Pages

Sunday, October 2, 2016

İdxalı bahalaşdıran, yoxsulların cibini boşaldan rüsumlar

Ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi ilə bağlı rəsmi statistikanın məlumatları olduqca etibarsızdır. Məsələn, rəsmi məlumata görə, meyvə-giləmeyvə istehsalının həcmi daxili tələbatdan 20%, tərəvəz itehsalının həcmi daxili tələbatdan 3% artıqdır. Rəsmi statistikaya görə, qoyun əti tələbatının 98%-i, mal əti tələbatının 88%-i, toyuq əti tələbatının 98%-i, yumurta tələbatının 100%-i daxili istehsal hesabına qarşılanır.
Aydındır ki, bu sahədə alternativ hesablama və hesabatların yoxluğu real mənzərəni aydın görməyə imkan vermir. Amma sadə istehlakçı gözü ilə baxanda nə görürürük?
Yay mövsümü bitəndən sonrakı 7-8 ay müddətində ölkənin meyvə və tərəvəz tələbatı tam idxal məhsulları hesabına ödənir. Oktyabr ayının 2-ci yarısından sonra ta iyun ayının ortalarınadək İran və Türkiyədən gələn meyvə-tərəvəz, Polşa və Rusiyadan gələn kartofdan bizim tələbatı qarşılayır.
Pərakəndə satış kanallarında olan ət əsasən yerli məhsul olsa da, ət məhsullarının hazılandığı sənaye müəssisələrində, böyük kütlə ilə ət istehlakının baş verdiyi obyektlərdə (şadlıq evləri və restoranlar, dönərxanalar) idxal ətinin istifadə edilməsi ilə bağlı xeyli məlumatlar var. Yəni həmin idxal kütləsi nəzərə alınsa, tələbatda xaricdən alınan ətin real payının daha yüksək olduğu aydın olar.
Başqa bir fakt: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 19.8 milyon dollar ət və ət məhsulları idxal edilib. Lakin comtrade məlumat bazasında dünya ölkələri tərəfindən Azərbaycana 67.8 milyon dollar dəyərində ət və ət məhuslları göndərildiyi əksini tapıb. Braziliyadan 24.5 mln., Hindistamdan 13.5 mln., Ukraynadan 6 mln., Türkiyədən 3 mln. dollar ət və ət məmulatları idxal edildiyi göstərilir.
İdxaldan asılılığın yüksək olduğu şəraitdə yüksək rüsumların bazarda qiymətləri artıracağı şübhəsizdir. Xüsusilə də milli valyutanın ucuzlaşmasının davamlı olduğu və xarici valyutaların uzun müddət ərzində bahalaşacağı riskinin kifayət qədər yüksək olduğu şəraitdə idxal inflyasiyasının sürətlənməsi sosial durumu daha da ağırlaşdırcaq, yoxsulluğun miqyasını sürətlə genişləndirəcək. Xüsusilə də 2017-ci ilin büdcəsi göstərir ki, hökumət maaş, pensiya və sosial müavinətləri ümumiyyətlə indeksləşdirmək imkanında olmadığını nümayiş etdirir.
Daxili bazarı qorumağa yönəlik yüksək idxal tariflərinin tətbiqi daxili istehsalın inkişafına töhfə verə bilərmi? Verə bilər, amma hökumət aqrar sektorda yüksək çinli məmurlara yaxın iqtisadi qrupların yaratdığı iri təsərrfatları dəstəkləmək siyasətindən əl çəkib bütün resursları xırda və orta fermerlərə yönəltsə. İri təsərrüfatları qurmaq istəyənlər qoy öz kapitalı ilə qursun - onların onsuz da resursu var.
Məbləği 50 min manata qədər olan kreditləri Sahibkarlıq Fondundan xırda və orta fermerlərə heç bir girov təmin etmədən, maksimum 2-3%-lə, güzəşt müddətini 5 ilə, kreditlərin qaytarılması dövrünü 15 ilə qədər artırmaqla, heyvandarlıq və meyvə-tərəvəz məhsullarına zəmanətli alış qiymətləri tətbiq etməklə qısa müddətdə daxili istehsalı tələbatı ödəyə biıəcək həddə qədər inkişaf etdirmək mümkündür. Bu kreditləri fermerlər heç bir bürokratik maneə olmadan, çox qısa müddət içərisində (maksimum həftə) götürməki imkanında olmalı, həmin kredit üçün riskləri sığortalayan mexanizmlər tətbiq edilməlidir.
İndilikdə isə hökumət yüksək gömrük rüsumlarını heç olmazsa mövsümi tətbiq etməlidir. Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dyandırıla bilər.
Bir daha vurğulayıram: kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda rəqabət mühitinin olmadığı, resursların ədalətli bölgüsünə təminat verilmədiyi şəraitdə idxalın bahalaşması oliqarxiyanın və büdcəni doldurmaq üçün mənbə axtaran məmurların maraqlarına xidmət edir.
Məlumat üçün deyim ki, hazırda qonşu Rusiyada da mövsümi rüsumlar (ilin müəyyən aylaırnda) tətbiqi təcrübəsi var. Məsələn, meyvənin hər kq-ı üçün 0.12 avro, süd məhsullarının hər kq-ı üçün 0.29-0.35 avro. Hətta Rusiyanın DTT qarşısında götürdüyü öhdəlikər çərçivəsində bu rüsumların tətbiqi qüvvəsini saxlayır.
Qonşu Gürcüstanda isə tamam fərqli yanaşma tətbiq edilir. Ölkə daxilində tələbatı ödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof və tərəvəz) üçün 12% idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatı ödəyəcək səviyyədə potensial yoxdu (məs., banan, kokos, əncir, qarığadalı, yaşıl çay), həmin məhsullara idxal rüsümu "0" dərəcə ilə tətbiq olunur.

No comments:

Post a Comment