İxracın artım dinamikası - ixrac göstəricisi hər il artırsa, deməli dünyada ölkənin məhsullarına tələbat hər zaman var, bu məhsullar rəqabət apararaq başqa ölkələrin məhsullarını sıxışdırır, özünə yeni kanallar açır. Bu göstəriciyə görə hazırkı durumumuz necədir? 2015-cil ilin 9 ayında Azərbaycanın neftdənkənar ixracı 1.2 milyard dollar olmuşdu, bu ilin 9 ayında 887 milyon dollara enib. 313 milyon dollar və ya 26% azdır. Hətta bu azalmanı nəzərə almasaq belə, bu göstəriciyə görə vəziyyət ürəkaçan deyil. Çünki 2011-ci ildə qeyri-neft ixracı 1.2 milyard dollara yaxın idi. Yəni son 4 il ərzində qeyri-neft ixracı yeni məhsullar və satış bazarları hesabına genişlənə bilməmişdi. 2016-cı ildə isə əksinə kəskin azalma müşahidə edilir.
Əmtəələrə görə diversifikasiya səviyyəsi. Beynəlxalq statistikaya görə 97 mal qrupu üzrə 10 mindən artıq əmtəə xarici ticarətin obyektidir. Ölkənin xarici ticarətində nə qədər çox əmtəə və mal qrupu iştirak edirsə və ayrı-ayrılıqda onların ümumi ixracda payı nə qədər az olursa, deməli əmtəə diversifikasiyasının səviyyəsi də yüksəkdir. Bu səviyyəni ölçmək üçün tədqiqatçılar Herfidahl indeksindən istifadə edirlər. Ölkənin ixracında daha çox sayda əmtəə qrupu proporsional payla iştirak etdikdə, Herfindahl indeksi "0"a daha çox yaxınlaşır, az sayda əmtəə daha yüksək payla iştirak etdikdə Herfindahl indeksi "1"ə yaxınlaşır. İxracda ən yüksək paya malik 10 məhsulun bazasında apardığımız hesablamalar göstərir ki, Azərbaycan üzrə ixracın konsentrasiyasını ölçən Herfindahl indeksi 0.78-ə bərabərdir və bu göstərici ixracın əmtəə mövqeyi üzrə diversifikasiyasının olmamasını göstərir.
İxracın coğrafi diversifikasiyası da mühüm göstəricidir. Ölkənin ixracı nə qədər geniş coğrafiyaya, həm də proporsional həcmdə yayılırsa, coğrafi difersifikasiyanın səviyyəsi də yüksək olur. Qeyri-neft məhsulları üzrə coğrafi konsentrasiyasını da Herfidahl düsturu əsasında hesabladıq və alınan rəqəm 0.40-dır. Bu nəticə onu göstərir ki, Azərbaycanın qeyri-neft məhsullarının coğrafi konsentrasiyası da yüksəkdir və həmin məhsullar özlərinə çox məhdud sayda ölkədə bazar tapa bilirlər. Doğrudan da 2015-cil ilin nəticələrinə görə, 1.450 milyard dollarlıq qeyri-neft ixracının 74.2%-i və ya 1.072 milyard dolları 5 ölkəyə gedib - Rusiya (26.4% pay), Əfqanıstan (17.1% pay), İraq (13% pay), Türkiyə (11% pay), İsveçrə (6.7% pay). Bir zəruri qeyd edim ki, İsveçrənin bu sıraya düşməsinin də səbəbi elə xammal ixracıdır - Gədəbəy qızıl yatağından istismar olunan məhsul külçə halında bu ölkəyə ixrac edilir.
Maraqlı bir müqayisəyə diqqət edin: Azərbaycan Latın Amerikası bazarına 2015-ci ildə cəmi 375 min dollarlıq məhsul ixrac edib, Amma Gürcüstan üzrə bu göstərici 100 dəfə çoxdur - 39 milyon dollar. Yaxud, Azərbaycan bütövlükdə Avropa qitəsinə 285 milyon dollar qeyri-neft məhsulu ixrac edib, Gürcüstan üzrə 700 milyon dollara yaxındır. Avropanın bir sıra regionlarına, məsələn, Baltik ölkələrinə Azərbaycan məhsulları demək olar ki, gedib çıxa bilmir. Ötən il regionun 3 ölkəsinə Azərbaycan cəmi 1.5 miıyon dollar əmtəə ixrac edə bilib (halbuki bu regiondan idxalımız 35 milyon dollara yaxın olub). Gürcüstanın isə həmin dövrdə Baltik regionuna ixracı 40 milyon dollara yaxın olub.
Hətta Gürcüstan MDB-dən imtina etsə belə, 2015-ci ildə bu bazara 850 milyon dolarlıq məhsul ixrac etmək imkanı qazandığı halda, Azərbaycanın neft və qeyri-neft ixracının cəmi 550 milyon dollar ətrafında olub.
Nəhayət, 4-cü göstərici ixrac səbətinin keyfiyyətidir. İxracda yüksək dəyərə malik əmtəələrin xüsusi çəkisi nə qədər yüksək olarsa, səbətin gəlirlilik səviyyəsi də yüksək olur. Tədqiqatçıları bununla bağlı ixrac səbətinin "EXPY" dəyərini hesablayır. Bu göstərici ixracın təkmilliyi ölçüsü (measure of export sophistication (EXPY) adlanır. İxrac səbətində daha yüksək məhsuldarlıq və gəlirlilik səviyyəsinə malik (tibb sənayesi, kosmik sənaye, rəqəmsal texnologi məhsullar, avtomobil sənayesi məhsulları) mallar üstünlük təşkil etdikcə, ixracın "EXPY" dəyəri daha yüksək olur.
No comments:
Post a Comment