Böyük neft pullarının Azərbaycana gətirdiyi
siyasi bəlalar çox üzdədi, onları qiymətləndirmək çox asandı: seçki sisteminin,
azad medianın və sivil toplumun sıradan çıxarılması, uzunömürlü hakimiyyətə
təminat verən konstituson mexanizmlərin formalaşdırılması məhz nəhəng resurs
gəlirlərinin şəffaf (həmiçinin effektiv) istifadə edilməməsinin
nəticəsidi.
Asan anlaşılsın deyə iqtisadi fəsadları qısaca
olaraq azad biznesin oliqarxiya kapitalı qarşısında tam çökdürülməsi kimi də təsvir
etmək olar. Amma bu təsvir renta idarəçilyinin cəmiyyətimizin hazırkı sosial
struktunun formalaşmasına, ölkənin iqtisadi perspektivlərinə hansı dağıdıcı
zərbələri vurduğunu aydınlatmaq üçün yetərli deyil.
Əlimizdə 2005-2015-ci illərdə ölkədə formalaşan
milli sərvətin dəyəri, bu sərvətlərin əhalinin müxtəlif gəlirlilik qrupları
arasında necə bölüşdürülməsi, toplanan sərvətin müxtəlif qruplara gətirdiyi
gəlirliliyin səviyyəsi barədə statistik məlumatlar olsa idi, havayı neft
pullarının ölkəmizə gətirdiyi sosial-iqtisadi bəlaların real miqyasını hər kəs
daha aydın görə bilərdi.
Reallıq isə belədir: Azərbaycanın rəsmi
statistikası milli sərvətin uçotunu aparmır, əhalinin müxtəlif gəlirlilik
qrupları üzrə sərvət paylaşımını statistik olaraq müayinə etmir. Bizim rəsmi
statistika əhalinin sosial qeyri-bərabərliyini yalnız gəlirlər əsasında təqdim
edir. Bu statistikanın nə qədər etibarlı olduğunu müəyyən etmək üçün
rəqəmlərə diqqət edin: ölkədə ən yoxsul 20% əhalinin adambaşına gəliri ən
zəngin 20% əhalinin gəlirindən cəmi 2.2 dəfə azdı. Yəni, bu statistikaya görə yoxsul
əhali ayda adambaşına 180 manat, varlı insanlar 400 manat qazana bilir.
Təsəvvür edin ki, ölkədə bir tərəfdə sərvətinin
dəyəri milyardlarla ölçülən onlarla, milyonlarla ölçülən yüzlərlə ailə
təsərrüfatı var, o biri tərəfdə gündəlik çörək pulu uğrunda mübarizə aparan on
minlərlə ailə var. Aşağı və yuxarı əhali qruplarının sərvətlərinin dəyəri
arasında fərqin 100 dəfələrlə ölçüldüyü ölkədə gəlir bərabərsziliyinin cəmi 2
dəfə olmasına inanmamaq üçün mütəxəssis olmağa belə ehtiyac yoxdu. Əgər qonşunzuun
300-400 min dollarlıq mənzil fondu, 100-150 min dollar dəyərində avtomobil
parkı, bankda 200-250 min dollar əmanəti varsa, siz isə sadəcə 60-70 min dollarlıq
mənzilə sahibsinizsə, statistikanın “yoxsulların və zənginlərin gəlirləri
arasında fərq 2 dəfə təşkil edir” hesabatına heç bir mütəxəssis rəyi oxumadan
belə əlinizi yelləyib güləcəksiniz. Statistikanın yazdıqlarına deyil, öz
gördüklərinizə inanmaqda haqlısınız. Ən azı üzdə olan məlumatlarla bu qonşunuzla
sizin sərvətin dəyəri arasında fərq 10 dəfədən çoxdu. Sərvət isə insanların
gəlirlərindən formalaşır. Əgər zəngin qonşunuzdan 10 dəfə az qazanırsınızsa,
zamanla sahib olacağınız sərvətlərin dəyəri də buna uyğun formalaşacaq.
Mövzu əslində gəlir bərabərliyi yox, sərvət
yığımındakı qeyri-bərabərlikdi: Azərbaycanda sərvətlərin bölgüsündə bərabərsizliyin
real miqyasını təsəvvür etmək üçün hansı hipotezalardan, informasiyalardan
çıxış etmək olar? Ümumiyyətlə milli sərvətin özəl sektora (ev təsərrüfatları və
biznes) aid olan hissəsinin ehtimal olunan real dəyəri nə qədər ola bilər?
Məlumat üçün deyim ki, hazırda hətta inkişaf
etmiş ölkələrdə də sərvət bölgüsündə bərabərsizlik qalmaqdadır. Məsələn, məşhur
fransız iqtidaçı Tomas Pikketinin məlumatına görə, hazırda Fransada milli
sərvətin 60%-i ən zəngin 10% əhali qrupunun əlində cəmlənir, ən yoxsul 50%
sərvətlərin 4%-nə, 40% orta təbəqə isə sərvətlərin 36%-nə sahibdir. Göründüyü
kimi inkişaf etmiş ölkələrin əsas özəlliyi orta təbəqənin sərvətdə ciddi bir
paya malik olmasıdı. Halbuki 100 il əvvəl sərvətlərin 95%-ə qədəri zəngin 10%
əhali kəsiminə mənsub idi. Son 100 ildə ən ciddi irəliləyiş orta təbəqənin
yaranması və zəngin 10%-dən əhəmiyyətli pay qoparması olub. Ən yoxsul 50%-in
payında isə heç bir dəyişikliyin baş verməməsi ciddi problem olaraq qalırıq.
Amma əlbəttə ki, ötən 100 ildə inkişaf etmiş ölkələrdə sərvətin dəyəri on
dəfələrlə artdığı üçün kasıb 50%-in adambaşına düşən sərvətin dəyəri yoxsul
ölkələrin eyni qrupuna aid göstəricidən əhəmiyyətli dərəcədə çoxdur.
Azərbaycan üçün belə bir statistikanın
mövcudluğu bizə yuxu kimi görünür. Normalda ölkənin vergi sisteminin və
daşınmaz əmlak üzrə reyestrin məlumatları həm biznes, həm də qeyri-biznes
təyinatlı daşınmaz əmlakın (bina və tikililər, həmçinin torpaq) dəyəri haqda
real məlumatları əldə etməyə imkan verməlidi. Amma bir şərtlə ki, bütün
daşınmaz əmlakın bazar dəyəri müəyyən edilmiş olsun. Çox təəssüf ki,
Azərbaycanda əmlakın bazar dəyərini müəyyən edən mexanizmlər tətbiq edilmir:
yaşayış fondu (həm torpaq, həm də tikililər) sahə ölçüsünə görə, qeyri-yaşayışı
təyinatlı əsas fondlar (həmçinin binalar) qalıq dəyəri əsasında müəyyən edilir.
Məsələn, bir nəfərin Bakı şəhərində real bazar dəyəri 200-250 min manat olan
(sahəsi 300 kvadratmetr) mənzili, real bazar dəyəri 500-600 min manat olan,
amma 10 illik istismar müddətindən sonra hazırkı orta illik qalıq dəyəri 150
min manat olan biznes obyekti var. Bu şəxs real bazar dəyəri 700-800 min manat
olan mülkiyyətinə görə ildə cəmi 1620 manat əmlak vergisi ödəyəcək (mənzilin
hər kavdratmetri üçün 0.4 manat+kommersiya obyektinin orta illik qalıq
dəyərinin 1%-i). Halbuki hazırda dünyada əmlak vergisinin dərəcəsi əmlakın
təyinatından asılı olaraq onun bazar dəyərinin 0.5-1% intervalında dəyişir.
Azərbaycanda 0.5%-lik orta vergi dərəcəsi tətbiq edilsə, 700 min manat real
bazr dəyəri olan mülkə görə 3500 manat əmlak vergisi tutulmalıdır. Bir sözlə,
əmlakın bazar dəyəri ilə vergiyə cəlb edilməməsindən 2 zərbə alırıq: 1) ən azından əmlak vergisindən büdcə 2.5 dəfə
itirir; 2) daşınmaz əmlak formasında milli sərvətin real dəyəri ilə bağlı
statistik məlumat bazası formalaşdırmaq mümkün olmur.
Bəs Azərbaycanda mənzil fondunun real bazar
dəyəri nə qədər ola bilər? Hansı ipiucuna əl atsan, yazacaqlarımız və
hesablamalarımız çox subyektiv olacaq. Hazırda ölkədə təxminən 2 milyon mənzil
var ki, onun təxminən 25%-i son 20 ildə (1995-2015-ci illər) tikilib. Rəsmi
statistikaya görə, ümumilikdə həmin mənzillərə təxminən 15 milyard dollar
sərmayə qoyulub. Mənzilin real bazar dəyəri onun investisya qoyuluşu əsasında
hesablanan istismar dəyərindən ora hesabla 2-2.5 dəfə çox olduğunu nəzərə
alsaq, təkcə müstəqillik dövründə yaranan mənzil fondunun dəyərinin 30-35
milyard dollardan az olmadığı real görünür. Mənzillərin yerdə qalan 75%-nin
sovetlər dönəmində tikilən köhnə, xeyli hissəsinin də istismar müddəti keçmiş
mənzillər olduğunu nəzərə alsaq, sahəcə 3 dəfə çox olmasına rəğmən ən yaxşı
halda yeni yaradılmış mənzil fondu qədər dəyərə malik ola bilər. Əgər bu kobud
hesablamanın riyazi dəqiqliyi heç olmazsa 70-80% olsa, onda milli sərvətin
tərkib hissəsi olan mənzil fondunun dəyərinin 65-70 milyard dollar olduğunu
iddia etmək mümkündür.
Bəs bisnes əsaslı mülkiyyətin real dəyərini
necə hesablamaq mümkündür? “21-ci əsrdə Kapital” əsərinin müəllifi Piketti
təklif edir ki, əgər hansısa ölkədə vergi üzrə məlumatlar milli sərvətin bu
hissəsinin dəyərini müəyyən etməyə imkan vermirsə, o halda özəl sərmayələrin
dəyərini əsas məlumat bazası kimi istifadə edə bilərsiniz. Məsələn,
bank-sığorta sektoru üzrə sərvətin dəyərinin hesablamaq mümkündür, çünki
pis-yaxşı ortada hesabatlar var. Məsələn, bank-sığorta şirkətlərində dövlət
payını nəzərə almasaq, özəl şəxslərə məxsus aktivlərin dəyəri 3.5 milyard
manata yaxındı. Bu dəyərə sahiblərin səhm və daşınmaz əmlak, nağd pul
formasında bütün aktivlər daxildir.
Özəl sektora məxsus qida və içki sektorunda,
emal sənayesində, turizm və restoran biznesində, ticarət və nəqliyyat xidməti
sektorunda, kənd təsərrüfatında son 20 ildə 25 milyard dollara yaxın əsas
fondlar yaranıb. Biznes obyektlərinin də real bazar dəyərinin onların
investisya qoyuluşu əsasında hesablanan istismar dəyərindən orta hesabla 2-3 dəfə
çox olduğunu nəzərə alsaq, əsas biznes sektorları üzrə maddi aktivlərin real
bazar dəyərinin 50 milyard dollardan az olmadığını ehtimal etmək mümkündür.
Avtomobil parkının dəyərini də bura daxil
etmək lazmdı, son 2005-2015-ci illərdə ölkənin avtomobil parkı 2
dəfədən çox genişlənib. Minik avtomobillərini sayı 550 min ədədə yaxın artıb ki,
bunun təxminən 450 min ədədi MDB istehsalı olmayan xarici maşınlardır. Öz
növbəsində ən azı 60-70 min ədəd dəyəri 30-40 min dollardan
200-250 min dollaradək olan bahalı maşınlar daxil olub ölkəyə.
Yerdə qalır maliyyə aktivləri. Ölkə
daxilində fond bazarı olmadığından qiymətli kağızlar formasında maliyyə
aktivlərinin dəyəri haqda da danışmağın yeri yoxdu. Azərbaycanda maliyyə
aktivlərinin əsas forması banklarda saxlanan depozitlərdir – həm ev
təsərrüfatlarının əmanətləri, həm də korporativ depozitlərdir. Depozitlərin
ümumi həcmi 15 milyard dollardır.
Göründüyü kimi yalnız ölkə daxilində özəl
biznesə və ev təsərrüfatlarına məxsus maliyyə və qeyri-maliyyə aktivlərinin
təxmini dəyəri 125-130 milyard dollardan az deyil. Lakin bura yalnız Azərbaycan
vətəndaşlarının ölkə daxilindəki aktivlərinin dəyəri daxildir, xaricdə bisnes
məqsədilə daşınmza əmlak və qiymətli kağızlara yatırımların, banklarda və
investisiya fondlarında saxlanan vəsaitlərin real miqyası barədə məlumat əldə
etmək, hətta təxminlər etmək mümkün deyil.
Hazırda dünyanın ayrı-ayrı ölkələrində mill
sərvətin məcmu dəyəri ölkənin bir illik mill gəlirinin 4-7 misli arasında
dəyişir. Məsələn, Azərbaycanda hazırda rəsmi statistikaya görə milli gəlirin
illik həcmi 35 milyard dollar ətrafındadı, “kölgə iqtisadiyyatı” 40-45% təşkil
etməsi ilə bağlı müxtəlif hesablamarı nəzərə alsaq, təxminən 50 miyard
dollardı. Dünyada mövcud olan bu standartdan çıxış etsək Azərbaycanda milli
sərvətin real dəyəri 250-300 milyard dollar ətrafındadı. Dövlətə məxsus
müəssisələrin mülkiyyətinin, təbii resurslarının və maliyyə aktivlərinin dəyəri
nəzərə alınmazsa, bu sərvətin yerdə qalan hissəsi özəl sektora və ev
təsərrüfatlarına məxsusdur.
Milli sərvətin real dəyəri haqda təxmini də
olsa müəyyən təsəvvür varsa, qarşıya növbəti sual çıxır: milli sərvət (təbii
ki, özəl sektora məxsus olan hissəsi) əhalinin müxtəlif qrupları qarasında necə
paylaşıb? Məsələn, əhalinin ən yoxsul 10%-i, 20%-i, 50%-nə və, ən zəngin 1%-ə,
10%-ə, bu iki sinfin ortasında yerləşən 40%ə düşən sərvətin dəyəri nə qədərdir?
Rəsmi statistika, vergi və əmlakın reyestr
sistemi birlikdə milli sərvətin real dəyərini, sərvət bölgüsünün miqyasını müəyyən etməkdə siyasi baxımdan maraqlı deyil. Çünki özəl sektora məxsus
milli sərvətin real dəyəri məlum olsa, insanlar özlərinin və başqalarının
real sahib olduqları haqda daha aydın bilgiyə və müqayisə imkanına malik
olacaqlar. 2005-ci ildə qanunun qəbuluna rəğmən hələ də vəzifəli
şəxslərin maliyyə və qeyri-maliyyə formasında mülkiyyəti, həmçinin gəlirləri
barəsində bəyannamə təqdim etməsindən yayınmasının əsas səbəblərindən biri də
budur: onların hətta gəlir və əmlakının əsas hissəsini gizlədib az qismini leqallaşdırması belə xatalıdı. İxtiyari varlı bir məmurun sahib olduğu 1 mənzil və 1 maşının dəyərinin belə onların rəsmi qazancları müqabilində çox baha olması ortaya çıxacaq.
Milli sərvətin də real dəyəri aydınlaşsa, məlum olacaq ki, rəsmi gəlirlər hesabına biznes və ayrı-ayrı şəxslər
indiki qədər sərvətə malik ola bilməzlər, yaxud sərvətin indiki dəyəri
müqabilində biznesin qazanclarına, ev təsərrüfatlarının sahib olduqları
mülklərinin dəyərinə görə ödədikləri vergiləri qəpik dəyərindədi.
Bəs
səvət bölgüsünün real ölçülərini təxmini də olsa hansı göstəriclər,
informasiyalar və ya meyarlar əsasında təsəvvür etmək olar? Burda 2 yanaşma oa
bilər: 1) sadə-populyar yanaşma; 2) sərvət haqda bəzi rəsmi statistik
məlumatlar əsasında peşəkar yanaşma.
Sadə populyar yanaşma budur ki, hər kəs
tanıdığı ən zəngin qohumunun, dostunun, tanışının sahib olduqları ilə özünün
malik olduqları arasında fərqə baxır. Məsələn, tanıdığız və içərilərində varlı
dövlət məmurunun, iş adamını olduğu insanların gözlə görünən sərvətinin (mənzil,
avtomobil, biznes obyekti və s.) dəyəri ilə özünüz sahib olduğunuz oxşar
mülklərin dəyərini müqayisə edirsən, nəticə real vəziyyəti təsəvvür etməyə
imkan verəcək.
Əlçatan statistik məlumatlar əsasında sərvət
bölgüsünü təyin etmək üçün peşəkar yanaşma necə ola bilər? Banklarda olan
depozitlərin konsentrasiyası, banklardan götürülən kreditlərin konsentrasiyası,
ölkənin maşın parkında zəngin insanların maddi imkanlarına uyğun avtomobillərin
xüsusi çəkisi, milli gəlirin əmək və sərmayə gəlirləri arasında bölgüsü
əsasında sərvətin konsentrasiya səviyyəsi ilə bağlı hipotetik rəqəm söyləmək
olar.
Məsələn, 2015-ci ilin yekunlarına görə bank
sekoru üzrə kreditlərin 41%-nə sahib olan 3 nəhəng bank (“KapitalBank”,
Beynəlxalq Bank və “XalqBank”) üzrə kredit konsentrasiyası 60%-dən çoxdur. Bu 3
bankın ayırdığı təqribən 8 milyard manat kreditin 5 milyard manatı və ya 63%-i
53 borcgötürənə çatıb. Ölkədə ev tsərrüfatı və biznes strukturları qismində
potensial olaraq kreditə iddia edə biləcək 2.5 milyona yaxın subyekt var, amma
banklardan götürülən kredit resurslarının 60%-dən çoxuna bütün subyektlətin
hətta 0.1%-dən az hissəsi sərəncam verir.
Təəssüf ki, depozit konsentrasiyası haqda
banklarda məlumat olmur. Amma, bugünlərdə bir bankdan aldığım məlumata görə, 2015-ci
ildə bankda olan 1.2 milyard manata yaxın müştəri hesabının təxminən 80% cəmi
13 müştəriyə məxsus olub. Əslində kreditlərin və depozitlərin çox kiçik qrupun
(ev təsərrüfatlarının və biznes subyektlərinin 0.1%-dən də az hissəsnin) əlində
cəmlənməsi sərvətlərin təmərküzləşməsi ilə bağlı hipotetik ideyalar üçün 2-3
göstəricidən biridir.
Yaxud sayı milyonu ötən minik avtomobili
parkında bütün ailə təsərrüftlarının ən yaxşı halda 5%-nin
sayına uyğun (maksimum 100 min ailə) yüksək dəyərə (təxminən 30-40 min
dollardan çox) və zəngin ailələrin maddi imkanlarına uyğun bahalı avtomobil
parkı mövcuddur.
Əslində dünyada sərvət təmərküzələşməsi
hesablanarkən ən zəngin 10% əhali qrupu götürülür. Bizdə bu təxminən 200 min ailə edir – Azərbaycanda
bu sayda zəngin ailənin olduğu qətiyyən real görünmür. Real fəaliyyət göstərən
və böyük dövriyyəyə malik biznes obyektlərinin sayını, böyük qazanca sahib
məmur heyətinin sayını təsəvvür etməyə çalışanda, bu rəqəm 50-100 min
intervalında ola bilər – yəni ailə təsərrüfatlarının maksimum 5%-i. Yuxarıda
həm kreditlərin təmərküzələşmə səviyyəsi, həm bahalı avtomobil parkının miqyası
da zəngin 5%-lik top ailə haqqında fikir yürütməyə imkan verir.
Yeri gəlmişkən, ötən il Dünya Bankı Azərbaycanda əhalini gəlirliliyə
görə, bu cür təsnif etmişdi: 5% yoxsul, 66% yoxsulluqdan çıxsa da orta sinfə
daxil ola bilməyən həssas əhali qrupu, 29% orta təbəqə.
Milli
gəlirdən kapitalın və muzdlu işçilərin aldlğı pay da sərvət qeyri-bərabərliyini
qiymətləndirmək üçün mühüm indikatordu. Amma yazı uzun alındı deyə həmin məsələ
barədə ayrıca yazacam...
No comments:
Post a Comment