Açıq valyuta mövqeyi üçün
limitdən imtina etməyin heçmi mənfi nəticələri olmayacaq? Bu, banklar üçün
“qara zolaq”, yoxsa “xilas paraşütü”dü? Bu siyasətin sonundan bütün banklarmı
uduşlu çıxacaq? İndilikdə bu sullara kənardan dəqiq cavablar tapmaq bəlkə də
çətindi, amma ən azından belə sullar ətrafında düşünmək, onları müzakirə etmək
vacibdi.
Nə qədər ki,
böyük neft pulları iqtisadiyyatı, bank sektorunu idarə edirdi, maliyyə-bank
sisteminin sabitliyinin təminatçısı idi, Mərkəzi Bankın yetərincə şəffaf və
hesabatlı olmayan fəaliyyətinin fəsadlarını hiss etmirdik. Manatın
devalvasiyası ilə bağlı məlum qərardan öncəki 1 həftə, məlum qərarın qəbul
edildiyi 21 fevral günü, bundan sonrakı 1 həftə ərzində cəmiyyətdə çaşqınlıq, panik
vəziyyət məhz bu qurumun qapalı fəaliyyətinin və anlaşılmaz davranışlarının
nəticəsi idi. Mərkəzi Bank cəmiyyətə yetərincə açıq olmağa maraqlı deyil. Xüsusilə
də bir çox vacib məsələlər üzrə ictimaiyyətə təfsilatlı hesabatlar açıqlamağı
özünə vəzifə saymır. Məsələn, bəzi ölkələrin mərkəzi bankları tədiyyə balansını
aylıq açıqlayır, tədiyyə balansının hər bir bölməsi üzrə (xidmətlər balansı,
kapital hesabı, maliyyə hesabı) əməliyyatların coğrafi və valyuta strukuturunu
ayrıca dərc edir (ticarət balansında olduğu kimi). Bizim Mərkəzi Bank tədiyyə
balansını rübdə bir dəfə açıqlayır, əməliyyatların coğrafi və valyuta
strukuturu ilə bağlı məlumatlar isə ümumiyyətlə yoxdu. Azərbaycan Mərkəzi Bankının
valyuta ehtiyatlarının idarə olunması ilə bağlı hesabatlılığı “sıfır”
səviyyədədir.
Belə
hesabatsızlığın, cəmiyyəti məlumatsız buraxmağın daha bir nümunəsinin də bugünlərdə şahidi olduq. Mərkəzi Bank kommersiya banklarının açıq valyuta mövqeyinə
limitin təxminən 9 ay müddətinə tətbiqini dayandırır, amma cəmiyyət bundan
təsadüfən bir fb statusu vasitəsilə xəbət tutur.
Valyuta mövqeyilə bağlı hesabatlılıq niyə yoxdu?
Məsələ
bundadır ki, Mərkəzi Bank heç vaxt bank sektorunda açıq valyuta mövqeyinə dair
vəziyyəti əks etdirən hesabatlar yaymır. Lakin bu qurum, məsələn "Bank
sektoru üzrə konsalidə olunmuş valyuta mövqe" adlı aylıq, rüblük və illik
hesabatlar hazırlayıb ictimailəşdirməlidir. Bu hesabatda nələr olmalıdır?
- Valyuta ilə bütün balans aktivləri, o cümlədən xarici valyutada likvid aktivlər (nağd vəsaitlər, qiymətli kağızar, xaricdəki banklardakı “Nostro” hesablar), xarici valyuta ilə verilmiş kreditlər, məcburi ehtiyatların xarici valyuta ilə saxlanan hissəsi, xarici valyuta ilə yerdə qalan bütün aktivlər;
- Valyuta ilə balansarxası aktivlər (faktorinq, trast əməliyyatları, konsaltinq xidmətləri üzrə əməliyyatlar və s.);
- Valyuta ilə bütün balans öhdəlikləri, o cümlədən xarici valyutada bütün depozitlər (xarici bankların müddətli depozitləri, digər müştərilərin depozitləri və s), xarici valyuta ilə cəlb edilmiş kreditlər, xarici valyutada cari hesablar, xarici bankların xarici valyutada “Loro” hesablar, xarici valyuta ilə yerdə qalan bütün öhdəliklər;
- Valyuta ilə balansarxası öhdəliklər;
- Hər bir valyuta növü (məsələn, dollar, avro, funt, rubl və s.) üzrə “uzun açıq valyuta mövqeyi”nə dair məlumatlar. Bank sektoru üzrə valyuta aktivləri valyuta öhdəliklərindən çoxdursa, deməli ölkənin bank sistemi “uzun açıq valyuta mövqeyi”nə malikdir.
- Hər bir valyuta növü (dollar, avro, funt, rubl və s.) üzrə “qısa açıq valyuta mövqeyi”nə dair məlumatlar. Bank sektoru üzrə valyuta aktivləri valyuta öhdəliklərindən azdırsa, deməli ölkənin bank sistemi “qısa açıq valyuta mövqeyi”nə malikdir.
- Ölkənin bank sisteminin valyuta mövqeyinə dair göstəricinin səviyyəsi. Hazırda Azərbaycanda bank sektoru üzrə məcmu kapital 4.2 milyard manatdır. Bu deməkdir ki, Mərkəzi Bankın limitinin dondurulması ilə bağlı qərarı olmasa, bir valyuta növü üzrə aktivlər və öhdəliklər arasında fərq 420 milyon manatı aşmamalıdır. Qüvvədə olan bank qanunvericiliyinə görə (“Banklar haqqında” Qanun və Müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi Qaydaları) Mərkəzi Bank 10%-lik limit müəyyən edib.
Amma bu gün
real vəziyyət belədir: Mərkəzi Bank bütövlükdə bank
sektorunun aktiv və öhdəliklərin hər biri ayrıca götürülmüş elementinin valyuta
strukturuna dair heç bir informasiya açıqlamadığına görə, Azərbaycanın bank
sektorunun valyuta mövqeyilə bağlı tam məlumatsızlıqdır.
Bununla
belə, pərakəndə də olsa bankların tələb və öhdəliklərilə bağlı bəzi
göstəricilərin valyuta struktruna dair təqdim edilən məlumatlar bir məqamı
ortaya qoyur: bütövlükdə Azərbaycanın bank sektorunda hələ devalvasiyadan əvvəl
də “qısa açıq valyuta mövqeyi”nin yaranması meyli formlaşıb və valyuta
bazarında kiçik gərginlyin yaranacağı tədqirdə bu valyuta mövqeyi üzrə limiti
aşmaq təhlükəsi olub. Belə ki, fevralın 1-nə olan məlumata görə, valyuta ilə
olan öhdəliklər 10.1 milyard manat olub (bütün öhdəliklərin 49.3%-i). Halbuki
aktivlərin 75%-ni və ya 18.1 milyard manatını təşkil edən kreditlərin cəmi 5
milyard manatı valyuta ilə olub. Aktivlərin yerdə qalan 6 milyard manatlıq hissəsinin hətta yarısı da valyuta ilə olsa, yenə də valyuta ilə bank aktivləri və öhdəlikləri arasında fərqin 10%-lik limitdən xeyli çox olduğu aydın görünür. Məlum məsələdir ki, valyuta mövqeyinin pozulması heç də bütün bankların deyil, hansısa bankların fəaliyyətinin nəticəsidir. Amma hansı banklar - qapalı mühitdə özünü daha rahat hiss edən Mərkəzi Bankımız zaman-zaman bank qanunvericiliyinin tələblərinə riayət etməyən kommersiya banklarının adını ictimailəşdirməyə də maraqlı olmayıb.
Bu o deməkdir ki, devalvasiya qərarından öncə bütövlükdə bank sektoru “qısa açıq valyuta mövqeyi”nə malik olub. Bu mövqe isə milli valyutanın devalvasiyası dövründə bank sektorunu əlverişiz duruma salır, valyuta risklərinə kəskin şəkildə artırır – necə ki, mill bank sektoru artıq bu risklərin fəsadlarını artıq yaşayır.
Bu o deməkdir ki, devalvasiya qərarından öncə bütövlükdə bank sektoru “qısa açıq valyuta mövqeyi”nə malik olub. Bu mövqe isə milli valyutanın devalvasiyası dövründə bank sektorunu əlverişiz duruma salır, valyuta risklərinə kəskin şəkildə artırır – necə ki, mill bank sektoru artıq bu risklərin fəsadlarını artıq yaşayır.
Mərkəzi Bank
valyuta mövqeyilə bağlı limiti niyə dondurdu?
Dünya
təcrübəsində açıq valyuta mövqeyi üzrə limitlərin tətbiqində məqsəd bank
sektorunda sabitliyi təmin etmək, kommersiya banklarını valyuta risklərindən
qorumaqdı. Məsələ çox sadədir: milli bank sektorunu və deməli bütün
iqtisadiyyatı dönərli valyutaların hökmranlığından qorumağın mexanizmi “açıq
valyuta mövqeyi” mexanizmi vasitəsilə bank sisteminin tələb və öhdəliklərinin
valyuta strukturuna məhududiyyət tətbiq etməkdir.
Bank
sektorundan gələn məlumatlar onu göstərir ki, manatın devalvasiyası ərəfəsində
və sonrakı günlərdə banklardakı milli valyuta ilə depozitlərin “dollarlaşması” bankların
valyuta mövqeyini pisləşdirib, devalvasiyaya qədər onsuz da dayanıqlı mövqeyi
olmayan bəzi bankların valyuta öhdəlikləri kəskin şəkildə artaraq valyuta
aktivlərini üstələyib. Bundan başqa, valyutaya kəskin tələbatın artdığı
günlərdə Mərkəzi Bankın qeyri-rəsmi göstərişi ilə panikanın qarşısını almaq
üçün bəzi bankları öz valyuta aktivlərini satıb manatla aktivlərə çevirilməsi
ilə də bağlı məlumatlar var. Belə vəziyyətdə kommersiya bankları üçün uduşlu
olan “uzun açıq valyuta mövqe” nəinki itirilməsi, hətta daha riskli olan “qısa
açıq valyuta mövqeyi” üzrə limiti qorumaq belə problemə çevrilib. Belə məlumatlar
var ki, “zəif bənd” hesab olunan bəzi banklardan depozitləri kütləvi şəkildə
geri çəkilib və daha etibarlı hesab edilən banklarda yerləşdirilib. Bu cür
banklararası depozit axını da bank sektorunda valyuta aktivləri və ödəlikləri
arasında disbalansı genişləndirib.
Deməli, Mərkəzi
Bank açıq valyuta mövqeyi üzrə limitə 9 aylıq morotorium qoymaqla banklara
qarşı qanunvericilikdə nəzərdə tutulan cəza mexanizmlərindən qaçmaq
istəyir. İlk baxışdan bunu normal
qarşılamaq olardı. Lakin məcmu kapitalın minimum həddinə qarşı qoyulan tələbin
hələ də bir neçə bank tərəfindən yerinə yetrilməməsi müqabilində Mərkəzi Bankın
susqun mövqe göstərməsini nəzərə aldıqda, bu mənzərə diqqətdən qaçmır:
Azərbaycanın bank sistemi qanunlarla deyil, fərdlərin iradəsi və direktivləri
ilə idarə olunur. Bank sektoru iqtisadiyyatın başqa sahələrinə bənzəməz və belə
strateji sektorda aşkar qanun pozuntuları iqtisadiyyatın dayaqlarını
sarsıdır.
Mərkəzi
Bankın açıq valyuta mövqelərinə çevik və effektiv nəzarəti təmin edə
bilməməsinin fəsadlarını xarici maliyyə bazarlarına çıxmaq istəyən banklar mütləq
dadacaqlar. Çünki xarici borc bazarında valyuta risklərindən öncədən sığortalanmaq
üçün kreditə iddia edən bankların açıq valyuta mövqeyi əsas göstərilərdən biri
sayır. Bu o deməkdir ki, ən azından yaxın aylarda resurs, xüsusilə də valyuta
ilə resurs defisitindən əziyyət çəkən bir sıra banklar üçün xarici maliyyə
bazarlarına çıxışı o qədər də asan olmayacaq.
Ola bilər
məhdudiyyətin götürülməsi qısamüddətli dövrdə kommersiya banklarına açıq
valyuta mövqelərini normalaşdırmağa, perspektiv valyuta risklərindən qorunmaq
üçün manevr imkanları əldə etməyə, limit qayğısı olmadığı üçün valyuta
kreditlərindən qaçan müştərilərə səxavətlə manat kreditləri ayırmağa şərait
yaradacaq. Amma yaxın vaxtlarda devalvasiyadan zərbə alımış bankları ağır imtahan
gözləyir: bütün depozitlər “dollarlaşır”, kreditlər isə “manatlaşır”. Bu isə o deməkdir ki, Mərkəzi Bank bəyan etsə
də, 2016-cı il yanvarın 1-də də açıq valyuta mövqeyi üçün limiti bərpa etmək
mümkün görünmür. Bunun üçün gərək banklar valyuta depozitləri ilə valyuta
kreditləri arasında əlverişli nisbəti indidən qorumağa çalışsın. Valyuta ilə
depozitlərin cəlbedici, valyuta ilə kreditlərin isə riskli olduğu şəraitdə həmin
nisbətin konkret limit çərçivəsində bərpası çətin olacaq. Bu halda Mərkəzi
Bankın sərt addımları qaçılmaz olacaq, bu isə son nəticədə hətta bir sıra
bankların varlığına son qoya bilər. Hətta hansısa banklar üçün bağlanmaq
təhlükəsi istisna edilsə də belə, milli valyutanın sabitliyi üçün əlverişi
mühitin olmadığı indiki şəraitdə passivlərin “dollarlaşıb” aktivlərin
“manatlaşması” bank sektorunu ciddi valyuta risklərinin tələsinə atır.
İstənilən
halda 2015-ci il müstəqilliyimizin son 17-18 ili ərzində bank sektoru üçün ən
ağır il kimi başlayıb. Hələləlik valyuta
mövqelərini itirən bəzi banklar üçün daha pis ssenari var: bir müddət sonra bazardan
birdəfəlik itmək...
No comments:
Post a Comment