Böyük neft pulları dövründə sosial müdafiənin təşkili bir mövzu olaraq aktual deyildi. Hərçənd ki, ölkədə sosial vəziyyət heç də yaxşı deyildi.
Kiçik ölkə üçün kifayət qədər iri məbləğə çatdırılmış büdcə vasitəsilə xərcləmələr, neft pulları hesabına həddən artıq böyük qazanc əldə eymək imkanı qazanmış oliqarxiyanın bir çox hallarda yalnız sosial sabitlik məqsədilə həyata keçirdiyi rentabelsiz iqtisadi layihələr hərəni bir tərəfdə ovundurmağa yetirdi. Xüsusilə də tikinti və xidmət sektoru işsizlər ordusu ilə bərabər sosial problemləri də öz içərisinə çəkmişdi. Üstəlik bahalı manat-ucuz dollar tandemi çox əlverişli sosial şərait yaratmışdı: inflyasiya yox, xaricdən gələn ərzaq və geyim də ucuz - 500 manat verib az qala 700 dollarlıq mal alırdın.
Belə şəraitdə "yaşayış minimumu", "ərzaq səbəti", "yoxsulluq" həddi, minimum əmək haqqı kimi vacib sosial normativlərin nə dərəcədə beynəlxalq praktikaya uyğun hesablanıb-hesablanmadığı hamının yadından çıxmışdı...
Amma indi vəziyyət dəyişib: sosial müdafiənin təşkili məsələləri yaxın illərdə ən aktual mövzu olaraq qalacaq. Ona görə hamı üçün maraqlı olacaq köhnə bir mövzuya diqqət çəkmək vacibdi...
Azərbaycanda hökumət yoxsulluq həddini yaşayaş minimunun dəyəri əsasında müəyyən edir. Yaşayaş minimunun dəyərini isə hər il parlament təsdiqləyir. 2016-cı il üçün orta statistiki vətəndaş üçün bu məbləğ 136 manat müəyyən edilib. Həmin 136 manat bir nəfərin ay ərzində həm ərzağa, həm geyimə, həm, sağlamlıq-təhsil-isirahət ilə bağlı xidmətlərə, həm də nəqliyyat-rabitə-kommunal xidmətlərə çəkdiyi xərclərə yetməlidi. Sizcə yetərmi?
Problem ondadır ki, bizim hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir, amma beynəlxalq təcrübədə onlar ayrıca təsdiqlənir.
Təxminən 1 ay öncə kiçik bir hesablama aparmışdım - "Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" hökumətin 2005-ci il 23 iyun tarixli qərarında nəzərdə tutulan istehlak normativləri əsasında. Məlum oldu ki, 1 nəfərin o zamankı qiymətlərlə ərzağa olan minimum tələbatını ödəmək üçün 100 manat tələb olunur. Yerdə qalan 36 manatın isə insanların yerdə qalan tələbatını nə dərəcədə ödəyə biləcəyi bir ayrı mövzudu. Sadəcə mən Türkiyə təcrübəsinə diqqət edəndə bizdə insanların sosial müdafiəsinin effektiv təşkili üçün sosial normativlərin tətbiqində çox mühüm bir boşluq gördüm: Türkiyədə "aclıq sınırı" və "yoxsulluq sınırı" ayrıca hesablanır. "Aclıq sınırı" insanların yalnız ərzağa olan tələbatının dəyəridi. Hazırda Türkiyədə 4 nəfərlik ailə üçün "aclıq sınırı"nın dəyəri 480 dollardır - yəni 1 nəfər üçün 120 dollar. Amma "yoxsulluq sınırı" göstəricisi ərzaqla yanaşı ən zəruri xidmətlər dəstinin minimum dəyərini ifadə edir. 4 nəfərlik ailə üçün "yoxsulluq sınırı"nın dəyəri 1570 dollardır - yəni 1 nəfər üçün 392.5 dollar. Türkiyədə hazırda minimum əmək haqqı 340 dollar ətrafındadı. Bu odeməkdir ki, 4 nəfərlik bir ailədə minimum əmək haqqı alacağı tədqirdə ən azından ailənin ərzaq minimumunun 70-75%-ni ödəyə bilər. Amma bizdə minimum əmək haqqı (105 manat) nəinki ailədəki 4 nəfərin, yalnız bir nəfərin minimum ərzaq tələbatını ödəyə bilir.
Fikir verirsiniz, Türkiyədə 1 nəfərin yoxsulluğu qarşılamaq üçün müəyyən edilən dəyərdə ərzaqğın payı cəmi 30%-di. Bizdə isə isə hökumətin "yoxsulluq həddi" kimi müəyyən etdiyi 136 manatın 74%-i ərzaq tələbatı ilı bağlıdı. Eyniz zamanda bizdə "yoxsulluq sınırı" göstəricisinin dəyəri Türkiyədəki "aclıq sınırı" göstəricisinin dəyərinə uyğundur. Bu o deməkdir ki, bizdə hökumətin elan elədiyi "5.5% yoxsulluq" əslində "aclıq həddi göstəricisidi".
Bu qeydlərdən çıxan nəticə:
1) hökumət ərzaq səbətinin və bütövükdə yaşayış minimumunun dəyərini ayrıca olaraq hesablayıb rəsmi elan etməlidi.
2) İnflyasiyanın səviyyəsi müəyyən bir həddi (məsələn, 5%-i) keçdikdə həm ərzaq səbətinin, həm də yaşayış minimumunun dəyərinə ildə bir dəfə deyil, hər rübdə baxmalıdı.
3) Ərzaq səbəti ailə üçün hesablanmalıdı;
4) Minimum əmək haqqının həcmi ailənin ərzaq səbətinə uyğunlaşdırılmalı, inflyasiyaya uyğun müntəzəm indeksasiya olunmalıdı. Minimum əmək haqqının həcminin ailənin ərzaq səbətinə uyğunlaşdırılmasının 1 məntiqi izahı var: əmək qabiliyyətli yaşadək övladlar valideynin öhdəliyi altındadı və onların minimim yaşayışına da ata-ananın minimum qazancları çərçivəsində təminat verilir. Yeri gəlmişkən, Beynəlxalq Əmək Təşkilatının Azərbaycanın da qoşulduğu 122 saylı «Minimum əmək haqqının təyin edilməsi haqqında» konvensiyasında birbaşa göstərilir ki, işçinin aldığı minimum əmək haqqı onun və öhdəsində olan ailənin minimum ehtiyaclarını ödəməlidir.
No comments:
Post a Comment