Friday, December 16, 2016

Dəngəsi pozulan balans


Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə tədiyyə balansına dair məlumatları açıqlayıb.
2 devalvasiya qərarının qəbul edildiyi 2015-ci ilə nisbətən 2016-cı ildə tədiyyə balansında gərginliyin xeyli azaldığı müşahidə edilsə də, ümumi balans yenə mənfidir. Amma ən pisi odur ki, əvvəlki illərdə bir qayda olaraq cari əməliyyatlar balansında müsbət, maliyyə hesabında kəsir müşahidə edilirdi. Məsələn, son 20 ildə ölkənin valyuta sistemi üçün ən gərgi il kimi yadda qalan 
2015-ci ildə 9 ayın nəticələrinə görə cari əməliyyatlar balansında 240.5 mln. dollarlıq profisit yarandığı halda, bu ilin eyni dövründə 1.113 mlrd. dollarlıq defisit qeydə alınıb.
Yaranan kəsiri nəzərə almasaq, cari hesablar balansında müşahidə edilən əsas meyllər kimi bunları qeyd etmək olar:

1)      Xarici ticarət balansının müsbət saldosu 5.3 mlrd. dollardan 2.9 mlrd. dollara enib. Bu qarşılıqlı xarici ticarət əməliyyatları nəticəsində ölkəyə daxil olan valyuta kütləsinin 2.4 mlrd. dollar azalması deməkdir;
2)      Xidmətlər balansının mənfi saldosu 3.4 mlrd. dollardan təxminən 2.3 mlrd. dollara enib. Bu o deməkdir ki, qarşılıqlı beynəlxalq xidmət əməliyyatlarının nəticəsi kimi ölkədən çıxan xarici valyuta kütləsinin 1.1 mlrd. dollar azalması deməkdir. Xidmət əməliyyatları ilə bağlı mənfi tendensiya budur ki, qeyri—rezidentlərə göstərilən nəqliyyat xidmətlərinin həcmi 300 mln. dollar azalaraq 824 mln. dollara enib. Müsbət tendensiya isə odur ki, əcnəbilərə göstərilən turizm xidmətlərinin həcmi 383 mln. dollar artaraq 2.055 mlrd. dollara yüksəlib. Amma azərbaycanlı turistlərin xarici ölkələrdə xərclədiyi vəsaitlərin həcmində kəskin azalma olmayıb – cəmi 84 mln. azalıb. Azərbaycan vətəndaşlarının turist kimi xarici ölkələrdə xərclədiyi vəsaitin həcmi 1.847 mlrd. dollar olub.  
3)      Tikinti xidmətləri üzrə mənfi saldo ötən ilə nisbətən 750 mln. dollar azalaraq 2.817 mlrd. dolardan 2.162 mlrd. dollara enib. Azərbaycan demək olar ki, tikinti xidmətləri ixrac etmir (cəmi 19.2 mln dollarlıq tikinti xidmətləri ixrac edilib), əsasən idxal edir. 2016-cı ilin 9 ayında bu xidmətlər üzrə idxalın ümumi həcmi 2.187 mlrd. dollar təşkil edib. Bu məbləğin 2.101 mlrd. dolları neft-qaz sektorunun hesabına baş verib.
4)      İlkin gəlirlər hesabında təxminən 1.8 mlrd. dollar defisit yaranıb və 2015-ci ilin 9 ayının  göstəricisilə təxminən eynidir. Bu hesab çərçivəsində Azərbaycandan 2.5 mlrd. dollar ödəniş edilib. Həmin məbləğin 1.791 mlrd.  dolları beynəlxalq neft-qaz konsorsiumlarına düşən xam neftin dəyəridir. Yerdə qalan 709 mln. dollar isə xaricilərə ödənən əmək haqqı və xarici kreditlərə görə faiz ödənişləridir. Təəssüf ki, Mərkəzi Bank bu mövqlərin hər biri üzrə məlumatları ayrıca təqdim etmir.
5)      Təkrar gəlirlər hesabı çərçivəsində Azərbaycana daxil olan pul köşürmələri 2 dəfəyədək azalaraq 927 mln. dollardan 470 mln. dollara enib. Məlum olduğu kimi bu vəsait əsasən miqrant kimi, həmçinin xidməti vəzifə ilə əlaqədar xarici ölkələrdə çalışan həmvətənlərimizin yaxınlarına göndərdiyi vəsaitlərdir.        

Maliyyə hesabı ilə bağlı göstəricilərə gəldikdə, ölkəyə birbaşa investisiyalar formasında 5.4 mlrd. dollar daxil olub. Həmin vəsaitin 4.3 mlrd. dolları neft-qaz sektoru ilə bağlı olub ki, bu əvvəlki ilə nisbətən 700 mln. dollar azdır. Qeyri-neft sektoruna birbaşa sərmayələr isə 1.1 mlrd. dollar olub – 2015-ci ilin 9 ayına nisbətən 400 mln. dollar çoxdur.
Eyni zamanda, kredit və digər borcların ödənilməsi ilə bağlı 878 mln. dollar qeyri-rezidentlərə ödəniş həyata keçirilmişdi və bu əvvəlki ilə nisbətən 12 dəfə çoxdur. Depozitlər və nağd valyuta maddəsi üzrə ölkədən çıxan vəsaitərin həcmi 800 mln. dollardan bir qədər artıq olub. Halbuki 2015-ci ilin 9 ayında bu göstərici 5.5 mırd. dollara çatırdı.
Beləliklər, cari əməliyyatlar, kapital və maliyyə hesablarının yekunu olaraq 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının ümumu saldosu mənfi 1.190 mlrd. dollar olub. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib.

Göründüyü kimi, tədiyyə balansının mənfi saldosi 8 dəfəyədək azalsa da, valyuta bazarında gərginlik ötən ilə nisbətən əhəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz bunun başlıca səbəbi iqtisadiyyatın strukturunda, real sektorda, ölkənin maliyyə-bank sektorunda baş verən proseslər, xüsusilə Beynəlxalq Bank və iri dövlət şirkətlərinin daxili borclanmanın sürətlə genişlənməsi, iqtisadiyyatda əlavə dəyər yaratmayan maliyyə resurslarının yaratdığı təzyiq, milli valyuyata inamın sarsılması fonunda yüksək iqtisadiyyatda ifrat dollarlaşma kimi faktorlar həlledici rol oynayır.    

No comments:

Post a Comment