Wednesday, February 17, 2016

İki ay ömrü olan büdcə...

Hökumət 2016-cı ilin büdcəsini təsdiq edəndən cəmi 2 ay sonra dəyişir. Planlaşdırma və proqnozlaşdırma düzgün aparılmadığından təxminən 11 ay zaman sərf edilib hazırlanan büdcə sənədi yenidən işləniləsi oldu. 
Büdcənin indi qüvvədə olan variantı neftin qiymətinin 50 dollar, 1.05 manat/dollar məzənnəsi əsasında hesablanmışdı. Gəlirlər 14.566 milyard manat və ya 13.8 milyard dollar səviyyəsində proqnozlaşdırılmışdı.
Yeni variant isə neftin qiymətinin 25 dollar, 1.55 manat/dollar məzənnəsi əsasında hesablanır. Gəlirlərin məbləği 16.822 milyard manat və ya 10.8 milyard dollar proqnoz edilir.
Beləliklə, dövlət büdcəsinin gəlirləri manat ifadəsində 2.2 milyard manat artır, dollar ifadəsində 3 milyard dollar azalır. 
Artan 2.2 milyard manatın 408 millyon manatı Vergilər Nazirliyinin, 220 milyon manatı Gömrük Komitəsinin hesabına təmin ediləcək.
Medianın yaydığı məlumatda rast gəlmədim, amma aydındır ki, artımın yerdə qalan 1.6 milyard manatı Neft Fondundan transfertlər hesabına təmin ediləcək. Nəticədə büdcənin köhnə variantında Fondun öhdəliyi kimi müəyyən olunan 6 milyard manat 7.6 milyard manata çatdırılacaq.
Amma devalvasiya Neft Fondunun yükünü bir qədər yüngülləşdirir xilas edir - əgər köhnə məzənnə ilə 6 milyard manatı büdcəyə köçürmək üçün 5.7 milyard dollar lazım idisə, yeni məzənnə ilə 4.9 milyard dollar lazım olacaq.
Amma hökumətin Fondun gəlirlərini neftin 25 dollar qiyməti əsasında tərtib edəcəyini göz önünə gətirilsə, bu o deməkdir ki, Neft Fondunun büdcəsinin yenilənmiş variantında devalvasiyanın təsirləri nəzərə alınmaqla Fondun büdcə gəlirləri maksimum 5.4 milyard manat təşkil edəcək. Bu, yeni məzənnə ilə təxminən 3.5 milyard dollar valyuta gəlirinə bərabərdir.
Lakin büdcəyə transfertlərin yeni artımını da nəzərə aldıqda, Fondun xərcləri 10 milyard manata yaxınlaşacaq. Bu isə yeni məzənnə ilə 6.3 milyard dollara bərabərdir.
Göründüyü kimi icmal büdcənin yeni variantında Neft Fondunun kəsirinin azı 2.8 milyard dollara çatdırılması qaçılmazdır. Dekabrda təsdiq olunan büdcə ssenarisinə görə isə Neft Fondunun kəsirini örtmək üçün 1.4 milyard dollar yetərli idi.
Beləliklə, 2016-cı ilin dəyişən büdcəsi üçün manatın 50%-lik devalvasiyası yetərli olmadı. Hökumət Neft Fondunun kəsirini örtmək üçün Fondun xaricdəki aktivlərindən əlavə olaraq 1.4 milyard dollara yaxın - ümumilikdə isə 2.8 milyard dollar civarında vəsait götürməli olacaq. Əgər neftin qiyməti indiki səviyyədə qalsa, bu ilin sonunda Neft Fondunun aktivlərinin 30 milyard dollardan aşağı düşəcəyi qaçılmazdır...

No comments:

Post a Comment