Mərkəzi Bankın 2017-ci ilin pul siyasətinin istiqamətləri ilə
bağlı bəyanatında verilən mesajlarda manatın gələcək taleyinə münasibətdə
hökumətin davranışları aşkar yazılıb.
Bank qeyd edir ki, üzən məzənnə rejiminə tam keçid istiqamətində addımlar davam etdiriləcək.
Azərbaycan iqtisadiyyatının problemlərini, mövcud sturkturunu, həmçinin tədiyyə balansının bütün mövqeləri üzrə valyutaya tələb və təklifin real miqyasını qiymətləndirmək imkanında olan bütün təhlilçilər bilir ki, bu gün hökumətin iştirakı olmadan milli iqtisadiyyat valyutaya real tələbin ən yaxşı halda 50%-ni ödəmək imkanındadır.
Belə vəziyyətdə tam sərbəst üzən məzənnəyə keçid mümkün
deyil.
Bunu Mərkəzi Bankdan yaxşı bilən ikinci bir təsisat və ya
şəxs də yoxdu. Sadəcə Bank demək istəyir ki, yenə də neft bahalanmayacaqsa,
bazarın ehtiyaclarına uyğun tələbin qarşısına uyğun həcmdə valyuta təklifi ilə çıxmaq mümkün
olmayacaqsa, milli valyutanın yenə də ucuzlaşacaq və biz bunun adını "tam
üzən məzənnəyə keçid istiqamətində islahatların davam etdirilməsi"
qoyacağıq.
MB bəyanatında vəziyyətin yaxşı olmayacağına aşkar
eyhamlar var. Məsələn, qeyd edir: "Neftin dünya qiymətinin əhəmiyyətli
yüksəlməyəcəyi təqdirdə cari hesabda kapitalın və maliyyənin hərəkəti hesabının
kəsirini örtə biləcək qədər profisitin yaranması ehtimalı hələ ki,
aşağıdır". MB-nin dediyi bu stiuasiyanın mənası odur ki, gələn il də ödəmə
balansında kəsirin olacağı realdır.
Bəyantda verilən daha bir mesaj: "Dövlət sektorunun
xarici borc ödənişləri ilə bağlı irihəcmli valyuta öhdəlikləri və strateji
enerji layihələrinin maliyyələşdirilməsi kapital və maliyyə hesabına təsir
edəcək. Qeyd olunan amillərin təsiri altında tədiyə balansında gözlənilən
irihəcmli kəsirin idarə edilməsi makroiqtisadi sabitliyə təsir edəcək".
Bunun açılışı odur ki, hökumətə xarici borcların qaytarılması və xaricdəki
layihələrə (TANAP, TAP və s.) kifayət qədər böyük valyuta lazım olacaq və bu
daxili valyuta bazarında vəziyyəti daha da qəlizləşdirəcək.
MB qeyd edir ki, xarici valyutada bir sıra öhdəliklərin
məqsədyönlü tənzimlənməsi üçün taktiki tədbirlərə əl atılacaq və bu addımlar
manatın məzənnəsinə olan təzyiqləri əhəmiyyətli neytrallaşdırmağa imkan
verəcək. Bunun açılışı isə odur ki, hökumət Neft Fondundan dövlət büdcəsinə
transfertlər etmədən birbaşa hökumətin xarici öhdəlikləri üçün xarici
aktivlərdən yararlana bilər. Bunu hansı mexanizmlərlə edəcəklər, onu da
zamanında görmək mümkün olacaq. İl boyu xarici borclanmanın sürətlə artırılması
da yəqin ki, həmin taktiki addımlar sırasındadır.
MB-nin qeydlərindən belə aydın olur ki, valyuta bazarında
iştirak etməyə hazırlaşmır, amma bir istisna ilə- məzənnənin kəskin
dəyişkənliyini məhdudlaşdırmağa ehtiyac olarsa, bazara müdaxilə edə bilər.
Amma aydın olmur ki, "məzənnənin kəskin dəyişkənliyi"
dedikdə hansı hədd nəzərdə tutulur. MB üçün məzənnənin 5, 15 yoxsa 50%
dəyişməsi "kəskindir"?
Bu sənəddə aydın görünür ki, 2017-ci ildə iqtisadi
proseslər sadə vətəndaş üçün nə qədər dumanlı görünürsə, ölkədə makroiqtisadi
stisusiyanı proqnozlaşdırmağa və tənzimləməyə məsul olan əsas təsisatlardan
biri kimi MB üçün də əhəmiyyətli dərəcədə qeyri-meəyyəndir.
Gözəl yazıdır.Təşəkkürlər
ReplyDeleteSağ olun İlkin bəy
Deletemöhtəşəm1
ReplyDelete