Doğurdanmı 1 milyon nəfərə yaxın iqtisadi fəal qadın işləməyib evdar olmağı üstün tutur, ləyaqətli əmək haqqına, əlverişli və insanların peşə-ixtisas səviyyəsinə uyğun iş yerləri var, amma yüz minlərlə insan bu iş yerlərini görməzdən gəlir? Özü də söhbət o ölkədən gedir ki, əhalinin hətta orta real gəlirləri belə insanların orta sinfə daxil olması üçün yetərli deyil. Ümumiyyətlə rəsmi təbliğatdan belə aydın olur ki, cəmiyyətin əksər hissəsi ünvanlı sosial yardımın marığına yatıb və işləmək istəmir. Belə ailələrin olması istisna deyil, bəlkə ölkədə on minlərlə belə adam var, amma onları sayının yüzminlərlə olması mümkün deyil və belə iddialar absurddu. Əslində bu təbliğat hökumətin səmərəli məşğulluğu təmin etmək sahəsində bacarıqsızlığını pərdələmək, işsizlik və yoxsulluğun əsasən insanların tənbəlliyi ilə bağlı olduğunu ictimai şüura oturtmağa xidmət edir. Bir suala hamımız cavab verək: sizin ailənin, yaxud bildiyiniz bir ailəni maaşla 1000 manat qazanmaq imkanı varsa, təxminən 400-500 manatlıq yardım müqabilində bu maaşlı qazancdan imtina etmək üçün min cür əyri yola əl atmağı özünüzə rəva bilərsinizmi? O ailələr yardıma daha çox üstünük verirlər ki, alacaqları ünvanlı yardımın həcmi potensial əmək haqqı gəlirindən çoxdur. Ağlı başında olan yetkin adamın 1000-15000 manatlıq maaşı 300-500 manatlıq yardıma dəyişəcəyinin kütləvi olduğunu iddia etmək çox absurd səslənir.
Cənab Müslümovdan əslində başqa qənaətlər eşitmək maraqlı olardı. Məsələn, bu gün Azərbaycanda iş yerlərinin texnoloi sturkturu necədir: yüksək, orta və aşağı texnoli səviyyəli iş yerlərinin nisbəti necədir, məşğulluğun peşə-ixtisas strukturu ilə iş yerlərinin texnoloji strukturu arasında uyğunluq hansı səviyyədədir, problemlər varmı, varsa hökumət yaxın, orta və uzun vədədə bu problemləri necə həll etməyi planlayır? Müsahibədən bir daha aydın olur ki, Nazirlik üçün əsas prioritet özünüməşğulluq proqramlarının dəstəklənməsidir, özü də əsasən aqrar sektorda. Problem ondadır ki, özünüməşğulluq proqramları əsasən qeyri-rəsmi əmək sferasında yaranır. Müasir dünyada isə çox kiçik istisnalarla aşağı texnoloji məşğulluq seqmentinə aid olduğu üçün qeyri-formal məşğulluğun genişlənməsinə maraq kütləvi deyil. Bircə fakt deyim: bizdə qeyri-rəsmi məşğulluğun payı 70%, inkişaf etmiş ölkələrdə 5-10% ətrafındadı. Son 20 ildə hökumət bu nisbəti dəyişməyibsə, səbəbi nədir - müsahibədə, məsələn belə vacib və strateji məsələnin cavabı yoxdur. İnkişaf etmiş ölkələrdə hökumətlər üçün hədəf mikro və kiçk müəssisələrin, aqrar sektorda isə kooperativlərin dəstəklənməsidir. Özünüməşğulluq proqramlarının əhatə dairəsi əsasən kapitaltutumlu olmayan və ixtisassız iş yerlərinin açılması ilə sərhədlənir. Dünya təcrübəsi göstərir ki, orta və yüksək texnoloji səviyyəli istehsal strukturu yaratmağa nail olmuş iqtisadiyyatlarda hökumətlər özünüməşğuluq proqramlarına ehtiyac görmürlər. Bu proqram çərçivəsində yaranacaq bir iş yerinin əlavə dəyər formasında iqtisadiyyata qatqısı nə qədər gözlənilir və ümumiyyətlə belə hesablamalar varmı?