Pages

Thursday, December 11, 2014

Azərbaycanın xarici ticarət statistikası: “güzgü statistikası”na güzgü tutan rəqəmlər



Uzun illər hökumətdə yüksək vəzifə tutan, bir müddət əvvəl ictimai birlik yaradaraq vətəndaş cəmiyyəti sektoruna gələn eks məmur xaricdən gələn malların xeyli hissəsinin Azərbaycan gömrük sistemində qeydiyyata alınmaması ilə bağlı vətəndaş cəmiyyətinin səsləndirdiyi məlumatları şübhə altına alır. Şübhlərini də belə arqumentləşdirir ki, mediaya açıqlanan təhlildə mücərrəd “ticarət tərəfdaşları” anlıyışından istifadə etmək əvəzinə hər bir ticarət tərəfdaşının adı qeyd olunmaqla məlumatlar onların hər biri üzrə ayrıca göstərilməli, Azərbaycan 150 ölkə ilə ticarət tərəfdaşı olduğu halda təkcə 15 ölkənin məlumatlarından istifadə olunmamalı, fərqlərin olduğunu təsdiqləyən mənbələr dəqiq göstərilməli idi.     
Bu polemika ilə bağlı yazacağım tamam başqa bir məqam var. Keçmiş nazir bildirir ki, “güzgü statistkası” metodu ilə idxalın vəziyyətini yoxlmaq QHT-nin imkanı xaricindədi. Niyə, nə səbəbə bu üsul tətbiq etmək mümkün deyil ki? Bu üsul qarşılıqlı ticarət edən tərəfdaş dövlətlərin gömrük statistikasına dair məlumatların tutuşdurulmasını tələb edir. Əgər səhih məlumatlar əldə etmək imkanı varsa, çox da mürəkkəb olmayan, mürəkkəb iqtisadi modellərin qurulmasını tələb etməyən bu metodu tətbiq etmək nədən peşəkar QHT-lər üçün problem olsun ki?
İqtisadi analiz faktlar olanda dəyərli, faydalı və inandırıcıdı. Faktlar onu deyir ki, Azərbaycanda idxalın rəsmi qeydə alınan həcmi dünya ölklərindən bizə ixrac olunan və həmin ölkələrdə rəsmi qeydə alınan məbləğdən azdır – özü də xeyli azdır. Bu faktı təsdiqləyən mötəbər mənbələrə inanaq, yoxsa “belə şey mümkün deyil” deyən faktsız çağrışa? Əlbəttə, fakta inanmalıyıq. Əslində mübahisəyə səbəb olan araşdırmaya müəlliflik edən İqtisadi Tədqiqatlar Mərkəzi çoxsaylı mənblər göstərib və həmin sıraya tədqiqata cəlb ounan ölkələrin səfirlikləri, Dünya Ticarət Təşkilatı, Dünya Gömrük Təşkilatı, Avropa Birliyi, UN Comtrade, “Eurostat”, İƏİT, BVF, MDB Statistika Komitəsi, Gömrük Birliyi, Azərbaycan Dövlət Statistika Komitəsi aid edilb.
Bəlkə indi media təmsilçiləri, lap elə QHT-nin araşdırmalarına şübhə edən keçmiş nazir üçün sadəcə kompüterin qarşısında oturub tədiqatdakı məlumatların hamısının bir yerdə səhihliyini təftiş eləmək çox çətin görünə bilər. Amma mən özüm də daima “güzgü statistikası” metodu əsasında məlumatların tutuşdurulmasını, ölkəmizin idxaldan real asılılıq vəziyyətinin izlənilməsini daima diqqətdə saxlayıram. Bu baxımdan daima istifadə etdiyim, beynəlxalq statusu olan mötəbər, istifadəsi hamı üçün rahat və sadə olan bir mənbə deyəcəm, bu mənbə  qeydiyyatsız idxalın həcminin kifayət qədər böyük olduğunu təsdiqləyir. Söhbət http://unctad.org/en/Pages/Home.aspx adlı informasiya mənbəyindən gedir. Bu sayt bilavasitə BMT-yə aid informasiya bazasıdı. UNCTAD abberviaturasının açılışı da belədir United Nations Conference on Trade and Development – Ticarət və İnkişaf üzrə BMT Konfransı. Azərbaycan da bu Konfransa üzv olan ölkələr sırasındadı. Deməli, bu saytda bütün hökumətlərin rəsmi məlumatlar əsasında ölkələrin bir-biri ilə qarşlıqlı ticarət əlaqələri tam əks olunub. Özü də bu baza təkcə idxal-ixrac əməliyyatlarının ümumi həcmini deyil, əmtəə-mal qrupları üzrə tutuşdurmalar aparmağa imkan verir. 2013-cü ildə 22 ölkənin məlumatlarını bizim gömrük statistikasının məlumatları ilə tutuşdurdum və maraqlı nəticələr alındı. Əvvəla deyim ki, niyə 150 ölkə yox, 22 ölkə. Çünki ötən il bu 22 ölkə bizim rəsmi idxalımızın 90%-ni və ya təxminən təşkil 9.6 milyard dollarını təmin edib. Yerdə qalan 130-dək ölkənin hər birinə isə orta hesabla heç 10 milyon dollar da düşmür. Başqa sözlə, bütün idxal həcminin 90%-ni baza kimi götürüb araşdırmaq mənzərəni tam aydınlaşdırmaq üçün yetərlidi. Söhbət hansı ölkələrdən gedir: Belorus, Qazaxıstan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Almanya, ABŞ, Avstriya, BƏƏ, Cənubi Koreya, Çexiya, CAR, Braziliya, Böyük Britaniya, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Yaponiya və Niderland. UNCTAD-ın məlumatına əsasən, 2013-cü ildə bu ölkələrdən Azərbaycana ümumi ixrac 14.7 milyard dollar təşkil edib. Bizim statistika isə həmin məbləği 5.1 milyard dollar az – 9.6 milyard dollar göstərib. Adıçəkilən 22 ölkədən başqa yerdə qalan bütün başqa ölkələr üzrə idxalı bizim statistika 1 milyard dollar,  UNCTAD isə həmin ölkələrin ixrac məlumatına əsasən bu məbləğin 2 milyard dollar təşkil etdiyini göstərir. Ümumilikdə  UNCTAD-ın məlumatı ilə bizim rəsmi statistikanın məlumatı arasıda fərq 5.7 milyard və ya 35% təşkil edir – Azərbaycan gömrüyü ümumi idxalın 10.7 milyard dollar, UNCTAD isə biz ixracın 16.4 milyard dollar olduğunu göstərir. Bəzi ölkələrlə ticarət əməliyyatlarımızda  bu fərq həddən artıq böyükdü. Məsələn, Türkiyə və Rusiya ilə fərq 2 dəfədir. Bəzi ölklər üzrə fərq kifayət qədər azdı. Məsələn, Böyük Britaniya ilə ticarət əməliyyatlarımızda  bu fərq 8%,  İran üzrə 9% təşkil edir. Umumiyyətlə 2 mənbə arasında yaranan 5.7 milyard dollar fərqin 3 milyard dollar Türkiyə və Rusiyanın payına düşür. 
İstər metodoloji, istərsə beynəlxalq təcrübə baxımından beynəlxaql ticarətdə bu cür kənarlaşma mümkündü. Amma beynəlxaql maliyyə təşkilatlarının yanaşmasına görə, bu fərq bir sıra obyektiv faktorlar səbəbindən təxminən 15% ətrafında ola bilər. Məsələn, bu standartdan yanaşsaq, UNCTAD-ın məlumatında Azərbaycan üzrə qeyd olunan 16.4 milyard dollar ixrac bizim gömrükdə təxminən 14 milyard dollar səviyyəsində qeydə alınmış olsa idi, bu tam normal olardı. Amma indiki halda yolverilən 15%-lik kənarlaşmadan əlavə təxminən 3.2 milyard dollarlıq fərqdən söhbət gedir. Azərbaycanda vergi güzəşti tətbiq olunmayan əmtəələri nəzərə almasaq, idxal malları üçün orta vergi yükü (bura ƏDV, bəzi məhsular üzrə aksiz vergisi, idxal rüsumu və idxal-gömrük rəsmiləşdirilməsi ilə bağlı haqlar  daxildir) 30%-dən az deyil. Yəni, əgər gerçəkdə 3 milyad dollardan artıq əmtəəni qeydiyyatsız ölkəyə daxil olduğu rəsmi təsdiqlənərsə, bu büdcəyə təxminən 1 milyard dolların ödənilməməsi demək olardı. Nəzərə alın ki, hazırda gömrük sistemi dövlət büdcəsinə elə 1.5 milyard dollar ödəyir.       
Beynəlxaql təşkilatların xarici ticarət üçün yolverilən kənarlaşma üçün səbəb göstərdikləri amillər müxtəlifdir. Məsələn, malların FOB və ya CİF qiymət şərtilə rəsmilləşdirilməsi fərqi yaradan əsas səbəblərdən biridir. Bu qiymət şərtləri arasınad fərq nəql və sığorta xərclərinin həcminə bərabərdir. CİF (Cost, Insurance and Freight) malın təyinat yerinə çatdırılması ilə bağlı xərclərlə birgə formalaşan qiymətdir. FOB (Free On Board) isə ixracatçı ölkənin sərhədindən çıxana qədər nəzərə alına qiymətdir.
Kənarlaşmanın başqa səbəbləri də var. Məsələn, bəzi ölkələrədə fiziki şəxslərin kiçik dəyərli mallar idxal zamanı qeydə alınmır, amma ixrac ölkəsində onun dəyəri rəsmiləşdirilir. Yaxud, malın çıxma tarixi çatma tarixindən fərqli olur. Dekabrın son günlərində ixrac olunan mal ixracatçı ölkədə köhnə ildə qeydiyyata alınır, idxalatçı ölkədə təzə ildə rəsmiləşdirilir.
Nəhayət başqa bir səbəb, valyuta məzənnəsi ilə bağlı yarana bilər. Belə ki, xarici ticarət predmeti olan malı olkənin valyutasına uyğun olaraq qiymətləndirərkən muxtəlif məzənnələrdən istifadə olunur, məzənnə dəyişikliyi də fərq yaradır.          
Amma qeyd olunduğu kimi, bütün hallarda bütün obyektiv faktorlar hesabına yolverilən kənarlaşma 15%-i ötməməlidi. Hətta Beynəlxalq Valyuta Fondu CİF-FOB fərqinə görə mümkün kənarlaşma üçün maksimum həddi 6% götürür.  
UNCTAD-ın bazası əsasında bir sıra ölkələr üzrə də oxşar qiymətləndirmə apardım. Və inkişaf etmiş ölkələrdə fərqin 5-10% həddini ötməməsi beynəlxalq təşkilatların “yolverilən kənarlaşma” göstəricisilə bağlı standartınının kifayət qədər əsaslandırılmış olduğunu göstərir.  Məsələn, ABŞ daxili statistikası 2013-cü ildə bu ölkənin idxalının 2.328 trilyon dollar, UNCTAD isə ixrac ölkələrinin məlumatına əsasən 2.209 trilyon dollar olduğunu göstərir. Fərq 5%-di. Böyük Britaniya üzrə fərq 2.7% (müvafiq olaraq 655.7 milyard dollar və 673.1 milyard dollar), Norveç üzrə fərq 1.3% (müvafiq olaraq 88.3 milyard dollar və  89.8 milyard dollar),  Polşa üzrə fərq 6.4% (müvafiq olaraq 201.8 milyard dollar və 215.4 milyard dollar), Fransa üzrə fərq 3.4% (müvafiq olaraq 668.6 milyard dollar və 691.7milyard dollar), Almaniya üzrə fərq 4.5% (müvafiq olaraq 1.141 trilyon dollar və 1194 trilyon dollar) təşkil edib.
Müqayisə və nəticə çıxarmaq üçün yaxşı məlumat bazasıdı. Amma bu mənbənin də mötəbərliyi şübhə altına alınsa, onda heç...

No comments:

Post a Comment