Pages

Wednesday, September 30, 2015

Pensiya yaşı artsın, artmasın?

Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu, çox aşağı göstərici deyil. Avstriya, Belçika, Almaniya və Danimarkada pensiya zamanı həm qadınlar, həm də kişilər üçün 65 yaş, Britaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaş müəyyən edilib.
Pensiya vaxtı Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belarusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.
Doğrudur, dünyada pensiya yaşının artımı tendensiyası da var. Məsələn, Almaniya və Danimarka 2016-cı ilin yanvarından yaşı hər iki cins üzrə 67-yə qaldırmağı planlayır. Bəzi Qərb ölkələri hətta 2020-ci ildən pensiya yaşını tədricən 70 yaşa yüksəltməyi düşünür.
Pensiya yaşının səviyyəsi iki amildən asılıdır.
Birincisi demoqrafik amildir, yəni insanlar nə dərəcədə uzunömürlüdür. Pensiyaya çıxdıqdan sonra insanların orta yaşam müddəti üzrə dünyada qəbul edilmiş zaman 12 ildir (144 ay). BMT-nin hesablamasına görə, Azərbaycanda doğulanda gözlənilən orta ömür uzunluğu göstəricisi 70 yaş ətrafındadır. Norveç, İsveç, Almaniya, Yaponiya kimi ölkələrdə isə həmin göstərici 80-83 yaş intervalında dəyişir. Orta ömür müddətləri arasındakı fərq pensiya yaşları arasında da fərqin olmasını zəruri edir.
İnkişaf etmiş ölkələrdə insanların 65-70 faizi 70 yaşdan, ən azı 50 faizi isə 75 yaşdan sonra ölür. Bu isə o deməkdir ki, ən azı iki pensiyaçıdan biri orta yaşama müddəti göstəricisinə uyğun tam yaşayır və dövlətdən pensiyasını alır.
Bəs bizdə vəziyyət necədir? Rəsmi statistik məlumatlar göstərir ki, bizdə müəyyən yaş qrupuna çatmış insanların ən yaxşı halda 50 faizi 70 yaşa çataraq pensiya alır. Hazırda 65-69 yaş qrupunda olan vətəndaşlarımız 1946-1950-ci ildə doğulan şəxslərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin illərdə ölkəmizdə 395 min nəfər doğulub. Hazırda isə 65-69 yaş qrupuna aid cəmi 190 min nəfər, yəni bu yaş qrupu üzrə bütün doğulanların cəmi 48 faizi qədər əhali var.
İnkişaf etmiş ölkələrdə 65 yaşından yuxarı əhalinin sayı həddən artıq çoxdur və hökumətlər üçün pensiya yaşının artırılması qaçılmazdır. Məsələn, İsveçin əhalisi Azərbaycanın əhalisi qədərdir – 9,6 milyon nəfər. Amma İsveçdə 65 yaşdan yuxarı 1,9 milyon nəfər, Azərbaycanda isə cəmi 550 min nəfər ahıl vətəndaş var. Eyni əhali sayına malik ölkədə milli hökumətlərin pensiya verdiyi ahıl insanların sayı arasında 4 dəfə fərq var. Üstəlik, İsveçdə orta pensiyanın məbləği bizdəkindən azı 10 dəfə çoxdur.
Ümumiyyətlə, hazırda Qərb ölkələrində əhalinin hər 5-6 nəfərindən biri 65 və yuxarı yaşda insanlardır. Bu, pensiya sistemlərinin maliyyə yükü arasındakı fərqi də ifadə edir. Kobud desək, bizim sistemin yükü 1 tondur, Qərb pensiya sisteminin yükü 20 ton.
Pensiya yaşının səviyyəsi sosial-demoqrafik amildən də asılıdır. Bu amilin özünə də 2 mühüm faktor təsir edir:
1) Pensiya fondunun maliyyə potensialının dayanıqlılığı. Bu, fondun maliyyə mənbələrinin nə dərəcədə diversifikasiya olunmasından, dövlət transfertlərindən asılılıq səviyyəsindən asılıdır. Reallıq budur ki, Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun az qala yarısı dövlət sektoruna bağlıdır. Bura həm təsərrüfat hesablı dövlət müəssisələrinin, həm büdcə təşkilatlarının məcburi ayırmaları, həm də dövlət büdcəsindən fonda transfertlər aiddir. Özəl sektor fondun maliyyə resurslarının ən yaxşı halda yarısını formalaşdırır. Halbuki pensiya hüququ qazanan insanların təxminən 80 faizi özəl sektordan, cəmi 20 faizi dövlət sektorundan təqaüdə çıxır.
2) Faktiki sosial ayırma edənlərin pensiyaçılara nisbəti. Hazırda Azərbaycanda az qala 1 nəfər məcburi sosial ayırma ödəyicisinə 1 nəfər pensiyaçı düşür. Halbuki ayrı-ayrı inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 intervalında dəyişir. Əsas səbəb Azərbaycanda gizli məşğulluğun səviyyəsinin yüksək olmasıdır. Məsələn, bizdə məşğul əhalinin cəmi 33-34 faizi əmək müqaviləsi əsasında çalışır, az qala 50-55 faiz işçi qüvvəsi isə özünəməşğul əhali statusu ilə qeydiyyatsız çalışır. Qərb ölkələrində isə məşğul əhalinin 85-90 faizinin əmək müqaviləsi olur.
Çox güman ki, Azərbaycan hökumətini pensiya yaşını artırmaq barədə araşdırmalara sonuncu amil — sosial-iqtisadi faktor məcbur edir. Amma istənilən halda hökumət yuxarıda sadalanan müqayisəli demoqrafik faktları yaddan çıxarmamalıdır.

Sunday, September 20, 2015

40 dollarlıq neft və hökumətin hədəfləri

Azərbaycan hökumətinin manatın, dövlət büdcəsinin və cari hesablar balansının neftin 40-45 dollarlıq qiymətinə dayanlqlılğını təmin etmək üçün seçməli olduğu hədəflər :

1) İdxaləvəzləyici qabaqcıl istehsalın yaradılması və "tüfeyli istehlak" üçün idxalın məhdudlaşdırılması hesabına idxalın hazırkı səviyyəsini ən azı 35-40% azaltmaq. Söhbət real idxal səviyyəsindən gedir və "güzgü statistikası" əsasında qiymətləndirmələ göstərir ki, real idxal səviyyəsi statistikaının qeydə aldığı idxaldan azı 30-35% çoxdur. İdxalın hazırkı səviyyəsini qida məhsullarının və yüngül sənaye məhsullarının daxili (amma keyfiyyətli) əvəzedicilərini yaratmaqla təmin etmək mümkündür. Əlavə olaraq hökumətin lazımsız istehlak mallarını idxal etməsini (məsələn, bahalı xidməti avtomobillərin və avadanlıqların idxalı) məhdudlaşdırmaqla bu hədəfə töhfə vermək olar. İdxaləvəzləyici qabaqcıl istehsalın yaradılması və "tüfeyli istehlak" üçün idxalın məhdudlaşdırılması sayəsində idxala xərclənən ən 2.5-3.0 milyard dollara qənaətə nail olmaq mümkündür;

2) Xarici sərmayə əsasında qurulan ixracyönümlü və rəqabətədavamlı məhsul hesabına qeyri-neft ixracını hazırkı 1.5 milyard dollardan ən azı 5-6 milyard dollara çatırılması;
Ticarət balansının qeyri-neft kəsirinin hazırkı 6-6.5 milyard dollardan 2-2.5 milyard dollara endirilməsi.

3) Qeyri-neft sektoruna xarici sərmayə axınını hazırkı 1.2-1.3 milyard dollardan heç olmazsa 7-8 milyard dollara çatdırılması.

4) Xaricə investisiya formasında rezidentlərin ölkədən çıxardığı ən azı 8-10 milyard dollar sərmayənin 1.5-2 milyard dollara qədər enməsinə nail olmaq. Söhbət qadağanedici və inzibati tədbirlərdən yox, bu kapitalı burda saxlayan əlverişli siyasi, hüquqi (mülkiyyətə təminat, müstəqli məhkəmə və s.), iqtisadi mühitin yaradılmasından gedir.

Bu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45 dollar olduğu şəraitdə belə, manatın məzənnəsinin sabitliyinə, tədiyyə balansının ümumi saldosunu müsbət olmasına, qeyri-neft büdcə gəlirlərinin azı 8-9 milyard manata çatdırılması şərtilə dövlət büdcəsinin gəlirlərinin 15-16 milyard dollar səviyyəsində saxlanmasına (Neft Fondunun transfertlərinin büdcədə payını hazırkı 50-55%-dən 20-25%-ə endirmək şərtilə) dayanaqlı baza formalaşacaq.

Hökumət antiböhran proqramı qəbul edərsə, baza hədəfləri kimi bunlar seçilməlidir...

Friday, September 18, 2015

Ölkədən çıxan valyuta gələn valyutanı üstələyir



Mərkəzi Bank ilin ilk yarısı üçün tədiyyə balansının göstəricilərini açıqlayıb. Media və təhliliçilər üçün maraqlı ola biləcək əsas məqamlar:

1) Cari hesablar balansının saldosu yenə "qırmızı xətt"in bir addımlığındadı - cəmi 63.8 miıyon müsbət saldo var. Halbuki ötən 6 ayında bundan 100 dəfə çox - 6.4 milyard dollar olmuşdu. Azərbaycanda qeyri-leqal idxalın həcminin kifayət qədər böyük olduğunu nəzərə alsaq, hətta cari hesablar balansındakı həddən artıq kiçik müsbət saldonun olmasından şübhələnməyə əsas var;

2) Xidmətlər balansında müsbət tendensiya olub - xidmət ixracı 10% (200 milyon dollar) artıb. Mənfi tendensiya isə bu olub ki, Azərbaycan turizm xidmətlərinin ixracını artıra bilməyib və ötən ili 6 ayında olduğu qədər turizm xidmətləri ixrac edilib - 1.1 millyard dollar. Amma əvəzində vətəndaşlarımız xaricdə ötən ilkindən 25% artıq pul xərcləyiblər və nəticədə turizm xidmətlərinin idxalı 350 miıyon dollardan çox artıb. Ümumilikdə isə xidmət idxalının 500 millyon dollar azalması, xidmət ixracının 200 milyon dollar artması nəticəsində xidmətlər hesabının mənfi saldosu 500 milyon dollara qədər azalıb;

3)  Neftin qiymətinin enməsi ilkin gəlirlər çərçivəsində neft şirkətlərinin mənfəət nefti formasında ölkədən çıxardığı pulların  (repatriasiya) həcminə də təsir göstərib. Ötən il bu kanalla ölkədən 1.9 milyard dollar vəsait çıxmışdı. Bu ilin 6 ayında isə həmin gösərici 1.391 milyard dollara enib. Həmiçinin əcnəbilərə ödənilən əmək haqqına və xarici kreditlərə görə ötən il ölkədən 383 milyon dollar çıxmışdı, amma bu il həmin istiqamətlər üzrə çıxan vəsaitlərin həcmi 190 milyon dollar artaraq 575 milyon dollara çatıb.
Ümumlikdə ilkin gəlirlər çərçivəsində ölkədən kənara çıxan valyuta 400 milyon dollar, Azərbaycana gələn valyuta isə 85 milyon dollar azalıb;

4) Təkrar gəlirlər çərçivəsində ölkəyə gələn pullar 290 milyon dollar, ölkədən gedən pullar 382 milyon dollar azalıb. Təkrar gəlirlər əsasən xarcidən ölkə vətəndaşlarına göndərilən pulları və humanitar yardımları əhatə edir, Çox güçam ki, daxil olan pulların azalması əsasən Rusiyadan remitanslərin azalması ilə bağlıdır;

5) Ötən ilin 6 ayına nisbətən bu ilin birinci yarısında maliyyə hesabı çərçivəsində ölkədən kənara valyuta çıxışı təxminən 2.9 milyard dollar artıb, amma əvəzində ölkəyə daxil olan valyuta həcmi 2 milyard dollara qədər azalıb. Nəticədə ölkənin tədiyyə balansının ümumi saldosu (-) 6.3 milyard dollar təşkil edib. Baxmayaraq ki, xaricə çıxan sərmayələr və əmanətlər ölkənin ümumu aktivlərini artırıb, amma bu proses ölkəyə anoloji həcmdə valyuta axını ilə müşaiyət olunmadıqda, milli valyuta həmişə təzyiq alıtında olur və onun məzənnəsi kövrəkliyi ilə seçilir. Buna son zamanlar ən yaxşı nümunələrdən biri elə Türkiyədir. Əvvəlki dövrlə müqayisədə Türkiyə ixracında azalma, ölkəyə valyuta axınının zəifləməsi, əvəzində ölkədən çıxışın artması son dövrlər milli valyuta reytinqlərində lirəni Braziliya rialı ilə birgə ən həssas valyutalarından birinə çevirib.

Ölkədən kənara çıxan valyutanın 1.697 milyard dolları xaricə yönəldilən birbaşa investisiyalarla bağlı olub. O cümlədən bu vəsaitin 1.163 milyard dolları Azərbaycanın xaricdəki neft-qaz layihələri, 534 miıyon dolları isə qeyri-neft layihələri ilə bağlı olub. Ötən ilə nisbətən Azərbaycandan birbaşa sərmayə kimi çıxan valyutanın həcmi təxminən 1.3 milyard dollar artıb.
Bu dövrdə xarcidən Azərbaycana birbaşa investisiya formasında 2.143 milyard dollar daxil olub ki, bu ötən ilə nisbətən cəmi 70 milyon dollar çoxdur. Müqayisə üçün maraqlıdır: birbaşa sərmayə kimi ölkədən çıxan valyutanın həcmi təxminən 1.3 milyard dollar artır, ölkəyə daxil vəsait isə 70 milyon dollar.

Azərbaycandan çıxan portfel investisiyalar 80 milyon artaraq 182 miıyon dollara çatıb, əvəzində ölkəyə gələn portfel formasında sərmayələr 1 milyard dollar azalaraq 747 milyon dollara enib.

Nəhayət, digər investisiya formasında Azərbaycandan çıxan vəsaitlər 1.5 milyard dollar artaraq 7.1 milyard dollara çatıb, Bu məbləğin 4.5 milyard dolları "depozit və nağd valyuta" maddəsi altında çıxıb. Ötən il bu məbləğ 2.6 milyard dollar olmuşdu. Təəssüf ki, Mərkəzi Bankın hesabatlarında bu maddənin detalları açıqlanmır. Amma metodologiyaya görə, bura bank, qeyri-bank, rezident fiziki şəxslərin xaricdəki hesablara köçürmələrindən söhbət gedir.

Digər investisiyalar bölməsi üzrə yerdə  qalan 2.5 milyard dollar isə "ticarət kreditləri və avanslar" maddəsi altında ölkədən çıxıb. Bura isə əmtəə və xidmətlərin ixracı üzrə debitor borcları üzrə ödənişlər daxildir