yardım müqabilində bu maaşlı qazancdan imtina etmək üçün min cür əyri yola əl atmağı özünüzə rəva bilərsinizmi? O ailələr yardıma daha çox üstünük verirlər ki, alacaqları ünvanlı yardımın həcmi potensial əmək haqqı gəlirindən çoxdur. Ağlı başında olan yetkin adamın 1000-15000 manatlıq maaşı 300-500 manatlıq yardıma dəyişəcəyinin kütləvi olduğunu iddia etmək çox absurd səslənir.
Cənab Müslümovdan əslində başqa qənaətlər eşitmək maraqlı olardı. Məsələn, bu gün Azərbaycanda iş yerlərinin texnoloi sturkturu necədir: yüksək, orta və aşağı texnoli səviyyəli iş yerlərinin nisbəti necədir, məşğulluğun peşə-ixtisas strukturu ilə iş yerlərinin texnoloji strukturu arasında uyğunluq hansı səviyyədədir, problemlər varmı, varsa hökumət yaxın, orta və uzun vədədə bu problemləri necə həll etməyi planlayır? Müsahibədən bir daha aydın olur ki, Nazirlik üçün əsas prioritet özünüməşğulluq proqramlarının dəstəklənməsidir, özü də əsasən aqrar sektorda. Problem ondadır ki, özünüməşğulluq proqramları əsasən qeyri-rəsmi əmək sferasında yaranır. Müasir dünyada isə çox kiçik istisnalarla aşağı texnoloji məşğulluq seqmentinə aid olduğu üçün qeyri-formal məşğulluğun genişlənməsinə maraq kütləvi deyil. Bircə fakt deyim: bizdə qeyri-rəsmi məşğulluğun payı 70%, inkişaf etmiş ölkələrdə 5-10% ətrafındadı. Son 20 ildə hökumət bu nisbəti dəyişməyibsə, səbəbi nədir - müsahibədə, məsələn belə vacib və strateji məsələnin cavabı yoxdur. İnkişaf etmiş ölkələrdə hökumətlər üçün hədəf mikro və kiçk müəssisələrin, aqrar sektorda isə kooperativlərin dəstəklənməsidir. Özünüməşğulluq proqramlarının əhatə dairəsi əsasən kapitaltutumlu olmayan və ixtisassız iş yerlərinin açılması ilə sərhədlənir. Dünya təcrübəsi göstərir ki, orta və yüksək texnoloji səviyyəli istehsal strukturu yaratmağa nail olmuş iqtisadiyyatlarda hökumətlər özünüməşğuluq proqramlarına ehtiyac görmürlər. Bu proqram çərçivəsində yaranacaq bir iş yerinin əlavə dəyər formasında iqtisadiyyata qatqısı nə qədər gözlənilir və ümumiyyətlə belə hesablamalar varmı?

Thursday, June 29, 2017

Universitetlərin fəaliyyəti necə kommersiyalaşsın?

Təhsili naziri bugünkü çıxışlnda universitet və elmi tədqiqat institutlarımızın innovativ olmağa çalışdığını bildirib və əlavə edib ki, universitetlərin fəaliyyətinin kommersiyalaşdırılması da vacibdir.
Qulağa yaxşı gələn cəlbedici fikirlərdi. Amma gərək bu cür fikirlər bəzi suallara cavab verərək, arxasında rəqəmlər və faktlar göstərilməklə səsləndirilsin. Məsələn, əsas sullardan biri budur: "universitetlərimiz innovativ olmağa çalışırlar" nə deməkdir, konkret hansı çalışmalar və bu çalışmaların hansı ilkin nəticələri var? İnnovativ olmaq üçün həm də innovasiyalara böyük resurslar xərcləmək lazımdır. Azərbaycanda hər il "elmi-tədqiqat" maddəsi altında xərclənən 70-75 mln. dolların ən yaxşı halda 7-8 mln. dolları universitetlərin payına düşür. Bazasında nəhəng kadr və maliyyə resursları dayanmayan universitetlər innovativ ola bilməz. Bu gün inkişaf etmiş ölkələrdə inkişaf və araşdırma (R&D) xərclərinin ÜDM-də payı 3-4% təşkil edir ki, bu xərclərin də ayrı-ayrı ölkələrdə orta hesabla 15-20%-i universitetlər vasitəsilə xərclənir. Azərbaycanda bütün sektorlar üzrə R&D xərclərinin ÜDM-də payı 0.2%-dirsə və bunun da ən yaxşı halda onda biri universitetlərin hesabınadırsa, mənzərə tamamən aydın olur.
Universitetlərin fəaliyyəti necə kommersayalaşdırılır? Bu fəaliyyət üçün ilk növbədə universitetlərin elə məhsulları olmalıdır ki, iqtisadiyat üçün bunun dəyəri olsun, universitetlərin aldığı patentlərin sayı sürətlə artsın, iqtisadiyyatın işi bu məhsullarsız keçməsin - o zaman universitetlərin fəaliyyəti avtomatik kommersiyalaşcaq.
Beynəlxalq təcrübədən bu məsələ ilə bağlı bəzi maraqlı nümunələrə baxanda durumumuzu və səslənən bəyantların nə dərəcədə reallığı əks etdirdiyini daha aydın görmək olur. ABŞ dünyada elmi-tədqiqata ən nəhəng vəsait yatıran ölkədir - dünya üzrə bütün xərclərin təxminən 27%-i bu ölkənin payına düşür. 520 mlrd. dollara yaxın elmi-tədqiqat xərclərinin təxminən 15%-i (75 mlrd. USD) məhz universitetlərin hesabına təmin edilir. Amma ABŞ-da bu vəziyyətin yaranmasının səbəbi (motivi) bəyanatlar olmayıb - bünövrəsində ciddi institusional dəyişiklər dayanan mexanizmlərin qurulması olub. 1980-ci ildə ölkədə Bayh-Dole Aktı qəbul edilib və bu sənədə görə universitetlərə öz fəaliyyətlərini kommersiyalaşdırmağa imkan verən şirkətlər qurmaq üçün geniş fürsətlər yaradılıb. Sənədin qəbulundan keçən qısa müddət ərzində ABŞ universitetlərinin nəzdində 250 min nəfərədək kontingentin çalışdığı 2000-dən artıq kompaniya fəaliyyətə başladı. Bayh-Dole Aktının qəbuluna qədər bütün universitetlərin il ərzində qeydiyyata aldırdıqları patentlərin məcmu illk sayı 250-ni ötmürdüsə, 1982-c ildə bu rəqəm 1500-ə yüksəldi, hazırda 5000 ətrafındadı. Yaxud 80-ci illərin sonlarında bütün ABŞ universitetlərinin lisenziya gəlirləri 70-80 mln. dolları ötmürdüsə, indi 2 mlrd. dollara yaxınlaşır. Mıhz Bayh-Dole aktı universitetlərin innovativ fəalliyyənin kommersiyalaşdırılmasını instititusionallaşdırdı. Bizdə bəyanatları nəzərə almasaq, bu məqsədlə hansı real addım atılıb?
Maraq üçün deyim ki, ABŞ-da iqtisadiyyatda tətbiq olunan ən uğurlu kəşflərinin təxminən 80%-i məhz universitetlərin hesabına baş verir. Bizdə son 10 ildə universitetlərin fəaliyyətinin nəticəsi olan 10 hansısa yeniliklə hansı mənbədən tanışlıq mümkündür? Və ya son 10 ildə nə qədər patent alınıb və onların hansı hissəsi universitetlərin payına düşür?
Bir vacib məqamı da deyim ki, hazırda dünyada universitetlər 3 təsnifat üzrə sistemləşdrilir: 1.0, 2.0 və 3.0 statusa malik universitetlər. 1.0 - bu universitetlərin yalnız tədrislə məşğul olduğunu, 2.0 tədris və araşdırmaların paralel olduğunu, 3.0 universitetdə tədris və araşdırmaların mövcudluğu ilə yanaşı həm də universitetlərin fəaliyyətinin kommersiyalaşdırıldığını əks etdirir. Azərbaycanın təhsli naziri birbaşa 3-cü mərhələdən danışır - universitetlərin fəaliyyətinin kommersiyalaşdırılmasından. Halbuki hazırda Azərbaycan universitetləri 1-ci mərhələdədir - yalnız tədrislə məşğuldur. İndi bizim qarşımızda 2-ci mərhələ dayanır - universitetləri tədris və araşdırma mərkəzlərinə çevirmək.
Dünya təcrübəsi göstərir ki, universitetlərin də aparıcı həlqələrdən birinə çevrildiyi elmi-tədqiqat proseslərinin yüksək səviyyəyə çatmadığı ölkədə bilik iqtisadiyyatı qurmaq mümkün olmur. Məsələn, ABŞ-da araşdırma və inkişaf xərcləri Rusiya ilə müqayisədə 10 dəfə çoxdur. Bunun nəticəsində ABŞ-da "bilik iqtisadiyyatı" məhsullarının ÜDM-də payı 45%, Rusiyada 15% ətrafındadır. Yaxud yüksək texnoloji məhsulların ölkə ixracında payı Rusiya üzrə 2%, Cənubi Koreyada 27% təşkil edir. Yeri gəlmişkən, Cənubi Koreya da elmi arasdırma xərclərinin ÜDM-də payına görə dünyada ən yüksək paya malik ilk 10 ölkə sırasındadır.
Bir məqam çox aydındır: universitetlərin siyasi ideologiya mərkəzlərinə çevrildiyi, inzibati və maliyyə muxtariyyəti almadığı, tələbə və müəllimlərin akademik azadlıqlardan məhrum edildiyi şəraitdə orda tədris bəlkə də olar, amma elm və innovasiya mütləq olmayacaq...

Friday, May 12, 2017

Beynəlxalq Bankın xilası: şəffaf sağlamlıq üçün suallar

Beynəlxalq Bankın sağlamlaşdırılmasına dövlət milyardlarla manat xərcləyirsə, prsoses çox şəffaf aparılmalıd. Problemli aktivlərin alınması ilə bağlı ən xırda detallar, bütün informasiyalar dövri (həm də operativ) hesabatlar vasitəsilə açıqlanmalıdır. Məsələn, bir neçə sual var ki, onun cavabını indiyədək yayılan məlumatlarda görə bilmədim. Söhbət hansı sullardan gedir? Əvvəla, 1 yanvar 2016-ci il tarixə (2 ardıcıl devalvasiyadan və aktivlərin yenidən qiymətləndirməsindən sonra) bankın problemli aktivkərinin dəqiq məbləği nə qədər olub? Ümumilikdə indiyədək "Aqrarkredit"ə ötürülən 10 mlrd. manat məbləğindədi, yoxsa daha çox? Hətta 10 mlrd. manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bi məbləğ Bankın 1 yanvar 2016-cı il tarixli aktivlərinin təxminən 70%-i deməkdir. Halbuki 1981-2001-ci illərdə dünyada bank böhranları ilə üzləşən 11 ölklənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35%-dən çox olmayıb. Məlum olduğu kimi, problemli aktivlərə ödəmə qabiliyyətli olmayan müştərilərə verilmiş, vaxtı keşmiş, əsas və faizlər üzrə ödənməyən borclar, şirkətlərin kapitalına investisiya edilmiş, sonradan həmin şirkətlərin iflası ilə bağlı tam (və ya qismən) dəyərsizləşmiş aktivlər və s. daxildir. Burda növbəti sual yaranır: Beynəlxalq Bankın problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər də var? Bu informasiyanı tam olaraq hansısa mənbədə görmək mümkündürmü? Məlumat üçün deyim ki, 2015-ci il 1 yanvar tarixinə Beynəlxalq Bankın bütün aktivlərinin 86%-ni və ya 7.9 mlrd. manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin məhz 2014-cü ilin sonunadək yarandığını söyləyir, həmin məlulmatdan belə nəticə çıxarmaq olur ki, problemli aktivlər əsasən qaytarılmayan kreditlərlə bağlıdır. Və burdan başqa bir sual: dövlətə məxsus olan nəhəng borcları qaytarmayan əsasən kimlərdir - fiziki yoxsa hüquqi şəxslər? Bankın hesabatından belə aydın olur ki, 1 yanvar 2015-ci il tarixə kreditlərin təxminən 1 mlrd. manatı və ya 14%-i fiziki şəxslərlə bağlı olub. Yerdə qalan 7 mlrd. manata yaxın kredit (bütün kteditlərin 86%-i) korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditləri tam yarısı - təxminən 3.5 mlrd. manatı isə 30 şirkətə verilb. Göründüyü kimi kreditlərin konsentarsiyası həddən artıq yüksək olub. İndi bu sualın da cavabı aydın deyil: problemli kreditlərin yaranmasında böyükhəcmli kreditlərin rolu nə qədərdir? Hər halda dövlət bankından söhbət gedirsə, borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir.
Daha bir sual: problemli aktivlərin arxasında olan təminatın yenidən qiymətləndirməsinin nəticləri nə göstərir və hazırda onların real bazar dəyəri problemli aktivlərin hansı hissəsini qarşılamağa yetir? Bu sualı da aydınlaşdırmaq səbəbsiz deyil. Çünki Beynəlxalq Bankın 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 mln. manatı təminatsız olub. 3.5 mlrd. manat kredit üçün daşınmaz əmlak, 2.1 mlrd. manat üçün daşınar əmlak əsasında zəmanət verilib. Böhran nəticəsində bu əmlaklar ucuzlaşa bilər, amma gerçək əmlak olublarsa, hər halda onların dəyərinin hansısas hissəsi yerində olmalıdır. Və indiyə qədər bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsi geri qayıdıbmı? Əlavə olaraq 1 mlrd. mantdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasıda fors-major şəraitlərdə borc götürənə zamin duran 3-cü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Bəs zamin duran bu şirkətlər hansılardır, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirsilməsi aparılıbmı?
Statistikadan belə çıxır ki, müəssisə və şirkətlərə verilən borcların 80%-ə qədərinin arxasında real təminat olub. Amma niyə bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsi aydın olmur.
Daha bir sual: problemli aktivlər daha çox hansı sektora verilən kreditlərlə bağlı olub? 2014-cü ilin yekunlarına görə, şirkət və müəssisələr verilən kreditlərinin 3.4 mlrd. manatı inşaat və daşınmaz əmlak, 1.9 mlrd. manatı ticarət və xidmət, 1.8 mlrd. manatını isə istehsalla bağlı kreditlər təşkil etmişdir.
Daha bir sual dünən qəbul edilən qərarla bağlıdır: hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracaq? 2015-ci ilin yekunlarına görə, Bankın 25-dək xarici banka və beynəlxalq maliyyə institutlaırndan cəlb etdiyi kreditlərin həcmi 1.1 mlrd. dollara yaxın olub. Əlavə olaraq, 500 mln. dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 mırd. dollardan az olmadığı üzə çıxır.
Bir məqamə da deyim: rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma 2 mühüm fərqlə: 1) Bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra dövlətdən həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hpkumətn büdcədən xərclədiyi pullar geri qayıtmayacaq; 2) Hətta hökumətin geri qayıtmayan dəstəyi şəratində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Və ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablalamal olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək. Obyektiv təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi tədqirdə indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 mlrd. dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sulların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir.

Tuesday, April 18, 2017

Hər ton pambıqdan kim nə qədər qazanır (fermerlərin və emal müəsssisələrinin məlumatları əsasında hesablama)?

Hökumət ötən ildən başlayaraq əlverişli iqlimi və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv işləyir. Gizlətməyin mənası da yoxdur ki, bir çox əyalətlərdə yerli hakimiyyətlər əhalini pambıq əkməyə məcbur edir. Haqlı sual yaranır ki, əgər gerçəkdən də əhali üçün sərfəlidirsə, insanlar bu sahədən qazanc götürə bilirsə məcburiyyətə nə lüzum? Əgər bu sahə fermer üçün qazanc gətirirsə, hansı səbəbdən 2005-ci ildə ölkədə 200 min ton, 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldı?
Reallıqda 1 hektar pambıq kəndli üçün nə qədər qazanc gətirə bilər? Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sektorla bağlı elmi-tədqiqat institutlarının mütəxəssislərinin etməli olduğu işdir ki, hər hektar pambıq sahəsinin becərilməsi üçün nə qədər xərc tələb edildiyini hesablasınlar, bu hesablamalar əsasında məqalələr yazsınlar və ictimailəşdirsinlər. İnsanlar da görsünlər və əmin olsunlar ki, pambıqsərfəli bitkidir, əkməyə dəyər.
Başqa bir sual budur: xam pambığı fermerdən alan emal müəssisələri (pambıqayırma zavodları) nə qədər qazanc əldə edə bilir? Bu informasiya çox vacibdir – fermerlər üçün xam pambığın alış qiymətinin formalaşması baxımından.  
Məlumat qıtlğını nəzərə alaraq ölkənin bir neçə rayonunda pambıq əkini ilə məşğul olan ayrı-ayrı fermerlərlə və pambıqayırma zavodlarını təmsil edən mütəxəssislərlə  görüşdüm, onlardan müsahibələr götürdüm. Fermerləri təmsil edən 10, emal müəssisəsində çalışan 2 nəfərlə apardığım müsahibələr əsasında bütün məlumatları sistemləşdirdim, orta hesabla hər hektar pambıq əkinləri üzrə xərcləri, pambığın hər kiloqramının maya dəyərini təxmini də olsa hesablaya bildim. Əlavə olaraq, emal müəssisələrinin aldığı xam pambıqdan əldə olunan hazır məhsulların həcmi, xam pambığın hər tonunun emal xərcləri barədə təqribi, amma mənzərəni tam aydınlaşdıran rəqəmləri götürmək mümkün oldu.

1 hektar pambığın becərilməsi xərcləri nə qədərdir?

Xərclərin strukturuna və xərc elementlərinin tərkibinə baxdıqda aydın olur ki, fermer yüksək məhsuldarlığa nail olmaq və keyfiyyətli məhsul əldə etmək üçün çoxsaylı becərmə prosedurlarından keçməli, xeyli vəsait xərcləməlidir. Xərclərin strukturu və hər bir xərc maddəsi üzrə çəkilən xərclərin məbləği aşağıdakı kimidir:     

1. Şumlama və əkinlə bağlı xərclər

1.1.Torpağın şumlanması – 2 dəfə X 30 manat = 60 manat
1.2. Şumlanmış sahənin arat edilməsi – 1 dəfə X 25 manat = 25 manat
1.3. Şumlanmış sahəyə mala çəkilməsi - 2 dəfə X 13 manat = 26 manat
1.4. Kultivasiya çəkilməsi – 3 dəfə X 12 manat = 36 manat
1.5. Suvarma üçün sahədaxili arxların çəkilməsi - 3 dəfə X 12 manat = 36 manat
1.6. Əkin sahəsinə kezo çəkilişi – 3 dəfə X 10 manat = 30 manat

Cəmi – 213 manat

2.      Səpin xərcləri

2.1. Çiyidin alınması – 22 kq X 5 manat = 110 manat
2.2. Çiyidin səpilməsi – 10 manat

Cəmi – 120 manat

3.      Dərmanlama xərcləri

3.1 Alaq otları ilə mübariz üçün səpindən əvvəl şumlanmış sahənin dərmanlanması üçün dərman vasitələrinin alınması  - 1 dəfə X 4 litr X 20 manat = 80 manat
3.2. Kalış otuna qarşı dərman vasitəsinin alınması – 1 dəfə X 2 litr X 16 manat = 32 manat 
3.3. Mənənəyə (xırda böcəklərə) qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 2 litr X 22 manat = 44 manat
3.4. Sofkaya qarşı dərman vasitlərinin alınması - 2 dəfə X 25 manat = 50 manat
3.5. Çor (çürüməyə qarşı) dərman vasitələrinin alınması - 1 dəfə X 2 litr X 20 manat = 40 manat
3.6. Yarpaq tökümünə qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 50 manat = 50 manat  
3.7. Traktor vasitəsilə dərmanlamanın aparılması - 7 dəfə X 10 manat = 70 manat           

Cəmi – 344 manat

4.      Suvarma xərcləri

4.1. Sahənin suvarılması – 3 dəfə X 20 manat = 60 manat
4.2. Su Asossiasiyalarına sudan istifadəyə görə ödəniş – 8 manat

Cəmi – 68 manat

5.      Yığım və daşınma xərcləri

5.1. Əllə yığım üçün – hər kq-a 15 qəpik
5.2. Texnika ilə yığım – hər hektara 100 manat  
5.3. Pambığın sahədən zavoda daşınması xərcləri – 30 manat

Beləliklə, yığım xərcləri nəzərə alınmadan 1 hektar pambığın becərilməsi üçün cəmi xərclər 775 manat təşkil edir. Əgər pambıq maşınla yığılarsa, bu halda 1 hektar pambığın becərilməsi xərcləri 875 manat olacaq. Əllə yığılacağı tədqirdə xərclərin həcmi sahənin məhsuldarlığından asılı olacaq. Məsələn, əllə yığım aparıldığı tədqirdə 1 hektarın məhsuldarlığı 2 ton olarsa hər hektar üzrə xərclər 1075 manat,  məhsuldarlıq 3 ton olarsa 1225 manat, 4 ton olarsa 1375 manat olacaq.    

Hər kiloqram pambığın maya dəyəri nə qədər ola bilər?

Pambığın əl və ya texnika ilə yığılmasından asılı olaraq hər kq xam pambığın maya dəyəri də fərqlidir.
Texnika və əl yığımı şəraitində hər kq xam pambığın maya dəyəri aşağıdakı kimi dəyişilir: 

1)      Texnika ilə yığıldığı şəraitdə: məhsuldarlıq 2 ton olduqda 44 qəpik, 3 ton olduqda 29 qəpik, 4 ton olduqda 22 qəpik olacaq;
2)      Əllə yığıldığı şəraitdə:  məhsuldarlıq 2 ton olduqda 54 qəpik, 3 ton olduqda 41 qəpik, 4 ton olduqda 34 qəpik olacaq; 

Fermer 1 hektar pambıq becərməklə nə qədər qazana bilər?

Hər hektar pambığın becərilməsi üçün xərclər məlumdur və indi fermerlərin bundan qazana biləcəklərini hesablamaq olar. Maya dəyərinin səviyyəsi xərclərin həcmi ilə yanaşı məhsuldarlıqdan asılı olduğu kimi pambıq əkinlərinin mənfəətliliyi də alış qiymətləri ilə yanaşı bilavasitə sahənin verimliliyindən asılıdır. Məhsuldarlıq və alıq qiymətləri yüksəldikcə maya dəyəri azalır, məhsul vahidinə düşən gəlirlilik artır.   Amma bir vacib məqamı da qeyd edim: emal müəssisələri xam pambığı qəbul edərkən 10-12% civarında “çirklənmə” əmsalı tətbiq edir. Məsələn, 4 ton pambıq təhvil verən fermer zavoddan 3.5 ton məhsulun pulunu ala bilir. Odur ki, hər hektar pambığın gəlirliliyi hesablanarkən “çirklənmə” əmsalı mütləq nəzərə alınmalıdır.  Hazırda emal müəsssiləri hər ton pambıq üçün 500 manat, hökumət isə büdcədən əlavə olaraq 100 manat müəyyən edib. Amma fermerlərin dediyinə görə, emal müəssisiləri 1-ci növ (ilk dəfə sahədən dərilən) məhsulun hər tonunu 500 manata alırsa, 2 və 3-cü növ pambığa 44-48 qəpik arasında alış qiyməti tətbiq edir. Yekun nəticə etibarı ilə 1 ton xam pambığın fermerdən orta alış qiyməti 470-480 manat təşkil edir. Deməli, hər hektar sahənin ümumi gəlirliliyi hesablanarkən “çirklənmə” əmsalı ilə yanaşı pambığın növlərinə tətbiq edilən fərqli qiymətlər də nəzərə alınmalıdır.
Beləliklə, bu məlumatlar əsasında hər hektar pambıqdan fermerlərin əldə edəcəyi mümkün gəlirlər aşağıdakı kimi olacaq:

1) Texnika ilə yığıldığı şəraitdə: Məhsuldarlıq 2 ton olduqda 170 manat, 3 ton olduqda 690 manat, 4 ton olduqda 1150 manat hər hektardan xalis gəlir əldə edilir.

2) Əllə yığıldığı şəraitdə: Məhsuldarlıq 2 ton olduqda 30 manat, 3 ton olduqda 340 manat, 4 ton olduqda 655 manat hər hektardan xalis gəlir əldə edilir.

Bu hesablama  10-12%-lik “çirklənmə” əmsalı və hər ton üçün 580 manat alış qiyməti əsasında aparılıb.
  
Qeyd: 2 tondan aşağı olduğu şəraitdə (istər maşınla, istərsə də əllə yığım olsun) rentabellik təmin edilmədiyi üçün hesablamalarda məhsuldarlığın ən aşağı həddi 2 ton götürülüb. Azərbaycan reallığında 4 tondan yuxarı məhsuldarlığa təsadüf edilmədiyi üçün hesablamalarda da maksimum məhsuldarlıq səviyyəsi kimi həmin rəqəmə istinad edilir.    

Rəqəmlərdən göründüyü kimi, Azərbaycan fermeri indiki alış qiymətləri şəraitində pambıqdan qazanc götürmək istəyirsə, hər hektarın məhsuldarlğı heç olmazsa 3 ton təşkil etməlidir.  Halbuki 2016-cı ildə ölkə üzrə orta məhsuldarlıq 1.6 ton təşkil edib. Bu məsuldarlıq səviyyəsi ilə fermerlər ili yalnız ziyanla başa vura bilərlər. Əslində çox yaxşı olar ki, hökumət əkilən torpaq sahələri və fermerlərin sayı üzrə məhsuldarlığı qruplaşdıraraq məlumatlar açıqlasın. Məsələn, 2016-cı ildə pambıq yağılmış 52 mi hektar torpağın hansı hissəsi üzrə məhsuldarlıq 4, 3,2 və ya 1 ton təşkil edib. Neçə fermer pambıq əkini üzrə müqavilə bağlayıb və məhsuldarlıq səviyyəsinə görə vəziyyət necədir? Özü də bu məumatları bölgə-bölgə açıqlamaq vacibdir.  

Pambıqayırma zavodları nə qazanır?

Emal zavodlarını təmsil edən mütəxəssislərdən əldə etdiyim məlumatların nəticəsi belədir:  2.5 ton xam pambıqdan 1 ton pambıq lifi, təxminən 1.2 ton çiyid alınır. Öz növbəsində, 2.5 ton xam pambığın emalı üçün müəssisələrin xərcləri orta hesabla 140-170 manat intervalında dəyişir. Beləliklə, “çirklənmə əmsalı” tətbiq edilməklə 2.5 ton xam pambıq üçün emal müəssisəsi fermerə təxminən 1200 manat ödəyir. Bunun müqabilində onun sərəncamında 1 ton pambıq mahlıcı və 1.2 ton çiyid qalır. Hazırda dünya bazarında pambıq lifininin hər tonunun orta qiyməti 1650-1700 dollar intrevalında dəyişir - indiki məzənnə ilə 2800-2900 manat təşkil edir. Mütəxəssilər deyir ki, hər ton çiyidin müəssisədən topdansatış qiyməti isə 350-400 manat aralığında dəyişir. Deməli, fermerdən alınan 2.5 ton pambığa emal müəssisəsi orta hesabla 1350 manat (1200 manat xam pambığın alış qiyməti+150 manat emal xərci)  vəsait xərcləyir. Bunun müqabilində onun sərəncamında təxminən 3200-3300 manat bazar dəyəri olan əmtəəlik məhsul var. Əlbəttə, emal müəssislərinin xərcləri bununla məhdudlaşmır və kommunal xərclər, texniki-texnoloji proseslərin təşkili və zəruri avadanlıqların alınması, ixrac-nəql xərcləri, dövlət büdcəsi və Sosial Müdafiə Fondu qarşısında öhdəliklər də hesablansa, hər ton xam pambığın alışından pambıqayırma zavodlarının xalis mənfəətini daha dəqiq müəyyən etmək mümkündür. Lakin bu məsələ hazırkı məqalənin yox, ayrı ayrı bir araşdırmanın mövzusudur. Sadəcə ilkin emalın maya dəyəri əsasında zavodların ümumi gəlirini ona görə müəyyən etməyə çalışdım ki, fermerlərin və emalçıların əmtəəlik məhsulunun satış qiyməti arasındakı nisbəti görmək mümkün olsun.
Sonda bir vacib məqamı da deyim: bizim hökumət pambıqçılıqla bağlı yaxşı işlənmiş, hədəfləri çox dəqiq müəyyən edilmiş proqrama malik deyil. Məsələn, Türkiyə hökuməti belə proqrama malikdir və onun hədəflərinə diqqətinizi cəlb etməklə  nə demək istədiyimi daha rahat izah edə bilərəm:  Türkiyə fermerləri hazırda toxuculuq sənayesi üçün təxminən 900 min ton xam pambıq becərə bilir, lakin bu sənayenin illik ehtiyacı təxminən 1.8 mln. tondur. Hökumətin hədəfi budur ki, fermerlər ilk növbədə tekstil sənayesinin ehtiyaclarını tam qarşılamaq üçün 900 min ton əlavə xam pambıq istesalına nail olmalı, bundan sonra digər sənaye sektorlarının (məsələn, yağ istehsalı məqsədilə qida sənayesinin) ehtiyaclarını da qarşılamaq üçün əlavə 500-600 min ton xam pambıq istehsal etmək gücünə malik olsunlar. Türkiyə Milli Pambıq Şurasının hesablalamalırana görə, 1 dollar dəyərində xam pambığın dəyəri son tekstil məhsulu kimi Türkiyə ixracatı üçün 7 dollarlıq məhsul yarada bilir.
Bizdə bu cür hədəflər və hesablamalar  ortaya qoyulması çox mühümdür ki, mənzərə bütün maraqlı tərəflər üçün tam aydın olsun.

Türkiyənin timsalında bir maraqlı nümunəni də deyim: ölkədə Milli Pambıq Şurası, Fermerlər və Koopretivlər Birliyi, Ziraat Odaları, ticarət birjaları, tekstil sənayeçiləri birlikləri, pambıq emalı müəssisləri pambıq qiymətlərinin formalaşmasında birlikdə iştirak edir. Belə oyunçu bolluğu qiymətərin formalaşması və bütün tərəflərin maraqlarının nəzərə alınması baxımından şəffaf mühit tələb edir. Azərbaycandakı vəziyyətə diqqət yetirək: bu institutlardan heç biri yoxdu. Ortada yalnız qiymətləri diqtə edən barmaq sayılacaq inhisarçı zavodlar var – fermerlərin maraqlarını müdafiə edən hər hansı təsisat yoxdur.             

Monday, January 30, 2017

Regional inkişaf: harda olduğumuzu necə ölçməli?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yanaşmasına görə də “regional inkişaf” geniş anlayış olsa da, bunu ilk öncə bölgələrarası fərqlərin azaldılmasına nail olmaq səyləri kimi qəbul etmək lazımdır. Bir neçə il əvvələdək “regional inkişaf” dedikdə əsasən böyük həcmdə sərmayələr hesabına irimiqyaslı infarstrukturun yaradılması anlaşılırdı. Lakin köhnə yanaşma regional bərabərsizliyi aradan qaldırmaqda uğursuzluğa düçar oldu, iqtisadi baxımdan geri qalan regionlarda hədəflənən inkişafın əldə edilməsi ilə nəticələnmədi – baxmayaraq ki, ictimai fondlar vasitəsilə bu məqsədə böyük böyük vəsaitlər xərclənirdi.
OECD ekspertləri vurğulayır ki, regional inkişaf siyasətinin 2 məqsədi olmalıdır və hazırlanan regional inkişaf strategiyaları bilavasitə bu məqsədlər üzərindən formalaşdırılmalıdır.: 1) iqtisadi inkişaf üçün coğrafi məkan rolunu oynayan regionların rəqabət qabiliyyətliliyinin təmin edilməsi; 1) bütün regionlar, həmçinin regionlar daxilində müxtəlif ərazilər üzrə baza əmtəə və xidmətlərə bütün əhalinin bərabər çıxışının təmin olunması.

Bu baxımdan Azərbaycanda qəbul edilən regional inkişaf proqramları üçün elə nəticə indikatorları seçilə bilər ki, icra prosesi başa çatdıqdan sonra atılan addımların, xərclənən resursların hansı nəticələrə gətirib çıxardığını hər kəs görə və qiymətləndirə bilsin. Məsələn, proqramın icrasına start veriləndə Aran regionunda mərkəzləşmiş su təminatı ilə əhatə olunan ev təsərrüfatları, o cümlədən kənd yerləri üzrə ev təsərrüfatları ümumi mənzillərin  hansı hissəsini təşkil edirdi, proqramın sonunda bu göstərici hansı səviyyədədi, Dağlıq Şirvan regionunda təmirə və yenidən qurmaya ehtyacı olan bələdiyyə yollarının və rayon (region) əhəmiyyətli yolların ümumi yollara nisbəti necədir, sonda bu rəqəm hansı səviyyəyə çatdı, Gəncə-Qazax regionunda adambaşına məhsul buraxılışı və əmtəə dövriyyəsinin həcmi ölkə üzrə orta göstəricinin və ən yüksək sayılan regional göstəricnin neçə faizinə bərabər idi, icranın sonunda hansı səviyyədədi, Lənkəran regionunda  hər 100 ev təsərrüfatlarının genişzolaqlı internetlə çıxış hansı səviyyədə idi, sonda bu göstərici necə dəyişdi və s. Hazırkı regional inkişaf proqramları iqtisadi rayonlar üzrə bu cür hədəflər müəyyən etmir, icraya dair hesabatlarda da regionlararası fərqlərin necə azaldıldığını görmək mümkün deyil.  
Regional inkişafı aşağıdakı indikatorlar əsasında qiymətləndirmək mümkündür? Əslində belə indikatorlar hazırlamaq və hər il ölkə başçısının da iştirak etdiyi konfrasda həmin indikatorlar əsasında ictimaiyyət üçün əhatəli hesabat təqdm etmək olar. Məsələn, nümunə olaraq aşağıdakı indikatorlar kimi: 

 Əmək qabiliyyətli əhalinin hər 10 000 nəfəri hesabı ilə ali təhsili mütəxəssislərin sayı
Əmək qabiliyyətli əhalinin hər 10 000 nəfəri hesabı ilə peşə təhsilinə malik kadrların sayı
Əhalinin hər 10 000 nəfəri hesabı ali təhsil müəssisələrinə daxil olan abituryentlərin sayı
Əhalinin hər 10 000 nəfəri hesabı ilə ali təhsil müəssisələrini bitirən məzunların sayı
Əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı
Əhalinin hər 1000 nəfərinə düşən minik avtomobili sayı
Əhalinin hər nəfərinə düşən bank depozitlərinin məbləği
Əhalinin hər nəfəri hesabı ilə elektrik enerjisi istehlakı
Yüksək standartlara malik otellərin yataq tutumu
İl ərzində 1  milyon dollardan çox ixracatı olan müəssisələrin sayı
İSO 500 Böyük Sənaye Təşkilatının reytinqinə daxil olan müəssisələrin sayı
Son 5  ildə qeydiyyata alınan patentlərin sayı
Son 5 ildə qeydiyyata alınan məhsul markalarının sayı
Büdcəyə alınan vergi məbləği və adambaşına məbləği
İxracın həcmi və ölkənin ümimi ixracında payı
Sənayenin istehlak etdiyi elektrik enerjisinin miqdarı
Son 5 ildə faktiki fəaliyyət göstrən şirkətlərin say dinamikası
Son 5 ildə bağlanan şirkətlərin say dinamikası
Regiona qoyulan investisiyaların həcmi, artım dinamikası və ölkə üzrə sərmayələrdə payı
Xarici bazara çıxan firmaların sayı
Əmək müqaviləsi əsasında çalışan işçilərin bütün iqtisadi fəal əhaliyə nisbəti
Qeyri-aqrar sahədə çalışan işçilərin bütün bütün iqtisadi fəal əhaliyə nisbəti  
Genişzolaqlı internetlə əhatə səviyyəsi
Hər 100 ev təsərrüfatəna düşən ev telfonlarının sayı 
Ərazinin hər kvadratkm-ə düşən yol
Hər 100 ailəyə düşən minik avtomobilıərinin sayı
Hər 100 mənzil hesabı ilə mərkəzləşmiş su təminatı səviyyəsi
Hər 100 mənzil hesabı ilə təbii qazla təminat səviyyəsi

Amma məsələ təkcə bu cür keyhiyyətli hesabat hazırlanmaması ilə də bitmir. Ölkədə regional inkişafı təmin etmək üçün zəruri institusional yanaşma mövcud deyil. Söhbət hansı çatışmazlıqlardan gedir?

1) Hər bir regionun spesifik xaraktersitikasını nəzərə alan regional inkişaf proqramları mpvcud deyil. Bu gün bütün ölkənin regionlarını bir araya gətirən 5 illik proqramlar dünya təcrübəsində mövcud olan "proqram" anlayışının tələblərinə cavab vermir. Heç bir regionun problemləri, inkişafına mane olna amillər, regionların zəif-güclü tərflərinin, rəqabət qabliyyətliliyini analiz edən yanaşma, tələb olunan resursların həcmi əks olunmayıb. Məsələn, region ölkələrindən Türkiyə və Gürcüstanda həm milli səviyyədə regional inkişaf strategiyası, həm də hər bir bölgə üzrə spesifik bölgə inkişafı planı hazırlanıb;

2) Regional inkişafa səlahiyyətli olan əsas institutlar mövcud deyil (Regional İnkişaf Nazirliyi, Regional İnkişaf Fondu, yerli inkişafa bilavasitə məsuliyyət daşıyan, inzibati və maliyyə muxtariyyətinə malik yerli özünüidarə). Məsələn, qonuşu Gürcüstanda Regional İnkişaf Nazirliyi, Bələdiyyə İnkişaf Fondu və Dağ İcmalarının İnkişafı Fondu fəaliyyət göstərir. Oxşar təcrübə qonşu Türkiyədə də var.

3) "Problemli" və ya "əlverişsiz imkana malik" bölgələrə spesifik yanaşmanı nəzərdə tutan hüquqi mexanizmlər mövcud deyil. Bu mexanizm Avropa Birliyinin xüsusi önəm verdiyi yanaşmadır. Həmin yanşamaya görə, regional məhsulun adambaşına həcmi ölkə üzrə ÜDM-nin adambaşına həcminin 75%-dən az olan bölgələr depressiv (geridə qalmış və ya problemli) bölgələr hesab edilir və onlara münasibətdə differensial investisiya, vergi və büdcə dəstəyi siyasəti işlənib hazırlanır. Azərbaycanda ümumiyyətlə iqtisadi baxımdan zəif inkişaf etmiş yaxud problemli bölgə, belə bölgələrin müəyyən edilməsi üçün meyarlar, prinsiplər mövcud deyil. Eyni zamanda, coğrafi baxımdan əlverişsiz və üstün inkişaf etdirilməli olan bölgələrə də münasibətdə anoloji siyasət yanaşması mövcud deyil. Halbuki hazırda Azərbaycanda bütün bölgələr üzrə adambaşına məhsul buraxılışının həcmi orta ölkə üzrə göstəricinin hətta 50%-nə çatmır və bu meyara görə, bizdə Bakıdankənar bütün ərazilər Avropa ölşüləri ilə "problemli" sayılmalıdır.  
Gürcüstanda “Dağlıq ərazilərin inkişafı haqda” Qanun var. Həmin qanun məşğul əhalinin maaşlarına, pensiya və sosil müavinətlərə, hökumətin ayırdığı sərmayələrə yüksəldici əmsalların tətbiqini, əhalinin həmin ərazidə məskunlaşmaya marağının artırılması üçn daha keyfiyyətli infrastrukturun yaradılmasının əsas prioritet seçilməsinı nəzərdə tutur. 


Thursday, January 5, 2017

Rubl və təngə niyə "üzə" bilir?


Azərbaycandakı hazırkı iqtisadi şərtlərin manatın "sərbəst üzən məzənnə" rejiminə keçidin mümkünsüz etməsilə bağlı ötən həftəki yazıma xeyli irad və rəylər gəldi.
Müzakirlər isə davam edir. Görünən budur ki, "mümkündür" deyənlərin sayı daha çoxdu.
Əsas arqumentlərdən biri də Rusiya və Qazaxıstanda niyə sərbəst məzənnə rejiminin mümkün olması ilə bağlıdır. Sual verirlər: niyə təngə və rubl üzə bilir, manat yox?
MDB-nin resurs ölkələri içərisində iqtisadiyyatın şaxələnməsinə görə Rusiya və Qazaxıstan lider, Türkmənistan və Azərbaycan autsayderdi - bu arqumenti kənara qoyuram.
İqtisadiyyatın dollarlaşma səviyyəsinə görə, Azərbaycanın uyğun göstəricisi həm Rusiyadan, həm Qazaxıstandan az qala 2 dəfə yüksəkdir - bu arqumentindən dərininə getmirəm.
Hər bir təhlilçinin sərbəst məzənnə rejiminə keçidin mümkün olub-olmaması məsələsində öz arqumenti var. Mənim arqumentim yalnız ödəmə balansına söykənir.
3 ölkənin ödəmə balansının nəticələrini nəzərdən keçirək:
Azərbaycan - bu ilin 9 ayının nəticəsinə förə tədiyə balansında 1.2 mlrd. USD kəsir yaranıb. Maliyyə hesabının kəsiri 2 mlrd. USD olub. Cari hesablar balansını kəsiri də 1.1 mlrd. USD olub. Yalnız valyuta ehtiyatlarının 1.2 mlrd. əriməsi və ölkəyə uşota ailınmayan kanallar vasitəsilə daxil olan valyuta kütləsi hesabına tədiyə balansının açığını qapatmaq mümkün olub.
Qazaxıstan - tədiyyə balansında 250 mln. USD müsbət saldo yaranıb. Birbaşa investisiya kimi ölkə iqtisadiyyatına 15.2 mlrd. USD sərmayə daxil olub. Cari hesablar balansında 5.5 mlrd. USD kəsir yaransa da, maliyyə hesabının kanalları üzrə ölkəyə valyuta axınlarının üstün həcmdə daxil olması tədiyyə balansının kəsir yaranmasına imkan verməyib
Rusiya - tədiyyə balansında 10.1 mlrd. USD müsbət saldo yaranıb. Ölkədən kapital axını ən pik göstərici ilə müqayisədə 5 dəfədən çox azalıb. Qazaxıstandan fərqli olaraq ölkəyə birbaşa və portfel investisiyaların həcmi kiçikdir və nəticədə maliyyə hesabı çərçivəsində ölkəyə nəinki xarici investor və kreditorlar hesabına valyuta axınları olub, əksinə ölkənin maliyyə öhdəliklərində (-) 13 mlrd. USD-ə azalma qeydə alınıb.
Əvəzində cari hesablar balansında 15 mlrd. USD-dən çox müsbət saldo yaranıb, Rusiya bankların xaricdəki aktivlərin geri gətirilməsi sayəsində ölkəyə 23 mlrd. USD vəsait daxil olub. Nəticəni bir daha xatırladıram - Rusiyanın tədiyə balansında 10 mlrd. USD-dən çox profisit yaranıb.
Diqqət edin - bu ölkələrin hər ikisində tədiyyə balansının ən mühüm 2 hesabından birində müsbət saldo yaranıb və bunun sayəsində valyuta bazarında sabitliyi təmin etmək mümkün olub. Azərbaycan hər 2 hesabda defisit qeydə alınıb.
Və son nəticə - hazırda Rubl dollar qarşısında ən uczulaşdığı həddlə (79 rubl=1 USD) müqayisədə 25% dəyər qazanıb (hazırda 59.5 rubl=1USD).
Hazırda təngə dollar qarşısında ən uczulaşdığı həddlə (384 təngə=1 USD) müqayisədə 14% dəyər qazanıb (hazırda 333 təngə=1 USD).
Azərbaycan manatı isə əksinə son 1 ildə dollar qarçısında
ən yüksək dəyər qazandığı həddlə (1.43 manat =1 USD) müqayisədə 24% dəyər itirib (hazırda 1.77 manat=1 USD).
Bir maraqla nüans da: Qazaxıstan Mərkəzi Bankının valyuta ehtiyatları 2014-cü ilin iyulundan indiyədək 3 mlrd. USD artaraq 30 mlrd. USD çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 4 dəfəyədək azalaraq 15.3 mlrd. USD-dən 4 mlrd. USD-ə enib.

Monday, January 2, 2017

Mərkəzi Bankın manata mesajları...

Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatında verilən mesajlarda manatın gələcək taleyinə münasibətdə hökumətin davranışları aşkar yazılıb.
Bank qeyd edir ki, üzən məzənnə rejiminə tam keçid istiqamətində addımlar davam etdiriləcək.
Azərbaycan iqtisadiyyatının problemlərini, mövcud sturkturunu, həmçinin tədiyyə balansının bütün mövqeləri üzrə valyutaya tələb və təklifin real miqyasını qiymətləndirmək imkanında olan bütün təhlilçilər bilir ki, bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50%-ni ödəmək imkanındadır.
Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil.
Bunu Mərkəzi Bankdan yaxşı bilən ikinci bir təsisat və ya şəxs də yoxdu. Sadəcə Bank demək istəyir ki, yenə də neft bahalanmayacaqsa, bazarın ehtiyaclarına uyğun  tələbin qarşısına uyğun həcmdə valyuta təklifi ilə çıxmaq mümkün olmayacaqsa, milli valyutanın yenə də ucuzlaşacaq və biz bunun adını "tam üzən məzənnəyə keçid istiqamətində islahatların davam etdirilməsi" qoyacağıq.
MB bəyanatında vəziyyətin yaxşı olmayacağına aşkar eyhamlar var. Məsələn, qeyd edir: "Neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır". MB-nin dediyi bu stiuasiyanın mənası odur ki, gələn il də ödəmə balansında kəsirin olacağı realdır.
Bəyantda verilən daha bir mesaj: "Dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi kapital və maliyyə hesabına təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyə balansında gözlənilən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək". Bunun açılışı odur ki, hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq və bu daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək.
MB qeyd edir ki, xarici valyutada bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi üçün taktiki tədbirlərə əl atılacaq və bu addımlar manatın məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmağa imkan verəcək. Bunun açılışı isə odur ki, hökumət Neft Fondundan dövlət büdcəsinə transfertlər etmədən birbaşa hökumətin xarici öhdəlikləri üçün xarici aktivlərdən yararlana bilər. Bunu hansı mexanizmlərlə edəcəklər, onu da zamanında görmək mümkün olacaq. İl boyu xarici borclanmanın sürətlə artırılması da yəqin ki, həmin taktiki addımlar sırasındadır.
MB-nin qeydlərindən belə aydın olur ki, valyuta bazarında iştirak etməyə hazırlaşmır, amma bir istisna ilə- məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmağa ehtiyac olarsa, bazara müdaxilə edə bilər.
Amma aydın olmur ki, "məzənnənin kəskin dəyişkənliyi" dedikdə hansı hədd nəzərdə tutulur. MB üçün məzənnənin 5, 15 yoxsa 50% dəyişməsi "kəskindir"?
Bu sənəddə aydın görünür ki, 2017-ci ildə iqtisadi proseslər sadə vətəndaş üçün nə qədər dumanlı görünürsə, ölkədə makroiqtisadi stisusiyanı proqnozlaşdırmağa və tənzimləməyə məsul olan əsas təsisatlardan biri kimi MB üçün də əhəmiyyətli dərəcədə qeyri-meəyyəndir.