Tuesday, March 10, 2015

Valyuta mövqeyi zəifləyən kommersiya bankları...Mövqeyi yumşalan Mərkəzi Bank



Açıq valyuta mövqeyi üçün limitdən imtina etməyin heçmi mənfi nəticələri olmayacaq? Bu, banklar üçün “qara zolaq”, yoxsa “xilas paraşütü”dü? Bu siyasətin sonundan bütün banklarmı uduşlu çıxacaq? İndilikdə bu sullara kənardan dəqiq cavablar tapmaq bəlkə də çətindi, amma ən azından belə sullar ətrafında düşünmək, onları müzakirə etmək vacibdi.

Nə qədər ki, böyük neft pulları iqtisadiyyatı, bank sektorunu idarə edirdi, maliyyə-bank sisteminin sabitliyinin təminatçısı idi, Mərkəzi Bankın yetərincə şəffaf və hesabatlı olmayan fəaliyyətinin fəsadlarını hiss etmirdik. Manatın devalvasiyası ilə bağlı məlum qərardan öncəki 1 həftə, məlum qərarın qəbul edildiyi 21 fevral günü, bundan sonrakı 1 həftə ərzində cəmiyyətdə çaşqınlıq, panik vəziyyət məhz bu qurumun qapalı fəaliyyətinin və anlaşılmaz davranışlarının nəticəsi idi. Mərkəzi Bank cəmiyyətə yetərincə açıq olmağa maraqlı deyil. Xüsusilə də bir çox vacib məsələlər üzrə ictimaiyyətə təfsilatlı hesabatlar açıqlamağı özünə vəzifə saymır. Məsələn, bəzi ölkələrin mərkəzi bankları tədiyyə balansını aylıq açıqlayır, tədiyyə balansının hər bir bölməsi üzrə (xidmətlər balansı, kapital hesabı, maliyyə hesabı) əməliyyatların coğrafi və valyuta strukuturunu ayrıca dərc edir (ticarət balansında olduğu kimi). Bizim Mərkəzi Bank tədiyyə balansını rübdə bir dəfə açıqlayır, əməliyyatların coğrafi və valyuta strukuturu ilə bağlı məlumatlar isə ümumiyyətlə yoxdu. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə olunması ilə bağlı hesabatlılığı “sıfır” səviyyədədir.
Belə hesabatsızlığın, cəmiyyəti məlumatsız buraxmağın daha bir nümunəsinin də bugünlərdə şahidi olduq. Mərkəzi Bank kommersiya banklarının açıq valyuta mövqeyinə limitin təxminən 9 ay müddətinə tətbiqini dayandırır, amma cəmiyyət bundan təsadüfən bir fb statusu vasitəsilə xəbət tutur.

Valyuta mövqeyilə bağlı hesabatlılıq niyə yoxdu?

Məsələ bundadır ki, Mərkəzi Bank heç vaxt bank sektorunda açıq valyuta mövqeyinə dair vəziyyəti əks etdirən hesabatlar yaymır. Lakin bu qurum, məsələn "Bank sektoru üzrə konsalidə olunmuş valyuta mövqe" adlı aylıq, rüblük və illik hesabatlar hazırlayıb ictimailəşdirməlidir. Bu hesabatda nələr olmalıdır?

  • Valyuta ilə bütün balans aktivləri, o cümlədən xarici valyutada likvid aktivlər (nağd vəsaitlər, qiymətli kağızar, xaricdəki banklardakı “Nostro” hesablar), xarici valyuta ilə verilmiş kreditlər, məcburi ehtiyatların xarici valyuta ilə saxlanan hissəsi, xarici valyuta ilə yerdə qalan bütün aktivlər;
  • Valyuta ilə balansarxası aktivlər (faktorinq, trast əməliyyatları, konsaltinq xidmətləri üzrə əməliyyatlar və s.);
  • Valyuta ilə bütün balans öhdəlikləri, o cümlədən xarici valyutada bütün depozitlər (xarici bankların müddətli depozitləri, digər müştərilərin depozitləri və s), xarici valyuta ilə cəlb edilmiş kreditlər, xarici valyutada cari hesablar, xarici bankların xarici valyutada “Loro” hesablar,  xarici valyuta ilə yerdə qalan bütün öhdəliklər;
  • Valyuta ilə balansarxası öhdəliklər;
  • Hər bir valyuta növü (məsələn, dollar, avro, funt, rubl və s.) üzrə “uzun açıq valyuta mövqeyi”nə dair məlumatlar. Bank sektoru üzrə valyuta aktivləri valyuta öhdəliklərindən çoxdursa, deməli ölkənin bank sistemi “uzun açıq valyuta mövqeyi”nə malikdir.  
  • Hər bir valyuta növü (dollar, avro, funt, rubl və s.) üzrə “qısa açıq valyuta mövqeyi”nə dair məlumatlar. Bank sektoru üzrə valyuta aktivləri valyuta öhdəliklərindən azdırsa, deməli ölkənin bank sistemi “qısa açıq valyuta mövqeyi”nə malikdir.  
  • Ölkənin bank sisteminin valyuta mövqeyinə dair göstəricinin səviyyəsi.  Hazırda Azərbaycanda bank sektoru üzrə məcmu kapital 4.2 milyard manatdır.  Bu deməkdir ki, Mərkəzi Bankın limitinin dondurulması ilə bağlı qərarı olmasa, bir valyuta növü üzrə aktivlər və öhdəliklər arasında fərq 420 milyon manatı aşmamalıdır. Qüvvədə olan bank qanunvericiliyinə görə (“Banklar haqqında” Qanun və Müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları) Mərkəzi Bank 10%-lik limit müəyyən edib.
Amma bu gün real vəziyyət belədir: Mərkəzi Bank bütövlükdə bank sektorunun aktiv və öhdəliklərin hər biri ayrıca götürülmüş elementinin valyuta strukturuna dair heç bir informasiya açıqlamadığına görə, Azərbaycanın bank sektorunun valyuta mövqeyilə bağlı tam məlumatsızlıqdır. 
Bununla belə, pərakəndə də olsa bankların tələb və öhdəliklərilə bağlı bəzi göstəricilərin valyuta struktruna dair təqdim edilən məlumatlar bir məqamı ortaya qoyur: bütövlükdə Azərbaycanın bank sektorunda hələ devalvasiyadan əvvəl də “qısa açıq valyuta mövqeyi”nin yaranması meyli formlaşıb və valyuta bazarında kiçik gərginlyin yaranacağı tədqirdə bu valyuta mövqeyi üzrə limiti aşmaq təhlükəsi olub. Belə ki, fevralın 1-nə olan məlumata görə, valyuta ilə olan öhdəliklər 10.1 milyard manat olub (bütün öhdəliklərin 49.3%-i). Halbuki aktivlərin 75%-ni və ya 18.1 milyard manatını təşkil edən kreditlərin cəmi 5 milyard manatı valyuta ilə olub. Aktivlərin yerdə qalan 6 milyard manatlıq hissəsinin hətta yarısı da valyuta ilə olsa, yenə də valyuta ilə bank aktivləri və öhdəlikləri arasında fərqin 10%-lik limitdən xeyli çox olduğu aydın görünür. Məlum məsələdir ki, valyuta mövqeyinin pozulması heç də bütün bankların deyil, hansısa bankların fəaliyyətinin nəticəsidir. Amma hansı banklar - qapalı mühitdə özünü daha rahat hiss edən Mərkəzi Bankımız zaman-zaman bank qanunvericiliyinin tələblərinə riayət etməyən kommersiya banklarının adını ictimailəşdirməyə də maraqlı olmayıb. 
Bu o deməkdir ki, devalvasiya qərarından öncə bütövlükdə bank sektoru “qısa açıq valyuta mövqeyi”nə malik olub. Bu mövqe isə milli valyutanın devalvasiyası dövründə bank sektorunu əlverişiz duruma salır, valyuta risklərinə kəskin şəkildə artırır – necə ki, mill bank sektoru artıq bu risklərin fəsadlarını artıq yaşayır.  

Mərkəzi Bank valyuta mövqeyilə bağlı limiti niyə dondurdu?  

Dünya təcrübəsində açıq valyuta mövqeyi üzrə limitlərin tətbiqində məqsəd bank sektorunda sabitliyi təmin etmək, kommersiya banklarını valyuta risklərindən qorumaqdı. Məsələ çox sadədir: milli bank sektorunu və deməli bütün iqtisadiyyatı dönərli valyutaların hökmranlığından qorumağın mexanizmi “açıq valyuta mövqeyi” mexanizmi vasitəsilə bank sisteminin tələb və öhdəliklərinin valyuta strukturuna məhududiyyət tətbiq etməkdir. 
Bank sektorundan gələn məlumatlar onu göstərir ki, manatın devalvasiyası ərəfəsində və sonrakı günlərdə banklardakı milli valyuta ilə depozitlərin “dollarlaşması” bankların valyuta mövqeyini pisləşdirib, devalvasiyaya qədər onsuz da dayanıqlı mövqeyi olmayan bəzi bankların valyuta öhdəlikləri kəskin şəkildə artaraq valyuta aktivlərini üstələyib. Bundan başqa, valyutaya kəskin tələbatın artdığı günlərdə Mərkəzi Bankın qeyri-rəsmi göstərişi ilə panikanın qarşısını almaq üçün bəzi bankları öz valyuta aktivlərini satıb manatla aktivlərə çevirilməsi ilə də bağlı məlumatlar var. Belə vəziyyətdə kommersiya bankları üçün uduşlu olan “uzun açıq valyuta mövqe” nəinki itirilməsi, hətta daha riskli olan “qısa açıq valyuta mövqeyi” üzrə limiti qorumaq belə problemə çevrilib. Belə məlumatlar var ki, “zəif bənd” hesab olunan bəzi banklardan depozitləri kütləvi şəkildə geri çəkilib və daha etibarlı hesab edilən banklarda yerləşdirilib. Bu cür banklararası depozit axını da bank sektorunda valyuta aktivləri və ödəlikləri arasında disbalansı genişləndirib.          
Deməli, Mərkəzi Bank açıq valyuta mövqeyi üzrə limitə 9 aylıq morotorium qoymaqla banklara qarşı qanunvericilikdə nəzərdə tutulan cəza mexanizmlərindən qaçmaq istəyir.  İlk baxışdan bunu normal qarşılamaq olardı. Lakin məcmu kapitalın minimum həddinə qarşı qoyulan tələbin hələ də bir neçə bank tərəfindən yerinə yetrilməməsi müqabilində Mərkəzi Bankın susqun mövqe göstərməsini nəzərə aldıqda, bu mənzərə diqqətdən qaçmır: Azərbaycanın bank sistemi qanunlarla deyil, fərdlərin iradəsi və direktivləri ilə idarə olunur. Bank sektoru iqtisadiyyatın başqa sahələrinə bənzəməz və belə strateji sektorda aşkar qanun pozuntuları iqtisadiyyatın dayaqlarını sarsıdır. 
Mərkəzi Bankın açıq valyuta mövqelərinə çevik və effektiv nəzarəti təmin edə bilməməsinin fəsadlarını xarici maliyyə bazarlarına çıxmaq istəyən banklar mütləq dadacaqlar. Çünki xarici borc bazarında valyuta risklərindən öncədən sığortalanmaq üçün kreditə iddia edən bankların açıq valyuta mövqeyi əsas göstərilərdən biri sayır. Bu o deməkdir ki, ən azından yaxın aylarda resurs, xüsusilə də valyuta ilə resurs defisitindən əziyyət çəkən bir sıra banklar üçün xarici maliyyə bazarlarına çıxışı o qədər də asan olmayacaq.      
Ola bilər məhdudiyyətin götürülməsi qısamüddətli dövrdə kommersiya banklarına açıq valyuta mövqelərini normalaşdırmağa, perspektiv valyuta risklərindən qorunmaq üçün manevr imkanları əldə etməyə, limit qayğısı olmadığı üçün valyuta kreditlərindən qaçan müştərilərə səxavətlə manat kreditləri ayırmağa şərait yaradacaq. Amma yaxın vaxtlarda devalvasiyadan zərbə alımış bankları ağır imtahan gözləyir: bütün depozitlər “dollarlaşır”, kreditlər isə “manatlaşır”.  Bu isə o deməkdir ki, Mərkəzi Bank bəyan etsə də, 2016-cı il yanvarın 1-də də açıq valyuta mövqeyi üçün limiti bərpa etmək mümkün görünmür. Bunun üçün gərək banklar valyuta depozitləri ilə valyuta kreditləri arasında əlverişli nisbəti indidən qorumağa çalışsın. Valyuta ilə depozitlərin cəlbedici, valyuta ilə kreditlərin isə riskli olduğu şəraitdə həmin nisbətin konkret limit çərçivəsində bərpası çətin olacaq. Bu halda Mərkəzi Bankın sərt addımları qaçılmaz olacaq, bu isə son nəticədə hətta bir sıra bankların varlığına son qoya bilər. Hətta hansısa banklar üçün bağlanmaq təhlükəsi istisna edilsə də belə, milli valyutanın sabitliyi üçün əlverişi mühitin olmadığı indiki şəraitdə passivlərin “dollarlaşıb” aktivlərin “manatlaşması” bank sektorunu ciddi valyuta risklərinin tələsinə atır.
İstənilən halda 2015-ci il müstəqilliyimizin son 17-18 ili ərzində bank sektoru üçün ən ağır il  kimi başlayıb. Hələləlik valyuta mövqelərini itirən bəzi banklar üçün daha pis ssenari var: bir müddət sonra bazardan birdəfəlik itmək...

Sunday, March 1, 2015

Manatın ucuzlaşması: qazananlar və itirənlər


Bu məsələ eninə-uzununa, sağına-soluna təhlil etmək lazımdı. Çünki prosesdən uduşlu çıxan hökumət iqtisadiyyatın özündən başqa subyektlərinin - istər ev təsərrüfatlar olsun, istər biznes -  itkilərini görməyi, özünün tənzimləyici funksiyalarından istifadə edib bu itkilərin ən azı müəyyən hissəsini kompensasiya etməyi özünə vəzifə bilmir. Qısamüddətli dövrdə devalvasiyadan udanların qazandıqlarını və uduzanların itirdiklərini dəqiq qiymətləndirmək çətindir. Amma təxmini hesablamlamlarla mənzərəni görmək mümkündü.

Prosesdən əsas udanlar

Birinci uduş hökumətindir. İcmal büdcənin gəlirlərinin yarısından çoxu bilavasitə valyuta gəlirlərindən formalaşır. Məsələn, 2015-ci ildə icmal büdcənin təxminən 22 milyard manat gəlirinin 12 milyard manatı birbaşa valyuta mədaxili əsasında proqnozlaşdırılmışdı. Bura Neft Fondunun gəlirləri, xarici neft konsorsiumunun vergi ödənişləri, Dövlət Neft Şirkətinin xaricə ixracından formalaşan gəlirlərə görə vergi ödəmələri daxildir. Proqnoza görə, neftin orta illik qiyməti hər barrel üçün 90 dollar, 1 dollar =0.785 manat məzənnəsi olduğu şəraitdə hökumət büdcəyə 12 milyard manat ekvivalentində (15.3 milyard dollar) valyuta gəliri gözləyirdi. Lakin, ilin 2 ayının nəticələrinə görə neftin qiyməti 60 dollar ətrafındadı və ilin sonunadək bu qiymət səviyyəsi qaldığı tədqirdə 1 dollar =0.785 manat məzənnəsi ilə hökumətin icmal büdcəyə valyuta gəlirləri formasında mədaxili maksimum 8 milyard manat (10.2 milyard) dollar olacaqdı.
Manatın təxminən 35 faiz ətrafında devalvasiyası hökumətə imkan verəcək ki,  neftin orta illik qiymətinin hər barrel üçün 60 dollar olduğu şəraitdə 8 milyard deyil, 11 milyard manata yaxın valyuta mədaxilinə ekvivalent büdcə gəliri formalaşdırsın. Yəni, manatın hazırkı səviyyədə ucuzlaşması icmal büdcəyə ən azı 3 milyard manat əlavə gəlirin daxil olmasını təmin edəcək.

İkinci uduş Dövlət Neft Şirkətinindir. Bu şirkət dəqiq məluamtlar açıqlamır, amma illik pul mədaxilinin azı 30%-i valyuta gəlirlərindən formalaşır. Burda ən azından 4.5-5 milyard dollardan söhbət gedir.

Üçüncü uduş qeyri-neft ixracında inhisarçı mövqeyi olan holdinq və şirkətlərindi. Neft sektorunun və neftə dayalı kimya sənayesinin məhsullarının, elektrik enerjisinin ixracını nəzərə almsaq, 2014-cü ildə qeyri-neft ixracı 1.5 milyard dollar olub.  Bu məbləğin 450 milyon dolları istehsalı inhisarda olan qida məhsullarının (bitki və heyvan mənşəli yağlar, çay, şəkər), 131 milyon dolları istehsalı inhisarda olan metalllurgiya məhsullarının (almünium, qara metal), 157 milyon dollar istehsalı inhisarda olan plastmass məmulatların payına düşüb. Yəni, aydın görünür ki, qeyri-neft sektorunda inhisarçı mövqe tutan 3-5 şirkət ixracı onsuz da kiçik olan qeyri-neft ixracının təxminən yarısına sahibdirlər. 
Amma heç şübhəsiz, ixracın heç olmazsa 30-35%-i qeyri-neft sektorunun hesabına təmin edilsəydi və ixrac gəlirləri daha çox sayda biznes subyektləri arasında bölünsə idi, devalvasiyadan iqtisadiyyatın uduşları böyük olacaqdı.  Sırf nəzəri yanaşmadan çıxış etsək, milli valyutanın ucuzlaşmasından ən böyük uduş ixrac gəlirləri böyük olan subyektlər olur. 2014-cü ildə ticarət balansına görə, Azərbaycanın ixrac gəlirlərinin təxminən 72%-i hökumətə, təxminən 23%-i iri dövlət şirkətlərinə, özəl sektorda inhisarçı mövqeyi olan azsaylı şirkətə mənsub olub. İcrac gəlirlərinin ən yaxşı halda 5%-i sayı minlərlə ölçülən iqtisadi subyektlərə çatıb. Əgər bu göstəricilərdən çıxış etsək, devalvasiyanın qazancları da iqtisadi subyektlər arasında bu cür qeyri-bərabər bölünəcək.  

Prosesdən ən çox uduzanlar

Banklarda 4 milyard manatadək milli valyuta ilə əmanəti olan insanlar uduzdu. Hökumət bazarları sərt nəzarət altında saxlayıb qiymətlərin artımın müvəqqəti də olsa dayandıra bildiyi üçün belə bir arqument gətirir: qiymətlər artmadığı üçün bu insanlarn itkisindən söhbət gedə bilməz. Yanlış yanaşmadı - əvvəla ona görə ki, həmişə olduğu kimi hökumət üçün ölçü vahidi yenə də insanıarın mədəsidi. Rəsmilər yanaşmasına görə, gündəlik tələbat malları bahalanmayıbsa, manatla depozitlərin alıcılıq qabiliyyəti azalmayıb. Amma məsələn, bu depozitdən əmlak, uzunmüddət istifadə olunan məişət əşyaları, avtomobil almaq, xaricə səfərə getmək üçün istifadə edilsə, hər kəs manatla depozitlərinin alıcılıq qabiliyyətinin üçdə bir qədər itirdiyinin şahidi olacaq. Hələlik isə bizim hökumətimizin meyarı çörək, şəkər və yağın qiymətidir.
Bir həqiqət var ki, hökumət onsuz da uzun müddətə sərt qiymət nəzarəti ilə idxal olunan ərzaq məhsullarının qiymətinin başalaşmasına qarşı dayana bilməyəcək. İndilikdə hökumət cəmiyyətin manatın sərt devalvasiyasının şokundan ayılmasını gözləyir və bilir ki, sosial narazılıqların geniş miqyas almaması üçün gündəlik tələbat malların ucuz saxlanması vacibdi. Çox güman ki, ilin sonuna doğru müxtəlif vaxtlarda ayrı-ayrı ərzaq məhsulların qiymətinin artımı baş verəcək və hökumət düşünür ki, birdən baş vermədiyi üçün cəmiyyət bunu hiss etməyəcək. Hökumət qiymətlər üzərində sərt nəzarətlə həm də cəmiyyətə nümayiş etdirmək istəyir ki, itkiniz yoxdu, məndən aztəminatlı təbəqənin gəlirlərini indeksasiya etmək üçün addım gözləməyin də. Bu minavvala hökumət bilavasitə əhaliyə yönəlik xərc öhdəliklərini artırmadan 2015-ci ili başa vurmaq istəyir. Əslində bu öhdəliklər olmasa, 35 faizlik devalvasiya büdcədə hər hansı problem yaranmadan hökumətə ili başa vurmağa imkan verəcək – investisiya xərclərinin konkret layihələr üzrə bölüşdürülməmiş 1.9 milyard manat xərc büdcədən çıxarılır, 3 milyard manat icmal büdcəyə devalvasiya hesabına əlavə vəsait daxil olur, əhali qarşısında da devalvasiyanın fəsadlarına görə heç bir öhdəlik götürülmür. Bunula Neft Fondunun da, dövlət büdcəsinin də problemi həll olunur. Amma 4 milyard manatdan çox milli valyuta ilə əmanət yağ, ət və çörək qarşısında dəyərini sabit saxladığı üçün narahatlığa ehtiyac yoxmuş. Əlbəttə, bu pullar valyuta ilə əməliyyat aparası olsa, azı 1.3 milyard manat itirildiyi məlum olacaq.

İkinci ən böyük itki valyuta ilə kredit götürən subyektlərindi. Ölkənin bank sektoru vasitəsilə 18 milyard manata yaxın kredit verilib. İlkin məlumata görə, bundan təxminən 5 milyard manatı valyuta ilə götürülmüş kreditlərdir. Bu qədər vəsait təxminən 1.7 milyard manat əlavə manat kütləsi tələb edir ki, borcları qapada bilsin.

Üçüncü uduzanlar kateqoriyası xaricdən borc götürən müəssisə, şirkət və banklardr. Dəqiq məlumat yoxdu, amma əldə etdiyim məlumata görə belə borcların həcmi 12 milyard dollaran az deyil. 

Nəhayət, idxalla məşğul olan kiçik və orta biznes də xeyli vəsait itirdi. Bu sırada idxalda inhisarçı mövqeyi olan iri şirkətlərin adını qeyd etmək istəmirəm. Çünki uzun illərdi yüksək monopol qiymətlər və qeyri-rəsmi imtiyazlar hesabına onlar kifayət qədər qazanıblar. Amma kiçik biznes böyük itkilə üzbəüzdür.
Məsələn, bazar araşdırmalarımız gösətərir ki, hazırda avtomobil ehtiyat hissələrinin, avtokosmetik məhsulların və geyim əşyalarının idxalı bir çox məhsullar (məsələn, qida, dərman, tikinti məhsulları və s.) kimi tam inhisarlaşmayıb. Bu sahədə çalışan kiçik biznes təmsilçilərinin bildirdiyinə görə, onlar adətən məhsulların müəyyən hissəsini xaricdəki tərəfdaşdan borca alır, daxildə də müştərilərə borca verir. Və bu proses daima belə davam edir – burdakı borclar yığılıb xaricə göndərilir, onu müqabilində yeni mal partiyası göndərilir. Xüsusilə də Çin, Türkiyə və Almaniya ilə kiçik sahibkarların bu cür ticarəti artıq uzun illərdi formalaşıb. İş adamlarının dediyinə görə, təkcə son 3-4 ayda köhnə məzənnə ilə borca verilən, artıq yeni məzənnə ilə xarici tərəfdaılara qaytarılmalı olan mala görə borcların məbləği 10 milyonlarla dollarla ölçülür.

Nəticə budur ki, ev təsərrüfatları və biznes manatın ucuzlaşmasından milyardlarla ziyandadı. Amma hökumət büdcənin problemini həll etdiyini düşünərk çox rahat görünür.