Büdcə sistemində islahatlar: nəticəyə yönəlik büdcə mexanizmlərinin tətbiqi
2-ci yazı
Azərbaycan hakimiyyəti heç vaxt büdcəni
səmərəli, qənaətcil xərcləmək barədə düşünməyib. Nə büdcənin 1 milyard dolları
ötmədiyi 1993-2004-cü illərdə, nə də büdcənin 10 ildə 25 dəfə artaraq 25
milyard dollara çatdığı illərdə (2005-2014) səmərəlilik, qənaətcillik hökumət
üçün prioritet oldu. Amma indi alternativ seçim imkanı yoxdu –
hökumət büdcə menecmentini kökündən dəyişməlidi. Əgər hökumət yaxın
2-3 ildə ölkənin büdcə sisteminin dayanıqlığının başlıca sığortası olan Neft
Fondunun xaricdəki bütün aktivlərinin bütünlüklə xərclənməsi, Mərkəzi Bankın
milli valyutanın sabitliyi üçün təminat rolunda çıxış edən strateji valyuta
ehtiyatlarının tükənməsi, hökumətin cari büdcə imkanlarının ölkənin
təhlükəsizliyi ilə bağlı xərclər bir yana, hətta sosial öhdəliklərin indiki
səviyyədə saxlamasına kifayət etməməsi, valyuta bazarında sabitliyi təmin etmək
üçün yenidən beynəlxalq maliyyə qurumlarının sabitləşdirici kredit
resurslarından asılı vəziyyətə düşməsi, büdcə sifarişləri ilə işləyən və 10
minlərlə insan üçün gəlir mənbəyi olan müəssisələr şəbəkəsinin müflisləşməsi,
800 mindən artıq işçi qüvvəsinin çalışdığı büdcə sektorunda kütləvi
ixtisarların başlanması riskindən qaçmaq istəyirsə, büdcə sistemində
islahatların alternativi yoxdur. Əslində islahatlar üçün həddən çox
zaman itirilib, amma ziyanın harasından qayıtsan fayda var..
Ötən əsrin 80-ci illərindən başlayaraq Qərb
ölkələrində dövlət idarəçiliyinə yeni yanaşma üstün mövqe qazanmağa başladı: əgər
həmin dövrədək klassik idarəetmə daha çox bürokratiya qaydalarına bağlı idisə,
yeni qaydalar vətəndaşların tələblərini diqqətə alan idarəçiliyin
formalaşmasını stimullaşdırmağa başladı. Elə həmin mərhələdə “perfomans”
anlayışı inkişaf etmiş ölkələrin hökumətinin fəaliyyəti üçün mərkəzi anlayışa
çevrildi. Bu, hökumətin öz fəaliyyətinin nəticələrinə görə hesabat verən, fəaliyyətin
nəticələrini qiymətləndirmək üçün kəmiyyət və keyfiyyət göstəricilərinə əsaslanan
bir sistemin yaradılmasını nəzərdə tuturdu.
Nəticəyə yönəlik büdcə - dövlət idarələrinin əsas funksiyalarına uyğun məqsəd və hədəfləri müəyyənləşdirən, sərəncamlarında
olan resursların həmin məqsəd və hədəflər istiqamətində istifadə edilməsini təmin
edən, fəaliyyətlərinin nəticələrini ölçməklə qarşıya qoyulan məqsəd və hədəflərə nail olma
səviyyəsini qiymətləndirən və nəticələri barədə hesabat verən büdcə tərtibi
sistemidir. Problem onda deyil ki, nəticəyə
yönəlik büdcə mexanizmləri tətbiq edilmədikdə dövlət orqanları öz vəzifələrinin
öhdəsindən gələ bilmirlər. Əsas məsələ odur ki, malik olduqları resursları tələbə
olunan nəticələr əsasında bölüşdürmək onlar üçün bəzən çətin olur. Hökumətin öz
fəaliyyətini nəticələri ölçməyə imkan verən göstəricilər və meyarlar əsasında
qurması mürəkkəb, amma mümkün məsələdir. Necə ki, müasir dünyada bunun öhdəsindən
gələn ölkələr var.
Nəticəyə yönəlik
büdcələşmə təşkilatdaxili planlaşdırma üsuludur. Bu usulun tətbiqi şəraitində hər
bir nazirlik, komitə və ya dövlət agentliyi
öz fəaliyyətinin spesifikliyini, həmçinin əsasnamə (yaxud təlimatlarla)
onlara həvalə olunmuş öhdəliklərin çərçivələrini nəzərə almaqla məqsəd və vəzifələrinin
ierarxiyasını əsaslandırır, xərcləmələrə uyğun olaraq fəaliyyətlərinin nəticələrini
qiymətləndirmək üçün kəmiyyət və keyfiyyət göstəricilərini müəyyənləşdirir. Bu
baxımdan bütün icra hakimiyyəti orqanları üçün vahid nəticəyə yönəlik büdcələşmə
çərçivələrinin tətbiqi məqsədəuyğun sayılmır. Bu cür büdcələşmə fəaliyyətin nəticələri haqda informasiyalardan
istifadə etməklə sərf olunacaq vəsaitlə əldə
edilən nəticə arasında əlaqə yaratmağa imkan verən mükəmməl bir mexanizmdir. Nəticəyə
yönəlik büdcələşmədə əsas yanaşma belədir: hökumət hansı fəaliyyətləri
planlaşdırdığını və bu fəaliyyətlərdən hansı nəticələri gözlədiyini bəyan edir.
Yaxşı təcrübələrdən çıxış etsək, bu nəticələr isə aralıq və son nəticələr kimi
təsnif oluna bilər. Nəticəyə yönəlik büdcələşmədə əldə olunacaq nəticələr üzrə
hansı resursların xərclənəcəyi dəqiq müəyyən edilir.
Hökumətin büdcə fəaliyyətinin
nəticələrinin qiymətləndirilməsi sisteminin tətbiqi üçün hökumət qurumlarının fəaliyyətinin
effektivliyini və nəticəliliyini səciyyələndirən göstəricilər sisteminin işlənilməsi
zəruridir. Buna görə də əvvəlcə burada istifadə olunacaq terminlərə və göstəricilərə aydınlıq gətirmək vacibdir. İlk
növbədə «büdcə xərclərinin effektivliyi» anlayışının izahına diqqət yetirək.
İqtisadi ədəbiyyatda və təcrübədə “effektivlik”
termininin 2 mənası (anlamı) geniş
yayılıb. Bunlardan birincisi nəticəlilikdi
( effectiveness) – planlaşdırılan
(nəzərdə tutulan) nəticəyə nail olunma dərəcəsi. Nəzəri yanaşmalarda «nəticəlilik»
anlayışı «sosial effektivlik» anlayışı ilə asossiasiya olunur. Məsələn, orta məktəbi
bitirən hər 100 məzun hesabı ilə ali məktəblərə qəbul olanların sayının 50‐dən 75‐ə yüksəlməsi təhsil
üçün «nəticəlilik» anlayışını ifadə edir
İkinci anlayış səmərəlilikdi (efficiency)
‐ istehsal olunan məhsul (göstərilən xidmət) vahidinə
xərclərin (məsrəflərin) minimumlaşdırılmasını nəzərdə tutur. Nəzəri
yanaşmalarda «səmərəlilik» anlayışı «iqtisadi effektivlik» anlayışı ilə
asossiasiya olunur. Məsələn, səhiyyədə 1 çarpayı gününə məsrəflərin
azaldılması, hər km hesabı ilə yol tikintisinin dəyərinin aşağı düşməsi səmərəlilik
anlayışını ifadə edir (daha sadə dillə deyilsə, minimum xərclə maksimum nəticə).
Qarşıya qoyulmuş məqsədin (məsələn, ailələrin mənzil təminatı səviyyəsinin
yaxşılaşdırılması) və əldə olunmuş nəticələrin (məsələn, il ərzində yeni
tikilmiş mənzillər hesabına mənzillə təmin olunmuş ailələrin sayının 20 faiz
artması) müqayisəsi fəaliyyətin nəticəliliyini ( effectiveness), başqa sözlə, sosial əhəmiyyətli son nəticəni səciyyələndirir.
Hökumət
qurumlarının büdcə fəaliyyətinin (büdcə vəsaitlərinin istifadəsinin) nəticələrinin
qiymətləndirilməsi zamanı prosesə daxil edilən resurslar, həyata keçirilən fəaliyyət
və tədbirlər, bunların bilavasitə nəticələri və son nəticələri terminləri fərqləndirilməli
və bunların hər biri dəqiq müəyyənləşdirilməlidir.
Resurslara (xərclər) proqram icrasına yönəldilən pul vəsaitləri və digər
resurslardır. Məsələn, pul məsrəfləri, işçilər və onların iş vaxtı, avadanlıq,
texnika, binalar, material (o cümlədən yanacaq, enerji və s.) məsrəfləri və s. daxildir.
Fəaliyyətlərə proqramın məqsədinə
nail olmağına yönəldilmiş və proqram üçün ayrılmış resurslar hesabına həyata keçirilən
tədbirlərdir. Fəaliyyətlərə proqramın icrasının metodologiyasında nəzərdə
tutulmuş bütün addımlar – strategiyanın işlənilməsi, xidmətlərin göstərilməsi,
proseslərin reallaşdrılması və s. daxildir. Birbaşa (yaxud “aralıq”) nəticələr
proqram üzrə həyata keçirilən fəaliyyətdən bilavasitə yaranan məhsullardır.
Məsələn, Azəbaycanda 1 ildə 500 yeni məktəb tikilib, 800 məktəb yenidən
qurulub, 1000 km
magistral yollar rekonstruksiya edilib, 10 diaqnostika mərkəzi tikilib, aqrar
sektora 1000 yeni taxılyığan kombayn alınıb və s. Bütün bunlar hökumətin büdcə
vəsaitləri hesabına göstərdiyi xidmətlərin (gördüyü işlərin) həcmini (kəmiyyətini)
ifadə edir. Sosial əhəmiyyətli son nəticələr
– proqramın həyata keçirilməsindən cəmiyyətin (insanların) rifahında baş
verən dəyişikliklərdir. Son nəticələr kimi:
•
insan
inkişafı ilə bağlı proqramlar üçün ‐
proqramdan faydalananların yaşam və fəaliyyət şərtlərində, davranışlarında,
bilik və bacarıqlarında, dünyagörüşlərində və mənəvi dəyərlərində baş vermiş dəyişikliklər,
•
səhiyyə
proqramları üçün ‐ əhalinin sağlamlığında baş vermiş yaxşılaşmalar,
•
ətraf
mühitin mühafizəsi proqramları üçün ‐
ətraf mühitin xarakteristikasında baş vermiş dəyişikliklər,
•
nəqliyyat
proqramları üçün – insanların və əmtəələrin yerdəyişməsi (daşınması)
üsullarında baş vermiş dəyişikliklər;
•
iqtisadi
inkişaf proqramları üçün – bu və ya digər ərazinin iqtisadi vəziyyətində
baş vermiş dəyişikliklər çıxış edir.
Son nəticələrin
başlıca təyinatı proqramın icrasından əldə edilmiş dəyişiklikləri əks etdirmək,
cəmiyyətin rifahının yüksəlməsinə onun töhfəsini göstərməkdir. Başqa sözlə,
sosial əhəmiyyətli son nəticələr müəyyən proqram çərçivəsində həyata keçirilmiş
proses və fəaliyyətlərin proqramda bəyan edilmiş məqsəd(lər)in nail olunmasına
imkan vermə (təsir) səviyyəsini səciyyələndirir. Bunlar hökumət qurumlarının (yəni
büdcə vəsaitləri sərəncamçılarının) konkret dövr ərzindəki fəaliyyətindən cəmiyyətin
(yaxud ayrı‐ayrı sosial qrupların) əldə etdiyi effekti, yəni
rifah səviyyəsindəki dəyişikliyi qiymətləndirməyə imkan verir. Deməli, son nəticələr
mahiyyətcə əldə edilmiş faktiki nəticələrin məcmusunu və bunların cəmiyyətin
durumunda əks olunan təsirini xarakterizə edir.
Uzun illər hətta
inkişaf etmiş ölkələrdə proqramların effekti ilə bağlı məlumat və göstəricilərin
toplanması, bəzi hallarda siyasi hakimiyyət daxilində maraqlar toqquşmasının bu
sistemin tətbiqinə sonadək imkan verməməsi nəticəyə yönəlik büdcə sisteminin
formalaşmasına maneələr yaradırdı. Lakin artıq 1993-cü ildə ilk dəfə olaraq
ABŞ-da “Dövlət orqanlarının fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi
haqda Akt” qəbul edildikdən sonra problemlər aradan qalxmağa başladı. Artıq
effektivlik və nəticəlilik göstəricilərilə bağlı məlumatların toplanması və
büdcə planlaşdırmasında nəzərə alınması icbari hüquqi norma xarakteri aldı.
Yeni akta görə, büdcə xərcləmələrinin yönəldiyi dövlət siyasətinin hər biri
istiqaməti üzrı dəqiq və ölçülə bilən məqsədlər müəyyən edilməli, həmin məqsədə
çatmaq üçün yollar və bəyan olunmuş nəticələrə nail olmanı ölçməyə imkan verən
kəmiyyət göstəriciləri formalaşdırılmalı idi. Yeni qanun həmçinin növbəti il
üzrə illik və qarşıdakı dövr üzrə orta və uzunmüddətli strateji planlaşdırmanın
prosedurlarını, dövlət orqanlarının öz missiyalarını reallaşdırması ilə bağlı
hesabatlılıq mexanizmlərini müəyyənləşdirdi.
Nəticəyə yönəlik
büdcələşmə mexanizminin verdiyi töhfələrin nəticəsidir ki, bu mexanizmin müəəlifi
hesab olunan ölkələr belə müntəzəm olaraq sistemin təkmilləşdirilməsi istiqamətində
axtarışlar edir, yeni təşəbbüslər gerçəkləşdirir. Məsələn, 2011-ci ilin
yanvarında ABŞ prezidenti Barak Obama “Dövlət orqanlarının fəaliyyətinin nəticələrinin
qiymətləndirilməsi haqda Akt”a əlavələr və dəyişikliklər edilməsilə bağlı qətnamə
imzalayıb. Sənədə görə, bütün nazirlik və agentliklər hər rüb özlərinin
prioritetlərini nəzərdən keçirməli, strateji və cari planlarında dəyişikliklər
olduqda internet səhifələrində yerləşdirməlidirlər.
No comments:
Post a Comment