Pages

Saturday, January 10, 2015

Valyutalar döyüşmür.. Amma iqtisadiyyatlar rəqabət aparır

 “Neft lənəti” ilə bağlı uzunmüddətli tədqiqatların nəticələri göstərir ki, mübadilə məzənnələrinin peşəkar idarə edilməsi resurs ölkələrinin öz iqtisadiyyatını şaxələndirilməsi üçün həlledici şərtlərdən biridir. Xüsusilə də əgər milli valyutanın bahalanması resurs gəlirlərinin təsiri nəticəsində baş veribsə, bu ticari sektorun rəqabət qabiliyyətliliyini azaldır. İndoneziya və Botsvan tarixən məzənnə idarəçiliyini qeyri-resurs sektorunun inkişaf strategiyası ilə uyğunlaşdıran model ölkələr hesab olunur. Ötən əsrin 70-80-ci illərində hər 2 ölkədə müntəzəm olaraq milli valyutanın devalvasiyası və real effektiv mübadilə məzənnələrinin korreksiyası həyata keçirilib. Məsələn, 1971-77-ci illərdə İndoneziya inflyasiyanın iqtisadiyyata mənfi təsirlərindən qorunmaq üçün öz milli valyutasının sabitliyinə üstünlük verirdi. Amma 1978-ci ildə İndoneziya rupsini devalavasiya edərək dollara nisbətən 50% ucuzlaşdırdı. Özü də bu addım ölkənin tədiyyə balansında 7.4 milyard profisitin olduğu, valyuta ehtiyatlarının 2.5 milyard dollar təşkil etdiyi dövrdə baş verdi. Məqsəd qeyri-neft sektorunun rəqabət qabiliyyətini itirməsinin qarşısını almaq idi.
Botsvan 1982-91-ci illər ərzində 5 dəfə devalavasiya ilə bağlı qərar qəbul edib və ayrı-ayrı vaxtlarda milii valyutanın dollara nisbətən dəyəri 5-15% intervalında ucuzlaşdırılması baş verib. “Neft lənətinə” məruz qalmış Nigeriya isə əksinə, ötən əsrin 70-80-ci illərində bir neçə dəfə milli valyutasının bahalanması (revalvasiyası) barədə qərar qəbul etmişdi. Bu ölkənin də taleyi göz qabağındadı, İndoneziya və Botsvanın da.
Amma “ucuz milli valyuta” siyasətinə hədəflənmək yalnız bir halda effekt verir: hökumət istehlakçıların və biznesin maraqlarını tarazlaşdırmaq üçün iqtisadiyyatda həm təklifi, həm də tələbi stimullaşdırmaq üçün kompleks tədbirlər görsün. Söhbət hansı tədbirlərdən gedir: ucuz faiz siyasətindən, kredit zəmanəti sisteminin yaradılmasından, vergi yükünün yüngülləşdirilməsindən, biznesi büroktatik əngəllərdən və inhisarlardan müdafiə edən məhkəmə sisteminin formalaşdırılmasından, ixracı sığortalayan və kreditləşdirən, biznesin risklərini sığortlayan institutların ərsəyə gətirilməsindən gedir. Əgər hansısa hökumət bu şərtlərə əsaslanan iqtisadiyyat qurmursa, həmin hökumətlər bir qayda olaraq “iqtisadi sabitlik” şüarı altında “güclü milli valyuta” siyasətini prioritet seçir. 
“Güclü milli valyuta” seçimini etmək ixracyönümlü iqtisadiyyatdan imtina edib idxaldan asılı iqtisadiyyat modeli seçmək deməkdi. Çünki milli valyuta bahalaşdıqca idxal mallarını istehlak etmək daha sərfəli olur. Amma yekunda idxaldan asılı iqtisadiyyatın milli valyutasının gücü şərti xarakter daşıyır.
Valyutalararası döyüşlər olmadığına görə, güclü milli valyuta ilə öyünməyə ehtiyac yoxdu. İqtisadiyyatın məntiqi idman prinsipilərinin tam tərsidi: milli valyutanın müəyyən qədər zəif olması milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksək saxlanması üçün şərtdi. 2014-cü il ərzində Azərbaycan manatının nominal effektiv məzənnəsi əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən 12% qədər bahalanıb. Manat avroya münasibətdə manat 8.5%, yenaya münasibətdə 14%, ingilis funtuna nisbətən 5%, Türk lirəsinə münasibətdə 9,2%, rubla nisbətən 34.2%, qazax təngəsinə nisbətən 15.7%, İran rialına nisbətən 9.4%, gürcü larisinə münasibətdə 7,6%, yuana qarşı 0.85% bahalanıb. Yalnız dollara nisbətən sabit qalıb. 
2014-cü ildə manatın nominal effektiv məzənnəsi ilə yanaşı əsas ticarət tərəfdaşlarının valyutalarına nisbətən real effektiv məzənnəsi də 10%-dək artıb. Real effektiv məzənnə əsas tərəfdaş ölkələr üzrə nominal valyuta məzənnələrinin bu ölkələrdə inflyasiyanın təsiri nəzərə alınmaqla təhsis edilməsi əsasında hesablanır. Manatın real effektiv məzənnəsinin bahalanmasının fəsadlarına konkret nümunənin timsalında diqqət yetirək:  2014-cü ildə Azərbaycan manatının nominal olaraq yenaya nisbətən 14% bahalanıb və il ərzində ölkədə 1.5% inflyasiya qeydə alınıb. Deməli, ötən il bu vaxt yaponiyadan olan hansısa şəxs 100 manatlıq Azərbaycan məhsulunu (xidmətini) əldə etmək üçün valyuta məntəqəsi vasitəsilə 13500 yena xərcləməliyidi. Indi isə inflyasiya nəticəsində bu məhsulun (xidməti) qiyməti 101.5 manat olub, üstəgəl yenanın nominal məzənnəsinin 14% ucuzlaşması səbəbindən 101.5 manatlıq məhsulu istehlak etmək üçün valyuta məntəqəsi vasitəsilə 15 225 yenanı “xırdalamaq” lazım gəlir. Deməli, Azərbaycanın manatının yena qarşısında 14% bahalanması və Azərbaycan iqtisadiyyatında baş verən 1.5%-lik inflyasiya yaponiyalını məcbur edir ki, cəmi 1 il öncə əldə etdiyi eyni həcmli məhsul (xidmət) dəstini almaq üçün 12.7% və ya 1725 yena artıq xərcləsin. Bu, manatın yenaya nisbətən real effektiv məzənnəsinin artımını ifadə edir. Amma hazırkı beynəlxalq ticarət şərtləri daxilində yapon Azərbaycan hökumətinin bahalı məzənnə siyasətinə “boyun əyməyəcək”, elə qonşu Gürcüstandan və ya Türkiyədən eyni məhsulu (xidməti) 1 il öncəki kimi 13500 yenaya almaq mümkündürsə, həmin ölkələrdən alacaq.
Resursla zəngin ölkələrdə milli valyutanın real effektiv məzənnəsinin artımının “holland xəstəliyi”nin əsas əlamətlərindən biri kimi çıxış etməsini də yaddan çıxarmamaq lazım. Bahalı milli valyuta ucuz idxal malı almaq istəyən sadə istehlakçının maraqlarına uyğun ola bilər. Amma ixrac bazarlarında rəqabət aparmağa səy göstərən milli istehsalçıların, bu istehsalçıların ixrac qazancları əsasında yarada biləcəyi iş yerlərinə möhtac olan insanların maraqlarına ağır zərbədi

No comments:

Post a Comment