Monday, December 21, 2015

Yeni qiymətlər, əski gəlirlər, qayçılanmış qida rasionu... Devalvasiyanın dağ çəkəcəyi borclular

Son bir idə resurs ölkələrinin hamısının valyutası qara günlərini yaşayır. Rusiya rublu, Azərbaycan manatı və Qazaxıstan təngəsi 2 dəfəyədək dəyərdən düşüb, Nigeriya nayrası 20%, Norveç kronu 30%, Bariziliya rialı 40%-dək dəyərini itirib. Yalnız Səudiyyə rialı əvvəlki məzənnəsini qoruyub. Neft ölkələrindən yalnız  Norveç, Rusiya, Qazaxıstan və Braziliya üzən valyuta rejiminə keçmişdi.
Yeri gəlmişkən BVF-nin məlumatına görə, hazırda təşkilata  üzv ölkələrin cəmi 35%-i üzən məzənnə rejimi tətbiq edir – onlardan isə 16% dövlət tam sərbəst üzən valyuta məzənnə tətbiq edir. Yerdə qalanlar idarə edilən üzən valyuta rejimi müəyyənləşdirib. Tam sərbəst üzən valyuta rejimindən fərqli olaraq idarə olunan üzən məzənnə şəraitində hökumətlər inflyasiyanı hədəfləyirlər və ölkədə inflyasuyanın səviyyəsi hədəf göstəricini keçdiyi şəraitdə valyuta bazarına müdaxilə edilir. Belə təhlükə olmadıqca, məzənnə tələb-təklif əsasında formalaşır.  
Hər 2 valyuta rejiminin öz üstünlükləri və çatışmazlıqları var. Məsələn, fiksə olunmuş məzənnənin ən mühüm üstünlüyü odur ki, valyuta bazarını proqnozlaşdırmaq mümkün olur. Bu həm ev təsərrüfatlarına, həm də biznesə öz davranışını tənzimləmək, planlama üçün çox vacibdi. Başqa üstünlükləri də var: beynəlxalq kreditlərin və xarici ticarətin həcminə müsbət təsir göstərir, inflyasiyaya qarşı sığorta mexanizmidi. Mənfi tərəfi odur ki, Mərkəzi Bankın müstəqil və çevik pul-kredit siyasəti həyata keçirmək imkanını məhdudlaşdırır, ölkənin valyuta ehtiyatlarını daima risk altında saxlayır, ixrac potensialına mənfi təsir edir.
Üzən məzənnə ehtiyatların tükənməsinin qarşısını almaqla yanaşı çevik pul-kredit siyasəti üçün təminat verən rejimdi. Amma beynəlxalq ticarət və maliyyə əməliyyatları, inflyasiya üçün həmişə risk qalır – xüsusilə də azad iqtisadi münasibətlərin olmadığı şəraitdə bu risklər daha da yüksəlir.
Azərbaycan iqtisadiyyatının hazırkı strukturu və problemləri üzən məzənnə rejiminin üstünlüklərindən bəhrələnməyə imkan yaratmır. Söhbət hansı imkanların olmamasından gedir? Əvvəla, üzən məzənnə rejimi bilavasitə azad mexanizmidi və rəqabətli iqtisadiyyatın olmadığı , azad bazar institutlarının fəaliyyət göstərmədiyi şəraitdə bu rejimin tətbiqi ağır nəticələr verir. Üzən rejim şəraitində inflyasiyanın böyük sosial fəsadlarını yalnız ölkədə inhisarçılıqdan azad sahibkarlıq sektoru, sərt və korrupsiya mexanizmlərindən uzaq gömrük-vergi tənzimlənməsi təmin edir. Yaxşı futbol oynamaq üçün peşəkar hakimlər komandası, 22 futbolçu, oynamaq üçün topun olması nəyə lazmdı - əgər yaşıl meydança yoxdusa? SSRİ-dən qalma köhnə iqtisadi idarəetmə, vəhşi dövlət kapitalizminə məxsus ultra inhisarlaşmış iqtisadi mühit ilə üzən valyuta rejimi kimi xalis bazar alətini bir araya gətirmək arzusu, görünür ancaq bizdə eksperment edilə bilər.  

Üzən məzənnə rejimi iqtisadiyyatın müəyyən ixrac potensialının mövcudluğu, idxaldan asılılığın kəskin xarakter almadığı şəraitdə fayda verir. Özünü “aqrar ölkə” adlandıran ölkədə buğda və çörək məmulatlarının az qala 60, kərə və bitki yağlarının 50-80, geyim bazarının azı 70, dərman bazarının 100, məişəd avadanlıqlarının azı 80-90%-i idxaldan asılı ölkədə valyutanın sərbəst buraxlılması yoxsul təbəqə üçün məşəqqətli sosial şərait vəd edir.
Üzən məzənnə rejimi ölkəyə kapital axını üçün əlverişli iqtisadi mühitin olduğu şəraitdə ölkə üçün uduşlu olur. Ölkəyə gələn xarici kapitalın ölkədən çıxan kapitaldan üstünlüyü yoxdursa, üzən məzənnə rejimi milli valyutanın müntəzəm ucuzlaşması, iqtisadiyyatın inflyasiya burulğanında boğulması ilə müşaiyət ediləcək. Rəsmi məlumata görə, 2015-c ilin 9 ayında Azərbaycana kapital formasında daxil olan valyuta cəmi 3.1 milyard dollar, çıxan isə 9.7 milyard dollar olub - fərq  6.6 milyard dollar (3 dəfə). Halbuki, məsələn, 2014-cü ildə həmin fərq 2 milyard dollardan da az olmuşdu. Cari əməliyyatlar hesabının müsbət saldosunun cəmi 40 dəfəyədək azaldığı şəraitdə kapital axınlarının bu cür böyük mənfi saldosu üzən rejiminin tətbiqi üçün çox riskli zamanın seçildiyini göstərir.           
Nəhayət, iqtisadiyyatın üzləşdiyi risklər barədə. Bank sektorunun valyuta ilə borcları 5.5 milyard dollara yaxındı. Bu o deməkdir ki, bank sektoru ən azı manatla 3 milyard manat əlavə borc qaytarmalı olacaq. Ötən devalvasiayada da təxminən bank sektorunun xaricə borca xidmət xərci bu qədər artmışdı. Cəmi bir ildə təkcə xarici borclarına görə 6 milyard manat zərərə düşən bank sektoru əlavə olaraq 1.5 milyard manat da dollarla depozitlərə görə ödəyəcəklər. Çünki hazırda banklarda valyuta ilə qoyulmuş  təxminən 12 milyard dollar həcmində depozit var. Doğrudur, banklar bu resursların təxminən 9 milyardını dolları krediti kimi verib və bu o deməkdir ki, arada qalan 3 milyard dollara yaxln vəsait devalvasiya nətcəsində dəyərdən düşüb və depozit sahiblərinə onları qaytarmaq üçün manat ifadəsində əlavə olaraq 1.5 milyard manat vəsaitə ehtiyac var. İqtisadi fəallığın, kreditlərə təlabatın sürətlə azaldığı, kredit reytinqlətinin pisləşməsi üzündən xarici resurslara çıxışın məhdudlaşdığı, Mərkəzi Bankın dəstək imkanlarının minimuma endiyi şəraitdə bank sektoru bu zərəri necə qarşılayacaq? Bu sektoru yaxın aylarda çox çətin sınaqlar gözləyir. Xüsusilə gözlənulən qiymət artımı nəticəsində maddi durumun ağırlaşması əhalini depozitlərdən daha fəal istifadəyə vadar edəcək. Bu da nəzərə alınsa, bank sekorunun üzləşəcəyi ağır vəziyyəti təsəvvür etmək çətin deyil.
Əhalinin aldığı zərbə də çox ağır olacaq - təkcə qiymət artımı baxımından yox - təxminən 9 milyard dollar xarici valyuta ilə kreditə görə azı 4.5 milyard manat əlavə vəsait ödəməlidi. İndiki ağır sosial durumda insanlar bu vəsaiti hansı mənbədən alacaq?            
Yeganə təskinlik hökumətindi - ötən il bu zamanlar 5 milyard dolları Neft Fondundan büdcəyə transfert edəndə cəmi 3.8 milyard manat vəsait xərcləyə bilirdi, indi bu bu məbləğ artıq 10 milyard manata təşkil edir. Hökimət devalvasiya ilə təkcə ehtiyatları xilas etməyə hədəfə almayıb - devalvasiya büdcədə neftin açıdığı çox böyük "deşiyi" də yamamaq üçün dərman oldu.   
Yaddan çıxan çox vacib məsələ var: hökumət yaşayış minimumunu, yoxsulluq üçün ehtiyac həddini  cəmi 1 aydı təsdiqləyib. Amma gözlənilən kəskin qiymət artımı həmin göstəriclərə yenidən baxmağı qaçılmaz edir. Baxacaqlarmı? Baxacaqlarsa, büdcəni də dəyişmək lazımdı- maaş, pensiya və müavinətlər artırmaq üçün. 
Amma deyəsən ucuz neft erasının bədəlini biz ödəyəcəyik - yeni qiymətlər, əski gəlirlər, qayçılanmış qida rasionu... Geyimlərinizə də köhnə deyib atmayın - hələ çox lazım olacaq   

No comments:

Post a Comment