Pages

Saturday, December 20, 2014

Dəyərsiz rubl: “gözüçıxmış qardaş”ın taleyi kimi gözləyir?



Bu ilin əvvəlindən dollar qarşısında az qala 2 dəfə dəyərsizləşən rublun taleyini ətrafdakı kiçik ölkələr diqqətlə izləyir. Xüsusilə də əmanət sahibi vətəndaşların və dövriyyədə sərmayəsi olan biznes adamlarının narahatlığı tam anlaşılandı. "Gözü çıxmış qardaşın" taleyini heç kimi yaşamaq istəmir. Amma reallıqda bu ölkələrin milli valyutasının rublla eyni taleni paylaşıb-paylaşmayacağını qiymətləndirmək üçün bir sıra əlamətləri diqqət yetirmək vacibdi. Söhbət ilk olaraq hansı şərtlərdən gedə bilər?
  
Birincisi, tədiyə balansında yüksək kəsirin olması. Hətta 2008-ci ilin maliyyə böhranında rus rublu xarici valyutalar qarşısında öz dəyərini qoruya bildi və 2008-ci ll ərzində ABŞ dolları 24-27 rubl intervalında dəyişdi. Çünki 2008-ci ilin 9 ayı ərzində Rusiyanın tədiyə balansı daha yaxşı göstəricilərə malik idi. Həmin dövrdə maliyyə balansında 93.3 milyard dollar mənfi saldo yarandığı halda, cari hesablar balansında 93 milyard dollar müsbət saldo qeydə alınmışdı. Halbuki 2014-cü ilin 9 ayında isə ödəmə balansının cari hesabında 52 milyad dollar müsbət saldo müqabilində maliyyə hesabının mənfi saldosu 80 milyard dollara çatıb.   
Müqayisə üçün deyim ki, Azərbaycanda 2014-cü ilin 9 ayının nəticələrinə görə, tədiyə balansının ümumi müsbət saldosu 5.4 milyard dollar təşkil edib. Bu isə bilavasitə yüksək neft gəlirləri hesabına ticarət balansında yaranan 15 milyard dollar müsbət saldo hesabına təmin olunub.
Amma burada bir zəruri qeydə ehtiyac var: tədiyə balansının valyuta bazarına real təsirlərini o zaman etibarlı şəkildə proqnozlaşdırmaq mümkündür ki, hökumət ölkədən çıxan bütün valyutanı və ölkəyə gələn bütün idxal mallarının (həmçinin xidmətlərinin) dəyərini çox dəqiq uçota alsın. Yəni qeyri-leqal valyuta və əmtəə dövriyyəsi şəraitində rəsmi tədiyyə balansı göstəriciləri əhəmiyyətini itirir. Məsələn, elə ölkələr var ki, tədiyyə balansında müsbət saldo qeydə alınır, amma Mərkəzi Bank milli valyutasını qorumaq üçün öz ehtiyatları ilə bazara müdaxilə edir. Bu halda bir ehtimal güclənir: ölkədən çıxan pulun həcmi tədiyyə balansının rəqəmlərində göstəriləndən çox ola bilər.
 
Ikinicisi, daxili əmanətlərdə milli valyutanın payının kəskin üstünlüyü. Xüsusilə də tədiyə balansında mənfi saldonun kəskin genişlənməsi və bazarda xarici valyuta qıtlığının meydana çıxması ilə əlaqədar daxili valyuta bazarında panika yarandığı şəraitdə milli valyuta ilə depozitlərin kəskin üstünlüyü riskləri daha da gücləndirir. Belə vaxtlarda çox az insan gözləmə mövqeyi tutur. Hamı əlindəki pulunun dəyərdən düşməməsi üçün yığımlarını daha etibarlı valyutalara transfer eləməyə çalışır. Məsələn, 2014-cü il noyabrın 1-nə olan məlumata görə, Rusiyada 28.2 trilyon rubl əmanət qeydə alınıb. Bunun 17.8 trilyon rublu əhalinin, 10.4 trilyon rublu hüquqi şəxslərin depozitləri olub. Ümümi depozitlərin 75%-ni rublla yığımlar təşil edib. Öz növbəsində əhali üzrə həmin göstərici 80% təşkil edib. Bu o  deməkdir ki, yığımda olan hər 100 rubldan 80 rublu xarici valyuta üçün potensial tələb formalaşdırır. Noyabrın 1-nə olan məzənnə ilə rublla depozitlərin ümumi həcmi 500 milyard dollar olub. İndi təsəvvür edin ki, bu qədər əmanətin çox yox, üçdə birinin (təxminən 165 milyard dollar) valyutaya çevrilməsini tələb etmək kifayət edirdi ki, tədiyyə balansında yüksək kəsirin yarandığı bir dövrdə rubl diz üstə çöksün – necə çökdü. Hələlik rublun ən çox dəyərsizləşdiyi son 40 gün haqda məlumatlar verilmir. Amma sentyabr-oktyabr ayları ərzində Rusiyada rublla əmanətlər 1.6 milyard dollar azalıb, valyuta ilə isə 1.1 milyard dollar artıb. Özü də nəzərə alq ki, Rusiyada MDB-nin digər ölkələri ilə müqayisədə adambaşına əhali əmanətləri də çox yüksəkdir. Məsələn, bu ölkədə noyabrın 1-nə olan məzənnə ilə hər vətəndaş hesabı ilə 3100 dollar əhali depoziti düşdüyü halda, Azərbaycanda həmin göstərici 900 dollar, Qazaxıstanda 1500 dollar ətrafındadı.  
Müqayisə üçün deyim ki, depozitlərin valyuta strukturu baxımından risk hazırkı şəraitdə Rusiya ilə müqayisədə Azərbaycanda kifayət qədər aşağıdır. Belə ki, 2014-cü il noyabrın 1-nə olan məlumata görə, əhali və müəssisə-təşkilatların ümumi depozitlərinin həcmi 14.7 milyard manat olub ki, onun da təxminən yarısı (7.4 milyard dollar) valyuta ilə banklarda yerləşdirilib. Öz növbəsində, hazırda Azərbaycanda hüquqi şəxslərin depozitlərinin 60%-ni xarici valyutalar təşkil edir. Bu fakt xarici valyutaların manata mənfi təsirini azaldan əsas amillərdən biridir. 
Nəhayət, o ölkələrdə ki, valyuta mənbələri diversifikasiya olunub, həmin ölkələrdə milli valyutanın qorunması çox mürəkkəb olur. Məsələn, əgər valyuta gəlirlərinin 96-97%-i hökumətin əlindədirsə, daxildə valyuta bazarında təklifi formalaşdıran tək oyunçu dövlətdirsə, tədiyyə balansının böyük həcmli müsbət saldosu şəraitində milli valyutanın taleyindən narahatlıq üçün ciddi əsas yoxdur. Amma məsələn, Çin kimi valyuta gəlirlərinin yarısından çoxunu özəl sektorun formalaşdırdığı ölkələrdə hökumətdən valyuta bazarını tənzimləmək, milli valyutanı qorumaq üçün yüksək peşəkarlıq tələb olunur. İndi Çinin Milli Bankı narahatlıq keçirir ki, özəl sektor ixrac gəlirlərinin xeyli hissəsini valyuta formasında kənarda saxlayaraq ölkədə satmağa tələsmir və milli valyutanı təzyiq altında saxlayır. Eyni vəziyyət ölkədən kənara sərmayə axınlarının çoxlu sayda oyunçu arasında paylanmasına da aiddir. Amma, məsələn Azərbaycandan xaricə SOCAR-ı çıxmaq şərtilə sərmayə ixrac edən müstəqil investorlar, xüsusilə də özəl sektor yoxdu. Fakitiki tədiyyə balansının məlumatları da göstərir ki, investiya və əmanət formasında sərmayə axınının azı 95%-i hökumətə məxsusdur. Yerdə qalan 5%-isə mənfəət neftinin satışından qazancları repatriasiya edən beynəlxalq neft konsorsiumuna aiddir.
Bəlkə paradoksal görünə bilər, zəif milli iqtisadiyyat şəraitində də milli valyutanın sabitliyini təmin eləmək çox rahatdı. Çünki zəif milli iqtisadiyyat məhdud tələbli və aşağı gəlirli iqtisadiyyatdı. Biznesin və əhalinin tələbi məhduddursa, onların xarici valyutaya tələbi də az olacaq. Biznes inkişafdadırsa, onun xaricdən iri həcmdə xammal, avadanlıq və texnologiya idxal etməyə, deməyə xarici valyutaya da tələbi çox olacaq. Biznes inkişafdadırsa, onun kreditlərə tələbi yüksək olacaq. Biznes daha etibarlı olsun deyə, xarici valyuta ilə kreditlərə üstünlük verdiyi şəraitdə, Mərkəzi Bankın kreditləşmə vasitəsilə pul emissiyası milli valyutanın hər vahidinin arxasında xarici valyuta tələb edir. Bu gün Rusiyada kreditlərin ÜDM-də payı 60%-ə çatdığı halda, Azərbaycanda 30% ətrafındadı. Deməli, Rusiyada kreditləşmə hesabına xarici valyutaya potensial tələb əmsalı bizdəkindən 2 dəfə yüksəkdi. Eyni arqumentlər əhaliyə də aiddir. Əhalinin gəlirləri nə qədər azdırsa, insanlar nə qədər yoxsuldursa, ailə təsərrüfatlarının xarici valyutaya tələb də az olur. Əksinə əhali varlıdırsa, onun bahalı idxal mallarına, xarici turizm xidmətlərinə, xaricdə əmlaka tələbatı yüksək olacaq. Rəsmi statistikaya görə, 2013-cü ildə Azərbaycanın idxalının təxminən 20%-ni dövlət ehtiyacları ilə bağlı malların, 35%-ni isə istehsal sahələrinin ehtiyacları ilə bağlı əmtəələrin idxalı təşkil edib. Bunları nəzərə almasaq, bilavasitə ailə təsərrüfatlarının istehlakına daxil olan istehlak mallarının adambaşına həcmi 450-500 dollar təşkil edir. İdxalın ümumi həcmini isə götürsək, adambaşına idxal Azərbaycanda cəmi 1 000 dollar təşkil edir. Halbuki, məsələn, Estoniya kimi kiçik iqtisadiyyata malik ölkədə adambaşına idxal 10 000 dollardan çoxdu. Bu o deməkdir ki, Estoniya iqtisadiyyatının əhalinin hər nəfəri hesabı ilə idxalı təmin etmək üçün xarici valyuta ehtiyacları Azərbaycandan 10 dəfə çoxdur.  
Yuxarıda qeyd olunduğu kimi, Rusiyada adambaşına bank əmanətlərinin həcmi Azərbaycandan 3.5 dəfə yüksəkdir. Bu, əhalinin gəlirləri arasında nisbətdən irəli gəlir. Məsələn, Rusiyada iqtisadiyyat üzrə əmək haqqı xərclərinin ÜDM-də payı 50% ətrafında olduğu halda Azərbaycanda həmin göstərici 20% təşkil edir. Şübhəsiz, iqtisadiyatda əlavə dəyər hesabına formalaşan gəlirlərin səviyyəsi nə qədər yüksək olursa, həmin gəlirlərin miqyasına uyğun xarici valyuta kütləsinə də ehtiyac bir o qədər yüksək olur. Çünki gəlirlər milli valyuta ilə formalaşsa da, onların xarici valyutaya çevrilərək xərclənməyəcəyinə zəmanət yoxdur. Bu gəlirlər valyutaya çevrilərək xaricdən avtomobil də idxal edə, əmanətə də çevrilə bilər, və ya xaricdə turizm xidmətləri də əldə bilər.
Bəlkə də izahlar bir qədər uzun və yorucu oldu. Amma bu qeydlərin yekun izahı budur: bütövlükdə iqtisadiyyatın özünü bir tərəfi debet, o biri tərəfi kredit olan tədiyə balansı kimi təsəvvür edin. Debet tərəfdə məhdud tələbata malik əhali və biznes sektorunun əlindəki məhdud manat kütləsi, kredit tərəfdə isə zəngin hökumətin əlindəki nəhəng xarici valyuta qazancları. Balansın kredit tərəfi debet tərəfindən yüksək qaldıqca milli valyutanın kəskin dəyərsizləşməsi ehtimalı azdır. Nisbətin dəyişməsindən asılı olaraq ehtimallar da dəyişir.    

No comments:

Post a Comment