Monday, June 6, 2016

Sərvət bərabərsziliyi: milli gəlirdən kimə nə çatır?


Sonuncu yazım sərvət qeyri-bərabərliyi ilə bağlı idi - amma gəlirlərin deyil, əmlak və aktivlərin ən üst səviyyədə olan əhali qruplarının əlində təmərküzəşməsinin doğurduğu bərabərsizliyə həsr edilmişdi.
Həmin yazıda əlimiz çatan məlumatlardan aydın görünürdü ki, daşınmaz və daşınar əmlak fondunun, maliyyə akitvlərinin əhəmiyyətli hissəsinin (ən azından yarısından çoxu) əhalinin üst səviyyədə yer tutan 5%-lik kəsiminin əlində cəmlənməsi çox realdır. Bahalı avtomobil parkının, bank depozitlərinin və kreditlərin ən azı 75-80%-nin bütün iqisadi subyektlərin ən yaxşı halda zəngin onda birliyə məxsus olması hələlik əmlak qeyr-bərabərliyinin səviyyəsini kobud da olsa qiymətləndirmək, bu istiqamətdə hətta ibtidai səviyyədə təsəvvür formalaşdırmaq üçün bizə yardm edə biləcək nadir məlumatlar sayıla bilər.
Kaş Azərbaycanda da bütünlüklə ev təsərrüfatları inkişaf etmiş ölklərdə olduğ kimi elektron formada gəlir və əmlak bəyannaməsi təqdim edəydi. O zaman əhalinin ən üst sırdakı onda birində hər 1000 nəfər hesabı ilə mənzil və qeyri-yaşayış obyektərinin sayı ilə əhalinın orta təbəqədən aşağı səviyyə hesab edilən 50%-lik kəsimi üzrə eyni göstəricini müqayisə etməklə real mənzərini aydın görmək olardı. Əslində normal və şəffaf hökumət bu məlumat bazasını yaratmağa, onlar əsasında təhlillər aparmağa, belə informasiyaları ictimailəşdirməyə özü maraqlı olmalıdı. Ən azı o səbəbdən ki, ölkədə ədalətli sosial mühitin yaradılması, effektiv iqtisadi siyasətin formalaşdırılması, uzunmüddətli siyasi, iqtisadi və sosial sabitliyin zəmanət altına alınmasına vəsilə olan orta sinfin mövcudluğu məhz gəlir və əmlak bölgüsündə ədalətlilyin təmin edilməsindən asılıdır.
Məhz hökumətin gəlir və əmlak təmərküzləşməsilə bağlı son dərəcə hərtərəfli məlumat bazasına malik olması sayəsində aşağıdakı problemlərin həllinə nail ola bilər:

  • Yoxsulluqla gerçək mübarizə üçün siyasət mexanizmləri və alətləri; 
  • Yoxsullara səmərəli yardım sisteminin qurulması; 
  • Zənginlərin gəlir və əmlakının vergiyə cəlb edilməsi yolu ilə gəlirlərin bölgüsü və yenidən bölgüsündə daha ədlətli mexanizmlərin yaradılması; 
  • Bütün bu məqsədlər üçün hökumətin zəruri maliyyə bazası formalaşdırılması; 
  • Orta sinfin ayaqda qala bilməsi üçün bu sinfə yönəlik dəstəkləyici vergi və sərmayə sisteminin formalaşdırılması. 

Hökumət hətta  müstəqil təhlil institutlarının bu məlumatlara çıxış imkanın yaradılmasında maraqlı olmalıdır.
Amma əlbəttə bu seçicinin səsi ilə formalaşan, hesabatlı, şəffaf və demokratik (iştirakçı) hökumətlər üçün keçərlidir. Bir halda ki, məmurlar kresloya xalqa xidmət vasitəsi kimi deyil, daha çox zənginləşmək vasitəsi kimi baxırlar, ən üstdəki 10%-lik zəngin kəsimi istinasız olaraq özləri təmsil edirlər, onlar mümkün olduğu qədər belə məlumatların nəinki ictimaləşdirilməsinə, hətta tarix üçün iz qalmasın deyə həmin məlumat bazasının yaradılmamasına çalışması təbiidir. Bununla bağlı bircə sübut: mövcud qanunvericiliyə görə əmlaka mülkiyyət sənədi verərkən səlahiyyətli orqan (reyestr xidməti) əmlakın dəyərini də müəyyən edib göstərməlidir. Son 2-3 ildə mülkiyyət sənədi alan ən azı 3-4 nəfər dost-tanışdan soruşdum, onlardan heç biri mülkiyyəti təsdiqləyən sənəddə dəyəri müəyyən edən rəqəm olduğunu təsdiqləmədi. Əslində onsuz da sənəd verilərkən əmlaka baxış keçilir və qiymətləndirici şirkətlərlə müqavilə əsasında bütün əmlakın bazar dəyərini müəyyən edib məlumat bazasında əmlakı təyinatına və dəyərinə görə qruplaşdırmaq, fərdi məlumat azadlğını pozmadan (mülkiyyət sahiblərinin adı çəkilmədən) yalnız rəqəmlərin əks olunduğu bu bazanı online saxlamaq olar.
Aydın məsələdir ki, indiki idarəetmə mühitində bu bizim üçün xəyal olaraq qalacaq. Bir hökumət ki, kommersiya obyektlərinin təsisçilərinin ismini açıqlamağı qanunla qadağan edir, ondan mülkiyyətin dəyərini açıqlamağı gözləyəcək qədər sadəlövh olmağa da gərək yoxdu.
Əslində yazacağım mövzunun əsas mesajından xeyli uzaqlaşdım: bu yazının məqsədi sərvət bərabərsizliyinin miqyasını milli gəlirin bölgüsü vasitəsəilə də açıb göstərməkdir. Nəzəri yanaşmalar və terminlərlə sizi çox yormadan qısaca deyim ki, milli gəlir ölkə daxilində mal və xidmətlərin yaradılması nəticəsində proses iştirakçılarına çatan gəlirlərin məcmusudu: milli gəlir əmək gəlirləri formasında işçilərə, mülkiyyətdən gəlirlər formasında sahibkarlara, vergi gəlirləri formasında hökumətə çatan gəlirlərin cəmini əhatə edir. Milli gəlirlə Ümumi Daxili Məhsul arasında fərq ölkənin qalan dünya ilə iqtisadi əlaqələrinin saldosu qədərdir. Aydın olsun deyə rəqəmlə izah edim: 2015-ci ildə Azərbaycanın ÜDM-i 54.5 milyard olub. Amma Azərbaycana dünya ölkələrinə ödədiyi əmək haqqı, pul transfertləri, mülkiyyət və investisiya gəlirləri həmin ölkələrdən eyni mənbələr üzrə aldığı gəlirlərdən 1.9 milyard manat az olub - yəni mənfi 1.9 milyard manatlıq saldo. Saldo müsbət olduqda, ÜDM məbləğini bu həcmdə artımaq, mənfi olduqda həmin həcmdə azaltmaq lazımdı. Deməli indiki halda Azərbaycanın milli gəliri 52.6 milyard manat (54.5 mlrd. manat -1.9 mlrd. manat) təşkil edir.
Milli gəlirin əmək və mülkiyyət sahibləri arasında bölgüsü nə qədər proposional olursa, cəmiyyətdə sərvət və gəlir bölgüsü də bir o qədər adalətli olur. Azərbaycanda rəsmi statistikanın məlumatlarının inkişaf etmiş ölkələrlə müqayisəsi göstərir ki, bizdə mülkiyyət sahibləri mlli gəlirdən daha böyük pay götürür. Əmək sahibləri və hökumətin milli gəlirindən aldığı pay həddən artıq kiçikdir. Rəqəmlərə diqqət edək: Azərbaycanın təxminən 53 milyard manatlıq milli gəlirinin 10.5 milyard manatı və ya (19.8%) əmək gəlirləri kimi işləyənlərə, 4.5 milyard manatı (8.4%) istehsal və idxala vergilər formasında (mənfəət vergisi istisna olmaqla) hökumətə, 38 milyard manatı (71.8%) ümumi mənfəət (qarışıq gəlirlər) fomasında sahibkarlara və mülkiyyət sahiblərinə çatır. Məlumat üçün deyim ki, ümumi mənfəətə (qarışıq gəlirlər) mülkiyyətin icarəsindən renta gəlirləri, qiymətli kağızlardan və depozitlərdən faiz gəlirləri və sahibkarların istehsal (xidmət) fəaliyyətindən əldə edilmiş bölüşdürülməşmiş mənfəət daxildir.
İndi eyni rəqəmləri dünyada sosial dövlət kimi tanınan bir sıra ölkələrin timsalında nəzərdən keçirək: İsveç, İsveçrə və Almaniyada milli gəlirin orta hesabla 50-55%-i əmək gəlirləri formasında işçilərə, 15-20%-i vergilər formasında hökumətə çatır. Göründüyü kimi, bu ölkələrədə muzdlu çalışanlara və hökimətə çatan pay 65-75%, sahibkarlara və mükiyyət sahiblərinə çatan hissə 25-35% intervalındadı (bizdəkinin tam əksi olan mənzərə).    
Şübhəsiz ki, Azərbaycanda gizli iqtisadiyyatın real miqyasının yüksək olması milli gəlirin məbləğinin də daha böyük olması deməkdir. Amma gizli iqtisadiyyatın da gəlirlərinin əsas hissəsi yenə də sahibkarların və mülkiyyətçilərin gəlirlərinə aiddir. Çünki sahibkar hökumətə vergini yayındırırsa, bu qazanc özünə qalır. Onlar vergidən yayındırdıqları gəlirin bir hissəsini qeyri-rəsmi maaşların verilməsinə yönəldir, yerdə qalan hissəsi yenə də özlərinə qalır.
Ola bilər gizli iqtisadiyyat hesabına milli gəlirin real həcmi rəsmi bəyan ediləndən xeyli böyükdür (bəzi məlumatlara görə gzili iqtisadiyyat 40-50% intervalında dəyişir). Amma şübhəsiz ki, hətta gizli gəlirlər nəzər alınsa belə, bölgü elə rəsmi elan edilən səviyyədədi: milli gəlirin hər 4 manatından 3-ü mülkiyyətdən gəlirlərə, yalnız 1 manatı əməyi ilə pul qazananlara və hökumətin büdcəsinə çatır.
Təsəvvür edin ki, sosial ədalətin ən üst səviyyədə olduğu, hazırda milli gəlirin təxminən 25%-nə mülkiyyətçilərn sahib çıxdığı sosial dövlətlərdə (məsələn, İsveç) sərvətin ən yaxşı halda 35-40%-i əhalinin ən zəngin 10%-nə məxsusdur.
İndi bizim vəziyyətimizi nəzərə alın: rəsmi statistika özü etiraf edir ki, milli gəlirin 75%-i mülkiyyət sahblərinə məxsusdur....                              


No comments:

Post a Comment