Dünyada meyvəçilik çox nəhəng ixaracat
potensialı olan sektordur. Hazırda
qlobal ticarətdə
meyvə ixracının ümumi həcmi 105 milyard
dollara çatır.
Azərbaycanın təzə meyvə ixracından gəlirləri ən yaxşı halda 100 milyon dollar ətrafındadır. Rəsmi statsitikaya görə, ölkəmizin əkinəyararlı torpaqlarının çox az hissəsi - təxminən 7.7%-i (143 min hektar)
meyvə bağlarına məxsusdur. Müqayisə üçün deyim ki, dünya meyvə ixracatında
mühüm paya malik olan Türkiyədə meyvə əkinlərinin kənd təsərrüfatı əkinlərində payı bizim göstəricidən təxminən 2 dəfə yüksəkdir – 14% (3.3 miıyon hektar).
Arxada buraxdığımız illərdə Azərbaycanın yüksək ixrac dəyərinə malik
Qərb bazarları bir yana, hətta Rusiya kimi aşağı ixrac dəyərli bazardan pay
alması mümkün olmayıb. Məsələn, hələ sovetlər dönəmindən kifayət
qədər böyük ərazilərdə əkilən üzüm və alma ixracatı belə nəhəng bazarı olan qonşu ölkədə əhəmiyyətli yer tutmağa imkanlar açmayıb. 2015-ci ildə şimal qonşumuz 282 milyon
dollarlıq 253.3 min ton təzə üzüm idxal edib. Bu həcmdə Azərbyacanın ixrac
həcmi dəyər ifadəsində 1.7 milyon dollar (Rusiyanın bütün idxalının 0.6%-i)
olub. Azərbaycandab bu ölkəyə üzüm idxalının natural ifadədə həcmi 2 min ton
olub. Amma, məsələn, MDB-nin başqa ölkələri – Moldovadan Rusiyaya üzüm ixracı
bizdən 13 dəfə, Özbəkistanın ixracı 6 dəfə çox olub.
Yaxud 2015-ci ildə Rusiya 385 milyon dollar
dəyərində 880 min ton həcmində alma idxal edib. Azərbaycandan bu ölkəyə alma
idxalı 14.5 milyon dollar olub – qonşu ölkənin ümumi idxalının təxminən 3.5%-nə
bərabərdir. Natural ifadədə Azərbaycandan Rusiyaya alma ixracı 36.5 min ton
təşkil edib.
Məlumatların təhlili göstərir ki, Rusiyaya
idxal olunan həm üzüm, həm də almanın qiymətinə görə Azərbaycan ən aşağı qiymət
olan ölkələr sırasında olub. Belə ki, Azərbaycandan Rusiyaya üzümün hər kq-ı
0.85 dollar təşkil etdiyi halda, Çilidən ixrac 1.6 dollar, Çindən 1.3 dollar,
Cənubi Afrika Resbublikasından 1.4 dollar, Türkiyədən 1.05 dollar təşkil edib.
Moldovanın və Özbəkistanın qiyməti bizdən bir qədər ucuz olub – müvafiq olaraq
0.75 və 0.64 dollar. İxracını təxminən yarısı (121 min ton) Türkiyənin payına
düşüb.
Eyni durum alma ixracında da müşahidə
edilir. Azərbaycandan Rusiyaya almanın hər kq-nın orta ixrac qiyməti 0.38
dollar təşkil edib. Bu rəqəm Gürcüstan üzrə 0.44 dollar, Çin üzrə 0.49 dollar,
Türkiyə üzrə 0.5 dollar, Serbiya üzrə 0.66 dollar, Çili üzrə 0.78 dollar, Yeni
Zelandiya üzrə 1.02 dollar təşkil edib. Rusiyanın alma idxalının təxminən
yarısı 3 ölkənin – Serbiya, Çin və Cənubi Afrika Respublikasının payına düşüb.
Göründüyü kimi qiymət baxımından Azərbaycan
uzaq coğrafiyaya getmədən hətta qonşu bazarlarda 2 məhsulun timsalında meyvə
ticarətində rəqabət qabiliyyətli ölkə statusu qazanmaq imkanına malikdir. Lakin ixrac
qabiliyyətliliyi yalnız qiymət faktoruna bağlı deyil. Göründüyü kimi, Latın
Amerikası ölkələrinin üzüm və alma ixracı qiyməti bizdən 2 dəfə yüksək olsa da,
bu ölkələr Rusiya bazarında həlledici paya malikdirlər. Bu baxımdan
səlahiyyətli qurumlar və tədqiqat insititutları məhsulun keyfiyyəti, nəqli və
qablaşdırılması, çeşidi, bu bazarda tələbat olan meyvə növləri, həmçinin standartalara əməl edilməsinin durumu ilə bağlı kompleks qiymətləndirma apararaq Azərbaycanın yüksək ixtisaslaşma
potensialı olan meyvə növləri üzrə rəqabət qabiliyyətliliyini dəyərləndirən hesabatlar hazırlamalıdırlar.
Amma ixrac imkanlarının genişlənməsi qiymət
əlverişliliyinin və keyfiyyət standartlarının uyğunluğu ilə də yekunlaşmır. Çox
önəmli məsələlərdən biri yüksək istehsal potensialının mövcudluğudur. Ölkə öz
daxili tələbatından xeyli böyük həcmdə məhsul istehsalı imkanına malik
olmalıdır ki, daxili istehlakdan artıq həcmdə məhsul üçün ixrac bazarları
axtarsın. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda əhalinin hər nəfəri
hesabı ilə 25 kq alma, 16 kq üzüm istehsal edilir. Halbuki Azərbaycanın ərzaq
istehlakı ilə bağlı minimum normativlərinə görə orta hesabla ildə hər kəs 50 kq
meyvə və giləmeyvə istehlak etməldir ki, bunun da 25 kq-nı alma istehlakı təşkil etməlidir.
Yəni, alma istehsalının həcmi ilə bağlı rəsmi bəyan edilən göstərici yalnız ölkə əhalisinin
minimum səviyyədə istehlakını ödəmək üçün yetərlidir. Hələ nəzərə alaq
ki, bizdə alma şirəsi və alma qurusu sənayesində yerli xammaldan istifadə
edilsə, alma istehsalının indiki həcmləri daxili tələbat üçün belə yetərli
olmaz.
Üzüm istehsalında da eyni durumdur. Dünyada
əhalinin təzə süfrə üzümləri istehlakı orta hesabla 15-20 kq təşkil edir.
Məsələn, qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda daxili istehsalın
adambaşına həcminin 16 kq təşkil etdiyini nəzərə alsaq, bu həcm nəinki ixrac
üçün, hətta şərab sənayesi və quru üzüm emalı üçün minimum həcmdə
xammal vermək üçün belə yetərli deyil.
Məhsulun azlığı yalnız meyvə sahələrinin
həcminin məhdudluğu ilə bağlı deyil. Məhsuldarlığın aşağı olması da ciddi
problemdir. Məsələn, rəsmi statistikaya görə Azərbaycanda alma bağlarının orta
məhsuldarlığı 8 ton təşkol edir. Dünya üzrə bu göstərici 15.5 ton, yüksək
məhsuldarlığa malik Fransa, Avstraliya və Niderland kimi ölkələrdə 40-50 ton
intervalında dəyişir. Türkiyədə də bizdən 2 dəfə yüksəkdir – 18 ton.
İndi bir müqayisəyə baxaq: fermerlərin hazırkı
ixrac qiymətləri ilə alma və üzüm bağlarının hər hektarından mövcud
məhsuldarlıq çərçivəsində 5-8 min dollar ümumi gəlir əldə etmək imkanı
mövcuddur. Məhsuldarlığın ən azı Türkiyə səviyyəsinə çatıdırıması bu gəlirlərin
25-30%-ə qədər artırılmasına imkan verər. Lakin hökumətin indi üstünlüyünü
təbliğ etdiyi pambığın hər hektarından ən yüksək məhsuldarlıq (4 ton)
şəraitində belə fermerin əldə edə biləcəyi ümumi gəlir bundan 7-8 dəfə azdır. Üstəlik, meyvəçilik ölkənin ekosisteminin tənzimlənməsində mühüm rol
oynamaqla yanaşı, yan sektorların (məsələn, arıçılıq) da inkişafı üçün mühüm
təbii mühit rolunu oynayır.
Meyvəçilik sektorunu inkişaf etdirmək üçün
təcili qarşıda duran bir neçə vəzifə var: bu sektorun inkişafına yönəlik sahə
proqramı qəbul edilməli, bir neçə vacib meyvə növü üzrə rəqabət imkanlarının və
istehsal potensialının dəyərləndirilməsinə imkan verən master-planlar
hazırlanmalı, meyvə bağları əkmək istəyən fermerlərə hökumətin güzəştli kreditləri hesabına
müddəti 10 ildən az olmayan, faizsiz və girovsuz, dövlət zəmanəti ilə kredit
xətləri açılmalıdır.
Qeyd: idxal-iracla bağlı bütün məlumatlar Rusiyanın rəsmi mənbələrindən götürülüb.
Qeyd: idxal-iracla bağlı bütün məlumatlar Rusiyanın rəsmi mənbələrindən götürülüb.
No comments:
Post a Comment