Friday, June 24, 2016

Qlobal böhranlar və qapalı iqtisadiyyalar....

Qlobal iqtisadiyyatda baş verən neqativ proseslərdən o ölkə təsirlənir ki:
1) Ölkədə liberal iqtisadiyyat mövcuddur, kapitalın və işçi qüvvəsinin axını, valyuta məzənnələrinin formalaşması azad bazar mexanizmləri əsasında baş verir. Azərbaycanda bu mövcud deyil;
2) Ölkə iqtisadiyyatı ixracyönümlüdür - ixracın ÜDM-də payı 30-35%-dən az deyil. İxracın ÜDM-də payı yüksəldikcə, qlobal iqtisadiyyatdan asılılıq, son nəticədə qlobal iqtisadi böhranların təsirlənmək ehtimalı daha yüksək olur. İxracyönümlü ölkələrin qlobal böhranların neqativ təsirlərindən sığortalanması yalnız bir halda baş verir: ixrac həm əmtəə, həm də coğrafi strukturuna görə maksimum şaxələnmiş olur. Bu o deməkdir ki, hansısa mal qrupunun və xarici ölkənin ixracatçı ölkənin məcmu eksportunda payı 15-20%-dən çox deyil. Beynəlxalq təcrübədə bu hədd ideal ixrac diversifikasiyası hesab edilir. Nefti saymasaq Azərbaycan ixracyönlü ölkə deyil. Azərbaycanın qeyri-neft ixracının qeyri-neft ÜDM-də payı 3-4%-dən çox deyil;
3) Ölkə iqtisadiyyatı xammal ixracatı üzərində qurulub. Qlobal iqtisadi böhranlar bir qayda olaraq əmtəə bazarlarını çökdürür. Bu kanalla qlobal böhran Azərbaycana öz caynağını uzada bilir. Çünki ölkənin valyuta gəlirlərinin 90%-dən çox xammal sektoruna bağlıdır.
4) Ölkədə fond bazarı mövcuddur və milli fond birjası qlobal fond birjalarına inteqrasiya olunub. Bu gün dünyada fond bazarlarının qlobal həcmi 70 trillyon dolları ötür. Milli şirkətlərin fond birjalarının listinqinə daxil olması o deməkdir ki, qlobal böhranlarda səhm bazarlarının çöküşü şirkətlərin təmsil etdiyi milli valyutaları da çökdürür. Burda fond bazarları ilə valyuta bazarları arasında düz əlaqə mövcuddur. Fond bazarı iqtidadiyyatın (həmçinin milli sərvətin çox mühüm hissəsinin) dəyərini ifadə edir: fond bazarının məcmu dəyərinin artması iqtisadiyyatın "bahalanması" deməkdir, "bahalı" iqtisadiyyatın valyutası da bahalı olur. Bir qayda olaraq qlobal böhranlarda böhranın zəif həlqəsi olan ölkələrin səhmlərinin ucuzlaşması təhlükəsi qarşısnda investorlar onları sataraq can qurtarmağa, satışdan əldə etdikləri vəsaiti daha etibarlı valyutaya çevirərək ölkədən qaçırmağa üstünlük verirlər. Belə kapital qaçışı şəraitində həmin ölkənin fond bazarı ilə yanaşı valyuta bazarı da çöküşdən qurtara bilmir.
Azərbaycanda fond bazarı və deməli şirkətlərinin bazar dəyəri yoxdur, onların səhmləri açıq bazarda alınıb satılmır. Başqa sözlə, bizdə iqtisadiyyatın və onun arxasında duran milli valyutanın dəyərinin formalaşmasında fond bazarı həlledici faktor deyil.
5) Ölkə iqtisadiyyatında, ö cümlədən bank sektorunda xarici sərmayənin payı həlledicidir. Bu gün neft sektoruna qoyulan sərmayələri nəzərə almasaq xarici investisiyaların ümumi sərmayələrdə payı heç 10%-də deyil. Əmlak bazarında xarici sərmayələrin payı böyük olan ölkələr qlobal böhranlardan daha çox təsirlənir. Azərbaycanın belə bir qayğısı yoxdur.
6) Əhalinin gəlirlərinin formalaşmasında işçi qüvvəsi ixracından gəlirlərin payı yüksəkdir. Rusiya istisna olmaqla digər ölkələrdən işçi qüvvəsi ixracı hesabına Azərbaycana daxil olan remitansların əhalinin məcmu gəlirlərində payı heç 5%-dən də azdı.
7) Ölkənin xarici borclardan asılılığı kifayətə qədər yüksəkdir. Bütün sektorların (hökumət, biznes, bank) xarici borclarının ÜDM-də payı 60%-i ötürsə, qlobal maliyyə və valyuta böhranlarının təsiri daha böyük olur. Hazırda Azərbaycanda bu 3 sektorun xarici borclar;n;n ÜDM-də payı 50% ətrafındadır. Hələlik kritik həddə deyil, amma sürətlə genişlənir və getdikcə borclara xidmət xərclərinin artımı valyuta bazarında narahatlıqları da gücləndirir.
8) Xarici ölkələrə böyük sərmayə və əmanətlər yerləşdirib. Azərbaycanın bu narahatlığı var: valyuta ehtiyatlarımızın ən azı 90%-i və ya 35 milyard dollardan çox hissəsi xaricdədi. Bankların da xarici aktivlərini bunun üzərinə gəlsək, təxminən 40 milyard dollar xarici aktivdən söhbət gedir. Aktivlərin yerləşdirildiyi hansı valyuta dəyər itirəcəksə, biz də aktivlərimizin dəyərini ona proporsional olaraq itirəcəyik.
Bu amillərin sayını artırmaq mümkündü, lakin ən mühüm olanlarını qeyd elədim. Göründüyü kimi, sadalananlar arasında Azərbaycanı qlobal iqtisadiyyata bağlayan 2 vacib kanal var: xammal ixracı və xaricdəki aktivlərimiz. Ona görə də ilk növbədə əgər dünya xammal birjalarında kəskin ucuzlaşma olacaqsa, əsas təsirləri o zaman hiss edəcəyik - necə ki, 2009-cu ildə və ötən il neff 30 dollarlıq həddə düşəndə Azərbaycan iqtisadiyyatı ölümcül zərbələr aldı. Bir də əsas itkilərimizi Neft Fondunun və Mərkəzi Bankın xaricdəki aktivləri, bank sektorunun xarici aktivlərii vasitəsilə ölçə biləcəyik.
Qlobal iqtisadiyyatdan təcrid edilmiş qapalı iqtisadiyyatlar yoxsul iqtisadiyyatlar olur. Yoxsul iqtisadiyyatlar kasıb insanlar kimidi: ətrafda nə baş veridyi yoxsul insanları heç vaxt narahat etmir. Çünki böhranın onların əlindən alacağı heç nə yoxdu. Amma dünyada böhranlardan sonra intihar etmiş zəngin insan tarixçələri var - çünki itirəcəkləri çox şey olub....

No comments:

Post a Comment