“Neft lənəti” ilə bağlı uzunmüddətli
tədqiqatların nəticələri göstərir ki, mübadilə məzənnələrinin peşəkar idarə
edilməsi resurs ölkələrinin öz iqtisadiyyatını şaxələndirilməsi üçün həlledici
şərtlərdən biridir. Xüsusilə də əgər milli valyutanın bahalanması resurs
gəlirlərinin təsiri nəticəsində baş veribsə, bu ticari sektorun rəqabət
qabiliyyətliliyini azaldır. İndoneziya və Botsvan tarixən məzənnə idarəçiliyini
qeyri-resurs sektorunun inkişaf strategiyası ilə uyğunlaşdıran model ölkələr
hesab olunur. Ötən əsrin 70-80-ci illərində hər 2 ölkədə müntəzəm olaraq milli
valyutanın devalvasiyası və real effektiv mübadilə məzənnələrinin korreksiyası
həyata keçirilib. Məsələn, 1971-77-ci illərdə İndoneziya inflyasiyanın
iqtisadiyyata mənfi təsirlərindən qorunmaq üçün öz milli valyutasının
sabitliyinə üstünlük verirdi. Amma 1978-ci ildə İndoneziya rupsini devalavasiya
edərək dollara nisbətən 50% ucuzlaşdırdı. Özü də bu addım ölkənin tədiyyə
balansında 7.4 milyard profisitin olduğu, valyuta ehtiyatlarının 2.5 milyard
dollar təşkil etdiyi dövrdə baş verdi. Məqsəd qeyri-neft sektorunun rəqabət
qabiliyyətini itirməsinin qarşısını almaq idi.
Botsvan 1982-91-ci illər
ərzində 5 dəfə devalavasiya ilə bağlı qərar qəbul edib və ayrı-ayrı vaxtlarda
milii valyutanın dollara nisbətən dəyəri 5-15% intervalında ucuzlaşdırılması
baş verib. “Neft lənətinə” məruz qalmış Nigeriya isə əksinə, ötən əsrin
70-80-ci illərində bir neçə dəfə milli valyutasının bahalanması (revalvasiyası)
barədə qərar qəbul etmişdi. Bu ölkənin də taleyi göz qabağındadı, İndoneziya və
Botsvanın da.
Amma “ucuz milli valyuta”
siyasətinə hədəflənmək yalnız bir halda effekt verir: hökumət istehlakçıların
və biznesin maraqlarını tarazlaşdırmaq üçün iqtisadiyyatda həm təklifi, həm də
tələbi stimullaşdırmaq üçün kompleks tədbirlər görsün. Söhbət hansı
tədbirlərdən gedir: ucuz faiz siyasətindən, kredit zəmanəti sisteminin
yaradılmasından, vergi yükünün yüngülləşdirilməsindən, biznesi büroktatik
əngəllərdən və inhisarlardan müdafiə edən məhkəmə sisteminin
formalaşdırılmasından, ixracı sığortalayan və kreditləşdirən, biznesin risklərini
sığortlayan institutların ərsəyə gətirilməsindən gedir. Əgər hansısa hökumət bu
şərtlərə əsaslanan iqtisadiyyat qurmursa, həmin hökumətlər bir qayda olaraq
“iqtisadi sabitlik” şüarı altında “güclü milli valyuta” siyasətini prioritet
seçir.
“Güclü milli valyuta” seçimini
etmək ixracyönümlü iqtisadiyyatdan imtina edib idxaldan asılı iqtisadiyyat
modeli seçmək deməkdi. Çünki milli valyuta bahalaşdıqca idxal mallarını
istehlak etmək daha sərfəli olur. Amma yekunda idxaldan asılı iqtisadiyyatın
milli valyutasının gücü şərti xarakter daşıyır.
Valyutalararası döyüşlər
olmadığına görə, güclü milli valyuta ilə öyünməyə ehtiyac yoxdu. İqtisadiyyatın
məntiqi idman prinsipilərinin tam tərsidi: milli valyutanın müəyyən qədər zəif
olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksək saxlanması üçün
şərtdi. 2014-cü il ərzində
Azərbaycan manatının nominal effektiv məzənnəsi əsas ticarət tərəfdaşlarının
valyutalarına nisbətən 12% qədər bahalanıb. Manat avroya münasibətdə manat
8.5%, yenaya münasibətdə 14%, ingilis funtuna nisbətən 5%, Türk lirəsinə
münasibətdə 9,2%, rubla nisbətən 34.2%, qazax təngəsinə nisbətən 15.7%, İran
rialına nisbətən 9.4%, gürcü larisinə münasibətdə 7,6%, yuana qarşı 0.85%
bahalanıb. Yalnız dollara nisbətən sabit qalıb.
2014-cü ildə manatın nominal
effektiv məzənnəsi ilə yanaşı əsas ticarət tərəfdaşlarının valyutalarına
nisbətən real effektiv məzənnəsi də 10%-dək artıb. Real effektiv məzənnə əsas
tərəfdaş ölkələr üzrə nominal valyuta məzənnələrinin bu ölkələrdə inflyasiyanın
təsiri nəzərə alınmaqla təhsis edilməsi əsasında hesablanır. Manatın real effektiv
məzənnəsinin bahalanmasının fəsadlarına konkret nümunənin timsalında diqqət
yetirək: 2014-cü ildə Azərbaycan manatının
nominal olaraq yenaya nisbətən 14% bahalanıb və il ərzində ölkədə 1.5% inflyasiya
qeydə alınıb. Deməli, ötən il bu vaxt yaponiyadan olan hansısa şəxs 100
manatlıq Azərbaycan məhsulunu (xidmətini) əldə etmək üçün valyuta məntəqəsi
vasitəsilə 13500 yena xərcləməliyidi. Indi isə inflyasiya nəticəsində bu
məhsulun (xidməti) qiyməti 101.5 manat olub, üstəgəl yenanın nominal məzənnəsinin
14% ucuzlaşması səbəbindən 101.5 manatlıq məhsulu istehlak etmək üçün valyuta
məntəqəsi vasitəsilə 15 225 yenanı “xırdalamaq” lazım gəlir. Deməli, Azərbaycanın
manatının yena qarşısında 14% bahalanması və Azərbaycan iqtisadiyyatında baş
verən 1.5%-lik inflyasiya yaponiyalını məcbur edir ki, cəmi 1 il öncə əldə etdiyi
eyni həcmli məhsul (xidmət) dəstini almaq üçün 12.7% və ya 1725 yena artıq
xərcləsin. Bu, manatın yenaya nisbətən real effektiv məzənnəsinin artımını ifadə edir. Amma hazırkı beynəlxalq ticarət şərtləri daxilində yapon Azərbaycan
hökumətinin bahalı məzənnə siyasətinə “boyun əyməyəcək”, elə qonşu Gürcüstandan
və ya Türkiyədən eyni məhsulu (xidməti) 1 il öncəki kimi 13500 yenaya almaq
mümkündürsə, həmin ölkələrdən alacaq.
Resursla zəngin ölkələrdə
milli valyutanın real effektiv məzənnəsinin artımının “holland xəstəliyi”nin əsas
əlamətlərindən biri kimi çıxış etməsini də yaddan çıxarmamaq lazım. Bahalı milli valyuta ucuz idxal malı almaq istəyən sadə istehlakçının maraqlarına uyğun ola bilər. Amma ixrac bazarlarında rəqabət aparmağa səy göstərən milli istehsalçıların, bu istehsalçıların ixrac qazancları əsasında yarada biləcəyi iş yerlərinə möhtac olan insanların maraqlarına ağır zərbədi
No comments:
Post a Comment