Pages

Sunday, January 10, 2016

Gerçək gömrük statistikası: doğru rəqəmi prezidentə kim deyər?

2015-ci ilin yekunları ilə bağlı prezident müşavirəsindən belə hiss etdim ki, Azərbaycanın idxaldan asılılığı kəskin problem olaraq hökumətin qarşısında dayanmır. Halbuki manatın düşdüyü vəziyyət yalnız ixrac gəlirlərinin 2 dəfəyədək azalması ilə bağlı deyil - səbəb həm də zamanında idxalı əvəzləyən istehsalın yaradlımamasıdır. Son iqtisadi proselərin təhlili göstərir ki, səlahiyyətli dövlət orqanları valyuta bazarında effektiv məzənnə tənziminə nail olmaq, ölkənin idxaldan asılılığını kəskin azaltmaq məqsədilə real və çatıla bilən hədəflər müəyyən etmək istəyirlərsə, qeyri-leqal idxaldan imtina etməlidirlər. Xarici ticarət statistikasında yüksək şəffaflıq təmin edilməlidir - bu həm ölkədə məzənnə sabitliyinin təmin edilməsi üçün resursların, həm də idxalı əvəzləyə bilən milli istehsalın real potensialın dəqiq müəyyən edilməsi baxımından fövqəladə dərəcədə vacib məsələdir.    
Reallıqda hökumət nəinki qeyri-leqal idxalın mövcudluğunu etiraf edir, əksinə gömrükçülər sahibkarların idxal etdiyi əmtəələrin invoys qiymətlərin azaldılığını əsas gətirərək yeni (artırılmış) qiymətlər tətbiq edirlər. Amma necə olursa, hətta milli gömrükçülərimizin yeni (yüksək) qiymət təyinindən sonra ticarət partnyorları olan ölkələrin gömrüyündə Azərbaycana ixrac kimi rəsmilişdirilən məhsulların həcmi bizim gömrükdə idxal kimi uçota alınan həcmdən xeyli çox olur.
Metodoloji baxımından beynəlxalq ticarətdə bu cür kənarlaşmalar qəbul edilir və  nəzəri ədəbiyyatlarda, həmçinin beynəlxaql təşkilatların yanaşmasında bir sıra obyektiv faktorlar səbəbindən bu fərq üçün təxminən 12-15% (az və ya çox) yolverilən hədd sayılır. Fərq həddən artıq böykdürsə, bu artıq qeyri-leqal idxalın mövcudluğuna işarədir. Bu cür kənarlaşmanın əsas səbəblərindən biri CİF və FOB qiymətlərin tətbiqi ilə bağlıdır. CİF (Cost, Insurance and Freight) malın təyinat yerinə çatdırılması ilə bağlı xərclərlə birgə formalaşan qiymətdir. FOB (Free On Board) isə ixracatçı ölkənin sərhədindən çıxana qədər nəzərə alına qiymətdir. Bu qiymət şərtləri arasında fərq nəql və sığorta xərclərinin həcminə bərabərdir. Bəzi ölkələr ticarət əməliyyatlarını CİF (nəql və sığorta xərclərini də malın qiymətinə əlavə etməklə), bəziləri isə FOB qiymətləri (nəql və sığorta xərclərini də malın qiymətinə daxil etmədən) əsasında rəsmiləşdirir. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin yanaşmasına görə, CİF-FOB fərqinə görə mümkün kənarlaşma üçün maksimum həddi 6% ola bilər. Kənarlaşmanın başqa səbəbləri də var. Məsələn, bəzi ölkələrədə fiziki şəxslərin kiçik dəyərli mallar idxal zamanı qeydə alınmır, amma ixrac ölkəsində onun dəyəri rəsmiləşdirilir. Yaxud, malın çıxma tarixi çatma tarixindən fərqli olur. Dekabrın son günlərində ixrac olunan mal ixracatçı ölkədə köhnə ildə qeydiyyata alınır, idxalatçı ölkədə təzə ildə rəsmiləşdirilir. Amma bütün hallarda bütün obyektiv faktorlar hesabına yolverilən kənarlaşmanın 15%-i ötmədiyini beynəlxalq təşkilatların statistikası və tədqiqatları da təsdiqləyir.
Bunu sübut edən ən etibarlı mənbə UNCTAD-ın məlumat bazasıdır. UNCTAD (United Nations Conference on Trade and Development) BMT-nin patronajlığı altında fəaliyyət göstərən təsisatdı. Bu abberviautranın azərbaycan dilində açılışı belədir - Ticarət və İnkişaf üzrə BMT Konfransı. Təşkilatın bütün statistik məlumatları rəsmidir və BMT-nin üzvü olan dövlətlərin qurumları tərəfindən təqdim edilir. Məsələn, siz təşkilatın saytından Gürcüstanın Azərbaycana ixracını bu dövlətin, Azərbaycanın Gürcüstandan idxalını isə Azərbaycan tərəfinin rəsmi orqanlarından alınmış rəqəmlər əsasında öyrənə bilərsiniz.
Faktlara keçək. UNCTAD-ın Azərbaycanın ticarət partnyorları olan dünya ölkələrindən topladığı statistik məlumatlara görə, 2014-cü ildə bütün ölkələr tərəfindən Azərbaycana ixrac (yəni Azərbaycanın idxalı) 15.3 milyard dollar təşkil edib. Halbuki, Azərbaycanın rəsmi gömrük orqanı 2014-cü ildə ölkəyə idxalın həcminin 9.2 milyard dollar olduğunu bəyan edib. Fərq 6.1 milyard dollar və ya 40% təşkil edir.
Halbuki UNCTAD-ın bazası əsasında "güzgü statistkası” metodu ilə aparılan qiymətləndirmədən aydın olur ki, nəinki inkişaf etmiş dövlətlərdə, hətta keçid ölkələrində kənarlaşmanın səviyyəsi beynəlxalq təcrübədə qəbul edilən səviyyəyə uyğundur. Məsələn, 2014-cü ildə Gürcüstan gömrük orqanları ölkəyə 8.6 milyard dollar, UNCTAD-ın isə Gürcüstan üzrə qeydə alıdığı idxal 9.7 milyard dollar təşkil edir. Fərq 1.1 milyard dollar və ya 11.3%.
2014-cü ildə Estoniya gömrük orqanları ölkəyə 20.2 milyard dollar, UNCTAD-ın isə Estoniya üzrə qeydə alıdığı idxal 21.4 milyard dollar təşkil edir. Fərq 1.2 milyard dollar və ya 5.6%.
2014-cü ildə Almaniya gömrük orqanları ölkəyə 1.224 trilyon dollar, UNCTAD-ın isə Almaniya üzrə qeydə alıdığı idxal 1.153 trilyon dollar təşkil edir. Fərq 71 milyard dollar və ya 6.1%.
2014-cü ildə Rusiya gömrük orqanları ölkəyə 287 milyard dollar, UNCTAD-ın isə Rusiya üzrə qeydə alıdığı idxal 298.5 milyard dollar təşkil edir. Fərq 11.5 milyard dollar və ya 4.0%.
Hətta Tacikstan kimi dövlət idarəetməsində şəffaflığın və səmərəli idarəetmənin olmadığı ölkədə gömrükdə kənarlaşma beynəlxalq aləmdə qəbul edilən yolverilən həddi aşmır. Belə ki, 2014-cü ildə Tacikstan gömrük orqanları ölkəyə 4.5 milyard dollar, UNCTAD-ın isə Estoniya üzrə qeydə alıdığı idxal 5.3 milyard dollar təşkil edir. Fərq 0.8 milyard dollar və ya 15.1%.
Əgər beynəlxalq təcrübədə qəbul edilən "15% qaydası"nın metodoloji əsası yoxdursa, niyə nümunə gətirdiyim ölkələrin hamısında kənarlaşma standartlar çərçivəsindədi, Azərbaycanda 40%?
Fikirlərlə mübahisə etmək olar, amma faktlarla əsla...


No comments:

Post a Comment