Pages

Wednesday, January 6, 2016

Böhran büdcəsi və 35 dollarlıq neft

Hökumət 2016-cı ilin büdcə gəlirlərini 2015-ci illə müqayisədə təxminən 25% (5 milyard manat) ixtisar etsə də, hətta əhəmiyyətli dərəcədə kiçildilmiş büdcənin də tam icra edilib edilməyəcəyilə bağlı müzakirələr başlayıb.
Xüsusən ölkə prezidenti ilin sonlarında büdcəyə dəyişiklik edilməsi zərurətini səsləndirəndən sonra mövzu aktuallaşıb.
Məsələ bundadır ki, qanunvericilik büdcəyə dəyişiklik üçün 2 hüquqi əsas göstərir: ya "Büdcə sistemi haqqında" Qanunun 23-cü maddəsinə görə, dövlət büdcəsinin icrası zamanı ilin hər hansı rübündən birinin yekununa görə faktiki daxilolmalarda təsdiqlənmiş rüblük proqnozdan 20 faizdən çox kənarlaşma olmalıdı - bu halda parlament 15 may - 15 oktyabr aralığında dəyişikliklə bağlı qanun layihəsini müzakirəyə çıxara bilər. Ya da iyun ayının sonuna büdcə gəlirləri və kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar üzrə proqnoz göstəricilərdən 30 faiz az olmalıdır - bu halda oktyabr 15-dən gec olmayaraq dəyişikliklə bağlı qanun layihəsi parlamentə təqdim edilməlidir.
Bu müddəlar göstərir ki, istənilən halda büdcə gəlirlərinin icra edilməməsi səbəbindən büdcəyə baxılmasına ehtiyac olsa da, mayın 15-dən tez bu mümkün deyil.
Amma 3-cü bir hal da var - qanunda nəzərdə tutulmayan, amma qanunun qadağan etmədiyi hal. Söhbət büdcənin artırılmasından gedir. İstər palament, istərsə də prezidentin qanunvericilik təşəbbüsü ilə gəlir və xərclərin artırılması üçün büdcəyə baxılmasına zaman məhdudiyyəti qoymur. Yəni hətta fevral ayında - parlamentin yaz sessiyası başlayan kimi büdcənin artımı istiqamətində təşəbbüslə 2016-cı ilin büdcə qanunu dəyişdirilə bilər. Real vəziyyətdə ən azı 40-45%-lik ərzaq inflyasiyası fonunda hökumətin büdcə hesabına ödənilən maaş və sosial ödənişlərin indeksasiyasını həyata keçirməsi qaçılmaz görünür və məntiqli yanaşma olardı.
Amma bunun üçün əvvələ qayıdıb bir suala cavab vermək lazmdır - hətta 25% ixtisar edilmiş büdcə gəlirlərinin tam icrası mümkün olacaqmı ki, hökimət hələ əlavə xərc yükünü də üzərinə götürsün? 
Elə maliyyə ilinin başlanğıcındaca manatın təxminən 50%-lik devalvasiyası sayəsində 14.5 milyard manat büdcə gəlirinin toplanması hökumət üçün problem olmamalıdı.
Söhbət nədən gedir? 2016-cı ildə Neft Fondundan büdcəyə 6 milyard manatın cəlbi gözlənir. Bu köhnə məzənnə (1 dollar=1.05 manat) əsasında hesablanıb və 5.7 milyard dollara bərabərdir. Doğrudur, bu məbləğin formalaşması üçün neftin orta illik qiyməti 50 dolar olmalıdır. Lakin təsəvvür edək ki, neftin orta illik qiyməti qiyməti 35 dollar olur. Bu halda Neft Fondunun büdcəsi proqnozlaşırılan 6.3 milyard dollar yox, təxminən 4.5 milyard dollar olacaq. Lakin son devalvasiyadan sonra isə artıq Fondun büdcəyə transferi üçün 5.7 milyard dollar deyil, 3.9 milyard dollar olacaq. Bu o deməkdir ki, əgər neftin orta illik qiyməti 35 dollardan aşağı olmazsa, devalvasiya sayəsində Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasında problem olmayacaq.
500 milyon manat isə xarici neft şirkətlərinin vergi öhdəlikləridi - onların qazancı neftlə olduğu üçün Neft Fondu ilə bağlı hesablamalar xarici konsorsiuma keçərlidir. Köhnə məzənnə ilə hesablandığı üçün 500 milyon manat 476 milyon dolların ekvivalenti olduğu nəzərə alınsa, yeni məzənnə ilə bu 735 milyona manata bərabərdir. Yəni 35 dollarlıq qiymət ssenarisi üçün belə xarici neft şirkətlərinin büdcə öhdəliklərində ciddi problem görünmür.
Gömrük Komitəsinin də öhdəlikləri valyuta dövriyyəsinə bağlıdır. Çünki bütün ödənişlər idxala tətbiq edilir. Burda da ciddi kənarlaşmanın olacağı real görünmür - hətta problem olsa belə gizli idxalın leqallaşması sayəsində Gömrük Komitəsi öz öhdəliklərini yerinə yetirə bilər.
Bir sözlə, 14.5 milyard manat büdcə gəlirinin 8 milyard manatı bilavasitə valyuta gəlirlərinə bağlıdır və bu seqmentdə ciddi kəsirin yaranması yalnız neftin qiymətinin 35 dollardan aşağı olduğu tədqirdə yarana bilər.
Yerdə qalan 6.5 milyard manat SOCAR və Vergi Nazirliyinin öhdəliyidir. SOCAR-ın yükü təxminən 1.3 milyard manatdır - ötən ildəkindən onsuz da 200 milyon manat az. Bu şirkəti gəlirlərinin azı 70%-nin daxili bazarda formalaşdığını və daxili qiymətlərin isə sabit olduğunu nəzərə alsaq, SOCAR da vergi öhdəliyini yerinə yetirməkdə problem hiss etməməlidir.
Vergilər Nazirliyinin üzərində qalan 5.2 milyard manat öhdəliyə gəldikdə, devalvasiya nəticəsində gündəlik tələbat mallarının satış dövriyyəsinin 40-45% böyüdüyü şəraitdə Vergilər Nazirliyinin bu proqnozu icra edə bilməyəcəyi real görünmür. Xüsusilə nəzərə alanda ki, dövriyyə vergilərindən daxilolmalar bu gəlirlərin azı yarsını təşkil edir.

Bir sözlə, manatın son devalvasiyası neftin 35 dollarlıq səviyyəsinə qədər hazırkı gəlir proqnozları çərçivəsində istər Neft Fondunu, istərsə dövlət büdcəsini sığortalayıb. Neftin 35 dollardan aşağı düşməsi hökuməti böhran büdcəsi hazırlamağa vadar edəcək. Hərçənd ki, ölkə böhranın tam ortasında olsa da, hökumət nəinki bunu eiraf edir, hətta "böhran" sözü eşidəndə səksənir....

No comments:

Post a Comment