Sunday, May 1, 2016

Açıq hökumət planı: Vətəndaş cəmiyyətinin səsi eşidildimi?

Ölkə prezidenti Açıq Hökumətin təşviqi üzrə 2016-2018-ci illər üzrə Fəaliyyət Planını təsdiqlədi. Bu sənədin hazırlanmasına ötən ilin payızından start verilmişdi. Rəsmi şəxslər təxminən 6 ay davam edən hazırlıq mərhələsində vətəndaş cəmiyyətinin iştirakı ilə də bir neçə tədbir keçirdi, təkliflər topladı. Ən azından 3 müxtəlif tədbirdə təmsil etdiyim İqtisadi Təşəbbüslərə Yardım Mərkəz adınan iştirak etdiyim üçün bəzi qənaətlərim vardı, amma Plan təsdiqlənməmiş yazmaq istəmirdim.
Əvvəla ondan başlayım ki, 2014-cü ildən sonra müstəqli vətəndaş cəmiyyətinə sərt təzyiqlər, onların fəaliyyətinə yaradılan manelər şəraitində beynəlxalq səviyyədə kifayət qədər populyarlıq qazanan açıq hökumət qlobal platformasının bizim üçün çox ciddi əhəmiyyətini gözardı etmək olmaz. Bu təşəbbüs 2011-ci ildə ABŞ-ın liderliyi ilə aparıcı dövlətlərin birgə səyi ilə yarandı. Platformanın missiyası belədir: hökumətləri daha şəffaf, daha hesabatlı və vətəndaşlara qarşı daha məsuliyyətli etmək. 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirlidiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər.
Sənədə imza edən siyasi liderlər həmin məqsədlərə çatmaq üçün 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürdüklərini bəyan etdilər: 1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması; 2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi; 3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi; 4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.
Açıq Hökumət Tərəfdaşlığı üzrə beynəxalq Platformaya üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyar üzrə minimum tələblərə cavab verməlidirlər: 1) fiskal şəffaflıq; 2) məlumatlara əlçatanlıq; 3) dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi; 4) vətətəndaşların idarəetməyə cəlbi.
Platformanın bizim üçün açdığı əsas imkan budur ki, hökumətlər özlərinin açıqlığı və hesabatlılığı ilə bağlı milli fəaliyyət planlarının hazırlanmasına və həyata keçirilməsinə mütləq vətəndaş cəmiyyətini cəlb etməldirlər. Faktiki olaraq vətəndaş cəmiyyətinin olmadığı, yaxud vətəndaş cəmiyyətinin bərabərhüquqlu tərəfdaş kimi tanınmadığı ölkələrin Açıq Hökumət Tərəfdaşlığı üzrə beynəxalq Platformada təmsilçiyi qeyri-mümkündür. Etiraf etmək lazımdır ki, 2011-ci ildə Azərbaycan qoşulduğu zaman QHT-lərin durumu hazırkı şəraitlə müqayisə olunmaz dərəcədə yaxşı idi: beynəlxalq donorlar sərbəst formada QHT-lərlə əməkdaşlıq edə bilirdilər, QHT-lərin layihələrinin qeydiyyatında məhdudiyyətlər yoxdu, hətta Ədliyyə Nazirliyinin qeydiyyata almadığı müqavilələr üzrə bank əməliyyatlarında problem yaradılmırdı, ən müxtəlif mövzular üzrə açıq müzakirələr aparmaq üçün biznes mərkəzlərdə həmişə uyğun yerlər tapmaq olurdu. 2014-cü ilin iyun ayından başlayaraq bütün bu imkanlar vətəndaş cəmiyyətinin əlindən alınıb. Çox güman ki, 2011-ci ildə Azərbaycanda bu vəziyyət hökm sürmüş olsa idi, bizim Platformada üzvlüyümüz mümkün olmaycaqdı.             
İki gün sonra – mayın 4-də Açıq Hökumət Tərəfdaşlığı üzrə beynəxalq Platformasının Cənubi Afrika Respublikasında start götürəcək toplantısında Azərbaycanın təşkilatda statusu müzakirəyə çıxarılacaq. Platforma ilə əlaqəli çalışan bəzi ekspertlərlə kontaktlar əsasında deyə bilərəm ki, Platformanın Rəhbər Komitəsində Azərbaycanla bağlı ciddi narahatlıqlar var və bu istiqamətdə müzakirələr gedir. Əsas narahatlıqlardan biri icrası 2015-ci ilin dekabrında başa çatmış milli Fəaliyyət Planının yeni variantının qəbul edilməməsi ilə bağlı idi. Təxminən 4 ay ləngimə ilə də olsa, 2016-2018-ci illər üzrə Planı ölkə prezidenti ötən həftə təsdiqlədi. Amma narahatlıq təkcə Planın təsdiqi ilə də bağlı deyildi: müstəqil vətəndaş cəmiyyətinin də sənədin işlənməsinə cəlbi, onların təkliflərinin nəzərə alınması gözləntilər içərisində idi. Buna nə dərəcədə əməl edildiyinə ayrıca toxunacam.
Açıq Hökumət Tərəfdaşlığı üzrə beynəxalq Platformanın ikinci mühüm narahatlığı vətəndaş cəmiyyətinin fəaliyyətinə yaradılan hüquqi manelərin aradan qaldırılması və siyasi məhbusların azad edilməsi ilə bağlıdır. Hələ mart ayında ölkəmizə bu məsələ ilə bağlı gəlmiş xarici ekspertlərlə görüşdə də bunu (xüsuslə vətəndaş cəmiyyətinə əlverişli şəraitin yaradılması) açıq mətnlə səsləndirmişdilər
Təəssüf ki, bu istiqamətdə vəziyyət narahatlıqları aradan qaldıracaq səviyyədə ürəkaçan olmadı. Siyasi məhbusların xeyli hissəsi azad edilsə də, beynəlxalq aləmdə tanınmış bir sıra vicdan məhbusları buraxılmadı. Vətəndaş cəmiyyəti, ilk növbədə isə EİTİ Koalisiyasında təmsil olunan təşkilatlarla bağlı addımlar atıldı: bank hesablarından həbslər, ictimai fəalların sərhəd yoxlamalar götürüldü. Lakin ən vacib məsələlər – bütün QHT-lərin qrant müqavilələrinin manesiz qeydiyyatı, beynəlxalq donorların yerli QHT-lərlə məhdudiyyətsiz əməkdaşlığı istiqamətində faktiki olaraq heç nə dəyişmədi.
Belə şəraitdə iki variantla bağlı gözləntilər var: ya Azərbaycan hökuməti Platformada indiki statusla qalmağa maraqlı olduğunu bəyan etməklə və konkret vaxt çərçivələri göstərmək şərtilə yuxarıda sadalanan problemlərin həlli istiqamətində addımlar atmaq üçün “yol xəritəsi” təqdim etməlidir, ya da RəhbətrKomitə bəlli bir dövr üçün (maksimum 1 il) ölkənin üzvlüyü qeyri-aktiv edilir. Ekspertlərin dediyinə görə, qeyri-aktiv üzvlük dövründə hökumətin narahatlığı aradan qaldırmayacağı tədqirdə üzvlükdən tam çıxarma mexanizmləri işə salına bilər.
Nəhayət, artıq qüvvəyə minən planla bağlı bəzi vacib məqamlara toxunmaq istərdim. Açıq Hökumət Tərəfdaşlığı üzrə beynəxalq Platformanın yanaşması budur ki, Planın işlənməsində mütləq müstəqil vətəndaş cəmiyyəti iştirak etməlidir. Amma iştirakçılıq təkcə cəlbetmə deyil, səsini eşitməkdir. Cəlbetmə passiv dəvət də ola bilər – QHT-lər gəlir, müzakirələrdə oturur, hətta nəsə təkliflər də verir, amma sonda onarın təkliflərindən heç nə qəbul edilmir. Aktiv iştirakçıllıq odur ki, dəvət edilirsən, dinlənirisən və sonda eşidilirsən – təkliflərinin hansısa hissəsi qəbul edlilir. Bir sözlə, iştikaçılıq passiv deyil, aktiv cəlbetmə prosesidir.    
Azərbaycan hökumətinin “ilkin” layihə kimi təqdim etdiyi variantı fevralda, növbəti müzakirəni martda etdik. Bu 2 müzakirə açıq və xeyli sayda QHT təmsilçisinin iştirakı ilə olmuşdi. Sonuncu müzakirə “fokus qrup” müzakirəsi tipində bir neçə ekspertin iştirakı ilə aprel ayında baş tutdu. Həmin müzakirələr dövründə təşkliatımızın ekspert qrupu xeyli təkliflər səsləndirdi, həmin təklifləri yazılı olaraq da rəsmi orqanlara təqdim etdik. Nəticə nədir, ilkin müzakirəyə təqdim edilən variantla rəsmi imzalanan versiya arasında fərqlər varmı?
İlk öncə texniki tərəflərdən başlayım. Elə birinci müzakirədə vətəndaş cəmiyyətinin yanaşması bu oldu ki, korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi planını briləşdirib vahid Fəaliyyət Planı kimi qəbul etmək vacibdi, çünki bütün üzv ölkələr bu cür edir – üzv ölklərlə vahid hesabatlılığın təmin edilməsi, zəruri müqayisələrin aparılmasının asanlaşdırılması baxımından bu vacib idi. Hökumət həmin təklifi nəzərə alıb  - ilkin variantda 2 ayrı-ayrı layihə təqdim edilmişdi, amma son təsdiq edilən versiyada korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər açıq hökumətin təşviqi planının tərkib hissəsi kimi qəbul edilib.
Sənədin strukturu ilə bağlı başqa bir təklifimiz bu idi ki, hökumətin şəffaflıq, hesabatlılıq və iştirakçılıq prinsiplərinə geniş töhfə verməyən, bütövlükdə cəmiyyətlə deyil, birbaşa olaraq fərdlə dövlətin münasibətlərinə təsir edən elektron xidmətlərin təkmilləşdirilməsi kimi öhdəliklərin fəaliyyət planına öhdəliklər kimi daxil edilməsinə ehtiyac yoxdu. Bu cür xidmətləri öhdəlik kimi deyil, şəffaflıq, hesabatlılıq və iştirakçılığa nail olmaq üçün texniki-texnoloji vasitələr kimi nəzərdə tutulmasını təklif etmişdik. Lakin hökumət elektron xidmətlərlə bağlı Fəaliyyət Planına ayrıca bir bölmə daxil edib.
Fundamental saydığımız təkliflərdən 3-ü son variantda nəzərə alınıb: müstəqil QHT-lərin manesiz qatıla biləcəyi Açıq Hökumətin Təşviqi üzrə vətəndaş cəmiyyəti Platformasının formalaşdırılması üçün imkan yaradılması, fiskal şəffaflığın təmin edilməsi və rəsmi şəxslərin əmlak vəziyyəti ilə bağlı bəyyanamə sisteminin təcrübədə tətbiq edilməsi.
Amma dövlət orqanlarının hesabatlılığının və şəffaflığının yüksəldilməsi ilə bağlı xeyli təkliflərimiz nəzərə alınmadı və hesab edirik ki, həmin təkliflər Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə uyğun dövlət idarəetməsində hüquqi islahatların həyata keçirilməsi baxımından çox mühüm idi. Söhbət hansı təkliflərdən gedir?

·         Satınalma yolu ilə dövlət büdcəsindən vəsait alan özəl şirkətlərin təsisçilərilə bağlı məlumatların kommersiya sirri hesab edilməməsi;  
      
     İ cmal büdcənin (dövlət büdcəsi, Neft Fondu və Sosial Müdafiə Fondu) icrası ilə bağlı aylıq hesabatların dərc edilməsi;

·         Dövlət büdcəsinin icrasına dair hesabatın cəmi 5-10 səhifəlik qısa icmal formasında deyil  proqnoz büdcə sənədlərinin formatına uyğun olaraq (təxminən 800-1000 səhifəlik büdcə zərfi) hazırlanması və parlamentə təqdim edilməsi;

·   Ölkənin hər bir rayon və şəhəri üzrə dövlət büdcəsinin gəlir və xərclərinin strukturunun proqnozlar, icra formasında açıqlanması; 

·   Bütün dövlət təhsil və səhiyyə müəssisələrinin büdcəsinin ictimailəşdirilməsi icbari öhdəlik olaraq müəyyən edilməsi;

·     Hesablama Palatasının ictimai vəsaitlərin istifadəsi ilə bağlı audit yoxlamalarının nəticələrinə dair bütün rəylərin tam mətnin online açıqlanması;  

·      Bütün dövlət orqanlarının sayında ayrıca olaraq “satınalma” bölməsinin yaradılması, il ərzində alınan mal (xidmətlərin) çeşidi, həcmi, dəyəri, satıanlma müqaviləsi bağlanan şirkətlərin siyahısının yerləşdirilməsi;

·     Bütün rayon və şəhərlərin İcra Hakimiyyətlərinin saytında ayrıca büdcə bölməsinin yaradılması, həmin ərazilər üzrə bütün dövlət gəlirlərinin və ictimai xərcləmələrin strukturunun, ictimai maliyyə hesabına həyata keçirilən  bütün sərmayə layihələrinin saytda yerləşdirilməsi;  

·         Milli neft şirkətinin investisya layihələrinin ictimailəşdirilməsi;     

    Milli neft şirkətinin törəmə və birgə müəssisələrinin fərdi maliyyə hesabatlarının ictimaiyyət üçün açıqlığının təmin edilməsi;

·   Hasilat sənayesində işləyən bütün şirkətlərin benefsiar sahiblərinin ictimaiyyət üçün açıq olması; 

·  Dövlət şirkətlərinin xarici borclanması ilə bağlı hesabatlılığın təkmilləşdirilməsi. Xüsusilə hökumətin zəmanəti ilə alınan və zəmanət olmadan alınan borclar barədə ayrıca məlumatların hesabata daxil edilməsi, borcun məbləğinin borc alınan təşkilatlar üzrə, borcun yönəldildiyi layihələr üzrə ayrıca təqdim edilməsi;

·        Dövlət şirkətlərinin investisiya layihələri üzrə ayrıca hesabatın təqdim edilməsi;

·         Dövlət şirkətlərinin satılalmalarına dair ayrıca hesabatın təqdim edilməsi;

·       Dövlət şirkətlərinin vəzifəli şəxslərinə maliyyə xarakterli məlumatlarına dair hesabatın təqdim edilməsi;

·        Hökumətin və ayrı-ayrı struktirlarının hesabatlarının hazırlanması üzrə vahid standartların və metodologiyanın işlənməsi və tətbiqi. Xüsusilə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının illik fəaliyyətlərinin yekunları barədə hesabatlarında əksini tapmalı olan məlumatların minimum standartlarının hazırlanması;

·  Hökimətin fəliyyətinin keyfiyyət nəticələrini ölçməyə (result-oriented) hesabatlılıq üçün metodolgoyanın hazırlanması və tətbiqi.

Bu təkliflər ölkədə aşağıdan-yuxarıya açıq hökumət sisteminin yaradılmasını hədəfə alıb. Öz kəndində, rayonunda və ya şəhərində, övladıının getdiyi məktəbdə açıq və şəffaf idarəetmə görə bilməyən vətəndaşda mərkəzi hökumət təşkilatlarında oxşar prinsiplərin yaradılacağına inam və etimad yaratmaq real görünmür.Bizim təkliflərimiz məhz aşağıdan-yuxarıya, yixarıdan-aşağıya bütün idarəetmə həlqələrində şəffaflıq və hesabatlığın yaradılmasını, Plan çərçivəsində institusional və hüquqi islahatlar həyata keçirmək öhdəliyinin müəyyən edilməsini hədəfləyib.
Bütün qüsurlara, yanlış saydığımız addımlara baxmayaraq ölkəmizin Açıq Hökumət Tərəfdaşlığı Platformasında üzvlükdən uzaqlaşdırılması ölkəmizin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarına zərbə olardı.
Bundan ən məmnun qalan isə Azərbaycanı inkişaf etmiş dünyadan uzaqlaşdırmağa çalışanlar olacaq.  Mədən Sənayesində Şəffaflıq, Açıq Hökumət Tərəfdaşlığı və Şərq Tərəfdaşlığı kimi beynəlxalq platformalar Azərbaycanı sivil dünya ilə bağlayan sonuncu körpülər kimi qalmaqdadırlar. Bu körpülər də uçurulsa, yaxın illərdə ölkədə müstəqil və obyektiv mövqeyi olan ictimai fəalların son nümunələrini də görə bilməyəcəyik...

No comments:

Post a Comment