Monday, January 4, 2016

Dərdinizi paylaşın, yoxsulluğun daşını atın...


2016-cı ildə Azərbaycan üçün ən kritik problem yoxsulluğun genişlənməsi olacaq. Hələ 6 ay əvvəl Dünya Bankının ölkəmizlə bağlı hazırladığı 2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi adlı sənəddə qeyd edilirdi ki, ölkədə rəsmi yoxsulluq göstəricisi 5% olsa da, 66% əhali yoxsulluq riskindən tam uzaqlaşıb orta təbəqəyə daxil ola bilməyib. Bank ekspertləri hesab edirdi ki, istənilən daxili və ya xarici şok bu həssas qrupu dərhal yoxsula çevrilə bilər.
Əslində artıq daxili şok baş verib - ərzaq qiymətləri və gündəlik tələbat üçün ən zəruri qeyri-ərzaq mallarının və dərmanların qiyməti orta hesabla 45-50% bahalanıb. Əlavə olaraq, belə bahalaşma mərhələsində büdcə investisiyalarının kəskin ixtisarı, istehsal xərclərinin kəskin artması fonunda müəssisələrin kütləvi fəaliyyətini dayandırması genişmiqyaslı işsizliklə müşahidə edilir.
Yoxsulluğun şiddətli miqyasda genişlənməsinin həddən artıq ciddi fəsadları olacaq. Cəmiyyətdə uzun illər ərzində daha çox siyasi səbəblərdən yaranan apatiya və ümidsizlik radikal cərəyanların əl-qol açması üçün olduqca əlverişli mühit yaradır.
Qiymətlərin kəskin bahalanması insanların gəlir artımı ilə müşahidə edilmədiyi şəraitdə hamı aclıq və xəstəlikdən qorunmaq üçün bütün ehtiyatlarını tükəndirmək məcburiyyətində qalır. İlk əvvəl ehtiyat (əlavə) əmlaklar (maşın və ya mənzil) satışa çıxarılır, bu ehtiyatları olmayanlar bankda (əgər varsa) saxladıqları əmanətləri xərcləməyə məcbur qalır. Əlbəttə, heç bir ehtyatı və əmanəti olmayanlar üçün vəziyyət çox ağır olur - belə insanların nəinki geyimlərini, hətta qidalarını, dərmanlarını belə ixtisar etməkdən savayı yolu qalmır.


Hökumətin atmalı olduğu əsas iqtisadi addımlar

  •  Yoxsulluğun və işsizliyin ölçülməsi mexanizmləri təkmilləşdirilməli, hər ay bütün regionlar üzrə real ölçmələr aparılmalı və nəticələri ictimaiyyətə elan edilməlidir. Problem xəstəlik kimidir -  həll eləməyin yolu dürüst diaqnostikadan keçir. 
  •  Hökumət özəl sektorun inkişafına bütün resurslarını cəlb etməlidi - təkcə güzəştli kreditlərin həcminin artırılmasından söhbət getmir, bu kreditlərin bölüşdürülməsində şəffaflıq təmin edilməli, həmin fondun vəsaitlərinin ən azə 65-70%-i mikro və kiçik sahibkarlara ünvanlanmalıdır (hazırda bu göstərici heç 20% də deyil).  
  • Xaricə məhsul ixracına başlayan sahibkarlar üçün xüsusi imtiyazlar tətbiq edilmlidir. Çünki indiki vaxtda ölkəyə valyuta gətirən sahibkarlğın dirçəldilməsinə ehtiyac var. Belə sahibkarlara “0” faizlə kredit, dövriyyəsinin həcmindən asılı olmayaraq sadələşdirilmiş verginin tətbiqi, ixracla bağlı bütün xərclərdən (məhsulun analizi, saxlanması və ixrac proseduru ilə bağlı xərclərdən) azad edilməsi imkanı yaradılmalıdır.   
  • Hökumət ordu və polisin, məktəb və xəstəxanaların, həbsxana və internatların qida ehtyacları üçün birbaşa fermerlərin özündən ərzaq almaq üçün tenderlər elan etməli, bu məhsullar hansısa vasitəçi şirkətdən yox, məhz fermerin özündən alınmalıdır - təbii ki, fitosanitar və baytarlıq müayinələrindən keçirilməklə şərtilə. 
  •  Ölkədə istehsalı ümumiyyətlə olmayan və ya minimum səviyyədə olana zəruri tələbat mallarının idxal xərclərini minimuma endirməlidi. Bu təcrübədən hazırda məhdud səviyyədə istifadə edilir. Məsələn, idxal buğdasına tətbiq olunan 18%-lik ƏDV-yə müddətli morotorium qoyulur. Məhsulların siyahısın ən azından yaxın 1 il üçün genişləndirmək mümkündür
  •  Dövlət təhsil sisteminin maliyyələməsində dövlətin payının artırılması hesabına əhalinin ödənişlərinin azaldılması. Hazırda dövlət ali təhsilində tələbələrin təxminən 70%-i ödənişli təhsil alır. İndiki sosial vəziyyətdə ödənişli təhsil yoxsul ailələri öz övladlarını təhsilə yönəltməkdən çəkindirə bilər. Hətta faktiki təhsil alan tələbələr təhslini yarmçıq buraxa bilər. 
  • Beynəlxalq donor təşkilatların və xarici investorların ölkəyə gəlişini çətinləşdirən bütün manelərin aradan qaldırılması. Nüfuzlu beynəlxalq təşkilatların qovulduğu və ya buraxılmadığı ölkəyə xarici sərmayə gəlməyəcək. Çünki beynəlxalq donor təşkilatları dünyada əsas rəyyaradıcı institutlardı.

Hökumətin atmalı olduğu əsas qeyri-iqtisadi addımlar

Problemi yalnız yoxsul insanlara hətta hər ay hansısa məbləğdə (50-100 manat) əlavə yardım eləməklə həll edəcəyini düşününənlər varsa, yanılırlar. Həmçinin problemin təkcə mərkəzi hökumətin gücü ilə həll ediləcəyini də fikirləşənlər yanlış yolda olacaqlar.
İnsan dərdi və problemi olanda 2 halda yüngülləşir, təskinlik tapır, problemi həll eləməyə inamı artır və özündə güc tapır:

1) Həmin problemi onun üzərindən atmağa (kökündən həll eləməyə) yetəcək qədər resurs (çarə) əldə edir.  
Ən səthi hesablamalara görə, qiymətlərin 40-50%-lik artımı Dünya Bankının yoxsul və yoxsulluq riski alıtında olan 71%-lik qrupu üçün ən azından 1 ildə 3.5-4 milyard manat əlavə gəlir tələb edir. Kobud hesablamadır, amma metodikası budur: son qiymət artımınadək 1 nəfərin minimum ərzaq və qeyri-ərzaq xərcləri üçün ayda 150-160 manat, ildə 1800-1850 manat tələb olunurdu. Həmin məbləği potensial risk qrupuna aid insanların sayına vuranda illik 11-12 milyard manat vəsait edirdi.
Aydın məsələdir ki, nə indiki büdcə məhdudiyyətləri şəraitində bu mərkəzi hökumətin bu xərclər qarşılaması realdır, nə də iqtisadi siyasət baxımından effektiv yoldur.

2)  İnsan problemin öhdəsindən o zaman gəlir ki, dərdini paylaşmağa insanlar tapa bilir. Bu, ilk növbədə onu nəzərdə tutur ki, insanların problemi sivil yollarla həll etmək üçün yerli özünüidarə və partiya həyatında daha fəal iştirakçılığına hökumət maraqlı olmalıdır - siyasi partiyalara və vətəndaş cəmiyyətinə qarşı mövqeyini yumşaltmaqla, bələdiyyələri gücləndirməklə. Şahidi olduğum üçün deyirəm, bir neçə il əvvələ qədər bütün rayonlarda partiyaların əksəriyyətinin ofisləri vardı – fəallar toplanırdı, müzakirələr aparırdılar, çıxış yolları arayırdılar. Son illər partiayaırın nəinki yerli, hətta mərkəzi ofisləri əllərindən alındı – nəticə göz qabağındadı. Cəmiyyətimizdə son 10 ildə radikallaşmanın 1 nömrəli səbəbinin bundan qaynaqlandığını kimsə dartışmaz.  Sadəcə böyük neft pulları dövründə bunun fəsadları hiss edilmirdi  - böyük pullar yuxu effekti yaratmışdı. İndi yoxsulluğun yaratdığı kəskin ağırlar cəmiyyəti oyandıracaq və fəsadlar bütün gücüylə özünü büruzə verəcək.  
Bu riskləri nəzərə alsaq,  hökumət həm insanların problemlərin həllinə daha sivil yollarla töhfə verməsi, həm də yerlərdə xərclərin daha şəffaf xərclənməsi üçün siyasi institutların fəaliyyətlərinə qoyulan məhdudiyyətlər aradan qaldırmalı, yerli hakimiyyət orqanlarının inzibati və maliyyə səlahiyyətlərinin bələdiyyələrə ötürülməsini təmin etməlidir. Problemi olan vətəndaş qayğııları əlindən evdən baş götürüb qaçanda özü də bilmədən özünü blədiyyələrin, sivil (dünyəvi) partiyaların və QHT-lərin ofislərində tapmalıdır. Anlayıram, bu təzədən "0" nöqtəsinə qayıtmadır. Amma ziyanın harasından qayıtsaq, fayda var.

Bu gün hökumətin sabah gec olacaq addımları atmaq üçün resursları və zamanı hələ ki var...  

Wednesday, December 23, 2015

Lari və manat, gürcülər və azərilər...



Milli valyutanın dayanıqlılığı iqtisadiyyatın rəqabət qabiliyyətliliyini və davamlılığını xarakterizə edən ən mühün indikatorlardan biridir. Lakin iqtisadiyyatı resurslardan kəskin asılı olan ölkələrdə durum bir qədər fərqlidi: dünya əmtəə bazarlarında qiymətlərin yüksək olduğu şəraitdə milli valyutanın dəyərini və gücünü iqtisadiyyatın rəqabət aparmaq imkanları deyil, onun arxasında duran xammalın qiyməti müəyyən edir. Bizim təcrübədə olduğu kimi: neft 100-120 dollardısa manat güclü və dəyərlidi, neft 30-40 dollardısa manat dəyərini və gücünü itirir. Hətta o qədər itirir ki, Bloomberg manatı ilin "dünyanın il ərizndə ən pis valyutası" adlandırır.
Lakin iqtisadiyyatı və valyuta gəlirləri şaxələnmiş iqtisadiyyatlarda tamam fərqli durumdu: milli valyutanın məzənnəsinin mümkün qədər sabit qalması, iqtisadiyyatın kənar şoklardan və inflyasiyadan sığortalanması üçün ölkənin valyuta gəlirləri mümkün qədər daha çox sahədən gəlməl və mümkün qədər onun həcmi ilbəil artmalıdı.
Həmçinin valyuta kütləsinin ölkəyə böyük həcmdə axması yalnız əmtəə və xidmət ixracının həcmindən asılı deyil. Əgər milli iqtisadiyyat xarici investorlar üçün cəlbedicidirsə, onların valyuta formasında sərmayələrinin daimi axını milli valyutanın sabitliyini təmin edən əsas mənbələrdən birinə çevriləcək.
Əksəriyyətin son zamanlaradək iqtisadi baxımdan zəif saydığı Gürcüstanla Azərbaycanın timsalında bir müqayisəyə baxaq.
Gürcü larisi son 5 ildə cəmi 40%, Azərbaycan manatı 1 ildə 2 dəfə dəyər itirib. Hər 2 ölkənin tədiyyə balansının məlumatlarını izləyəndə, manat və larinin məzənnəsinə təsir edən başlıca faktorları aydın görmək olur. Məsələn, 2010-2014 cü illərdə və 2015-ci lin 1-ci yarısında Gürcüstanın tədiyyə balansının ümumi saldosundakı kəsirin həcmi çox böyük olmadığına görə həm ölkənin valyuta ehtiyatlarının əriməsi, həm də gürcü larisinin kəskin dəyər itirməsi üçün zəmin yaranmayıb. Həmin müddətdə ən böyük kəsir 2011-ci ildə olub - 572 milyon dollar. Sonrakı illərdə artıq vəziyyət dəyişib: 2013-cü ildə saldo müsbət olub (ölkəyə gələn valyuta kütləsi gedən kütləni üstələyib), 2012 və 2014-cü illərdə təxminən 35 milyon dollarlıq, 2015-ci ilin ilk 6 ayında isə 20 milyon dollarlıq mənfi saldo yaranıb.
Azərbaycanda isə 2010-2014-cü illərdə hər il tədiyyə balansının ümumu müsbət saldosu 4-5 milyard dollardan az olmayıb - ta 2015-ci lədək. Bu ilin yarısında tədiyyə balansında 6 milyard dollardan çox mənfi saldo yaranıb.
2 ölkənin valyuta axınları arasında əsas fərq xidmətlər balansında və maliyyə hesabında özünü göstərir: 6 ayda Gürcüstanın xidmətlər balansında 335 milyon dollar müsbət saldo, Azərbaycanda isə 2.4 milyard dollar mənfi saldo yaranıb. Həmin müddətdə xarici investisiyaların və kreditlərin ölkəyə daha üstün sürətlə artması hesabına Gürcüstanın maliyyə hesabında 700 milyon dollardan artıq müsbət saldo yaranıb, amma Azərbaycana kapital və investisiya formasında ölkədən çıxan vəsaitin bu kanalla daxil olan vəsaiti kəskin üstələməsi nəticəsində 6.5 milyard mənfi saldo yaranıb.
Manat və lari: başqa valyutalar qarşısında birini yalnız neft himayə edirdi - qiymətdən düşəndə özü ilə bərabər manatı da dəyərdən salan neft.
O birini isə turizm, mineral sular, metallurgiya məhsulları, gürcü çaxırı himayə edib və hələ də edir. 
Son 5 ilin nəticəsinə görə larinin himayədarları daha etibarlı və güclü çıxıb...
Sonrasını da zaman göstərər

Tuesday, December 22, 2015

Aclıq, yoxsa yoxsulluq həddi?

Böyük neft pulları dövründə sosial müdafiənin təşkili bir mövzu olaraq aktual deyildi. Hərçənd ki, ölkədə sosial vəziyyət heç də yaxşı deyildi.
Kiçik ölkə üçün kifayət qədər iri məbləğə çatdırılmış büdcə vasitəsilə xərcləmələr, neft pulları hesabına həddən artıq böyük qazanc əldə eymək imkanı qazanmış oliqarxiyanın bir çox hallarda yalnız sosial sabitlik məqsədilə həyata keçirdiyi rentabelsiz iqtisadi layihələr hərəni bir tərəfdə ovundurmağa yetirdi. Xüsusilə də tikinti və xidmət sektoru işsizlər ordusu ilə bərabər sosial problemləri də öz içərisinə çəkmişdi. Üstəlik bahalı manat-ucuz dollar tandemi çox əlverişli sosial şərait yaratmışdı: inflyasiya yox, xaricdən gələn ərzaq və geyim də ucuz - 500 manat verib az qala 700 dollarlıq mal alırdın.
Belə şəraitdə "yaşayış minimumu", "ərzaq səbəti", "yoxsulluq" həddi, minimum əmək haqqı kimi vacib sosial normativlərin nə dərəcədə beynəlxalq praktikaya uyğun hesablanıb-hesablanmadığı hamının yadından çıxmışdı...
Amma indi vəziyyət dəyişib: sosial müdafiənin təşkili məsələləri yaxın illərdə ən aktual mövzu olaraq qalacaq. Ona görə hamı üçün maraqlı olacaq köhnə bir mövzuya diqqət çəkmək vacibdi...
Azərbaycanda hökumət yoxsulluq həddini yaşayaş minimunun dəyəri əsasında müəyyən edir. Yaşayaş minimunun dəyərini isə hər il parlament təsdiqləyir. 2016-cı il üçün orta statistiki vətəndaş üçün bu məbləğ 136 manat müəyyən edilib. Həmin 136 manat bir nəfərin ay ərzində həm ərzağa, həm geyimə, həm, sağlamlıq-təhsil-isirahət ilə bağlı xidmətlərə, həm də nəqliyyat-rabitə-kommunal xidmətlərə çəkdiyi xərclərə yetməlidi. Sizcə yetərmi?
Problem ondadır ki, bizim hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir, amma beynəlxalq təcrübədə onlar ayrıca təsdiqlənir.
Təxminən 1 ay öncə kiçik bir hesablama aparmışdım - "Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" hökumətin 2005-ci il 23 iyun tarixli qərarında nəzərdə tutulan istehlak normativləri əsasında. Məlum oldu ki, 1 nəfərin o zamankı qiymətlərlə ərzağa olan minimum tələbatını ödəmək üçün 100 manat tələb olunur. Yerdə qalan 36 manatın isə insanların yerdə qalan tələbatını nə dərəcədə ödəyə biləcəyi bir ayrı mövzudu. Sadəcə mən Türkiyə təcrübəsinə diqqət edəndə bizdə insanların sosial müdafiəsinin effektiv təşkili üçün sosial normativlərin tətbiqində çox mühüm bir boşluq gördüm: Türkiyədə "aclıq sınırı" və "yoxsulluq sınırı" ayrıca hesablanır. "Aclıq sınırı" insanların yalnız ərzağa olan tələbatının dəyəridi. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün "aclıq sınırı"nın dəyəri 480 dollardır - yəni 1 nəfər üçün 120 dollar. Amma "yoxsulluq sınırı" göstəricisi ərzaqla yanaşı ən zəruri xidmətlər dəstinin minimum dəyərini ifadə edir. 4 nəfərlik ailə üçün "yoxsulluq sınırı"nın dəyəri 1570 dollardır - yəni 1 nəfər üçün 392.5 dollar. Türkiyədə hazırda minimum əmək haqqı 340 dollar ətrafındadı. Bu odeməkdir ki, 4 nəfərlik bir ailədə minimum əmək haqqı alacağı tədqirdə ən azından ailənin ərzaq minimumunun 70-75%-ni ödəyə bilər. Amma bizdə minimum əmək haqqı (105 manat) nəinki ailədəki 4 nəfərin, yalnız bir nəfərin minimum ərzaq tələbatını ödəyə bilir.
Fikir verirsiniz, Türkiyədə 1 nəfərin yoxsulluğu qarşılamaq üçün müəyyən edilən dəyərdə ərzaqğın payı cəmi 30%-di. Bizdə isə isə hökumətin "yoxsulluq həddi" kimi müəyyən etdiyi 136 manatın 74%-i ərzaq tələbatı ilı bağlıdı. Eyniz zamanda bizdə "yoxsulluq sınırı" göstəricisinin dəyəri Türkiyədəki "aclıq sınırı" göstəricisinin dəyərinə uyğundur. Bu o deməkdir ki, bizdə hökumətin elan elədiyi "5.5% yoxsulluq" əslində "aclıq həddi göstəricisidi".
Bu qeydlərdən çıxan nəticə:

1) hökumət ərzaq səbətinin və bütövükdə yaşayış minimumunun dəyərini ayrıca olaraq hesablayıb rəsmi elan etməlidi.
2) İnflyasiyanın səviyyəsi müəyyən bir həddi (məsələn, 5%-i) keçdikdə həm ərzaq səbətinin, həm də yaşayış minimumunun dəyərinə ildə bir dəfə deyil, hər rübdə baxmalıdı.
3) Ərzaq səbəti ailə üçün hesablanmalıdı;
4) Minimum əmək haqqının həcmi ailənin ərzaq səbətinə uyğunlaşdırılmalı, inflyasiyaya uyğun müntəzəm indeksasiya olunmalıdı. Minimum əmək haqqının həcminin ailənin ərzaq səbətinə uyğunlaşdırılmasının 1 məntiqi izahı var: əmək qabiliyyətli yaşadək övladlar valideynin öhdəliyi altındadı və onların minimim yaşayışına da ata-ananın minimum qazancları çərçivəsində təminat verilir. Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatının Azərbaycanın da qoşulduğu 122 saylı «Minimum əmək haqqının təyin edilməsi haqqında» konvensiyasında birbaşa göstərilir ki, işçinin aldığı minimum əmək haqqı onun və öhdəsində olan ailənin minimum ehtiyaclarını ödəməlidir.

Monday, December 21, 2015

Yeni qiymətlər, əski gəlirlər, qayçılanmış qida rasionu... Devalvasiyanın dağ çəkəcəyi borclular

Son bir idə resurs ölkələrinin hamısının valyutası qara günlərini yaşayır. Rusiya rublu, Azərbaycan manatı və Qazaxıstan təngəsi 2 dəfəyədək dəyərdən düşüb, Nigeriya nayrası 20%, Norveç kronu 30%, Bariziliya rialı 40%-dək dəyərini itirib. Yalnız Səudiyyə rialı əvvəlki məzənnəsini qoruyub. Neft ölkələrindən yalnız  Norveç, Rusiya, Qazaxıstan və Braziliya üzən valyuta rejiminə keçmişdi.
Yeri gəlmişkən BVF-nin məlumatına görə, hazırda təşkilata  üzv ölkələrin cəmi 35%-i üzən məzənnə rejimi tətbiq edir – onlardan isə 16% dövlət tam sərbəst üzən valyuta məzənnə tətbiq edir. Yerdə qalanlar idarə edilən üzən valyuta rejimi müəyyənləşdirib. Tam sərbəst üzən valyuta rejimindən fərqli olaraq idarə olunan üzən məzənnə şəraitində hökumətlər inflyasiyanı hədəfləyirlər və ölkədə inflyasuyanın səviyyəsi hədəf göstəricini keçdiyi şəraitdə valyuta bazarına müdaxilə edilir. Belə təhlükə olmadıqca, məzənnə tələb-təklif əsasında formalaşır.  
Hər 2 valyuta rejiminin öz üstünlükləri və çatışmazlıqları var. Məsələn, fiksə olunmuş məzənnənin ən mühüm üstünlüyü odur ki, valyuta bazarını proqnozlaşdırmaq mümkün olur. Bu həm ev təsərrüfatlarına, həm də biznesə öz davranışını tənzimləmək, planlama üçün çox vacibdi. Başqa üstünlükləri də var: beynəlxalq kreditlərin və xarici ticarətin həcminə müsbət təsir göstərir, inflyasiyaya qarşı sığorta mexanizmidi. Mənfi tərəfi odur ki, Mərkəzi Bankın müstəqil və çevik pul-kredit siyasəti həyata keçirmək imkanını məhdudlaşdırır, ölkənin valyuta ehtiyatlarını daima risk altında saxlayır, ixrac potensialına mənfi təsir edir.
Üzən məzənnə ehtiyatların tükənməsinin qarşısını almaqla yanaşı çevik pul-kredit siyasəti üçün təminat verən rejimdi. Amma beynəlxalq ticarət və maliyyə əməliyyatları, inflyasiya üçün həmişə risk qalır – xüsusilə də azad iqtisadi münasibətlərin olmadığı şəraitdə bu risklər daha da yüksəlir.
Azərbaycan iqtisadiyyatının hazırkı strukturu və problemləri üzən məzənnə rejiminin üstünlüklərindən bəhrələnməyə imkan yaratmır. Söhbət hansı imkanların olmamasından gedir? Əvvəla, üzən məzənnə rejimi bilavasitə azad mexanizmidi və rəqabətli iqtisadiyyatın olmadığı , azad bazar institutlarının fəaliyyət göstərmədiyi şəraitdə bu rejimin tətbiqi ağır nəticələr verir. Üzən rejim şəraitində inflyasiyanın böyük sosial fəsadlarını yalnız ölkədə inhisarçılıqdan azad sahibkarlıq sektoru, sərt və korrupsiya mexanizmlərindən uzaq gömrük-vergi tənzimlənməsi təmin edir. Yaxşı futbol oynamaq üçün peşəkar hakimlər komandası, 22 futbolçu, oynamaq üçün topun olması nəyə lazmdı - əgər yaşıl meydança yoxdusa? SSRİ-dən qalma köhnə iqtisadi idarəetmə, vəhşi dövlət kapitalizminə məxsus ultra inhisarlaşmış iqtisadi mühit ilə üzən valyuta rejimi kimi xalis bazar alətini bir araya gətirmək arzusu, görünür ancaq bizdə eksperment edilə bilər.  

Üzən məzənnə rejimi iqtisadiyyatın müəyyən ixrac potensialının mövcudluğu, idxaldan asılılığın kəskin xarakter almadığı şəraitdə fayda verir. Özünü “aqrar ölkə” adlandıran ölkədə buğda və çörək məmulatlarının az qala 60, kərə və bitki yağlarının 50-80, geyim bazarının azı 70, dərman bazarının 100, məişəd avadanlıqlarının azı 80-90%-i idxaldan asılı ölkədə valyutanın sərbəst buraxlılması yoxsul təbəqə üçün məşəqqətli sosial şərait vəd edir.
Üzən məzənnə rejimi ölkəyə kapital axını üçün əlverişli iqtisadi mühitin olduğu şəraitdə ölkə üçün uduşlu olur. Ölkəyə gələn xarici kapitalın ölkədən çıxan kapitaldan üstünlüyü yoxdursa, üzən məzənnə rejimi milli valyutanın müntəzəm ucuzlaşması, iqtisadiyyatın inflyasiya burulğanında boğulması ilə müşaiyət ediləcək. Rəsmi məlumata görə, 2015-c ilin 9 ayında Azərbaycana kapital formasında daxil olan valyuta cəmi 3.1 milyard dollar, çıxan isə 9.7 milyard dollar olub - fərq  6.6 milyard dollar (3 dəfə). Halbuki, məsələn, 2014-cü ildə həmin fərq 2 milyard dollardan da az olmuşdu. Cari əməliyyatlar hesabının müsbət saldosunun cəmi 40 dəfəyədək azaldığı şəraitdə kapital axınlarının bu cür böyük mənfi saldosu üzən rejiminin tətbiqi üçün çox riskli zamanın seçildiyini göstərir.           
Nəhayət, iqtisadiyyatın üzləşdiyi risklər barədə. Bank sektorunun valyuta ilə borcları 5.5 milyard dollara yaxındı. Bu o deməkdir ki, bank sektoru ən azı manatla 3 milyard manat əlavə borc qaytarmalı olacaq. Ötən devalvasiayada da təxminən bank sektorunun xaricə borca xidmət xərci bu qədər artmışdı. Cəmi bir ildə təkcə xarici borclarına görə 6 milyard manat zərərə düşən bank sektoru əlavə olaraq 1.5 milyard manat da dollarla depozitlərə görə ödəyəcəklər. Çünki hazırda banklarda valyuta ilə qoyulmuş  təxminən 12 milyard dollar həcmində depozit var. Doğrudur, banklar bu resursların təxminən 9 milyardını dolları krediti kimi verib və bu o deməkdir ki, arada qalan 3 milyard dollara yaxln vəsait devalvasiya nətcəsində dəyərdən düşüb və depozit sahiblərinə onları qaytarmaq üçün manat ifadəsində əlavə olaraq 1.5 milyard manat vəsaitə ehtiyac var. İqtisadi fəallığın, kreditlərə təlabatın sürətlə azaldığı, kredit reytinqlətinin pisləşməsi üzündən xarici resurslara çıxışın məhdudlaşdığı, Mərkəzi Bankın dəstək imkanlarının minimuma endiyi şəraitdə bank sektoru bu zərəri necə qarşılayacaq? Bu sektoru yaxın aylarda çox çətin sınaqlar gözləyir. Xüsusilə gözlənulən qiymət artımı nəticəsində maddi durumun ağırlaşması əhalini depozitlərdən daha fəal istifadəyə vadar edəcək. Bu da nəzərə alınsa, bank sekorunun üzləşəcəyi ağır vəziyyəti təsəvvür etmək çətin deyil.
Əhalinin aldığı zərbə də çox ağır olacaq - təkcə qiymət artımı baxımından yox - təxminən 9 milyard dollar xarici valyuta ilə kreditə görə azı 4.5 milyard manat əlavə vəsait ödəməlidi. İndiki ağır sosial durumda insanlar bu vəsaiti hansı mənbədən alacaq?            
Yeganə təskinlik hökumətindi - ötən il bu zamanlar 5 milyard dolları Neft Fondundan büdcəyə transfert edəndə cəmi 3.8 milyard manat vəsait xərcləyə bilirdi, indi bu bu məbləğ artıq 10 milyard manata təşkil edir. Hökimət devalvasiya ilə təkcə ehtiyatları xilas etməyə hədəfə almayıb - devalvasiya büdcədə neftin açıdığı çox böyük "deşiyi" də yamamaq üçün dərman oldu.   
Yaddan çıxan çox vacib məsələ var: hökumət yaşayış minimumunu, yoxsulluq üçün ehtiyac həddini  cəmi 1 aydı təsdiqləyib. Amma gözlənilən kəskin qiymət artımı həmin göstəriclərə yenidən baxmağı qaçılmaz edir. Baxacaqlarmı? Baxacaqlarsa, büdcəni də dəyişmək lazımdı- maaş, pensiya və müavinətlər artırmaq üçün. 
Amma deyəsən ucuz neft erasının bədəlini biz ödəyəcəyik - yeni qiymətlər, əski gəlirlər, qayçılanmış qida rasionu... Geyimlərinizə də köhnə deyib atmayın - hələ çox lazım olacaq   

Manatın günahı nə?

Bu gün yayılan xəbərlərdən belə aydın oldu ki, dekabr ayında Mərkəzi Bankın ehtiyatlarında sürətli ərimə davam etməkdədi. Çox narahatedici durumdu - ehtiyatların sürətli əriməsi ölkənin maliyyə sisteminin kollapsına səbəb ola bilər.
Bisnes də, vətəndaşlar da bu prosesdən eyni dərəcədə zərbə alacaq - biznes müflis olmaqla, vətandaşlar məşəqqtəli sosial durumla.
Ehtiyatlar niyə əriyir? Bunun səbəbi vətəndaşlar deyil - vətəndaşın sadəcə olaraq dollar almağa pulu yoxdu. Hər halda Elman müəllimin "yastıq" söhbətini cəmiyyətimiz gərgin dövrdə əsəbləri sakitləşdirməyə hesablanmış yumor kimi qəbul etdi.
Əsas səbəb kənara valyuta axınıdı. Sadəcə Mərkəzi Bank şəffaf bir qurum olaraq cəmiyyətin qarşısına çıxıb gerçək durumu izah etmək istəmir. Nədən söhbət gedir?
1) Bu sırf ehtimaldı, amma reallığa çox yaxındı - idxala rəsmi elan ediləndən daha çox valyuta xərclənir.
Rəsmi məlumata görə, bu ilin 10 ayının nətisəcinə görə ixrac idxalı 2.2 milyard dollar üstələyib. UNCTAD-ın məlumatları əsasında ötən il apardığımız tədqiqat göstərdi ki, idxalın rəsmi həcmi real həcmindən azı 30% az göstərilir. İndi Mərkəzi Bank deyə bilərmi: belə alternativ hesablaması varmı, varsa nəticələr nə göstərir? Yoxdursa niyə kifayət real olan bir problemi araşdırmağa maraqlı deyillər?
2) Ölkədən kənara sərmayə və əmanət formasında çıxan leqal və qeyri-leqal kapitalın həcmi ölkəyə cari valyuta axınlarının müqabilində həddən artıq böyükdür.
Qeyri-leqal kapitalın həcmini hökumətin özündən başqa kimsə deyə bilməz.
Amma rəsmi olaraq ölkədən kənara çıxan valyutanın həcmi kəskin artıb və bu fakt onu deməyə əsas verir ki, qeyri-leqal kapitalın da artımı baş verir. Rəsmi olaraq Azərbaycandan çıxan kapitala diqqət yetirək: 2015-ci ilin 9 ayı ərzində birbaşa investisiya formasında Azərbaycandan xaricə 2.6 milyard dollar çıxıb. Bu məbləğin 1.4 milyard dolları Neft Şirkətinin xaricdəki layihələri ilə bağlıdı. Bəs yerdə qalan 1.2 milyard birbaşa investisiya kimi hansı ölkələrə gedib - milli iqtisadiyyatın hazırkı sərmayə və valyuta defisiti dövründə?
Vacib məqam: 2012-2014-ci illərin eyni dövründə xaricə çıxan birbaşa investisiyalar cəmi 2.7 milyard dollar olmuşdu. Təkcə bu fakt 2015-ci ildə kapital axının necə sürətləndiyini təsdiq edir.
Ölkədən kənara çıxan kapitalın həcminin böyüklüyünü təsdiqləyən 2-ci fakt: "depozitlər və nağd valyuta" formasında bu ilin 9 ayında ölkədən kənara 4.6 milyard dollar çıxıb. Bu 2014-cü ilin 9 ayına nisbətən təxminən 1.3 milyard dollar çoxdu.
3-cü fakt: 2015-ci ildə xaricilər Azərbaycandan "kreditlər və digər investisiyalar" maddəsi altında 824 milyon dollar çıxarıblar. Halbuki 2014-cü ildə bu maddə altında xaricilər Azərbaycana 1.042 milyard dollar valyuta gətirmişdilər.
4-cü fakt: tədiyyə balansının metodologiyasına görə, "uçota alınması mümkün olmayan valyuta kütləsi" böyüyüb. 2015-ci ilin 9 ayında uçotsuz ölkədən çıxan valyuta uçotsuz daxil olan valyutadan 2.8 milyard dollar çox olub. Halbuki 2014-cü ildə (9 ay) həmin fərq 1.7 milyard dollar, 2013-də isə 900 milyon dollar olmuşdu.
Kənara valyuta axınlarının bu qədər artdığı dövrdə ölkəyə daxil olan valyuta həcminin azalma miqyasına baxın: 2015-c ilin 9 ayında əmtəə ixracı və kreditlər hesabına daxil olan valyuta 10 milyard dollara çatmır.
Amma 2014-də 20 milyard dollar ətrafında idi. İndi manat bu stiuasiyada necə davranmalıdı və "yastıqsevərlik"də günahlandırılan sadə vətəndaşın günahı nə?

Friday, November 6, 2015

"Neft lənəti", artan vergi yükü, siyasi gözləntilər...

2012-ci ildə Britaniyada çap olunan "Neft lənəti" kitabının müəllifi Maykl Ross hesab edir ki, uzun illər resurs gəlirlərini xərcləməyə alışmış ölkələrdə vergiləri birdən-birə kəskin artırmağın düşər-düşməzi olur. Onun arqumentlərinə sonda qayıdacam, amma Azərbaycan hakimiyyətinin vergiləri artırmaq yolu tutduğu bir zamanda bəzi maraqlı rəqəmlərə və müqayisələrə mütləq baxmaq lazımdı.

Azərbaycan büdcəsində vergilərin payı həmişə aşağı olub. Bu, resurs ölkələrinin demək olar ki, hamısı üçün xarakterikdi. Məsələn, büdcə gəlirlərinin ən piki ilində - 2013-cü ildə büdcənin ümumi mədaxili 19.5 milyard manat olduğu ildə - Vergilər Nazirliyi və Gömrük Komitəsinin büdcəyə birgə ödənişi təxminən büdcənin 40%-i qədər olmuşdu. Biznesdən və vətəndaşdan birbaşa alınmayan vergiləri - ARDNŞ və xarici neft şirkətlərinin ödədiyi vergiləri nəzərə almasaq, yerdə qalan vergilərin həcmi təxminən 5 milyard manat edir - məcmu büdcə gəlirlərinin təxminən 25%-i qədər olub. Çıxan nəticə budur ki, vətəndaşdan və biznesdən birbaşa alınan vergi büdcənin hər 4 manatından cəmi 1 manatını təşkil edir. Müqayisə üçün deyim ki, inkişaf etmiş dünyada büdcənin ən azı 80-85%-i vergilərdən formalaşır.
Bu statistik mənzərəni cızmaqda məqsədim var: qeyri-leqal vergi yükünü nəzərə almasaq, böyük neft pulları dövründə vətəndaşın və biznesin vergi yükü ağır olmayıb. Amma indi hökumət neft gəlirlərinin kəskin azaldlğı dövrdə vergiləri artırmaq yolunu tutur. Xidmət və ticarət sferasında sadələşdirilmiş vergi dərəcələrinin hazırkı 2-4%dən 6-8%-ə yüksəldilməsi, mənzil satışının vergiyə cəlbi üçün baza rolunu oynayan mənzilə sahib olma dövrünü 3 ildən 5 ilə artırılması, vergi sanksiya və cərimələrin məbləğlərinin çoxaldılması bunun göstəricisidi. Amma reallıq onu göstərir ki, neftdənkənar sahələrin vergi potensialı yetərincə məhduddur və ən yaxşı halda itirilən neft gəlirlərinin 5-10 %-ni kompensasiya edə bilir. Fakt - neftin dünya bazar qiymətinin 100 dollar olduğu dövrlə müqayisədə hökumətin neft gəlirləri 10 milyard manata qədər azalıb, amma gələn il üçün Vergilər Nazirliyinin qeyri-neft sektorundan vergi proqnozu cəmi 500 milyon manat artırılıb. Hökumət itirilən 10 milyard manat neft gəliri müqabilində cəmi 500 milyon manat qeyri-neft gəliri çıxarır? Hətta etibarlılığına yetərincə güvənc olamayan rəsmi statistikaya görə, qeyri-neft sektorunun istehsal potensialı böyük deyil, digər tərəfdən isə qeyri-sabitdi. Çox üzdə olan bir fakta baxaq: yenə də rəsmi məlumatlara görə, ölkədə istehlak olunan kərə yağının təxminən yarısı, çay istehlakının yarısı, şirniyyat və qənnadı məmulatlarının 75-80%-i, bitki yağlarının 60%-i, bütün növdə olan qida mənşəli yarma məmulatlarının 80%-i idxal edilir. Azərbaycanda real vəziyyətdə və iqtisadiyyatın hazırkı strukturunu göz önünə aldıqda qeyri-neft sektorunun ən böyük vergi ödəyici qida sektoru ola bilər, bu sektorun da məhsullarının əhəmiyyətli hissəsini bizə xarici sahibkarlar satır, vergilərini də öz büdcələrinə ödəyirlər.  
Nəzərə alaq ki, Azrəbaycanda qeyri-neft sektorunun ölkənin ixracında payı 5-6 faizdi və ixrac qazancı olmayan, kiçik (məhdud həcmli) daxili bazara hədəflənən bisnesin böyük gəlriləri olmadığı kimi böyük vergi potensialına malik olması da mümkün deyil. Üstəlik, böyük resurs gəlirləri dövründə iri hökumət sifarişləri üzərində böyüyən biznesin xammalın dünya bazar qiymətlərində qiymətinin endiyi dövrdə qara günləri başlayır - hökumət sifarişləri kəskin məhdudlaşır. Belə vəziyyətdə onları gəlirlərinin azalmasına adekvat vergi ödənişlərini də azaldırlar.

Mayk Rossun dediklərinə gəlirəm. Ross "Neft lənəti" kitabında müftə resurs gəlirlərinə alışmış cəmiyyətlərə xitab edərək yazır ki, bu qəbil ölkələrdə cəmiyyət (istər biznes, istərsə vətəndaşlar) onlardan az alıb (vergi formasında) onlara daha çox qaytaran (müxtəlif xidmətlər, güzəştlər və s. formasında) qaytaran hökumətləri dəstəkləyir. Müəllif belə hökumətlərin hamısını öz hakimiyyətlərini qoruyan və vətəndaşı loyallaşdıran avtoritar hakimiyyət hesab edir və onun fikrincə bu vəziyyəti dəyişmək istəyən hakimiyyətlərin özlərinin dəyişdirilməsi təşəbbüsləri güclənməyə başlayır.  Rossa görə, vergilərin artımı nəticəsində yaranan ictimai güc demokratik inqilab dalğası yaratmağa yetməsə belə, gec-tez hakimiyyətdə təmsilçi (seçkili) gücün çəkisinin və nüfuzunun artması qaçılmaz olur. Müəllifin məntiqi izahı budur ki, tarixən monarxlar məhz vergilərin artımından doğan narazılıqları məsuliyyətini və kütləvi qəzəbi parlamentlə paylaşmağa üstünlük veriblər.
Maykl Rossun gəldiyi nəticənin Azərbaycan üçün nə dərəcədə keçərli olacağını yaxın 1-2 ildə görmək mümkün olacaq - əgər neftin qiyməti indiki səviyyədə qalmaqda davam etsə.

Monday, October 19, 2015

Adam Smitin "görünməyən əl" i və bizim milli "görünməz əlimiz"

Sahibkarlığa müdaxilələrin azaldılması, yoxlamalara bir neçə illik moratorium qoyulması və lisenziyalarının sayını minimuma endirməklə yanaşı onların verilməsində şəffaflığın artırılması istiqamətində atılan addımlara təqdir etmək olar.
Amma nəticələrə baxmaq lazımdı - bu addımlar ölkədə azad sahibkarlıq mühitini dəyişəcəkmi, sahibkarların hüquqlarını qoruyacaqmı, onların ucuz və əlverişli şərtlərlə kredit bazarına çıxışını asanlaşdıracaqmı - bir sözlə sahibkar özünə baxıb sahibkar adlandıra biləcəkmi?
Amma bu sulların cavabı müsbət deyil.Ölkədə neftin büdcədəki yükünü çəkə biləcək kiçik və orta sahibkarlığın qısa müddət ərzində formalaşmasına səmimi istək varsa, aşağıdakı addımlar atılmalıdır:

1) Ölkədə sahibkarın hüququnu qoruyacaq, hətta prezidentin qeyri-rəsmi tapşırığı olsa belə, sahibkarın üzləşdiyi qanunsuzlara göz yummayan ədalətli və cəsarətli məhkəmə sisteminin qurulması. Üfüqdə bunun baş verəcəyinin işartıları da görünmür. Üstəgəl bunun üçün institusional baza, kadr heyəti belə yox kimi görünür;

2) Sahibkarların maraqlarını qoruyan, onların istənilən problemlərindən ötrü icra və hüquq--mühafizə orqanlarının qarşısına çıxa biləcək, hətta sahibkar hüquqlarını pozan istənilən naziri kürsüsündən ala bilən, sahibkarların mənafeyinə xidmət edən qanunlar qəbul etmək iqtidarında olan peşəkar Parlamentin mövcudluğu. Hakimiyyətin seçkilərlə bağlı niyyəti və planları göz qabağındadı - bu sualın cavabını hazır deputat siyahısı verir.

3) Sahibkarların maraqlarını qoruyan, onları hər zaman "məmur kəndirindən" ala bilən müstəqil media və ictimai təşkilatların maneəsiz fəaliyyətinin təmin edilməsi. Təkcə vətəndaş cəmiyyətinə son ilyarımda tutulan divan kifayətdir ki, bu məqamın üzərindən sükutla keçəsən. İndi  boğulan sahibkarın hüquqlarını bağırmalı olan müstəqil vətəndaş cəmiyyətinin özü elə boğulur ki, tutmağa saman çöpü də qalmayıb;

4) Sahibkarlığın əhatə olunduğu yerli idarəetmə mühitinin dəyişdirilməsi - söhbət icra hakimiyyətlərinin zəiflədilməsi müqabilində yerli səviyyədə seçkili orqanların gücləndirilməsindən gedir. Halbuki 3 il əvvəl icra hakmiyyətlərilə bağlı yeni əsasnamənin qəbulu ilə Prezident Administrasiyası cəmiyyətə mesaj verdi ki, yaxın 10-15 ildə bu qurumlar hakimi-mütləq olaraq qalacaq. Məlumat üçün deyim ki, bu cür ultramərkəzləşmiş idarəetmə şəraitində azad sahibkarlıq yaratmaq mümkün deyil - bütün səviyyələrdə demokratik yolla formalaşan seçkili orqanların mövcudluğu azad sahibkarlıq üçün "olmazsa olmaz" şərtidir;

5) Kiçik və orta sahibkarların götürdüyü kreditlərə dövlər zəmanət fondunun yaradılmasına ehtiyac var. Əks halda indiki riskli şəraitdə banklar zəruri girov təminatı olmayan kiçik və orta sahibkaralara kredit dəstəyi verməyəcəklər.

6) Təkcə lisenziyaların və yoxlamaların deyil, müdaxilə edən gərəksiz dövlət qurumlarının sayı ixtisar edilməlidi. Sahibkar harda başını qaldırır, orda qarısında bir dövlət qurumu və məmur ordusu görür.

7) Vergilərin sayının və vergi yükünün azaldılmasına ehtiyac var. Məsələn, mikro (məsələn, illik dövriyyəsi 50 000 dolları ötməyən) və kiçik (məsələn, illik dövriyyəsi 250 000-300 000 dolları ötməyən) sahibkarlar üçün aid olduğu sektorun xarakterindən, şəhər və kənddə çalışmasından asılı olaraq illik sabit vergi məbləği müəyyən edilə bilər. Hüquqi şəxslərin əmlak və torpaq vergisi bir vergi formasında birləşdirilə və "mülkiyyət vergisi" adlandırıla bilər. Ödəmə mənbəyində verginin dərəcəsini hazırkı 14%-dən 8-10% həddinədək, mənfəət vergisinin dərəcəsini hazırkı 20%-dən 15%-ə  azaltmaq lazımdı. Gəlir vergisinin hazırkı 2 pilləli (14% və 25%) sistemindən vahid vergi dərəcəsinə (maksimum 20%) keçmək məqsədəuyğundur. Gizli dövriyyələrin leqallaşdırılması, sahibkarlığın inkişafı baxımından bunlar çox mühümdür.     

8) Məmurların gəlir və əmlak bəyannaməsi mexanizminə dərhal keçid təmin edilməlidi. Bizneslə məşğul olan və ya yaxın ətrafının biznesinə dəstək verən məmurları aşkara çıxaran və onlara ən sərt cəzaları verən mexanizmlər dərhal işə salınmalıdı.

Siyahını kifayət qədər uzatmaq olar, amma lisenziyaların və rəsmi yoxlamaların sayı heç də sahibkarlığı hazırkı duruma salan həlledici səbəblər deyil. Sahibkarları rəsmi yoxlamalar deyil, qeyri-rəsmi müdaxilələr çökdürür. Lisenziyaların sayı minimuma enə bilər, amma hətta bu sayda lisenziyanı çox asanlıqla alan sahibkarları boğan "gözəgörünməz əl", ağır vergi yükü qalacaqsa, vəziyyət dəyişməyəcək. ASAN Xidmətdə hamının gözü qarşısında, bir neçə saat içərisində lisenziyaların verilməsinin effekti biznesin "vahid pəncərə" əsasında qeydiyyatı qədər ola bilər - əgər yuxarıda sadalanan mühit yaradılmayacaqsa. Yeri gəlmişkən, Adam Smitin məşhur "görünməyən əl" konsepsiyası sahibkarlığı inkişaf etdirən qüvvəni nəzərdə tuturdu. Amma bizim milli "görünməz əlimiz" həmişə sahibkarlığa boğan statusda çıxış edib.

5-6 il əvvələ qayıdın, biznesin "vahid pəncərə" əsasında qeydiyyata keçidini xatırlayın və ötən müddətdə ölkədə sahibkarların gün-güzəranını gözünüz önünə gətirin. Hər şey çox sadədir - insanın ürəyi ağrıyırsa, ən müasir üsullarla belə onun böyrəyinin müalicəsinə girişmək zaman itkisidi, onun ölüm fərmanını imzalamaqdı. Məncə bizim sahibkarların indi onları dirildən fərmanlara çox ehtiyac var....