Uzun illər hökumətdə yüksək vəzifə tutan,
bir müddət əvvəl ictimai birlik yaradaraq vətəndaş cəmiyyəti sektoruna gələn
eks məmur xaricdən gələn malların xeyli hissəsinin Azərbaycan gömrük sistemində
qeydiyyata alınmaması ilə bağlı vətəndaş cəmiyyətinin səsləndirdiyi məlumatları
şübhə altına alır. Şübhlərini də belə arqumentləşdirir ki, mediaya açıqlanan təhlildə
mücərrəd “ticarət tərəfdaşları” anlıyışından istifadə etmək əvəzinə hər bir
ticarət tərəfdaşının adı qeyd olunmaqla məlumatlar onların hər biri üzrə ayrıca
göstərilməli, Azərbaycan 150 ölkə ilə ticarət tərəfdaşı olduğu halda təkcə 15
ölkənin məlumatlarından istifadə olunmamalı, fərqlərin olduğunu təsdiqləyən
mənbələr dəqiq göstərilməli idi.
Bu polemika ilə bağlı yazacağım tamam başqa
bir məqam var. Keçmiş nazir bildirir ki, “güzgü statistkası” metodu ilə idxalın
vəziyyətini yoxlmaq QHT-nin imkanı xaricindədi. Niyə, nə səbəbə bu üsul tətbiq
etmək mümkün deyil ki? Bu üsul qarşılıqlı ticarət edən tərəfdaş dövlətlərin
gömrük statistikasına dair məlumatların tutuşdurulmasını tələb edir. Əgər səhih
məlumatlar əldə etmək imkanı varsa, çox da mürəkkəb olmayan, mürəkkəb iqtisadi
modellərin qurulmasını tələb etməyən bu metodu tətbiq etmək nədən peşəkar
QHT-lər üçün problem olsun ki?
İqtisadi analiz faktlar olanda dəyərli,
faydalı və inandırıcıdı. Faktlar onu deyir ki, Azərbaycanda idxalın rəsmi qeydə
alınan həcmi dünya ölklərindən bizə ixrac olunan və həmin ölkələrdə rəsmi qeydə
alınan məbləğdən azdır – özü də xeyli azdır. Bu faktı təsdiqləyən mötəbər mənbələrə
inanaq, yoxsa “belə şey mümkün deyil” deyən faktsız çağrışa? Əlbəttə, fakta
inanmalıyıq. Əslində mübahisəyə səbəb
olan araşdırmaya müəlliflik edən İqtisadi Tədqiqatlar Mərkəzi çoxsaylı mənblər
göstərib və həmin sıraya tədqiqata cəlb ounan ölkələrin səfirlikləri, Dünya
Ticarət Təşkilatı, Dünya Gömrük Təşkilatı, Avropa Birliyi, UN Comtrade,
“Eurostat”, İƏİT, BVF, MDB Statistika Komitəsi, Gömrük Birliyi, Azərbaycan
Dövlət Statistika Komitəsi aid edilb.
Bəlkə indi media təmsilçiləri, lap elə
QHT-nin araşdırmalarına şübhə edən keçmiş nazir üçün sadəcə kompüterin
qarşısında oturub tədiqatdakı məlumatların hamısının bir yerdə səhihliyini
təftiş eləmək çox çətin görünə bilər. Amma mən özüm də daima “güzgü
statistikası” metodu əsasında məlumatların tutuşdurulmasını, ölkəmizin idxaldan
real asılılıq vəziyyətinin izlənilməsini daima diqqətdə saxlayıram. Bu baxımdan
daima istifadə etdiyim, beynəlxalq statusu olan mötəbər, istifadəsi hamı üçün
rahat və sadə olan bir mənbə deyəcəm, bu mənbə
qeydiyyatsız idxalın həcminin kifayət qədər böyük olduğunu təsdiqləyir.
Söhbət http://unctad.org/en/Pages/Home.aspx
adlı informasiya mənbəyindən gedir. Bu sayt bilavasitə BMT-yə aid informasiya
bazasıdı. UNCTAD abberviaturasının açılışı da belədir United Nations Conference
on Trade and Development – Ticarət və İnkişaf üzrə BMT Konfransı. Azərbaycan da
bu Konfransa üzv olan ölkələr sırasındadı. Deməli, bu saytda bütün hökumətlərin
rəsmi məlumatlar əsasında ölkələrin bir-biri ilə qarşlıqlı ticarət
əlaqələri tam əks olunub. Özü də bu baza təkcə idxal-ixrac əməliyyatlarının
ümumi həcmini deyil, əmtəə-mal qrupları üzrə tutuşdurmalar aparmağa imkan
verir. 2013-cü ildə 22 ölkənin məlumatlarını bizim gömrük statistikasının
məlumatları ilə tutuşdurdum və maraqlı nəticələr alındı. Əvvəla deyim ki, niyə
150 ölkə yox, 22 ölkə. Çünki ötən il bu 22 ölkə bizim rəsmi idxalımızın 90%-ni
və ya təxminən təşkil 9.6 milyard dollarını təmin edib. Yerdə qalan 130-dək
ölkənin hər birinə isə orta hesabla heç 10 milyon dollar da düşmür. Başqa
sözlə, bütün idxal həcminin 90%-ni baza kimi götürüb araşdırmaq mənzərəni tam
aydınlaşdırmaq üçün yetərlidi. Söhbət hansı ölkələrdən gedir: Belorus,
Qazaxıstan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Almanya, ABŞ, Avstriya, BƏƏ,
Cənubi Koreya, Çexiya, CAR, Braziliya, Böyük Britaniya, Çin, Fransa, İran,
İsveçrə, İtaliya, Yaponiya və Niderland. UNCTAD-ın məlumatına əsasən, 2013-cü ildə
bu ölkələrdən Azərbaycana ümumi ixrac 14.7 milyard dollar təşkil edib. Bizim
statistika isə həmin məbləği 5.1 milyard dollar az – 9.6 milyard dollar
göstərib. Adıçəkilən 22 ölkədən başqa yerdə qalan bütün başqa ölkələr üzrə
idxalı bizim statistika 1 milyard dollar,
UNCTAD isə həmin ölkələrin ixrac məlumatına əsasən bu məbləğin 2 milyard
dollar təşkil etdiyini göstərir. Ümumilikdə UNCTAD-ın məlumatı ilə bizim rəsmi
statistikanın məlumatı arasıda fərq 5.7 milyard və ya 35% təşkil edir –
Azərbaycan gömrüyü ümumi idxalın 10.7 milyard dollar, UNCTAD isə biz ixracın
16.4 milyard dollar olduğunu göstərir. Bəzi ölkələrlə ticarət əməliyyatlarımızda bu fərq həddən artıq
böyükdü. Məsələn, Türkiyə və Rusiya ilə fərq 2 dəfədir. Bəzi ölklər üzrə fərq
kifayət qədər azdı. Məsələn, Böyük Britaniya ilə ticarət əməliyyatlarımızda bu fərq 8%, İran üzrə 9% təşkil edir. Umumiyyətlə 2 mənbə
arasında yaranan 5.7 milyard dollar fərqin 3 milyard dollar Türkiyə və
Rusiyanın payına düşür.
İstər metodoloji, istərsə beynəlxalq təcrübə
baxımından beynəlxaql ticarətdə bu cür kənarlaşma mümkündü. Amma beynəlxaql
maliyyə təşkilatlarının yanaşmasına görə, bu fərq bir sıra obyektiv faktorlar
səbəbindən təxminən 15% ətrafında ola bilər. Məsələn, bu standartdan yanaşsaq,
UNCTAD-ın məlumatında Azərbaycan üzrə qeyd olunan 16.4 milyard dollar ixrac
bizim gömrükdə təxminən 14 milyard dollar səviyyəsində qeydə alınmış olsa idi,
bu tam normal olardı. Amma indiki halda yolverilən 15%-lik kənarlaşmadan əlavə
təxminən 3.2 milyard dollarlıq fərqdən söhbət gedir. Azərbaycanda vergi güzəşti
tətbiq olunmayan əmtəələri nəzərə almasaq, idxal malları üçün orta vergi yükü
(bura ƏDV, bəzi məhsular üzrə aksiz vergisi, idxal rüsumu və idxal-gömrük
rəsmiləşdirilməsi ilə bağlı haqlar
daxildir) 30%-dən az deyil. Yəni, əgər gerçəkdə 3 milyad dollardan artıq
əmtəəni qeydiyyatsız ölkəyə daxil olduğu rəsmi təsdiqlənərsə, bu büdcəyə
təxminən 1 milyard dolların ödənilməməsi demək olardı. Nəzərə alın ki, hazırda
gömrük sistemi dövlət büdcəsinə elə 1.5 milyard dollar ödəyir.
Beynəlxaql təşkilatların xarici ticarət üçün
yolverilən kənarlaşma üçün səbəb göstərdikləri amillər müxtəlifdir. Məsələn,
malların FOB və ya CİF qiymət şərtilə rəsmilləşdirilməsi fərqi yaradan əsas
səbəblərdən biridir. Bu qiymət şərtləri arasınad fərq nəql və sığorta xərclərinin
həcminə bərabərdir. CİF (Cost, Insurance and Freight) malın təyinat yerinə
çatdırılması ilə bağlı xərclərlə birgə formalaşan qiymətdir. FOB (Free On Board)
isə ixracatçı ölkənin sərhədindən çıxana qədər nəzərə alına qiymətdir.
Kənarlaşmanın
başqa səbəbləri də var. Məsələn, bəzi ölkələrədə fiziki şəxslərin kiçik dəyərli
mallar idxal zamanı qeydə alınmır, amma ixrac ölkəsində onun dəyəri
rəsmiləşdirilir. Yaxud, malın çıxma tarixi çatma tarixindən fərqli olur.
Dekabrın son günlərində ixrac olunan mal ixracatçı ölkədə köhnə ildə qeydiyyata
alınır, idxalatçı ölkədə təzə ildə rəsmiləşdirilir.
Nəhayət
başqa bir səbəb, valyuta məzənnəsi ilə bağlı yarana bilər. Belə ki, xarici
ticarət predmeti olan malı olkənin valyutasına uyğun olaraq qiymətləndirərkən
muxtəlif məzənnələrdən istifadə olunur, məzənnə dəyişikliyi də fərq yaradır.
Amma
qeyd olunduğu kimi, bütün hallarda bütün obyektiv faktorlar hesabına yolverilən
kənarlaşma 15%-i ötməməlidi. Hətta Beynəlxalq Valyuta Fondu CİF-FOB fərqinə
görə mümkün kənarlaşma üçün maksimum həddi 6% götürür.
UNCTAD-ın bazası əsasında bir sıra ölkələr
üzrə də oxşar qiymətləndirmə apardım. Və inkişaf etmiş ölkələrdə fərqin 5-10%
həddini ötməməsi beynəlxalq təşkilatların “yolverilən kənarlaşma” göstəricisilə
bağlı standartınının kifayət qədər əsaslandırılmış olduğunu göstərir. Məsələn, ABŞ daxili statistikası 2013-cü ildə
bu ölkənin idxalının 2.328 trilyon dollar, UNCTAD isə ixrac ölkələrinin
məlumatına əsasən 2.209 trilyon dollar olduğunu göstərir. Fərq 5%-di. Böyük
Britaniya üzrə fərq 2.7% (müvafiq olaraq 655.7 milyard dollar və 673.1 milyard
dollar), Norveç üzrə fərq 1.3% (müvafiq olaraq 88.3 milyard dollar və 89.8 milyard dollar), Polşa üzrə fərq 6.4% (müvafiq olaraq 201.8
milyard dollar və 215.4 milyard dollar), Fransa üzrə fərq 3.4% (müvafiq olaraq
668.6 milyard dollar və 691.7milyard dollar), Almaniya üzrə fərq 4.5% (müvafiq
olaraq 1.141 trilyon dollar və 1194 trilyon dollar) təşkil edib.
Müqayisə və nəticə çıxarmaq üçün yaxşı
məlumat bazasıdı. Amma bu mənbənin də mötəbərliyi şübhə altına alınsa, onda
heç...
No comments:
Post a Comment