Pages

Sunday, March 1, 2015

Manatın ucuzlaşması: qazananlar və itirənlər


Bu məsələ eninə-uzununa, sağına-soluna təhlil etmək lazımdı. Çünki prosesdən uduşlu çıxan hökumət iqtisadiyyatın özündən başqa subyektlərinin - istər ev təsərrüfatlar olsun, istər biznes -  itkilərini görməyi, özünün tənzimləyici funksiyalarından istifadə edib bu itkilərin ən azı müəyyən hissəsini kompensasiya etməyi özünə vəzifə bilmir. Qısamüddətli dövrdə devalvasiyadan udanların qazandıqlarını və uduzanların itirdiklərini dəqiq qiymətləndirmək çətindir. Amma təxmini hesablamlamlarla mənzərəni görmək mümkündü.

Prosesdən əsas udanlar

Birinci uduş hökumətindir. İcmal büdcənin gəlirlərinin yarısından çoxu bilavasitə valyuta gəlirlərindən formalaşır. Məsələn, 2015-ci ildə icmal büdcənin təxminən 22 milyard manat gəlirinin 12 milyard manatı birbaşa valyuta mədaxili əsasında proqnozlaşdırılmışdı. Bura Neft Fondunun gəlirləri, xarici neft konsorsiumunun vergi ödənişləri, Dövlət Neft Şirkətinin xaricə ixracından formalaşan gəlirlərə görə vergi ödəmələri daxildir. Proqnoza görə, neftin orta illik qiyməti hər barrel üçün 90 dollar, 1 dollar =0.785 manat məzənnəsi olduğu şəraitdə hökumət büdcəyə 12 milyard manat ekvivalentində (15.3 milyard dollar) valyuta gəliri gözləyirdi. Lakin, ilin 2 ayının nəticələrinə görə neftin qiyməti 60 dollar ətrafındadı və ilin sonunadək bu qiymət səviyyəsi qaldığı tədqirdə 1 dollar =0.785 manat məzənnəsi ilə hökumətin icmal büdcəyə valyuta gəlirləri formasında mədaxili maksimum 8 milyard manat (10.2 milyard) dollar olacaqdı.
Manatın təxminən 35 faiz ətrafında devalvasiyası hökumətə imkan verəcək ki,  neftin orta illik qiymətinin hər barrel üçün 60 dollar olduğu şəraitdə 8 milyard deyil, 11 milyard manata yaxın valyuta mədaxilinə ekvivalent büdcə gəliri formalaşdırsın. Yəni, manatın hazırkı səviyyədə ucuzlaşması icmal büdcəyə ən azı 3 milyard manat əlavə gəlirin daxil olmasını təmin edəcək.

İkinci uduş Dövlət Neft Şirkətinindir. Bu şirkət dəqiq məluamtlar açıqlamır, amma illik pul mədaxilinin azı 30%-i valyuta gəlirlərindən formalaşır. Burda ən azından 4.5-5 milyard dollardan söhbət gedir.

Üçüncü uduş qeyri-neft ixracında inhisarçı mövqeyi olan holdinq və şirkətlərindi. Neft sektorunun və neftə dayalı kimya sənayesinin məhsullarının, elektrik enerjisinin ixracını nəzərə almsaq, 2014-cü ildə qeyri-neft ixracı 1.5 milyard dollar olub.  Bu məbləğin 450 milyon dolları istehsalı inhisarda olan qida məhsullarının (bitki və heyvan mənşəli yağlar, çay, şəkər), 131 milyon dolları istehsalı inhisarda olan metalllurgiya məhsullarının (almünium, qara metal), 157 milyon dollar istehsalı inhisarda olan plastmass məmulatların payına düşüb. Yəni, aydın görünür ki, qeyri-neft sektorunda inhisarçı mövqe tutan 3-5 şirkət ixracı onsuz da kiçik olan qeyri-neft ixracının təxminən yarısına sahibdirlər. 
Amma heç şübhəsiz, ixracın heç olmazsa 30-35%-i qeyri-neft sektorunun hesabına təmin edilsəydi və ixrac gəlirləri daha çox sayda biznes subyektləri arasında bölünsə idi, devalvasiyadan iqtisadiyyatın uduşları böyük olacaqdı.  Sırf nəzəri yanaşmadan çıxış etsək, milli valyutanın ucuzlaşmasından ən böyük uduş ixrac gəlirləri böyük olan subyektlər olur. 2014-cü ildə ticarət balansına görə, Azərbaycanın ixrac gəlirlərinin təxminən 72%-i hökumətə, təxminən 23%-i iri dövlət şirkətlərinə, özəl sektorda inhisarçı mövqeyi olan azsaylı şirkətə mənsub olub. İcrac gəlirlərinin ən yaxşı halda 5%-i sayı minlərlə ölçülən iqtisadi subyektlərə çatıb. Əgər bu göstəricilərdən çıxış etsək, devalvasiyanın qazancları da iqtisadi subyektlər arasında bu cür qeyri-bərabər bölünəcək.  

Prosesdən ən çox uduzanlar

Banklarda 4 milyard manatadək milli valyuta ilə əmanəti olan insanlar uduzdu. Hökumət bazarları sərt nəzarət altında saxlayıb qiymətlərin artımın müvəqqəti də olsa dayandıra bildiyi üçün belə bir arqument gətirir: qiymətlər artmadığı üçün bu insanlarn itkisindən söhbət gedə bilməz. Yanlış yanaşmadı - əvvəla ona görə ki, həmişə olduğu kimi hökumət üçün ölçü vahidi yenə də insanıarın mədəsidi. Rəsmilər yanaşmasına görə, gündəlik tələbat malları bahalanmayıbsa, manatla depozitlərin alıcılıq qabiliyyəti azalmayıb. Amma məsələn, bu depozitdən əmlak, uzunmüddət istifadə olunan məişət əşyaları, avtomobil almaq, xaricə səfərə getmək üçün istifadə edilsə, hər kəs manatla depozitlərinin alıcılıq qabiliyyətinin üçdə bir qədər itirdiyinin şahidi olacaq. Hələlik isə bizim hökumətimizin meyarı çörək, şəkər və yağın qiymətidir.
Bir həqiqət var ki, hökumət onsuz da uzun müddətə sərt qiymət nəzarəti ilə idxal olunan ərzaq məhsullarının qiymətinin başalaşmasına qarşı dayana bilməyəcək. İndilikdə hökumət cəmiyyətin manatın sərt devalvasiyasının şokundan ayılmasını gözləyir və bilir ki, sosial narazılıqların geniş miqyas almaması üçün gündəlik tələbat malların ucuz saxlanması vacibdi. Çox güman ki, ilin sonuna doğru müxtəlif vaxtlarda ayrı-ayrı ərzaq məhsulların qiymətinin artımı baş verəcək və hökumət düşünür ki, birdən baş vermədiyi üçün cəmiyyət bunu hiss etməyəcək. Hökumət qiymətlər üzərində sərt nəzarətlə həm də cəmiyyətə nümayiş etdirmək istəyir ki, itkiniz yoxdu, məndən aztəminatlı təbəqənin gəlirlərini indeksasiya etmək üçün addım gözləməyin də. Bu minavvala hökumət bilavasitə əhaliyə yönəlik xərc öhdəliklərini artırmadan 2015-ci ili başa vurmaq istəyir. Əslində bu öhdəliklər olmasa, 35 faizlik devalvasiya büdcədə hər hansı problem yaranmadan hökumətə ili başa vurmağa imkan verəcək – investisiya xərclərinin konkret layihələr üzrə bölüşdürülməmiş 1.9 milyard manat xərc büdcədən çıxarılır, 3 milyard manat icmal büdcəyə devalvasiya hesabına əlavə vəsait daxil olur, əhali qarşısında da devalvasiyanın fəsadlarına görə heç bir öhdəlik götürülmür. Bunula Neft Fondunun da, dövlət büdcəsinin də problemi həll olunur. Amma 4 milyard manatdan çox milli valyuta ilə əmanət yağ, ət və çörək qarşısında dəyərini sabit saxladığı üçün narahatlığa ehtiyac yoxmuş. Əlbəttə, bu pullar valyuta ilə əməliyyat aparası olsa, azı 1.3 milyard manat itirildiyi məlum olacaq.

İkinci ən böyük itki valyuta ilə kredit götürən subyektlərindi. Ölkənin bank sektoru vasitəsilə 18 milyard manata yaxın kredit verilib. İlkin məlumata görə, bundan təxminən 5 milyard manatı valyuta ilə götürülmüş kreditlərdir. Bu qədər vəsait təxminən 1.7 milyard manat əlavə manat kütləsi tələb edir ki, borcları qapada bilsin.

Üçüncü uduzanlar kateqoriyası xaricdən borc götürən müəssisə, şirkət və banklardr. Dəqiq məlumat yoxdu, amma əldə etdiyim məlumata görə belə borcların həcmi 12 milyard dollaran az deyil. 

Nəhayət, idxalla məşğul olan kiçik və orta biznes də xeyli vəsait itirdi. Bu sırada idxalda inhisarçı mövqeyi olan iri şirkətlərin adını qeyd etmək istəmirəm. Çünki uzun illərdi yüksək monopol qiymətlər və qeyri-rəsmi imtiyazlar hesabına onlar kifayət qədər qazanıblar. Amma kiçik biznes böyük itkilə üzbəüzdür.
Məsələn, bazar araşdırmalarımız gösətərir ki, hazırda avtomobil ehtiyat hissələrinin, avtokosmetik məhsulların və geyim əşyalarının idxalı bir çox məhsullar (məsələn, qida, dərman, tikinti məhsulları və s.) kimi tam inhisarlaşmayıb. Bu sahədə çalışan kiçik biznes təmsilçilərinin bildirdiyinə görə, onlar adətən məhsulların müəyyən hissəsini xaricdəki tərəfdaşdan borca alır, daxildə də müştərilərə borca verir. Və bu proses daima belə davam edir – burdakı borclar yığılıb xaricə göndərilir, onu müqabilində yeni mal partiyası göndərilir. Xüsusilə də Çin, Türkiyə və Almaniya ilə kiçik sahibkarların bu cür ticarəti artıq uzun illərdi formalaşıb. İş adamlarının dediyinə görə, təkcə son 3-4 ayda köhnə məzənnə ilə borca verilən, artıq yeni məzənnə ilə xarici tərəfdaılara qaytarılmalı olan mala görə borcların məbləği 10 milyonlarla dollarla ölçülür.

Nəticə budur ki, ev təsərrüfatları və biznes manatın ucuzlaşmasından milyardlarla ziyandadı. Amma hökumət büdcənin problemini həll etdiyini düşünərk çox rahat görünür.

1 comment:

  1. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    ReplyDelete