Pages

Wednesday, January 20, 2016

Yoxsullaşan ailələr, çökən biznes, müflisləşən banklar…


“Maaş artımı inflyasiya yaradır” deyənlərə daha bir cavab

Həftə ərzində büdcədən ödənilən maaş, pensiya və sosial müavinətlərin artırılması ilə bağlı imzalanan sərəncamlardan aydın oldu ki, gündəlik istehlak mallarının qiymət artımı əhalinin gəlirlərinin artım tempini ən azı 3-4 dəfə qarşılayır.
"Gəlirlərin artımı qiymət artımına tam uyğunlaşdırılsa inflyasiya daha da sürətlənər" söyləyənlərə cavab olaraq 2 gün əvvəl bir məqalə paylaşmışdım.
Amma bu mövzuya nöqtə qoyacaq vacib bir məqama toxunmağa ehtiyac var. 2 ay öncə təsdiqlənmiş 2016-cı ilin dövlət büdcəsindən maaşlara və bütün sosial ödənişlərə 5.3 milyard manat ayrılması nəzərdə tutulub. Deməli, 10%-lik artım üçün hökumətə əlavə olaraq təxminən 530 milyon manat tələb edilir.
Halbuki manatın ucuzlaşması və gündəlik tələbat mallarının hazırkı qiymət səviyyəsi bütövlükdə ailə təsərrüfatlarının təkcə kredit borclarını və qida istehlakı xərclərini ən azı 6 milyard manat artırır. Belə ki, Dövlət Statisitka Komitəsinin məlumatına görə 2015-ci ildə qida istehlakı (tütün və içkilər də daxil) 12.9 milyard manat olub. Bu xərclərin ən azı 40% artması təxminən 5 milyard manat əlavə vəsait tələb edir. Bundan əlavə, banklara xarici valyuta ilə olan 7.5 milyard dollar kredit borcunun 2 milyard dolları ailə təsərrüfatlarının borcudur - bu isə son devalvasiayadan sonra 1 milyard manat əlavə ödəmə tələb edir.
Nəzərə alaq ki, dövlət büdcəsindən maaş, pensiya və müxtəlif müavinətlər alan insanların sayı təxminən 2.5 milyon nəfərdir - yəni bütün ölkə əhalisinin təxminən 24%-i. Əgər qiymət və məzənnə artımının yaratdığı izafi xərcləməni cəmiyyət üzvləri arasında proporsional bölsək, bu o deməkdir ki, büdcə sektoruna bağlı insanların illik əlavə xərcləri 1.5 milyard manatdan az olmayacaq. Hökumət isə bunun müqabilində son indeksasiya vasitəsilə həmin zümrəyə cəmi 500 milyon manat kompensasiya təqdim edir.
Aydın məsələdir ki, ağır iqtisadi çətinliklər içərisində olan özəl sektor ümumiyyətlə indeksasiyaya getməyəcək və büdcəyə bağlılığı olmayan insanlar tamamən sosial müdafiəsiz qalacaqlar. Əslində indiki iqtisadi şərtlərdə özəl sekorun iş yerlərini qoruya bilməsinin özü böyük avantajdır - nəinki əmək haqlarını artırmaq.
Bütün bu rəqəmləri və müqayisələri sadalamağın məqsədi var: Azərbaycan iqtisadiyyatının hazırkı reallıqları şəraitində gəlir artımının qiymət artımına adekvat olması inflyasiya proseslərini sürətləndirə bilməz. Çünki klassik anlamda "qiymət-əmək haqqı spiralı" o zaman yaranır ki, pul artır, amma əmtəə təklifi azalır, tələb isə əvvəlki səviyyədə qalır. Yəni bunun sadə izahı budur: cəmiyyətin dünənki təlabatı 100 kq ət və 1000 çörəyə idi, bazarda həmin həcmdə məhsulu tapa bilirdi, nəhayət bu qədər qida üçün xərci isə 1000 manat idi. Bu gün isə yenə cəmiyyətin təlabatı 100 kq ət və 1000 çörəyədi, amma bazarda 80 kq ət, 800 çörək var, hər kq qida isə orta hesabla 50% bahalanıb. Belə şəraitdə gəlirlərin də 50%-i artımı baş verirsə, "əmək haqqı -qiymət spiralı"nın yaranması qaçılmazdır: qiymətlər, arxasınca isə əmək haqqı artacaq və proses tələbata uyğun əmtəə təklifinin formalaşmasına qədər davam edəcək.
Lakin Azərbaycan iqtisadiyyatı üçün belə bir konfiqurasiya real deyil: bazarlar əmtəə qıtlığı yaşamır, əhali tam indeksasiya edilmiş gəlirlərini yığıma deyil, istehlakını əvvəlki səviyyədə qarşılamağa məhkumdur. Yenə sadə bir misal: sizin ailənin dünənki minimum istehlak səbəti 500 manat idi, bu gün 800 manat. Əgər səbətin dəyərinə uyğun sizin gəliriniz də 300 manat artırsa, siz öncül istehlakınızı ödəməyə çalışacaqsınız. Amma hökumətin qorxduğu kimi, kimsə artan 300 manat gəlirindən 50 manat yayındırıb dollar almağa yönəldəcəksə, bu halların valyuta bazarına təzyiqi nəzərə alınmayacaq dərəcədə kiçik olacaq. Çox az adam minimum ehtiyacları ödənməmiş 50 manat verib 30 dollar almağa qaçacaq.
Qısası, sırf iqtisadi nəzəriyyədən çıxış etsək, inflyasiya təzyiqi altında artan gəlirlər əlavə təlabatı maliyyələşdirməyə deyil, tələbatı əvvəlki səviyyədə saxlamağa yönəldiyi şəraitdə qiymət artımını stimullaşdırmır. Hətta müəyyən səviyyədə qiymət artımı müşahidə edilsə belə, idxal siyasəti və istehsalın stimullaşdırılması alətləri sayəsində inflyasiyanı cilovlamaq da olar.
Əksinə əhalinin alıcılıq qabiliyyətinin kəskin azaldığı şəraitdə fiskal hakimiyyətin (Maliyyə Nazirliyinin) borcludur ki, monetar hakimiyyətin (Mərkəz Bankın) pul təklifini artırmasına dəstək versin. Bu halda əhalinin gəlirlərinin müdafiəsi bisnesin döviyyəsini artıracaq - əks halda isə yoxsullaşan əhali tələbatını qayçılamaqda, biznes gəlirlərini sürətlə itirməkdə davam edəcək. Bir ildən sonra hökumət qarşısına çıxan mənzərədən dəətə gələcək - əhali fəlakətli dərəcədə yoxsullaşıb, biznesin məkanında isə lələ köçüb yurdu qalıb.
Bir çox böhran ölkələrinin uğurlu təcrübələrə sübut edir ki, hökumət əhalinin gəlirlərini artırmaqda maraqlı olmalıdır: ya əhalini banklardan borclanmaya həvəsləndirməklə, ya da gəlirlərin artımını dəstəkləməklə. İndiki vəziyyət nə bank sektorunun durumu, nə də əhalinin faktiki borclarının böyük həcmi kreditlərin götürülməsi variantını istisna edir. Lakin büdcə və minimum əmək haqqı siyasəti vasitəsilə gəlirərin artımını stimullaşdırmaq imkanları var. Bir daha vurğulayıram: artan gəlirlərlə əhali ilk növbədə istehlak malları almağa üstünlük verəcək.
Nəhayət, ev təsərrüfatlarının banklara 9 milyard manata yaxı borcu var. Onları gəlirləri artmalıdır ki, bankların da borclarını qaytara bilsinlər. Yəni əhalinin gəlirlərinin artmının son ünvanı bizneslə yanaşı bank sektoru olacaq. İnflyasiyanın və manatın ucuzlaşmasının yoxsullaşdırdığı əhalinin bankların əsas gəlir bazası olduğunu nəzərdən qaçırmaq olar. Ələlxüsus da banklar kredit verərkən büdcədən gəliri olanlara üstünlük veriblər. Ona görə bank sektorunun müştəri kontingentində “büdcəçilərin” xüsusi çəkisi böyükdür.
Yanlış sosial müdafiə və gəlirlər siyasəti əhalini yoxsullaşdırır, biznesi çökdürür, bank sektorunu müflisləşdirir...


Monday, January 18, 2016

Distrofiyaya məruz qalan iqtisadiyyat...


İndi tez-tez verilən suallardan biri budur - hökumətin maaş və pensiyaları artırması inflyasiyanı sürətləndirməyəcək ki?
İqtisadiyyatın staqflyasiya təhlkəsi yaşadığı, iqtisadi fəallığın kəskin azaldığı dövrdə pul kütləsinin belə sərt məhdudlaşdırılmasının tördəcəyi fəsadları bir ayrı müzakirənin mövzusudu. Amma pul təklifinin artımının sırf inflyasiya faktorunu fəallaşdırması baxımından bəzi məqamları qeyd etmək vacibdir.
Birincisi, Mərkəzi Bank iqtisadiyyatı tam pulsuzlaşdırıb. Son bir ildə pul kütləsinin həcmi 2 dəfəyədək azaldılıb. M2 pul aqreqatının (nağd pul kütləsi+ manatla müddətli və müddətsiz depozitlərin həcmi) Ümumi Daxili Məhsula nisbəti son 1 ildə 30%-dən 15%-ə qədər enib. Məlumat üçün deyim ki, uzunmüddətli iqtisadi tədqiqatların nəticəsinə görə, dayanıqlı və genişlənən, böhran meyllərindən uzaq iqtisadiyyatlarda geniş pul kütləsinin ÜDM-ə nisbəti üçün minimum yol verilən hədd 50%, normal hədd 70% sayılır (hərçənd ki, 120-130% təşkil edən yüksək inkişaf malik iqtisadiyyatlar da var).
Azərbaycanda hazırkı şəraitdə inflyasiyanı yaradan əsas səbəb klassik anlamda rastlaşdığımız Mərkəzi Bankın çap maşınının işləməsi deyil. Əksinə yuxarıda qeyd etdim ki, qiymətlərin 45-50% bahalandığı son bir ayda pul kütləsinin həcmi 2014-cü ilin sonlarına nisbətən 2 dəfədən çox azalmışdı. Yəni iqtisadiyyatın kəskin pul defisiti yaşadığı bir şəraitdə gündəlik tələbat malları səbətinin ikirəqəmli inflyasiyası baş verir. Bu, xammal bazarlarında qiymət şoklarının yaşandığı mərhələdə daxili bazarı idxaldan, milli valyutasının sabitliyi və büdcə imkanları xammal ixracından kəskin asılı olan iqtisadiyyatlar üçün xarakterik olan fenomendir. Yəni hökumətin tənzimləmə gücü valyuta bazarının və tədiyyə balansının sabitləşdirilməsinə yönəldilməlidir - inflyasiya ilə mübarizə yolu budur. Əks halda hətta pul kütləsinin ÜDM-də payının 10%-ə endiyi şəraitdə belə gündəlik istehlak məhsullarının bahalanması qaçılmazdır.
İkinicisi, şübhəsiz ki, pul kütləsinin artımının inflyasiya törədiçi effekti qaçılmazdır. Lakin bu aztəminatlı insanların gəlirlərinin alıcılıq qabiliyyətinin artırılması üçün hökuməti indeksasiya tədbirlərindən qaçmağa əsas vermir. Əgər kəskin qiymət artımı şəraitində gəlirlər yerində sayırsa, bunun qısamüddətli dövrdə çox ağır sosial, bir müddət sonra isə siyasi nəticələri qaçılmazdır. Hökumət istənilən şəraitdə insanların gəlirlərini minimum yaşayış standartlarına uyğunlaşdırmaq öhdəliyi daşıyır.
Üçüncüsü, hazırkı strukturu və istehsal potensialı Azərbaycan iqtisadiyyatının yüksək pul yaratmaq qabiliyyətinə təmin etmiş olsa idi, pul təklifinin artımı inflyasiya doğurmazdı. Bunun sadə izahı nədir? Mərkəzi Bankın çap etdiyi hər manatı sonradan bank sektorunun vasitəçiliyi ilə milli iqtisadiyyat ən azı 5-6 manata çevirməlidir. Məsələn, bank sektorunun kredit verdiyi vəsait dəyər yaradan sektorlara yönəlirsə və bu yeni yaranan dəyər xidmət və məhsul şəkilində pula satılaraq yenidən depozit formasında banka qayıdırsa və bank yenidən həmin vəsaiti başqa bir dəyər yaradan sahibkara kredit kimi verirsə, 1 manatı əlbəttə il ərzində 5-6 manata çevrimək mümkün olacaq. Yox əgər iqtisadiyyat hökumətin satdığı xammal dollarını manata çevirib dövriyyəyə buraxacaqsa və həmin pullar ölkədə sahibkarların yeni məhsul (xidmət) yaratmasına deyil, əcnəbi sahibkarın mənfəət əldə etməsinə (yəni idxala) gedirsə, əlbəttə pul kütləsinin artımı inflyasiyanı stimullaşdırcaq. Buna iqtisadi nəzərəyyədə pul multiplikatoru deyirlər - pulun pul yaratmaq qabiliyyəti, gerçəkdə isə milli iqtisadiyyatın pul yaratmaq potensialı. Əgər iqtisadiyyatın "istehsal maşını" çalışmırsa, həmin ölkədə yalnız Mərkəzi Bankın çap maşını çalışacaq.
Məsələn, hazırda ABŞ-da FED-in kəsdiyi hər dollar 6-7 dollar, Rusiyada emissiya olunan hər rubl 3-3.5 rubl, dövriyyə buraxılan hər gürcü larsi 2.0-2.5 lari əlavə pul yaradır. Bəs Azərbaycan manatı - Mərkəzi Bankın çap etdiyi hər manat cəmi 30 qəpik yaradır. Bu, bizim iqtisadiyyatmızın nə qədər zəif potensiala malik olmasını, idxladan kritik asılılıq səviyyəsini, iqtisadiyyatın şaxələnmə səviyyəsinin kritik dərəcədə aşağı olmasını nümayiş etdirən olduqca aşkar göstəricidi. Pul kütkəsinin ÜDM-ə nisbətinin 70-80% olan ölkədə inflyasiyanın səviyyəsi 1-2%-i ötmədiyi halda (hətta Yaponiya və Avropa son 2-3 ildə deflyasiya riski ilə üzləşmişdi) bizim kimi 15% göstəriciyə malik ölkədə iki rəqəmli inflyasiyanın əsas səbəbini bax bu yanaşmada axtarmaq lazımdır.
Bir sözlə, yüksək inflyasiyanı stimullaşdıran əsas problem pul təklifinin artması deyil, pul yaradan iqtisadiyyatın olmamasıdır. Yuxarıda qeyd etdiyim fikri bir daha təkrarlayıram: Mərkəzi Bankın çap maşını məhz iqtisadiyyatın pul yaratmaq qabiliyyəti olmayanda işə düşür və inflyasiya da o zaman qaçılmaz olur. Amma pulu iqtisadiyyat "istehsal" edəndə inflyasiya hökumət üçün qayğıya və riskə çevrilmir.
Qısası maaş və pensiayaları qiymət artımına uyğun indeksləşdirməyən hökumət inflyasiyanı baiskar çıxarır. Lakin inflyasiyanı öz potensialı içərisində əridən iqtisadiyyatı formalaşdırmaq məsuliyyətinin birbaşa hökumətə aid olduğunu heç kəs unutmamalıdır və iqtisadi təhlillə məşğul olanlar ona hər gün xatırlatmalıdır.

Sunday, January 10, 2016

Gerçək gömrük statistikası: doğru rəqəmi prezidentə kim deyər?

2015-ci ilin yekunları ilə bağlı prezident müşavirəsindən belə hiss etdim ki, Azərbaycanın idxaldan asılılığı kəskin problem olaraq hökumətin qarşısında dayanmır. Halbuki manatın düşdüyü vəziyyət yalnız ixrac gəlirlərinin 2 dəfəyədək azalması ilə bağlı deyil - səbəb həm də zamanında idxalı əvəzləyən istehsalın yaradlımamasıdır. Son iqtisadi proselərin təhlili göstərir ki, səlahiyyətli dövlət orqanları valyuta bazarında effektiv məzənnə tənziminə nail olmaq, ölkənin idxaldan asılılığını kəskin azaltmaq məqsədilə real və çatıla bilən hədəflər müəyyən etmək istəyirlərsə, qeyri-leqal idxaldan imtina etməlidirlər. Xarici ticarət statistikasında yüksək şəffaflıq təmin edilməlidir - bu həm ölkədə məzənnə sabitliyinin təmin edilməsi üçün resursların, həm də idxalı əvəzləyə bilən milli istehsalın real potensialın dəqiq müəyyən edilməsi baxımından fövqəladə dərəcədə vacib məsələdir.    
Reallıqda hökumət nəinki qeyri-leqal idxalın mövcudluğunu etiraf edir, əksinə gömrükçülər sahibkarların idxal etdiyi əmtəələrin invoys qiymətlərin azaldılığını əsas gətirərək yeni (artırılmış) qiymətlər tətbiq edirlər. Amma necə olursa, hətta milli gömrükçülərimizin yeni (yüksək) qiymət təyinindən sonra ticarət partnyorları olan ölkələrin gömrüyündə Azərbaycana ixrac kimi rəsmilişdirilən məhsulların həcmi bizim gömrükdə idxal kimi uçota alınan həcmdən xeyli çox olur.
Metodoloji baxımından beynəlxalq ticarətdə bu cür kənarlaşmalar qəbul edilir və  nəzəri ədəbiyyatlarda, həmçinin beynəlxaql təşkilatların yanaşmasında bir sıra obyektiv faktorlar səbəbindən bu fərq üçün təxminən 12-15% (az və ya çox) yolverilən hədd sayılır. Fərq həddən artıq böykdürsə, bu artıq qeyri-leqal idxalın mövcudluğuna işarədir. Bu cür kənarlaşmanın əsas səbəblərindən biri CİF və FOB qiymətlərin tətbiqi ilə bağlıdır. CİF (Cost, Insurance and Freight) malın təyinat yerinə çatdırılması ilə bağlı xərclərlə birgə formalaşan qiymətdir. FOB (Free On Board) isə ixracatçı ölkənin sərhədindən çıxana qədər nəzərə alına qiymətdir. Bu qiymət şərtləri arasında fərq nəql və sığorta xərclərinin həcminə bərabərdir. Bəzi ölkələr ticarət əməliyyatlarını CİF (nəql və sığorta xərclərini də malın qiymətinə əlavə etməklə), bəziləri isə FOB qiymətləri (nəql və sığorta xərclərini də malın qiymətinə daxil etmədən) əsasında rəsmiləşdirir. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin yanaşmasına görə, CİF-FOB fərqinə görə mümkün kənarlaşma üçün maksimum həddi 6% ola bilər. Kənarlaşmanın başqa səbəbləri də var. Məsələn, bəzi ölkələrədə fiziki şəxslərin kiçik dəyərli mallar idxal zamanı qeydə alınmır, amma ixrac ölkəsində onun dəyəri rəsmiləşdirilir. Yaxud, malın çıxma tarixi çatma tarixindən fərqli olur. Dekabrın son günlərində ixrac olunan mal ixracatçı ölkədə köhnə ildə qeydiyyata alınır, idxalatçı ölkədə təzə ildə rəsmiləşdirilir. Amma bütün hallarda bütün obyektiv faktorlar hesabına yolverilən kənarlaşmanın 15%-i ötmədiyini beynəlxalq təşkilatların statistikası və tədqiqatları da təsdiqləyir.
Bunu sübut edən ən etibarlı mənbə UNCTAD-ın məlumat bazasıdır. UNCTAD (United Nations Conference on Trade and Development) BMT-nin patronajlığı altında fəaliyyət göstərən təsisatdı. Bu abberviautranın azərbaycan dilində açılışı belədir - Ticarət və İnkişaf üzrə BMT Konfransı. Təşkilatın bütün statistik məlumatları rəsmidir və BMT-nin üzvü olan dövlətlərin qurumları tərəfindən təqdim edilir. Məsələn, siz təşkilatın saytından Gürcüstanın Azərbaycana ixracını bu dövlətin, Azərbaycanın Gürcüstandan idxalını isə Azərbaycan tərəfinin rəsmi orqanlarından alınmış rəqəmlər əsasında öyrənə bilərsiniz.
Faktlara keçək. UNCTAD-ın Azərbaycanın ticarət partnyorları olan dünya ölkələrindən topladığı statistik məlumatlara görə, 2014-cü ildə bütün ölkələr tərəfindən Azərbaycana ixrac (yəni Azərbaycanın idxalı) 15.3 milyard dollar təşkil edib. Halbuki, Azərbaycanın rəsmi gömrük orqanı 2014-cü ildə ölkəyə idxalın həcminin 9.2 milyard dollar olduğunu bəyan edib. Fərq 6.1 milyard dollar və ya 40% təşkil edir.
Halbuki UNCTAD-ın bazası əsasında "güzgü statistkası” metodu ilə aparılan qiymətləndirmədən aydın olur ki, nəinki inkişaf etmiş dövlətlərdə, hətta keçid ölkələrində kənarlaşmanın səviyyəsi beynəlxalq təcrübədə qəbul edilən səviyyəyə uyğundur. Məsələn, 2014-cü ildə Gürcüstan gömrük orqanları ölkəyə 8.6 milyard dollar, UNCTAD-ın isə Gürcüstan üzrə qeydə alıdığı idxal 9.7 milyard dollar təşkil edir. Fərq 1.1 milyard dollar və ya 11.3%.
2014-cü ildə Estoniya gömrük orqanları ölkəyə 20.2 milyard dollar, UNCTAD-ın isə Estoniya üzrə qeydə alıdığı idxal 21.4 milyard dollar təşkil edir. Fərq 1.2 milyard dollar və ya 5.6%.
2014-cü ildə Almaniya gömrük orqanları ölkəyə 1.224 trilyon dollar, UNCTAD-ın isə Almaniya üzrə qeydə alıdığı idxal 1.153 trilyon dollar təşkil edir. Fərq 71 milyard dollar və ya 6.1%.
2014-cü ildə Rusiya gömrük orqanları ölkəyə 287 milyard dollar, UNCTAD-ın isə Rusiya üzrə qeydə alıdığı idxal 298.5 milyard dollar təşkil edir. Fərq 11.5 milyard dollar və ya 4.0%.
Hətta Tacikstan kimi dövlət idarəetməsində şəffaflığın və səmərəli idarəetmənin olmadığı ölkədə gömrükdə kənarlaşma beynəlxalq aləmdə qəbul edilən yolverilən həddi aşmır. Belə ki, 2014-cü ildə Tacikstan gömrük orqanları ölkəyə 4.5 milyard dollar, UNCTAD-ın isə Estoniya üzrə qeydə alıdığı idxal 5.3 milyard dollar təşkil edir. Fərq 0.8 milyard dollar və ya 15.1%.
Əgər beynəlxalq təcrübədə qəbul edilən "15% qaydası"nın metodoloji əsası yoxdursa, niyə nümunə gətirdiyim ölkələrin hamısında kənarlaşma standartlar çərçivəsindədi, Azərbaycanda 40%?
Fikirlərlə mübahisə etmək olar, amma faktlarla əsla...