Tuesday, January 27, 2015

Xarici sərmayə manatdan, yoxsa məmurlardan qorxur?




Milli Bankın sədri Elman Rüstəmovun dünən AzTV-yə geniş müsahibəsində diqqətimi çəkən bir məqam oldu. Bildirir ki, ölkə iqtisadiyyatının investisiya cəlbediciliyi baxımından milli valyutanın sabitliyini qorumaq çox vacibdir. Söylədiyində məntiq var: istər yerli sahibkar olsun, istər xarici investor olsun -  aktivlərinin dəyərdən düşməyəcətinə əmin olmalıdı.
Amma Milli Bank rəhbərinin bir məsələyə münasibəti çox maraqlı olardı: artıq son 16 il manatın dollara nisbətən bahalaşması və sabitliyi şəraitində keçib. Bu müddətdə iqtisadiyyatımız və büdcəmiz azı 10 dəfə, bank sektorumuz 7-8 dəfə böyüyüb. Beynəlxalq investisiya və kredit reytinqlərimiz yüksək səviyyədə olub. Bəs nədən neft sektoruna qoyulan sərmayələri nəzərə almasaq, iqtisadiyyata qoyulan xarici sərmayələrin ümumi investisiyalarda xüsusi çəkisi  heç 5%-də çatmır?

2014-cü ildə investisiyalrla bağlı kiçik analizə baxın, nəticəni özünüz də görəcəksiniz.
2014-cü ildə əvvəlki ilə nisbətən Azərnaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşları 258 milyon manat və ya 1.5% azalıb. İnvetstisiya qoyuluşları təxminən 17.6 milyard manat təşkil edib. Bu sərmayələrin tam yarısı – təxminən 8.1 milyard manatı dövlət sektoru hesabına təmin edilib.    
Eyni zamanda, ötən il bütün investisiyaların 66.1%-i və ya 11.7 milyard manatı qeyri-neft sektoruna yönlədilib. Bu məbləğin 64%-i (təxminən7.5 milyard manat) dövlətin sərmayələri olub. Yerdə qalan 4.2 milyard manat qeyri-neft investisiyalarının isə 3.3 milyard manatı yerli sahibkarların hesabına təmin edilib. Deməli, xarici sərmayədarların Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiya 900 milyon manata da çatmır. Bu isə ölkə iqtisadiyyatı üzrə ümumi investisayaların cəmi 4.8%-nə, qeyri-neft investisiyalarının isə 7.3%-nə bərabərdir.
Hələ bir sıra strateji sahələr üzrə investisiyaların azalmasını demirəm. Məsələn, aqrar sektora sərmayələr 47.5%, emal sənayesinə 56%, təhsilə 37% azalıb. Əvəzində az qoyub, əziyyətsiz yaxşı qazanmaq imkanı olan sahələrə - məsələn, tikintiyə sarmayələr  91.2%, ticarətə 67.9% artıb. Rəsmilərin etiraf eləməsi çətindi, resurs bumunu yaşayan ölkələrdə qeyri-ticari sektor (əsasən tikinti, xidmət sahələri) ticari sektoru (əsasən məhsul istehsal sahələri) üstələyirsə, deməli artıq “resurs lənəti”nə əlamətlərindən qorxmaq lazımdı.
Daha bir vacib məqam: 2014-cü ildə bank kreditləri vasitəsilə iqtisadiyyata kredit qoyuluşları 38% azalıb. Hərçənd ki, bank kreditlərinin ümumi sərmaylərdə payı mizerdi – cəmi 3%.
İndi Mərkəzi bankın rəhbərindən bu məsələyə aydınlı 2 sual: əgər manatın sabitliyi iqtisadiyyatın investisiya cəlbediciliyi üçün çox vacib şərtlərdən bridirsə və Azərbacan hökuməti bu sabitliyi təmin edə bilibsə:

1) Nədən xarici sərmayələrin qeyri-neft investiyalarında payı 8%-dən azdı, əcnəbi investorları bizə tərəf stimullaşıran investisiya mühitində onları buradan bürokratiya qaçaq salırmı;

2) Əlverişli investisiya mühitində bank sektoru iqtisadiyyata sərmayə yatımında niyə cəmi 3%-lə iştirak edir. Axı bütün dünyada banklar özəl sektorun investisiya qoyuluşlarında əsas mənbələrdən biridi       

Monday, January 19, 2015

Dövlət Büdcəsindən böyük Neft Fondu




Nəhayət 2015-c il Neft Fondunun büdcəsi təsdiqləndi. Fondun gəlirləri 10 milyard 246.6 milyon manat, xərcləri isə 11 milyard 813.9 milyon manat təsdiqlənib. Sənədlə bağlı bir neçə məqam diqqəti çəkir.

Əvvəla, hökumət Fondun büdcəsinin gəlirlərini hesablayarkən xam neftin qiymətini 90 dollardan götürüb. Gəlirlərin 9 milyard 741.1 milyon manatı neft-qaz müavilələrdən Azərbaycan hökumətinə düşən mənfəət təşkil etməlidi. Lakin qiymətləndirmələr göstərir ki, neft-qaz hasilatının indiki səviyyəsi qaldığı tədqirdə, neftin orta illik qiyməti 50-55 dollar intervalında dəyişsə,  Fondun gəlirləri 5.5-6 milyard manat, 70 dollar ərafında olsa 7.5- 8 milyard manat ətrafında olacaq. Belə görünür ki, hökumət qiymətin aşağı olması riskini nəzərə almayıb. Ola bilsin, neftin bahalacağına ümidlər qalır. Ya da ilin 2-ci yarısında bu məsələyə baxmağı planlaşdırırlar. O da bilər ki, hökumət cari gəlirlər nə qədər az olursa-olsun, daxil olmayan məbləğin hamısını ehtiyatlardan da olsa götürüb, 2015-c ilin büdcəsini istənilən halda tam icra etməyi düşünür.

İkincisi, Fondun büdcəsi 1 milyard 567.3 milyon manat kəsirlə təsdqilənib. Lakin büdcənin təsdiqi haqda fərmanda nə bu məbləğ kəsir kimi göstərilir, nə də onun hansı mənbə və maliyyə aləti vasitəsilə qapadılacağı göstərilmir. Bundan əlavə, qüvvədə olan qanunvericilikdə də Fondun büdcəsində kəsirin yaranmasının mümkünlüyü, kəsirin tənzimlənməsi mexanizmlər ümumiyyətlə yoxdu. Məsələn, Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarının 5.1.6-cı maddəsində qeyd edilir ki, Fondun büdcəsinin icrası zamanı proqnozdan artıq gəlir əldə edildikdə, yaxud xərclərin ixtisarı ilə bağlı gəlir artıqlığı yarandıqda əlavə büdcədə yaranan profisit ehtiyat aktivlərə (investisiya portfelinə) yönəldilir. Amma nə Fondun Əsasnaməsi, nə də bu Qaydalar xərclərin gəlirləri üstələdiyi vəziyyətə hüquqi aydınlıq gətirmir. Ümumiyyətlə yarandığı dövrdən indiyədək Fondun büdcəsində heç vaxt kəsir olmayıb.
Fondun 2015-c il büdcəsindən dövlət büdcəsinə ayrılacaq 10 milyard 388 milyon manat nəzərə alınmazsa, yerdə qalan ən böyük xərc maddələri aşağıdakılardı:

1)      Cənub Qaz  Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 997 milyon manat ayrılacaq. Məlumat üçün deyim ki, bu layihələrə 2015-ci il dövlət büdcəsindən də 650 milyon manat ayrılıb. Yəni Cənub Qaz Layihlərinə 2015-c ildə icmal büdcədən 1 milyard 643 milyon manat xərclənəcək;
2)      Bakı-Tbilisi-Qars dəmir yoluna 111.5 milyon manat ayrılacaq. 2007-2014-cü illərdə 499.4 milyon manat artıq xərclənib.
3)      Qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması ilə bağlı xərclərə 150 milyon manat ayrılacaq. 2002-2014-cü illərdə həmin məqsədə 1 milyad 756.8 milyon manat ayrılıb. Son 4 ildə ilk dəfədir ki, bu xərclər iki dəfəyədək azaldılır
4)      Samur-Abşeron kanalının yenidən qurulmasına 90 milyon manat sərf olunacaq. 2006-2014-cü illərdə bu layihəyə 1 milyard 150 milyon manat artıq xərclənib;
5)      Xaricdə təhsilə 44.1 milyon manat ayrılır. 2008-2014-cü illərdə bu layihəyə 121.4 milyon manat artıq xərclənib;

Ən maraqlı olan budur ki, Dövlət Neft Fondu hökumətin əsas maliyyə fondu olan büdcədən daha böyükdü. 2015-ci ilin dövlət büdcəsinə Fondun transfertlər nəzərə alınmasa, gəlirlər baxımından dövlət büdcəsi Dövlət Neft Fondundan 1.1 milyard manat (11%) azdı. 2014-cü ildə hökumət ölkəni ayrı-ayrılıqda hər birinin məbləği 10 milyard manat olan və paralel istifadə elədiyi 2 maliyyə fondu vasitəsilə rahatlıqla idarə elədi. Görək 2015-c ildə bu fondları belə rahatlıqla xərcləmək mümkün olacaqmı?   

Saturday, January 10, 2015

Valyutalar döyüşmür.. Amma iqtisadiyyatlar rəqabət aparır

 “Neft lənəti” ilə bağlı uzunmüddətli tədqiqatların nəticələri göstərir ki, mübadilə məzənnələrinin peşəkar idarə edilməsi resurs ölkələrinin öz iqtisadiyyatını şaxələndirilməsi üçün həlledici şərtlərdən biridir. Xüsusilə də əgər milli valyutanın bahalanması resurs gəlirlərinin təsiri nəticəsində baş veribsə, bu ticari sektorun rəqabət qabiliyyətliliyini azaldır. İndoneziya və Botsvan tarixən məzənnə idarəçiliyini qeyri-resurs sektorunun inkişaf strategiyası ilə uyğunlaşdıran model ölkələr hesab olunur. Ötən əsrin 70-80-ci illərində hər 2 ölkədə müntəzəm olaraq milli valyutanın devalvasiyası və real effektiv mübadilə məzənnələrinin korreksiyası həyata keçirilib. Məsələn, 1971-77-ci illərdə İndoneziya inflyasiyanın iqtisadiyyata mənfi təsirlərindən qorunmaq üçün öz milli valyutasının sabitliyinə üstünlük verirdi. Amma 1978-ci ildə İndoneziya rupsini devalavasiya edərək dollara nisbətən 50% ucuzlaşdırdı. Özü də bu addım ölkənin tədiyyə balansında 7.4 milyard profisitin olduğu, valyuta ehtiyatlarının 2.5 milyard dollar təşkil etdiyi dövrdə baş verdi. Məqsəd qeyri-neft sektorunun rəqabət qabiliyyətini itirməsinin qarşısını almaq idi.
Botsvan 1982-91-ci illər ərzində 5 dəfə devalavasiya ilə bağlı qərar qəbul edib və ayrı-ayrı vaxtlarda milii valyutanın dollara nisbətən dəyəri 5-15% intervalında ucuzlaşdırılması baş verib. “Neft lənətinə” məruz qalmış Nigeriya isə əksinə, ötən əsrin 70-80-ci illərində bir neçə dəfə milli valyutasının bahalanması (revalvasiyası) barədə qərar qəbul etmişdi. Bu ölkənin də taleyi göz qabağındadı, İndoneziya və Botsvanın da.
Amma “ucuz milli valyuta” siyasətinə hədəflənmək yalnız bir halda effekt verir: hökumət istehlakçıların və biznesin maraqlarını tarazlaşdırmaq üçün iqtisadiyyatda həm təklifi, həm də tələbi stimullaşdırmaq üçün kompleks tədbirlər görsün. Söhbət hansı tədbirlərdən gedir: ucuz faiz siyasətindən, kredit zəmanəti sisteminin yaradılmasından, vergi yükünün yüngülləşdirilməsindən, biznesi büroktatik əngəllərdən və inhisarlardan müdafiə edən məhkəmə sisteminin formalaşdırılmasından, ixracı sığortalayan və kreditləşdirən, biznesin risklərini sığortlayan institutların ərsəyə gətirilməsindən gedir. Əgər hansısa hökumət bu şərtlərə əsaslanan iqtisadiyyat qurmursa, həmin hökumətlər bir qayda olaraq “iqtisadi sabitlik” şüarı altında “güclü milli valyuta” siyasətini prioritet seçir. 
“Güclü milli valyuta” seçimini etmək ixracyönümlü iqtisadiyyatdan imtina edib idxaldan asılı iqtisadiyyat modeli seçmək deməkdi. Çünki milli valyuta bahalaşdıqca idxal mallarını istehlak etmək daha sərfəli olur. Amma yekunda idxaldan asılı iqtisadiyyatın milli valyutasının gücü şərti xarakter daşıyır.
Valyutalararası döyüşlər olmadığına görə, güclü milli valyuta ilə öyünməyə ehtiyac yoxdu. İqtisadiyyatın məntiqi idman prinsipilərinin tam tərsidi: milli valyutanın müəyyən qədər zəif olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksək saxlanması üçün şərtdi. 2014-cü il ərzində Azərbaycan manatının nominal effektiv məzənnəsi əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən 12% qədər bahalanıb. Manat avroya münasibətdə manat 8.5%, yenaya münasibətdə 14%, ingilis funtuna nisbətən 5%, Türk lirəsinə münasibətdə 9,2%, rubla nisbətən 34.2%, qazax təngəsinə nisbətən 15.7%, İran rialına nisbətən 9.4%, gürcü larisinə münasibətdə 7,6%, yuana qarşı 0.85% bahalanıb. Yalnız dollara nisbətən sabit qalıb. 
2014-cü ildə manatın nominal effektiv məzənnəsi ilə yanaşı əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən real effektiv məzənnəsi də 10%-dək artıb. Real effektiv məzənnə əsas tərəfdaş ölkələr üzrə nominal valyuta məzənnələrinin bu ölkələrdə inflyasiyanın təsiri nəzərə alınmaqla təhsis edilməsi əsasında hesablanır. Manatın real effektiv məzənnəsinin bahalanmasının fəsadlarına konkret nümunənin timsalında diqqət yetirək:  2014-cü ildə Azərbaycan manatının nominal olaraq yenaya nisbətən 14% bahalanıb və il ərzində ölkədə 1.5% inflyasiya qeydə alınıb. Deməli, ötən il bu vaxt yaponiyadan olan hansısa şəxs 100 manatlıq Azərbaycan məhsulunu (xidmətini) əldə etmək üçün valyuta məntəqəsi vasitəsilə 13500 yena xərcləməliyidi. Indi isə inflyasiya nəticəsində bu məhsulun (xidməti) qiyməti 101.5 manat olub, üstəgəl yenanın nominal məzənnəsinin 14% ucuzlaşması səbəbindən 101.5 manatlıq məhsulu istehlak etmək üçün valyuta məntəqəsi vasitəsilə 15 225 yenanı “xırdalamaq” lazım gəlir. Deməli, Azərbaycanın manatının yena qarşısında 14% bahalanması və Azərbaycan iqtisadiyyatında baş verən 1.5%-lik inflyasiya yaponiyalını məcbur edir ki, cəmi 1 il öncə əldə etdiyi eyni həcmli məhsul (xidmət) dəstini almaq üçün 12.7% və ya 1725 yena artıq xərcləsin. Bu, manatın yenaya nisbətən real effektiv məzənnəsinin artımını ifadə edir. Amma hazırkı beynəlxalq ticarət şərtləri daxilində yapon Azərbaycan hökumətinin bahalı məzənnə siyasətinə “boyun əyməyəcək”, elə qonşu Gürcüstandan və ya Türkiyədən eyni məhsulu (xidməti) 1 il öncəki kimi 13500 yenaya almaq mümkündürsə, həmin ölkələrdən alacaq.
Resursla zəngin ölkələrdə milli valyutanın real effektiv məzənnəsinin artımının “holland xəstəliyi”nin əsas əlamətlərindən biri kimi çıxış etməsini də yaddan çıxarmamaq lazım. Bahalı milli valyuta ucuz idxal malı almaq istəyən sadə istehlakçının maraqlarına uyğun ola bilər. Amma ixrac bazarlarında rəqabət aparmağa səy göstərən milli istehsalçıların, bu istehsalçıların ixrac qazancları əsasında yarada biləcəyi iş yerlərinə möhtac olan insanların maraqlarına ağır zərbədi