Pages

Friday, December 30, 2016

Yaxşı il necə olur?

2016-cı il özündən əvvəlki ilin davamı oldu. Ölkədə iqtisadi böhran daha da dərinləşdi, yoxsullar daha da yoxsullaşdı, hökumətin etiraf eləmədiyi işsizliyin real səviyyəsi bir az da yüksəldi, qiymətlər, xüsusən gündəlik tələbat mallarının qiyməti əhəmiyyətli dərəcədə bahalandı. Büdcəmiz yenə ixtisar oldu, iqtisadiyyatımız bir az da kiçildi. Bank sektorunda böhran davam elədi, bankların az qala dörddə biri sıradan çıxdı, bank aktivləri 10%-dən çox azaldı, sektor üzrə yaranan zərərin həcmi 3 dəfədən çox genişləndi, bank kreditlərinin həcmi 25%-dək azaldı. Milli valyutamız il ərzində 20%-dək yenidən dəyər itirdi...
Hökumət islahatlarla bağlı bolluca vədlər verdi, xeyli sənədlər qəbul etdi. Amma gerçək islahat addımları atılmadı. Məsələn, mərkəzi hakimiyyət orqanlarının funksionlallığının yüksələdilməsi, onların fəaliyyətinin səmərəliyinin və şəffaflığının artırılması istiqamətində heç bir real addımlar atılmadı, yerlərdə icra hakimiyyətlərinin kötəkli hakimiyyəti yenə davam etdi, parlament keyfiyyətli və ədalətli qanunlar qəbul etməkdən daha çox ayrı-ayrı deputatların cəmiyyətin əsəblərini tarıma çəkən, toplumun mənfi emosiyalarını artıran çıxışları ilə yadda qaldı.
Ölkədə müstəqil təsisatların, vətəndaş özünüidarəetməsinə əsaslanan demokratik institutların, azad media və vətəndaş cəmiyyətinin bərpasına yönəlik effektiv addımların şahidi olmadıq. Ədalət simvolu olmalı olan məhkəmələrimiz yenə bizi sevindirmədi - siyasi baxışlarına görə həbsxanada olan dostlarımızdan 2016-da da ailələrinə qovuşa bilməyənlər oldu.
Hər kəsin öz hesab-kitabı var. Hərə ilə öz qiymətini verir - mənim üçün istər şəxsi, istər ictimai baxımdan 2016 uğursuz və ağır il oldu. İnsan bəzən səmərəsiz keçirdiyi 5-10 dəqiqəyə belə heyfslənir,  o ki ola 365 gün və ya 8760 saat ola. 
Min illərdir dünyanın dəyişməyən bir qanunu var - yer öz oxu ətrafında fırlandıqca təkcə təqvimi dəyişmir. Fırlandıqca fürsətlər və faciələri də əlində fırlayır. Fürsətlərdən ötrü can atan toplumlara fürsətlər, fürsətlərdən qaçanlara faciələr nəsib olur. Nə qədər ki, torpaq bütövlüyümüz yoxdu, yüz minlərlə insan əsirlikdəki doğma yurdların həsrətilə qovrulur, nə qədər ki, on minlərlə insan məhkəmələrdə axtardığı ədaləti tapa bilmir, nə qədər ki, yüz minlərrlə insan seçki qutusunda səs verdiyi gerçək adamı axtarır, amma tapa bilmir, nə qədər ki, yüz minlərlə insan məmləkətin gələcəyinə nikbin baxa bilmir, demək biz fürsətlərin tamamını qaçırmışıq. Yaxşı il dediyimiz il bax bu problemlərin öz həllini tapdığı il olacaq...   
2017-ci il gərgin il kimi gözləyirəm - həm siyasi, həm iqtisadi baxımdan. Siyasi gərginlik əsasən hakimiyyətdaxili ziddiyətlərin gərginləşməsi ilə bağlı olacaq. Pul və varidat üzərində bərqərar olan siyasi hakimiyyətlərdə kapitala çıxış kanallara məhdudlaşdıqca daxili qarşıdurmaların güclənməsi məntiqi proesdir.   
İqtisadi problemlərin dərinləşməsi ilk növbədə özünü əmlak bazarında, tikinti sektorunda, bank sferasında aşkar gəstərəcək. Manat ilboyu təzyiq altında olacaq. Hökumət valyuta öhdəliklərini icra etmək üçün imkanı çatan qədər ölkənin xarici borc yükünü artırmağa, Neft Fondunun aktivlərindən ən müxtəlif formada istifadə etməyə çalışacaq.   
İki inzibati ərazi vahidinin bazasında tibbi sığortanın tətbiqi ilə bağlı təşəbbüs müsbət addım olsa da, ciddi effekt gözləmirəm. Çünki tibbi sığorta sistemi o şəraitdə effekt verir ki, məşğul əhalinin ən azı 70-80%-i leqal çalışır, işsizlik səviyyəsi aşağıdır, işləyənlərin əmək haqqı elə səviyyədədir ki, tutulan sığorta haqları işçinin normal sığortasına, sağlamlığını qorumasına imkan verir. Bizdə bu sistemi əyalətlərdən tətbiq etməyə başladılar - o yerlərdə ki, məşğul əhalinin maksimum 25%-i leqal çalışır (əmək müqaviləsi var), məvaciblər isə həddən artıq aşağıdır. Amma yenə də bu addım 2016-cı ilin bəlkə də ən müsbət addımlarından biri oldu...
İli pessimist ovqatla başa vursam da, çoxlu sayda zəhmətsevər, ağıllı insanlarımıza baxanda ölkəmizin gələcəyi ilə bağlı bədgüman və ümidsiz hissələri özümdən xeyli uzaq tuta bilirəm.
Dəyərli dostlar, boş ümidlər və gərəksiz şükranlıqladan uzaq olmaqla daha gözəl bir il arsuzu ilə...

No comments:

Post a Comment