Amma nəticələrə baxmaq lazımdı - bu addımlar ölkədə azad sahibkarlıq mühitini dəyişəcəkmi, sahibkarların hüquqlarını qoruyacaqmı, onların ucuz və əlverişli şərtlərlə kredit bazarına çıxışını asanlaşdıracaqmı - bir sözlə sahibkar özünə baxıb sahibkar adlandıra biləcəkmi?
Amma bu sulların cavabı müsbət deyil.Ölkədə neftin büdcədəki yükünü çəkə biləcək kiçik və orta sahibkarlığın qısa müddət ərzində formalaşmasına səmimi istək varsa, aşağıdakı addımlar atılmalıdır:
1) Ölkədə sahibkarın hüququnu qoruyacaq, hətta prezidentin qeyri-rəsmi tapşırığı olsa belə, sahibkarın üzləşdiyi qanunsuzlara göz yummayan ədalətli və cəsarətli məhkəmə sisteminin qurulması. Üfüqdə bunun baş verəcəyinin işartıları da görünmür. Üstəgəl bunun üçün institusional baza, kadr heyəti belə yox kimi görünür;
2) Sahibkarların maraqlarını qoruyan, onların istənilən problemlərindən ötrü icra və hüquq--mühafizə orqanlarının qarşısına çıxa biləcək, hətta sahibkar hüquqlarını pozan istənilən naziri kürsüsündən ala bilən, sahibkarların mənafeyinə xidmət edən qanunlar qəbul etmək iqtidarında olan peşəkar Parlamentin mövcudluğu. Hakimiyyətin seçkilərlə bağlı niyyəti və planları göz qabağındadı - bu sualın cavabını hazır deputat siyahısı verir.
3) Sahibkarların maraqlarını qoruyan, onları hər zaman "məmur kəndirindən" ala bilən müstəqil media və ictimai təşkilatların maneəsiz fəaliyyətinin təmin edilməsi. Təkcə vətəndaş cəmiyyətinə son ilyarımda tutulan divan kifayətdir ki, bu məqamın üzərindən sükutla keçəsən. İndi boğulan sahibkarın hüquqlarını bağırmalı olan müstəqil vətəndaş cəmiyyətinin özü elə boğulur ki, tutmağa saman çöpü də qalmayıb;
4) Sahibkarlığın əhatə olunduğu yerli idarəetmə mühitinin dəyişdirilməsi - söhbət icra hakimiyyətlərinin zəiflədilməsi müqabilində yerli səviyyədə seçkili orqanların gücləndirilməsindən gedir. Halbuki 3 il əvvəl icra hakmiyyətlərilə bağlı yeni əsasnamənin qəbulu ilə Prezident Administrasiyası cəmiyyətə mesaj verdi ki, yaxın 10-15 ildə bu qurumlar hakimi-mütləq olaraq qalacaq. Məlumat üçün deyim ki, bu cür ultramərkəzləşmiş idarəetmə şəraitində azad sahibkarlıq yaratmaq mümkün deyil - bütün səviyyələrdə demokratik yolla formalaşan seçkili orqanların mövcudluğu azad sahibkarlıq üçün "olmazsa olmaz" şərtidir;
5) Kiçik və orta sahibkarların götürdüyü kreditlərə dövlər zəmanət fondunun yaradılmasına ehtiyac var. Əks halda indiki riskli şəraitdə banklar zəruri girov təminatı olmayan kiçik və orta sahibkaralara kredit dəstəyi verməyəcəklər.
6) Təkcə lisenziyaların və yoxlamaların deyil, müdaxilə edən gərəksiz dövlət qurumlarının sayı ixtisar edilməlidi. Sahibkar harda başını qaldırır, orda qarısında bir dövlət qurumu və məmur ordusu görür.
7) Vergilərin sayının və vergi yükünün azaldılmasına ehtiyac var. Məsələn, mikro (məsələn, illik dövriyyəsi 50 000 dolları ötməyən) və kiçik (məsələn, illik dövriyyəsi 250 000-300 000 dolları ötməyən) sahibkarlar üçün aid olduğu sektorun xarakterindən, şəhər və kənddə çalışmasından asılı olaraq illik sabit vergi məbləği müəyyən edilə bilər. Hüquqi şəxslərin əmlak və torpaq vergisi bir vergi formasında birləşdirilə və "mülkiyyət vergisi" adlandırıla bilər. Ödəmə mənbəyində verginin dərəcəsini hazırkı 14%-dən 8-10% həddinədək, mənfəət vergisinin dərəcəsini hazırkı 20%-dən 15%-ə azaltmaq lazımdı. Gəlir vergisinin hazırkı 2 pilləli (14% və 25%) sistemindən vahid vergi dərəcəsinə (maksimum 20%) keçmək məqsədəuyğundur. Gizli dövriyyələrin leqallaşdırılması, sahibkarlığın inkişafı baxımından bunlar çox mühümdür.
8) Məmurların gəlir və əmlak bəyannaməsi mexanizminə dərhal keçid təmin edilməlidi. Bizneslə məşğul olan və ya yaxın ətrafının biznesinə dəstək verən məmurları aşkara çıxaran və onlara ən sərt cəzaları verən mexanizmlər dərhal işə salınmalıdı.
Siyahını kifayət qədər uzatmaq olar, amma lisenziyaların və rəsmi yoxlamaların sayı heç də sahibkarlığı hazırkı duruma salan həlledici səbəblər deyil. Sahibkarları rəsmi yoxlamalar deyil, qeyri-rəsmi müdaxilələr çökdürür. Lisenziyaların sayı minimuma enə bilər, amma hətta bu sayda lisenziyanı çox asanlıqla alan sahibkarları boğan "gözəgörünməz əl", ağır vergi yükü qalacaqsa, vəziyyət dəyişməyəcək. ASAN Xidmətdə hamının gözü qarşısında, bir neçə saat içərisində lisenziyaların verilməsinin effekti biznesin "vahid pəncərə" əsasında qeydiyyatı qədər ola bilər - əgər yuxarıda sadalanan mühit yaradılmayacaqsa. Yeri gəlmişkən, Adam Smitin məşhur "görünməyən əl" konsepsiyası sahibkarlığı inkişaf etdirən qüvvəni nəzərdə tuturdu. Amma bizim milli "görünməz əlimiz" həmişə sahibkarlığa boğan statusda çıxış edib.
5-6 il əvvələ qayıdın, biznesin "vahid pəncərə" əsasında qeydiyyata keçidini xatırlayın və ötən müddətdə ölkədə sahibkarların gün-güzəranını gözünüz önünə gətirin. Hər şey çox sadədir - insanın ürəyi ağrıyırsa, ən müasir üsullarla belə onun böyrəyinin müalicəsinə girişmək zaman itkisidi, onun ölüm fərmanını imzalamaqdı. Məncə bizim sahibkarların indi onları dirildən fərmanlara çox ehtiyac var....
No comments:
Post a Comment