Monday, January 18, 2016

Distrofiyaya məruz qalan iqtisadiyyat...


İndi tez-tez verilən suallardan biri budur - hökumətin maaş və pensiyaları artırması inflyasiyanı sürətləndirməyəcək ki?
İqtisadiyyatın staqflyasiya təhlkəsi yaşadığı, iqtisadi fəallığın kəskin azaldığı dövrdə pul kütləsinin belə sərt məhdudlaşdırılmasının tördəcəyi fəsadları bir ayrı müzakirənin mövzusudu. Amma pul təklifinin artımının sırf inflyasiya faktorunu fəallaşdırması baxımından bəzi məqamları qeyd etmək vacibdir.
Birincisi, Mərkəzi Bank iqtisadiyyatı tam pulsuzlaşdırıb. Son bir ildə pul kütləsinin həcmi 2 dəfəyədək azaldılıb. M2 pul aqreqatının (nağd pul kütləsi+ manatla müddətli və müddətsiz depozitlərin həcmi) Ümumi Daxili Məhsula nisbəti son 1 ildə 30%-dən 15%-ə qədər enib. Məlumat üçün deyim ki, uzunmüddətli iqtisadi tədqiqatların nəticəsinə görə, dayanıqlı və genişlənən, böhran meyllərindən uzaq iqtisadiyyatlarda geniş pul kütləsinin ÜDM-ə nisbəti üçün minimum yol verilən hədd 50%, normal hədd 70% sayılır (hərçənd ki, 120-130% təşkil edən yüksək inkişaf malik iqtisadiyyatlar da var).
Azərbaycanda hazırkı şəraitdə inflyasiyanı yaradan əsas səbəb klassik anlamda rastlaşdığımız Mərkəzi Bankın çap maşınının işləməsi deyil. Əksinə yuxarıda qeyd etdim ki, qiymətlərin 45-50% bahalandığı son bir ayda pul kütləsinin həcmi 2014-cü ilin sonlarına nisbətən 2 dəfədən çox azalmışdı. Yəni iqtisadiyyatın kəskin pul defisiti yaşadığı bir şəraitdə gündəlik tələbat malları səbətinin ikirəqəmli inflyasiyası baş verir. Bu, xammal bazarlarında qiymət şoklarının yaşandığı mərhələdə daxili bazarı idxaldan, milli valyutasının sabitliyi və büdcə imkanları xammal ixracından kəskin asılı olan iqtisadiyyatlar üçün xarakterik olan fenomendir. Yəni hökumətin tənzimləmə gücü valyuta bazarının və tədiyyə balansının sabitləşdirilməsinə yönəldilməlidir - inflyasiya ilə mübarizə yolu budur. Əks halda hətta pul kütləsinin ÜDM-də payının 10%-ə endiyi şəraitdə belə gündəlik istehlak məhsullarının bahalanması qaçılmazdır.
İkinicisi, şübhəsiz ki, pul kütləsinin artımının inflyasiya törədiçi effekti qaçılmazdır. Lakin bu aztəminatlı insanların gəlirlərinin alıcılıq qabiliyyətinin artırılması üçün hökuməti indeksasiya tədbirlərindən qaçmağa əsas vermir. Əgər kəskin qiymət artımı şəraitində gəlirlər yerində sayırsa, bunun qısamüddətli dövrdə çox ağır sosial, bir müddət sonra isə siyasi nəticələri qaçılmazdır. Hökumət istənilən şəraitdə insanların gəlirlərini minimum yaşayış standartlarına uyğunlaşdırmaq öhdəliyi daşıyır.
Üçüncüsü, hazırkı strukturu və istehsal potensialı Azərbaycan iqtisadiyyatının yüksək pul yaratmaq qabiliyyətinə təmin etmiş olsa idi, pul təklifinin artımı inflyasiya doğurmazdı. Bunun sadə izahı nədir? Mərkəzi Bankın çap etdiyi hər manatı sonradan bank sektorunun vasitəçiliyi ilə milli iqtisadiyyat ən azı 5-6 manata çevirməlidir. Məsələn, bank sektorunun kredit verdiyi vəsait dəyər yaradan sektorlara yönəlirsə və bu yeni yaranan dəyər xidmət və məhsul şəkilində pula satılaraq yenidən depozit formasında banka qayıdırsa və bank yenidən həmin vəsaiti başqa bir dəyər yaradan sahibkara kredit kimi verirsə, 1 manatı əlbəttə il ərzində 5-6 manata çevrimək mümkün olacaq. Yox əgər iqtisadiyyat hökumətin satdığı xammal dollarını manata çevirib dövriyyəyə buraxacaqsa və həmin pullar ölkədə sahibkarların yeni məhsul (xidmət) yaratmasına deyil, əcnəbi sahibkarın mənfəət əldə etməsinə (yəni idxala) gedirsə, əlbəttə pul kütləsinin artımı inflyasiyanı stimullaşdırcaq. Buna iqtisadi nəzərəyyədə pul multiplikatoru deyirlər - pulun pul yaratmaq qabiliyyəti, gerçəkdə isə milli iqtisadiyyatın pul yaratmaq potensialı. Əgər iqtisadiyyatın "istehsal maşını" çalışmırsa, həmin ölkədə yalnız Mərkəzi Bankın çap maşını çalışacaq.
Məsələn, hazırda ABŞ-da FED-in kəsdiyi hər dollar 6-7 dollar, Rusiyada emissiya olunan hər rubl 3-3.5 rubl, dövriyyə buraxılan hər gürcü larsi 2.0-2.5 lari əlavə pul yaradır. Bəs Azərbaycan manatı - Mərkəzi Bankın çap etdiyi hər manat cəmi 30 qəpik yaradır. Bu, bizim iqtisadiyyatmızın nə qədər zəif potensiala malik olmasını, idxladan kritik asılılıq səviyyəsini, iqtisadiyyatın şaxələnmə səviyyəsinin kritik dərəcədə aşağı olmasını nümayiş etdirən olduqca aşkar göstəricidi. Pul kütkəsinin ÜDM-ə nisbətinin 70-80% olan ölkədə inflyasiyanın səviyyəsi 1-2%-i ötmədiyi halda (hətta Yaponiya və Avropa son 2-3 ildə deflyasiya riski ilə üzləşmişdi) bizim kimi 15% göstəriciyə malik ölkədə iki rəqəmli inflyasiyanın əsas səbəbini bax bu yanaşmada axtarmaq lazımdır.
Bir sözlə, yüksək inflyasiyanı stimullaşdıran əsas problem pul təklifinin artması deyil, pul yaradan iqtisadiyyatın olmamasıdır. Yuxarıda qeyd etdiyim fikri bir daha təkrarlayıram: Mərkəzi Bankın çap maşını məhz iqtisadiyyatın pul yaratmaq qabiliyyəti olmayanda işə düşür və inflyasiya da o zaman qaçılmaz olur. Amma pulu iqtisadiyyat "istehsal" edəndə inflyasiya hökumət üçün qayğıya və riskə çevrilmir.
Qısası maaş və pensiayaları qiymət artımına uyğun indeksləşdirməyən hökumət inflyasiyanı baiskar çıxarır. Lakin inflyasiyanı öz potensialı içərisində əridən iqtisadiyyatı formalaşdırmaq məsuliyyətinin birbaşa hökumətə aid olduğunu heç kəs unutmamalıdır və iqtisadi təhlillə məşğul olanlar ona hər gün xatırlatmalıdır.

No comments:

Post a Comment