Hökumət ötən ildən başlayaraq əlverişli iqlimi
və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv
işləyir. Gizlətməyin mənası da yoxdur ki, bir çox əyalətlərdə yerli
hakimiyyətlər əhalini pambıq əkməyə məcbur edir. Haqlı sual yaranır ki, əgər
gerçəkdən də əhali üçün sərfəlidirsə, insanlar bu sahədən qazanc götürə bilirsə
məcburiyyətə nə lüzum? Əgər bu sahə fermer üçün qazanc gətirirsə, hansı səbəbdən
2005-ci ildə ölkədə 200 min ton, 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldı?
Reallıqda 1 hektar pambıq kəndli üçün nə qədər
qazanc gətirə bilər? Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sektorla bağlı
elmi-tədqiqat institutlarının mütəxəssislərinin etməli olduğu işdir ki, hər
hektar pambıq sahəsinin becərilməsi üçün nə qədər xərc tələb edildiyini
hesablasınlar, bu hesablamalar əsasında məqalələr yazsınlar və
ictimailəşdirsinlər. İnsanlar da görsünlər və əmin olsunlar ki, pambıqsərfəli bitkidir, əkməyə dəyər.
Başqa bir sual budur: xam pambığı fermerdən
alan emal müəssisələri (pambıqayırma zavodları) nə qədər qazanc əldə edə bilir?
Bu informasiya çox vacibdir – fermerlər üçün xam pambığın alış qiymətinin
formalaşması baxımından.
Məlumat qıtlğını nəzərə alaraq ölkənin bir neçə
rayonunda pambıq əkini ilə məşğul olan ayrı-ayrı fermerlərlə və pambıqayırma
zavodlarını təmsil edən mütəxəssislərlə görüşdüm, onlardan müsahibələr götürdüm. Fermerləri
təmsil edən 10, emal müəssisəsində çalışan 2 nəfərlə apardığım müsahibələr
əsasında bütün məlumatları sistemləşdirdim, orta hesabla hər hektar pambıq
əkinləri üzrə xərcləri, pambığın hər kiloqramının maya dəyərini təxmini də olsa
hesablaya bildim. Əlavə olaraq, emal müəssisələrinin aldığı xam pambıqdan əldə
olunan hazır məhsulların həcmi, xam pambığın hər tonunun emal xərcləri barədə
təqribi, amma mənzərəni tam aydınlaşdıran rəqəmləri götürmək mümkün oldu.
1
hektar pambığın becərilməsi xərcləri nə qədərdir?
Xərclərin strukturuna və xərc elementlərinin
tərkibinə baxdıqda aydın olur ki, fermer yüksək məhsuldarlığa nail olmaq və keyfiyyətli
məhsul əldə etmək üçün çoxsaylı becərmə prosedurlarından keçməli, xeyli vəsait
xərcləməlidir. Xərclərin strukturu və hər bir xərc maddəsi üzrə çəkilən
xərclərin məbləği aşağıdakı kimidir:
1. Şumlama və əkinlə bağlı xərclər
1.1.Torpağın
şumlanması – 2 dəfə X 30 manat = 60 manat
1.2.
Şumlanmış sahənin arat edilməsi – 1 dəfə X 25 manat = 25 manat
1.3. Şumlanmış sahəyə mala
çəkilməsi - 2 dəfə X 13 manat = 26 manat
1.4. Kultivasiya çəkilməsi – 3
dəfə X 12 manat = 36 manat
1.5. Suvarma üçün sahədaxili arxların
çəkilməsi - 3 dəfə X 12 manat = 36 manat
1.6. Əkin sahəsinə kezo çəkilişi –
3 dəfə X 10 manat = 30 manat
Cəmi – 213 manat
2.
Səpin xərcləri
2.1.
Çiyidin alınması – 22 kq X 5 manat = 110 manat
2.2.
Çiyidin səpilməsi – 10 manat
Cəmi – 120 manat
3.
Dərmanlama xərcləri
3.1 Alaq
otları ilə mübariz üçün səpindən əvvəl şumlanmış sahənin dərmanlanması üçün
dərman vasitələrinin alınması - 1 dəfə X
4 litr X 20 manat = 80 manat
3.2.
Kalış otuna qarşı dərman vasitəsinin alınması – 1 dəfə X 2 litr X 16 manat = 32
manat
3.3.
Mənənəyə (xırda böcəklərə) qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 2
litr X 22 manat = 44 manat
3.4. Sofkaya
qarşı dərman vasitlərinin alınması - 2 dəfə X 25 manat = 50 manat
3.5.
Çor (çürüməyə qarşı) dərman vasitələrinin alınması - 1 dəfə X 2 litr X 20 manat
= 40 manat
3.6.
Yarpaq tökümünə qarşı dərman vasitələrinin alınması - 1 dəfə X 50 manat = 50
manat
3.7.
Traktor vasitəsilə dərmanlamanın aparılması - 7 dəfə X 10 manat = 70 manat
Cəmi – 344 manat
4.
Suvarma xərcləri
4.1.
Sahənin suvarılması – 3 dəfə X 20 manat = 60 manat
4.2.
Su Asossiasiyalarına sudan istifadəyə görə ödəniş – 8 manat
Cəmi – 68 manat
5.
Yığım və daşınma xərcləri
5.1.
Əllə yığım üçün – hər kq-a 15 qəpik
5.2.
Texnika ilə yığım – hər hektara 100 manat
5.3.
Pambığın sahədən zavoda daşınması xərcləri – 30 manat
Beləliklə, yığım xərcləri nəzərə alınmadan 1
hektar pambığın becərilməsi üçün cəmi xərclər 775 manat təşkil edir. Əgər
pambıq maşınla yığılarsa, bu halda 1 hektar pambığın becərilməsi xərcləri 875 manat
olacaq. Əllə yığılacağı tədqirdə xərclərin həcmi sahənin məhsuldarlığından
asılı olacaq. Məsələn, əllə yığım aparıldığı tədqirdə 1 hektarın məhsuldarlığı
2 ton olarsa hər hektar üzrə xərclər 1075 manat, məhsuldarlıq 3 ton olarsa 1225 manat, 4 ton
olarsa 1375 manat olacaq.
Hər
kiloqram pambığın maya dəyəri nə qədər ola bilər?
Pambığın əl və ya texnika ilə yığılmasından
asılı olaraq hər kq xam pambığın maya dəyəri də fərqlidir.
Texnika və əl yığımı şəraitində hər kq xam
pambığın maya dəyəri aşağıdakı kimi dəyişilir:
1) Texnika ilə yığıldığı
şəraitdə: məhsuldarlıq 2 ton olduqda 44 qəpik, 3 ton olduqda 29 qəpik, 4 ton
olduqda 22 qəpik olacaq;
2) Əllə yığıldığı şəraitdə: məhsuldarlıq 2 ton olduqda 54 qəpik, 3 ton
olduqda 41 qəpik, 4 ton olduqda 34 qəpik olacaq;
Fermer
1 hektar pambıq becərməklə nə qədər qazana bilər?
Hər hektar pambığın becərilməsi üçün xərclər
məlumdur və indi fermerlərin bundan qazana biləcəklərini hesablamaq olar. Maya
dəyərinin səviyyəsi xərclərin həcmi ilə yanaşı məhsuldarlıqdan asılı olduğu
kimi pambıq əkinlərinin mənfəətliliyi də alış qiymətləri ilə yanaşı bilavasitə
sahənin verimliliyindən asılıdır. Məhsuldarlıq və alıq qiymətləri yüksəldikcə
maya dəyəri azalır, məhsul vahidinə düşən gəlirlilik artır. Amma bir vacib məqamı da qeyd edim: emal
müəssisələri xam pambığı qəbul edərkən 10-12% civarında “çirklənmə” əmsalı
tətbiq edir. Məsələn, 4 ton pambıq təhvil verən fermer zavoddan 3.5 ton
məhsulun pulunu ala bilir. Odur ki, hər hektar pambığın gəlirliliyi hesablanarkən
“çirklənmə” əmsalı mütləq nəzərə alınmalıdır.
Hazırda emal müəsssiləri hər ton pambıq üçün 500 manat, hökumət isə
büdcədən əlavə olaraq 100 manat müəyyən edib. Amma fermerlərin dediyinə görə,
emal müəssisiləri 1-ci növ (ilk dəfə sahədən dərilən) məhsulun hər tonunu 500
manata alırsa, 2 və 3-cü növ pambığa 44-48 qəpik arasında alış qiyməti tətbiq
edir. Yekun nəticə etibarı ilə 1 ton xam pambığın fermerdən orta alış qiyməti
470-480 manat təşkil edir. Deməli, hər hektar sahənin ümumi gəlirliliyi
hesablanarkən “çirklənmə” əmsalı ilə yanaşı pambığın növlərinə tətbiq edilən
fərqli qiymətlər də nəzərə alınmalıdır.
Beləliklə, bu məlumatlar əsasında hər hektar
pambıqdan fermerlərin əldə edəcəyi mümkün gəlirlər aşağıdakı kimi olacaq:
1) Texnika ilə yığıldığı şəraitdə: Məhsuldarlıq
2 ton olduqda 170 manat, 3 ton olduqda 690 manat, 4 ton olduqda 1150 manat hər
hektardan xalis gəlir əldə edilir.
2) Əllə yığıldığı şəraitdə: Məhsuldarlıq 2
ton olduqda 30 manat, 3 ton olduqda 340 manat, 4 ton olduqda 655 manat hər
hektardan xalis gəlir əldə edilir.
Bu hesablama 10-12%-lik “çirklənmə” əmsalı və hər ton üçün
580 manat alış qiyməti əsasında aparılıb.
Qeyd: 2 tondan aşağı olduğu şəraitdə (istər
maşınla, istərsə də əllə yığım olsun) rentabellik təmin edilmədiyi üçün
hesablamalarda məhsuldarlığın ən aşağı həddi 2 ton götürülüb. Azərbaycan
reallığında 4 tondan yuxarı məhsuldarlığa təsadüf edilmədiyi üçün
hesablamalarda da maksimum məhsuldarlıq səviyyəsi kimi həmin rəqəmə istinad
edilir.
Rəqəmlərdən göründüyü kimi, Azərbaycan
fermeri indiki alış qiymətləri şəraitində pambıqdan qazanc götürmək istəyirsə,
hər hektarın məhsuldarlğı heç olmazsa 3 ton təşkil etməlidir. Halbuki 2016-cı ildə ölkə üzrə orta məhsuldarlıq 1.6 ton təşkil edib. Bu məsuldarlıq səviyyəsi ilə fermerlər ili yalnız ziyanla başa vura bilərlər. Əslində çox yaxşı olar ki, hökumət əkilən torpaq sahələri və fermerlərin sayı üzrə məhsuldarlığı qruplaşdıraraq məlumatlar açıqlasın. Məsələn, 2016-cı ildə pambıq yağılmış 52 mi hektar torpağın hansı hissəsi üzrə məhsuldarlıq 4, 3,2 və ya 1 ton təşkil edib. Neçə fermer pambıq əkini üzrə müqavilə bağlayıb və məhsuldarlıq səviyyəsinə görə vəziyyət necədir? Özü də bu məumatları bölgə-bölgə açıqlamaq vacibdir.
Pambıqayırma
zavodları nə qazanır?
Emal zavodlarını təmsil edən
mütəxəssislərdən əldə etdiyim məlumatların nəticəsi belədir: 2.5 ton xam pambıqdan 1 ton pambıq lifi,
təxminən 1.2 ton çiyid alınır. Öz növbəsində, 2.5 ton xam pambığın emalı üçün
müəssisələrin xərcləri orta hesabla 140-170 manat intervalında dəyişir. Beləliklə,
“çirklənmə əmsalı” tətbiq edilməklə 2.5 ton xam pambıq üçün emal müəssisəsi
fermerə təxminən 1200 manat ödəyir. Bunun müqabilində onun sərəncamında 1 ton
pambıq mahlıcı və 1.2 ton çiyid qalır. Hazırda dünya bazarında pambıq lifininin
hər tonunun orta qiyməti 1650-1700 dollar intrevalında dəyişir - indiki məzənnə ilə
2800-2900 manat təşkil edir. Mütəxəssilər deyir ki, hər ton çiyidin müəssisədən
topdansatış qiyməti isə 350-400 manat aralığında dəyişir. Deməli, fermerdən
alınan 2.5 ton pambığa emal müəssisəsi orta hesabla 1350 manat (1200 manat xam pambığın alış
qiyməti+150 manat emal xərci) vəsait xərcləyir. Bunun müqabilində onun sərəncamında təxminən
3200-3300 manat bazar dəyəri olan əmtəəlik məhsul var. Əlbəttə, emal
müəssislərinin xərcləri bununla məhdudlaşmır və kommunal xərclər,
texniki-texnoloji proseslərin təşkili və zəruri avadanlıqların alınması,
ixrac-nəql xərcləri, dövlət büdcəsi və Sosial Müdafiə Fondu qarşısında
öhdəliklər də hesablansa, hər ton xam pambığın alışından pambıqayırma
zavodlarının xalis mənfəətini daha dəqiq müəyyən etmək mümkündür. Lakin bu
məsələ hazırkı məqalənin yox, ayrı ayrı bir araşdırmanın mövzusudur. Sadəcə
ilkin emalın maya dəyəri əsasında zavodların ümumi gəlirini ona görə müəyyən
etməyə çalışdım ki, fermerlərin və emalçıların əmtəəlik məhsulunun satış
qiyməti arasındakı nisbəti görmək mümkün olsun.
Sonda bir vacib məqamı da deyim: bizim
hökumət pambıqçılıqla bağlı yaxşı işlənmiş, hədəfləri çox dəqiq müəyyən edilmiş
proqrama malik deyil. Məsələn, Türkiyə hökuməti belə proqrama malikdir və onun
hədəflərinə diqqətinizi cəlb etməklə nə
demək istədiyimi daha rahat izah edə bilərəm: Türkiyə fermerləri hazırda toxuculuq sənayesi
üçün təxminən 900 min ton xam pambıq becərə bilir, lakin bu sənayenin illik
ehtiyacı təxminən 1.8 mln. tondur. Hökumətin hədəfi budur ki, fermerlər ilk
növbədə tekstil sənayesinin ehtiyaclarını tam qarşılamaq üçün 900 min ton əlavə
xam pambıq istesalına nail olmalı, bundan sonra digər sənaye sektorlarının (məsələn,
yağ istehsalı məqsədilə qida sənayesinin) ehtiyaclarını da qarşılamaq üçün
əlavə 500-600 min ton xam pambıq istehsal etmək gücünə malik olsunlar. Türkiyə
Milli Pambıq Şurasının hesablalamalırana görə, 1 dollar dəyərində xam pambığın
dəyəri son tekstil məhsulu kimi Türkiyə ixracatı üçün 7 dollarlıq məhsul yarada
bilir.
Bizdə bu cür hədəflər və hesablamalar ortaya qoyulması çox mühümdür ki, mənzərə
bütün maraqlı tərəflər üçün tam aydın olsun.
Türkiyənin timsalında bir maraqlı nümunəni
də deyim: ölkədə Milli Pambıq Şurası, Fermerlər və Koopretivlər Birliyi, Ziraat
Odaları, ticarət birjaları, tekstil sənayeçiləri birlikləri, pambıq emalı
müəssisləri pambıq qiymətlərinin formalaşmasında birlikdə iştirak edir. Belə
oyunçu bolluğu qiymətərin formalaşması və bütün tərəflərin maraqlarının nəzərə
alınması baxımından şəffaf mühit tələb edir. Azərbaycandakı vəziyyətə diqqət
yetirək: bu institutlardan heç biri yoxdu. Ortada yalnız qiymətləri diqtə edən
barmaq sayılacaq inhisarçı zavodlar var – fermerlərin maraqlarını müdafiə edən hər
hansı təsisat yoxdur.