Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə tədiyyə balansına dair
məlumatları açıqlayıb.
2 devalvasiya qərarının qəbul edildiyi
2015-ci ilə nisbətən 2016-cı ildə tədiyyə balansında gərginliyin xeyli azaldığı
müşahidə edilsə də, ümumi balans yenə mənfidir. Amma ən pisi odur ki, əvvəlki
illərdə bir qayda olaraq cari əməliyyatlar balansında müsbət, maliyyə hesabında
kəsir müşahidə edilirdi. Məsələn, son 20 ildə ölkənin valyuta sistemi üçün ən
gərgi il kimi yadda qalan
2015-ci ildə 9 ayın nəticələrinə görə cari
əməliyyatlar balansında 240.5 mln. dollarlıq profisit yarandığı halda, bu ilin
eyni dövründə 1.113 mlrd. dollarlıq defisit qeydə alınıb.
Yaranan kəsiri nəzərə almasaq, cari hesablar
balansında müşahidə edilən əsas meyllər kimi bunları qeyd etmək olar:
1) Xarici ticarət balansının
müsbət saldosu 5.3 mlrd. dollardan 2.9 mlrd. dollara enib. Bu qarşılıqlı xarici
ticarət əməliyyatları nəticəsində ölkəyə daxil olan valyuta kütləsinin 2.4
mlrd. dollar azalması deməkdir;
2) Xidmətlər balansının mənfi
saldosu 3.4 mlrd. dollardan təxminən 2.3 mlrd. dollara enib. Bu o deməkdir ki,
qarşılıqlı beynəlxalq xidmət əməliyyatlarının nəticəsi kimi ölkədən çıxan
xarici valyuta kütləsinin 1.1 mlrd. dollar azalması deməkdir. Xidmət
əməliyyatları ilə bağlı mənfi tendensiya budur ki, qeyri—rezidentlərə
göstərilən nəqliyyat xidmətlərinin həcmi 300 mln. dollar azalaraq 824 mln.
dollara enib. Müsbət tendensiya isə odur ki, əcnəbilərə göstərilən turizm
xidmətlərinin həcmi 383 mln. dollar artaraq 2.055 mlrd. dollara yüksəlib. Amma
azərbaycanlı turistlərin xarici ölkələrdə xərclədiyi vəsaitlərin həcmində
kəskin azalma olmayıb – cəmi 84 mln. azalıb. Azərbaycan vətəndaşlarının turist
kimi xarici ölkələrdə xərclədiyi vəsaitin həcmi 1.847 mlrd. dollar olub.
3) Tikinti xidmətləri üzrə mənfi
saldo ötən ilə nisbətən 750 mln. dollar azalaraq 2.817 mlrd. dolardan 2.162
mlrd. dollara enib. Azərbaycan demək olar ki, tikinti xidmətləri ixrac etmir
(cəmi 19.2 mln dollarlıq tikinti xidmətləri ixrac edilib), əsasən idxal edir.
2016-cı ilin 9 ayında bu xidmətlər üzrə idxalın ümumi həcmi 2.187 mlrd. dollar
təşkil edib. Bu məbləğin 2.101 mlrd. dolları neft-qaz sektorunun hesabına baş
verib.
4) İlkin gəlirlər hesabında
təxminən 1.8 mlrd. dollar defisit yaranıb və 2015-ci ilin 9 ayının göstəricisilə təxminən eynidir. Bu hesab
çərçivəsində Azərbaycandan 2.5 mlrd. dollar ödəniş edilib. Həmin məbləğin 1.791
mlrd. dolları beynəlxalq neft-qaz
konsorsiumlarına düşən xam neftin dəyəridir. Yerdə qalan 709 mln. dollar isə xaricilərə
ödənən əmək haqqı və xarici kreditlərə görə faiz ödənişləridir. Təəssüf ki,
Mərkəzi Bank bu mövqlərin hər biri üzrə məlumatları ayrıca təqdim etmir.
5) Təkrar gəlirlər hesabı
çərçivəsində Azərbaycana daxil olan pul köşürmələri 2 dəfəyədək azalaraq 927
mln. dollardan 470 mln. dollara enib. Məlum olduğu kimi bu vəsait əsasən
miqrant kimi, həmçinin xidməti vəzifə ilə əlaqədar xarici ölkələrdə çalışan
həmvətənlərimizin yaxınlarına göndərdiyi vəsaitlərdir.
Maliyyə hesabı ilə bağlı göstəricilərə gəldikdə,
ölkəyə birbaşa investisiyalar formasında 5.4 mlrd. dollar daxil olub. Həmin
vəsaitin 4.3 mlrd. dolları neft-qaz sektoru ilə bağlı olub ki, bu əvvəlki ilə
nisbətən 700 mln. dollar azdır. Qeyri-neft sektoruna birbaşa sərmayələr isə 1.1
mlrd. dollar olub – 2015-ci ilin 9 ayına nisbətən 400 mln. dollar çoxdur.
Eyni zamanda, kredit və digər borcların
ödənilməsi ilə bağlı 878 mln. dollar qeyri-rezidentlərə ödəniş həyata
keçirilmişdi və bu əvvəlki ilə nisbətən 12 dəfə çoxdur. Depozitlər və nağd
valyuta maddəsi üzrə ölkədən çıxan vəsaitərin həcmi 800 mln. dollardan bir
qədər artıq olub. Halbuki 2015-ci ilin 9 ayında bu göstərici 5.5 mırd. dollara
çatırdı.
Beləliklər, cari əməliyyatlar, kapital və
maliyyə hesablarının yekunu olaraq 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə
balansının ümumu saldosu mənfi 1.190 mlrd. dollar olub. Amma ötən il üzrə məcmu
defisit 9.141 mlrd. dollar təşkil edib.
Göründüyü kimi, tədiyyə balansının mənfi
saldosi 8 dəfəyədək azalsa da, valyuta bazarında gərginlik ötən ilə nisbətən
əhəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz bunun başlıca səbəbi iqtisadiyyatın
strukturunda, real sektorda, ölkənin maliyyə-bank sektorunda baş verən
proseslər, xüsusilə Beynəlxalq Bank və iri dövlət şirkətlərinin daxili
borclanmanın sürətlə genişlənməsi, iqtisadiyyatda əlavə dəyər yaratmayan
maliyyə resurslarının yaratdığı təzyiq, milli valyuyata inamın sarsılması
fonunda yüksək iqtisadiyyatda ifrat dollarlaşma kimi faktorlar həlledici rol
oynayır.
No comments:
Post a Comment