Monday, January 30, 2017

Regional inkişaf: harda olduğumuzu necə ölçməli?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yanaşmasına görə də “regional inkişaf” geniş anlayış olsa da, bunu ilk öncə bölgələrarası fərqlərin azaldılmasına nail olmaq səyləri kimi qəbul etmək lazımdır. Bir neçə il əvvələdək “regional inkişaf” dedikdə əsasən böyük həcmdə sərmayələr hesabına irimiqyaslı infarstrukturun yaradılması anlaşılırdı. Lakin köhnə yanaşma regional bərabərsizliyi aradan qaldırmaqda uğursuzluğa düçar oldu, iqtisadi baxımdan geri qalan regionlarda hədəflənən inkişafın əldə edilməsi ilə nəticələnmədi – baxmayaraq ki, ictimai fondlar vasitəsilə bu məqsədə böyük böyük vəsaitlər xərclənirdi.
OECD ekspertləri vurğulayır ki, regional inkişaf siyasətinin 2 məqsədi olmalıdır və hazırlanan regional inkişaf strategiyaları bilavasitə bu məqsədlər üzərindən formalaşdırılmalıdır.: 1) iqtisadi inkişaf üçün coğrafi məkan rolunu oynayan regionların rəqabət qabiliyyətliliyinin təmin edilməsi; 1) bütün regionlar, həmçinin regionlar daxilində müxtəlif ərazilər üzrə baza əmtəə və xidmətlərə bütün əhalinin bərabər çıxışının təmin olunması.

Bu baxımdan Azərbaycanda qəbul edilən regional inkişaf proqramları üçün elə nəticə indikatorları seçilə bilər ki, icra prosesi başa çatdıqdan sonra atılan addımların, xərclənən resursların hansı nəticələrə gətirib çıxardığını hər kəs görə və qiymətləndirə bilsin. Məsələn, proqramın icrasına start veriləndə Aran regionunda mərkəzləşmiş su təminatı ilə əhatə olunan ev təsərrüfatları, o cümlədən kənd yerləri üzrə ev təsərrüfatları ümumi mənzillərin  hansı hissəsini təşkil edirdi, proqramın sonunda bu göstərici hansı səviyyədədi, Dağlıq Şirvan regionunda təmirə və yenidən qurmaya ehtyacı olan bələdiyyə yollarının və rayon (region) əhəmiyyətli yolların ümumi yollara nisbəti necədir, sonda bu rəqəm hansı səviyyəyə çatdı, Gəncə-Qazax regionunda adambaşına məhsul buraxılışı və əmtəə dövriyyəsinin həcmi ölkə üzrə orta göstəricinin və ən yüksək sayılan regional göstəricnin neçə faizinə bərabər idi, icranın sonunda hansı səviyyədədi, Lənkəran regionunda  hər 100 ev təsərrüfatlarının genişzolaqlı internetlə çıxış hansı səviyyədə idi, sonda bu göstərici necə dəyişdi və s. Hazırkı regional inkişaf proqramları iqtisadi rayonlar üzrə bu cür hədəflər müəyyən etmir, icraya dair hesabatlarda da regionlararası fərqlərin necə azaldıldığını görmək mümkün deyil.  
Regional inkişafı aşağıdakı indikatorlar əsasında qiymətləndirmək mümkündür? Əslində belə indikatorlar hazırlamaq və hər il ölkə başçısının da iştirak etdiyi konfrasda həmin indikatorlar əsasında ictimaiyyət üçün əhatəli hesabat təqdm etmək olar. Məsələn, nümunə olaraq aşağıdakı indikatorlar kimi: 

 Əmək qabiliyyətli əhalinin hər 10 000 nəfəri hesabı ilə ali təhsili mütəxəssislərin sayı
Əmək qabiliyyətli əhalinin hər 10 000 nəfəri hesabı ilə peşə təhsilinə malik kadrların sayı
Əhalinin hər 10 000 nəfəri hesabı ali təhsil müəssisələrinə daxil olan abituryentlərin sayı
Əhalinin hər 10 000 nəfəri hesabı ilə ali təhsil müəssisələrini bitirən məzunların sayı
Əhalinin hər 10 000 nəfərinə düşən həkimlərin sayı
Əhalinin hər 1000 nəfərinə düşən minik avtomobili sayı
Əhalinin hər nəfərinə düşən bank depozitlərinin məbləği
Əhalinin hər nəfəri hesabı ilə elektrik enerjisi istehlakı
Yüksək standartlara malik otellərin yataq tutumu
İl ərzində 1  milyon dollardan çox ixracatı olan müəssisələrin sayı
İSO 500 Böyük Sənaye Təşkilatının reytinqinə daxil olan müəssisələrin sayı
Son 5  ildə qeydiyyata alınan patentlərin sayı
Son 5 ildə qeydiyyata alınan məhsul markalarının sayı
Büdcəyə alınan vergi məbləği və adambaşına məbləği
İxracın həcmi və ölkənin ümimi ixracında payı
Sənayenin istehlak etdiyi elektrik enerjisinin miqdarı
Son 5 ildə faktiki fəaliyyət göstrən şirkətlərin say dinamikası
Son 5 ildə bağlanan şirkətlərin say dinamikası
Regiona qoyulan investisiyaların həcmi, artım dinamikası və ölkə üzrə sərmayələrdə payı
Xarici bazara çıxan firmaların sayı
Əmək müqaviləsi əsasında çalışan işçilərin bütün iqtisadi fəal əhaliyə nisbəti
Qeyri-aqrar sahədə çalışan işçilərin bütün bütün iqtisadi fəal əhaliyə nisbəti  
Genişzolaqlı internetlə əhatə səviyyəsi
Hər 100 ev təsərrüfatəna düşən ev telfonlarının sayı 
Ərazinin hər kvadratkm-ə düşən yol
Hər 100 ailəyə düşən minik avtomobilıərinin sayı
Hər 100 mənzil hesabı ilə mərkəzləşmiş su təminatı səviyyəsi
Hər 100 mənzil hesabı ilə təbii qazla təminat səviyyəsi

Amma məsələ təkcə bu cür keyhiyyətli hesabat hazırlanmaması ilə də bitmir. Ölkədə regional inkişafı təmin etmək üçün zəruri institusional yanaşma mövcud deyil. Söhbət hansı çatışmazlıqlardan gedir?

1) Hər bir regionun spesifik xaraktersitikasını nəzərə alan regional inkişaf proqramları mpvcud deyil. Bu gün bütün ölkənin regionlarını bir araya gətirən 5 illik proqramlar dünya təcrübəsində mövcud olan "proqram" anlayışının tələblərinə cavab vermir. Heç bir regionun problemləri, inkişafına mane olna amillər, regionların zəif-güclü tərflərinin, rəqabət qabliyyətliliyini analiz edən yanaşma, tələb olunan resursların həcmi əks olunmayıb. Məsələn, region ölkələrindən Türkiyə və Gürcüstanda həm milli səviyyədə regional inkişaf strategiyası, həm də hər bir bölgə üzrə spesifik bölgə inkişafı planı hazırlanıb;

2) Regional inkişafa səlahiyyətli olan əsas institutlar mövcud deyil (Regional İnkişaf Nazirliyi, Regional İnkişaf Fondu, yerli inkişafa bilavasitə məsuliyyət daşıyan, inzibati və maliyyə muxtariyyətinə malik yerli özünüidarə). Məsələn, qonuşu Gürcüstanda Regional İnkişaf Nazirliyi, Bələdiyyə İnkişaf Fondu və Dağ İcmalarının İnkişafı Fondu fəaliyyət göstərir. Oxşar təcrübə qonşu Türkiyədə də var.

3) "Problemli" və ya "əlverişsiz imkana malik" bölgələrə spesifik yanaşmanı nəzərdə tutan hüquqi mexanizmlər mövcud deyil. Bu mexanizm Avropa Birliyinin xüsusi önəm verdiyi yanaşmadır. Həmin yanşamaya görə, regional məhsulun adambaşına həcmi ölkə üzrə ÜDM-nin adambaşına həcminin 75%-dən az olan bölgələr depressiv (geridə qalmış və ya problemli) bölgələr hesab edilir və onlara münasibətdə differensial investisiya, vergi və büdcə dəstəyi siyasəti işlənib hazırlanır. Azərbaycanda ümumiyyətlə iqtisadi baxımdan zəif inkişaf etmiş yaxud problemli bölgə, belə bölgələrin müəyyən edilməsi üçün meyarlar, prinsiplər mövcud deyil. Eyni zamanda, coğrafi baxımdan əlverişsiz və üstün inkişaf etdirilməli olan bölgələrə də münasibətdə anoloji siyasət yanaşması mövcud deyil. Halbuki hazırda Azərbaycanda bütün bölgələr üzrə adambaşına məhsul buraxılışının həcmi orta ölkə üzrə göstəricinin hətta 50%-nə çatmır və bu meyara görə, bizdə Bakıdankənar bütün ərazilər Avropa ölşüləri ilə "problemli" sayılmalıdır.  
Gürcüstanda “Dağlıq ərazilərin inkişafı haqda” Qanun var. Həmin qanun məşğul əhalinin maaşlarına, pensiya və sosil müavinətlərə, hökumətin ayırdığı sərmayələrə yüksəldici əmsalların tətbiqini, əhalinin həmin ərazidə məskunlaşmaya marağının artırılması üçn daha keyfiyyətli infrastrukturun yaradılmasının əsas prioritet seçilməsinı nəzərdə tutur. 


Thursday, January 5, 2017

Rubl və təngə niyə "üzə" bilir?


Azərbaycandakı hazırkı iqtisadi şərtlərin manatın "sərbəst üzən məzənnə" rejiminə keçidin mümkünsüz etməsilə bağlı ötən həftəki yazıma xeyli irad və rəylər gəldi.
Müzakirlər isə davam edir. Görünən budur ki, "mümkündür" deyənlərin sayı daha çoxdu.
Əsas arqumentlərdən biri də Rusiya və Qazaxıstanda niyə sərbəst məzənnə rejiminin mümkün olması ilə bağlıdır. Sual verirlər: niyə təngə və rubl üzə bilir, manat yox?
MDB-nin resurs ölkələri içərisində iqtisadiyyatın şaxələnməsinə görə Rusiya və Qazaxıstan lider, Türkmənistan və Azərbaycan autsayderdi - bu arqumenti kənara qoyuram.
İqtisadiyyatın dollarlaşma səviyyəsinə görə, Azərbaycanın uyğun göstəricisi həm Rusiyadan, həm Qazaxıstandan az qala 2 dəfə yüksəkdir - bu arqumentindən dərininə getmirəm.
Hər bir təhlilçinin sərbəst məzənnə rejiminə keçidin mümkün olub-olmaması məsələsində öz arqumenti var. Mənim arqumentim yalnız ödəmə balansına söykənir.
3 ölkənin ödəmə balansının nəticələrini nəzərdən keçirək:
Azərbaycan - bu ilin 9 ayının nəticəsinə förə tədiyə balansında 1.2 mlrd. USD kəsir yaranıb. Maliyyə hesabının kəsiri 2 mlrd. USD olub. Cari hesablar balansını kəsiri də 1.1 mlrd. USD olub. Yalnız valyuta ehtiyatlarının 1.2 mlrd. əriməsi və ölkəyə uşota ailınmayan kanallar vasitəsilə daxil olan valyuta kütləsi hesabına tədiyə balansının açığını qapatmaq mümkün olub.
Qazaxıstan - tədiyyə balansında 250 mln. USD müsbət saldo yaranıb. Birbaşa investisiya kimi ölkə iqtisadiyyatına 15.2 mlrd. USD sərmayə daxil olub. Cari hesablar balansında 5.5 mlrd. USD kəsir yaransa da, maliyyə hesabının kanalları üzrə ölkəyə valyuta axınlarının üstün həcmdə daxil olması tədiyyə balansının kəsir yaranmasına imkan verməyib
Rusiya - tədiyyə balansında 10.1 mlrd. USD müsbət saldo yaranıb. Ölkədən kapital axını ən pik göstərici ilə müqayisədə 5 dəfədən çox azalıb. Qazaxıstandan fərqli olaraq ölkəyə birbaşa və portfel investisiyaların həcmi kiçikdir və nəticədə maliyyə hesabı çərçivəsində ölkəyə nəinki xarici investor və kreditorlar hesabına valyuta axınları olub, əksinə ölkənin maliyyə öhdəliklərində (-) 13 mlrd. USD-ə azalma qeydə alınıb.
Əvəzində cari hesablar balansında 15 mlrd. USD-dən çox müsbət saldo yaranıb, Rusiya bankların xaricdəki aktivlərin geri gətirilməsi sayəsində ölkəyə 23 mlrd. USD vəsait daxil olub. Nəticəni bir daha xatırladıram - Rusiyanın tədiyə balansında 10 mlrd. USD-dən çox profisit yaranıb.
Diqqət edin - bu ölkələrin hər ikisində tədiyyə balansının ən mühüm 2 hesabından birində müsbət saldo yaranıb və bunun sayəsində valyuta bazarında sabitliyi təmin etmək mümkün olub. Azərbaycan hər 2 hesabda defisit qeydə alınıb.
Və son nəticə - hazırda Rubl dollar qarşısında ən uczulaşdığı həddlə (79 rubl=1 USD) müqayisədə 25% dəyər qazanıb (hazırda 59.5 rubl=1USD).
Hazırda təngə dollar qarşısında ən uczulaşdığı həddlə (384 təngə=1 USD) müqayisədə 14% dəyər qazanıb (hazırda 333 təngə=1 USD).
Azərbaycan manatı isə əksinə son 1 ildə dollar qarçısında
ən yüksək dəyər qazandığı həddlə (1.43 manat =1 USD) müqayisədə 24% dəyər itirib (hazırda 1.77 manat=1 USD).
Bir maraqla nüans da: Qazaxıstan Mərkəzi Bankının valyuta ehtiyatları 2014-cü ilin iyulundan indiyədək 3 mlrd. USD artaraq 30 mlrd. USD çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 4 dəfəyədək azalaraq 15.3 mlrd. USD-dən 4 mlrd. USD-ə enib.

Monday, January 2, 2017

Mərkəzi Bankın manata mesajları...

Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə bağlı bəyanatında verilən mesajlarda manatın gələcək taleyinə münasibətdə hökumətin davranışları aşkar yazılıb.
Bank qeyd edir ki, üzən məzənnə rejiminə tam keçid istiqamətində addımlar davam etdiriləcək.
Azərbaycan iqtisadiyyatının problemlərini, mövcud sturkturunu, həmçinin tədiyyə balansının bütün mövqeləri üzrə valyutaya tələb və təklifin real miqyasını qiymətləndirmək imkanında olan bütün təhlilçilər bilir ki, bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50%-ni ödəmək imkanındadır.
Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün deyil.
Bunu Mərkəzi Bankdan yaxşı bilən ikinci bir təsisat və ya şəxs də yoxdu. Sadəcə Bank demək istəyir ki, yenə də neft bahalanmayacaqsa, bazarın ehtiyaclarına uyğun  tələbin qarşısına uyğun həcmdə valyuta təklifi ilə çıxmaq mümkün olmayacaqsa, milli valyutanın yenə də ucuzlaşacaq və biz bunun adını "tam üzən məzənnəyə keçid istiqamətində islahatların davam etdirilməsi" qoyacağıq.
MB bəyanatında vəziyyətin yaxşı olmayacağına aşkar eyhamlar var. Məsələn, qeyd edir: "Neftin dünya qiymətinin əhəmiyyətli yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki, aşağıdır". MB-nin dediyi bu stiuasiyanın mənası odur ki, gələn il də ödəmə balansında kəsirin olacağı realdır.
Bəyantda verilən daha bir mesaj: "Dövlət sektorunun xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji enerji layihələrinin maliyyələşdirilməsi kapital və maliyyə hesabına təsir edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyə balansında gözlənilən irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək". Bunun açılışı odur ki, hökumətə xarici borcların qaytarılması və xaricdəki layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq və bu daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək.
MB qeyd edir ki, xarici valyutada bir sıra öhdəliklərin məqsədyönlü tənzimlənməsi üçün taktiki tədbirlərə əl atılacaq və bu addımlar manatın məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmağa imkan verəcək. Bunun açılışı isə odur ki, hökumət Neft Fondundan dövlət büdcəsinə transfertlər etmədən birbaşa hökumətin xarici öhdəlikləri üçün xarici aktivlərdən yararlana bilər. Bunu hansı mexanizmlərlə edəcəklər, onu da zamanında görmək mümkün olacaq. İl boyu xarici borclanmanın sürətlə artırılması da yəqin ki, həmin taktiki addımlar sırasındadır.
MB-nin qeydlərindən belə aydın olur ki, valyuta bazarında iştirak etməyə hazırlaşmır, amma bir istisna ilə- məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmağa ehtiyac olarsa, bazara müdaxilə edə bilər.
Amma aydın olmur ki, "məzənnənin kəskin dəyişkənliyi" dedikdə hansı hədd nəzərdə tutulur. MB üçün məzənnənin 5, 15 yoxsa 50% dəyişməsi "kəskindir"?
Bu sənəddə aydın görünür ki, 2017-ci ildə iqtisadi proseslər sadə vətəndaş üçün nə qədər dumanlı görünürsə, ölkədə makroiqtisadi stisusiyanı proqnozlaşdırmağa və tənzimləməyə məsul olan əsas təsisatlardan biri kimi MB üçün də əhəmiyyətli dərəcədə qeyri-meəyyəndir.