Friday, December 30, 2016

Yaxşı il necə olur?

2016-cı il özündən əvvəlki ilin davamı oldu. Ölkədə iqtisadi böhran daha da dərinləşdi, yoxsullar daha da yoxsullaşdı, hökumətin etiraf eləmədiyi işsizliyin real səviyyəsi bir az da yüksəldi, qiymətlər, xüsusən gündəlik tələbat mallarının qiyməti əhəmiyyətli dərəcədə bahalandı. Büdcəmiz yenə ixtisar oldu, iqtisadiyyatımız bir az da kiçildi. Bank sektorunda böhran davam elədi, bankların az qala dörddə biri sıradan çıxdı, bank aktivləri 10%-dən çox azaldı, sektor üzrə yaranan zərərin həcmi 3 dəfədən çox genişləndi, bank kreditlərinin həcmi 25%-dək azaldı. Milli valyutamız il ərzində 20%-dək yenidən dəyər itirdi...
Hökumət islahatlarla bağlı bolluca vədlər verdi, xeyli sənədlər qəbul etdi. Amma gerçək islahat addımları atılmadı. Məsələn, mərkəzi hakimiyyət orqanlarının funksionlallığının yüksələdilməsi, onların fəaliyyətinin səmərəliyinin və şəffaflığının artırılması istiqamətində heç bir real addımlar atılmadı, yerlərdə icra hakimiyyətlərinin kötəkli hakimiyyəti yenə davam etdi, parlament keyfiyyətli və ədalətli qanunlar qəbul etməkdən daha çox ayrı-ayrı deputatların cəmiyyətin əsəblərini tarıma çəkən, toplumun mənfi emosiyalarını artıran çıxışları ilə yadda qaldı.
Ölkədə müstəqil təsisatların, vətəndaş özünüidarəetməsinə əsaslanan demokratik institutların, azad media və vətəndaş cəmiyyətinin bərpasına yönəlik effektiv addımların şahidi olmadıq. Ədalət simvolu olmalı olan məhkəmələrimiz yenə bizi sevindirmədi - siyasi baxışlarına görə həbsxanada olan dostlarımızdan 2016-da da ailələrinə qovuşa bilməyənlər oldu.
Hər kəsin öz hesab-kitabı var. Hərə ilə öz qiymətini verir - mənim üçün istər şəxsi, istər ictimai baxımdan 2016 uğursuz və ağır il oldu. İnsan bəzən səmərəsiz keçirdiyi 5-10 dəqiqəyə belə heyfslənir,  o ki ola 365 gün və ya 8760 saat ola. 
Min illərdir dünyanın dəyişməyən bir qanunu var - yer öz oxu ətrafında fırlandıqca təkcə təqvimi dəyişmir. Fırlandıqca fürsətlər və faciələri də əlində fırlayır. Fürsətlərdən ötrü can atan toplumlara fürsətlər, fürsətlərdən qaçanlara faciələr nəsib olur. Nə qədər ki, torpaq bütövlüyümüz yoxdu, yüz minlərlə insan əsirlikdəki doğma yurdların həsrətilə qovrulur, nə qədər ki, on minlərlə insan məhkəmələrdə axtardığı ədaləti tapa bilmir, nə qədər ki, yüz minlərrlə insan seçki qutusunda səs verdiyi gerçək adamı axtarır, amma tapa bilmir, nə qədər ki, yüz minlərlə insan məmləkətin gələcəyinə nikbin baxa bilmir, demək biz fürsətlərin tamamını qaçırmışıq. Yaxşı il dediyimiz il bax bu problemlərin öz həllini tapdığı il olacaq...   
2017-ci il gərgin il kimi gözləyirəm - həm siyasi, həm iqtisadi baxımdan. Siyasi gərginlik əsasən hakimiyyətdaxili ziddiyətlərin gərginləşməsi ilə bağlı olacaq. Pul və varidat üzərində bərqərar olan siyasi hakimiyyətlərdə kapitala çıxış kanallara məhdudlaşdıqca daxili qarşıdurmaların güclənməsi məntiqi proesdir.   
İqtisadi problemlərin dərinləşməsi ilk növbədə özünü əmlak bazarında, tikinti sektorunda, bank sferasında aşkar gəstərəcək. Manat ilboyu təzyiq altında olacaq. Hökumət valyuta öhdəliklərini icra etmək üçün imkanı çatan qədər ölkənin xarici borc yükünü artırmağa, Neft Fondunun aktivlərindən ən müxtəlif formada istifadə etməyə çalışacaq.   
İki inzibati ərazi vahidinin bazasında tibbi sığortanın tətbiqi ilə bağlı təşəbbüs müsbət addım olsa da, ciddi effekt gözləmirəm. Çünki tibbi sığorta sistemi o şəraitdə effekt verir ki, məşğul əhalinin ən azı 70-80%-i leqal çalışır, işsizlik səviyyəsi aşağıdır, işləyənlərin əmək haqqı elə səviyyədədir ki, tutulan sığorta haqları işçinin normal sığortasına, sağlamlığını qorumasına imkan verir. Bizdə bu sistemi əyalətlərdən tətbiq etməyə başladılar - o yerlərdə ki, məşğul əhalinin maksimum 25%-i leqal çalışır (əmək müqaviləsi var), məvaciblər isə həddən artıq aşağıdır. Amma yenə də bu addım 2016-cı ilin bəlkə də ən müsbət addımlarından biri oldu...
İli pessimist ovqatla başa vursam da, çoxlu sayda zəhmətsevər, ağıllı insanlarımıza baxanda ölkəmizin gələcəyi ilə bağlı bədgüman və ümidsiz hissələri özümdən xeyli uzaq tuta bilirəm.
Dəyərli dostlar, boş ümidlər və gərəksiz şükranlıqladan uzaq olmaqla daha gözəl bir il arsuzu ilə...

Friday, December 16, 2016

Dəngəsi pozulan balans


Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə tədiyyə balansına dair məlumatları açıqlayıb.
2 devalvasiya qərarının qəbul edildiyi 2015-ci ilə nisbətən 2016-cı ildə tədiyyə balansında gərginliyin xeyli azaldığı müşahidə edilsə də, ümumi balans yenə mənfidir. Amma ən pisi odur ki, əvvəlki illərdə bir qayda olaraq cari əməliyyatlar balansında müsbət, maliyyə hesabında kəsir müşahidə edilirdi. Məsələn, son 20 ildə ölkənin valyuta sistemi üçün ən gərgi il kimi yadda qalan 
2015-ci ildə 9 ayın nəticələrinə görə cari əməliyyatlar balansında 240.5 mln. dollarlıq profisit yarandığı halda, bu ilin eyni dövründə 1.113 mlrd. dollarlıq defisit qeydə alınıb.
Yaranan kəsiri nəzərə almasaq, cari hesablar balansında müşahidə edilən əsas meyllər kimi bunları qeyd etmək olar:

1)      Xarici ticarət balansının müsbət saldosu 5.3 mlrd. dollardan 2.9 mlrd. dollara enib. Bu qarşılıqlı xarici ticarət əməliyyatları nəticəsində ölkəyə daxil olan valyuta kütləsinin 2.4 mlrd. dollar azalması deməkdir;
2)      Xidmətlər balansının mənfi saldosu 3.4 mlrd. dollardan təxminən 2.3 mlrd. dollara enib. Bu o deməkdir ki, qarşılıqlı beynəlxalq xidmət əməliyyatlarının nəticəsi kimi ölkədən çıxan xarici valyuta kütləsinin 1.1 mlrd. dollar azalması deməkdir. Xidmət əməliyyatları ilə bağlı mənfi tendensiya budur ki, qeyri—rezidentlərə göstərilən nəqliyyat xidmətlərinin həcmi 300 mln. dollar azalaraq 824 mln. dollara enib. Müsbət tendensiya isə odur ki, əcnəbilərə göstərilən turizm xidmətlərinin həcmi 383 mln. dollar artaraq 2.055 mlrd. dollara yüksəlib. Amma azərbaycanlı turistlərin xarici ölkələrdə xərclədiyi vəsaitlərin həcmində kəskin azalma olmayıb – cəmi 84 mln. azalıb. Azərbaycan vətəndaşlarının turist kimi xarici ölkələrdə xərclədiyi vəsaitin həcmi 1.847 mlrd. dollar olub.  
3)      Tikinti xidmətləri üzrə mənfi saldo ötən ilə nisbətən 750 mln. dollar azalaraq 2.817 mlrd. dolardan 2.162 mlrd. dollara enib. Azərbaycan demək olar ki, tikinti xidmətləri ixrac etmir (cəmi 19.2 mln dollarlıq tikinti xidmətləri ixrac edilib), əsasən idxal edir. 2016-cı ilin 9 ayında bu xidmətlər üzrə idxalın ümumi həcmi 2.187 mlrd. dollar təşkil edib. Bu məbləğin 2.101 mlrd. dolları neft-qaz sektorunun hesabına baş verib.
4)      İlkin gəlirlər hesabında təxminən 1.8 mlrd. dollar defisit yaranıb və 2015-ci ilin 9 ayının  göstəricisilə təxminən eynidir. Bu hesab çərçivəsində Azərbaycandan 2.5 mlrd. dollar ödəniş edilib. Həmin məbləğin 1.791 mlrd.  dolları beynəlxalq neft-qaz konsorsiumlarına düşən xam neftin dəyəridir. Yerdə qalan 709 mln. dollar isə xaricilərə ödənən əmək haqqı və xarici kreditlərə görə faiz ödənişləridir. Təəssüf ki, Mərkəzi Bank bu mövqlərin hər biri üzrə məlumatları ayrıca təqdim etmir.
5)      Təkrar gəlirlər hesabı çərçivəsində Azərbaycana daxil olan pul köşürmələri 2 dəfəyədək azalaraq 927 mln. dollardan 470 mln. dollara enib. Məlum olduğu kimi bu vəsait əsasən miqrant kimi, həmçinin xidməti vəzifə ilə əlaqədar xarici ölkələrdə çalışan həmvətənlərimizin yaxınlarına göndərdiyi vəsaitlərdir.        

Maliyyə hesabı ilə bağlı göstəricilərə gəldikdə, ölkəyə birbaşa investisiyalar formasında 5.4 mlrd. dollar daxil olub. Həmin vəsaitin 4.3 mlrd. dolları neft-qaz sektoru ilə bağlı olub ki, bu əvvəlki ilə nisbətən 700 mln. dollar azdır. Qeyri-neft sektoruna birbaşa sərmayələr isə 1.1 mlrd. dollar olub – 2015-ci ilin 9 ayına nisbətən 400 mln. dollar çoxdur.
Eyni zamanda, kredit və digər borcların ödənilməsi ilə bağlı 878 mln. dollar qeyri-rezidentlərə ödəniş həyata keçirilmişdi və bu əvvəlki ilə nisbətən 12 dəfə çoxdur. Depozitlər və nağd valyuta maddəsi üzrə ölkədən çıxan vəsaitərin həcmi 800 mln. dollardan bir qədər artıq olub. Halbuki 2015-ci ilin 9 ayında bu göstərici 5.5 mırd. dollara çatırdı.
Beləliklər, cari əməliyyatlar, kapital və maliyyə hesablarının yekunu olaraq 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının ümumu saldosu mənfi 1.190 mlrd. dollar olub. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib.

Göründüyü kimi, tədiyyə balansının mənfi saldosi 8 dəfəyədək azalsa da, valyuta bazarında gərginlik ötən ilə nisbətən əhəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz bunun başlıca səbəbi iqtisadiyyatın strukturunda, real sektorda, ölkənin maliyyə-bank sektorunda baş verən proseslər, xüsusilə Beynəlxalq Bank və iri dövlət şirkətlərinin daxili borclanmanın sürətlə genişlənməsi, iqtisadiyyatda əlavə dəyər yaratmayan maliyyə resurslarının yaratdığı təzyiq, milli valyuyata inamın sarsılması fonunda yüksək iqtisadiyyatda ifrat dollarlaşma kimi faktorlar həlledici rol oynayır.    

Sunday, December 4, 2016

Daxili dövlət borclanmasının təhlükələri. Yaxud manat dolları necə "udur"?

Yazının sərlövhəsindəki sual qəribə görünə bilər. Amma bu bir reallıqdır: daxili borc resursları iqtisadiyyat üçün əlavə dəyər yaradanda, ixrac qabiliyyətli məhsul və xidmət istehsalına dəstək verəndə ölkəyə xarici valyuta gətirir. Daxili borc resursları əlavə dəyər yaratmayan, səmərəsiz layihələri dəstəkləyəndə isə iqtisadiyyatın min bir əziyyətlə qazandığı valyuta sərfətlərini istehlak edir. Yazıda bu mexanizmi sadə formada izah etməyə cəhd edilib...
Son zamanlar Azərbaycanın xarici dövlət borcunun artmasına, xüsusilə manatın dəyərdən düşməsindən sonra dollar ifadəsində ÜDM-də xarici borcların payının artmasına diqqət çəkilir.
Məsələn, 2014-cü ilin sonuna xarici borcun ÜDM-də payı 10% ətrafında idi, amma indi 20%-i ötür. BVF-nin proqnozuna görə, yaxın 2 ildə bu göstərici 40%-ə çatacaq.
Amma daxili borclar da sürətlə artır - 2014-cü ilin sonunda daxili borcun ÜDM-də payı cəmi 2.6% idi. Hazırda 13%-ə yüksəlib.
Gələn il artım davam edəcək - Dövlət Neft Şirkəti qaz təminatı ilə bağlı layihələr üçün 2017-ci ildə Mərkəzi Bankdan yenidən borc götürəcək. Hökumət isə Beynəlxalq Bankın problemli aktivlərinə görə, sonuncu tranş borcu Mərkəzi Bankdan götürəcək.
Hesablama Palatasının məlumatına görə, bu ilin ilk yarısnın yekunlarına görə dövlət daxili borcunun həcmi 7.3 milyard manata çatır. Həmin borclara isə “Aqrarkredit” QSC-nin hökumət adından Beynəlxalq Banka görə borclanması, “Azərbaycan Hava Yolları” QSC-nın, Dövlət Neft Şirkətinin, “Azəralüminium” ASC-nin və “Azərenerji” ASC-nin hökümət zəmanətilə Mərkəzi Bankdan almış olduğu kreditlər daxildir.
İlin 2-ci yarısı ilə bağlı məlumatlar hələlik açıqlanamdığı üçün Beynəlxalq Bank üçün götürülmüş 2-ci mərhələ borc həcmi bu statistikada yoxdur. Həmin statistikada Beynəlxalq Bank üçün alınmış yalnız 3 mlrd. manat borc məbləği əks olunub. Lakin "Aqrarkredit"in 10 mlrd. manat borc öhdəliiyi qeydiyyata alınıb - yəni əlavə olaraq 7 mlrd. manat da götürülməldir. Bu məbləği də nəzərə alsaq, 2017-ci iilin sonunda daxili dövlət bprcunun ÜDM-də payı 40%-ə çatacaq. Xüsusilə də ölkə iqtisadiyyatının böhran dövründə kifayət qədər yüksək göstəricidi - ÜDM-nin 40%-i qədər daxili dövlət borcu, 40%-i qədər isə xarici dövlət borcu...
Burda ən ciddi problem təkcə daxili borc həcminin sürətlə artması deyil. Daxili borcların necə və hansı məqsədlə istifadəsidi: hazırkı şəraitdə daxili dövlət borcları iqtisadiyyatda dəyər yaratmaq, real sektoru dəstəkləmək üçün emissiya olunmur. Xidmətlə məşğul olan iri dövlət şirkətlərinin səmərəsiz və qeyri-şəffaf idarəçiliyinin yaratdığı maliyyə resurslarına tələbi "çap maşını" ilə qarşılamağın iqtisadiyyat üçün sonu çox pis bitəcəyini indidən görmək elə də çətin deyil.
Borclanma (istər daxili, istər xarici) faydalıdır o halda ki, iqtisadiyyat üçün əlavə dəyərin yaradılmasını dəstəkləyir, yeni dəyərin yaradılmasında iştirak edir.
Sadə müqayisə: ixrac qabiliyyətli şirkət daxili borc resurslarının yaratdığı imkanlardan maksimum yararlanır, xaricə məhsul satır, ölkəyə valyuta gətirir. Nəticə belədi: Mərkəzi Bank vasitəsilə daxili borclanmaya gedən kommersiya banklarının kredit formasında real sektora yönəltdiyi manat əlavə dəyərin yaratmaqla (bu nümunədə ixrac vasitəsilə) ölkəyə xarici valyuta gətirmiş olur. Obrazlı deyilsə, bu halda manat "dollar istehsal" etmiş olur.
İkinici bir müqayisə: Mərkəzi Bankın emissiya elədiyi kreditlər Beynəlxalq Bankın, Neft Şirkətinin dəyər yaratmayan layihələrinə, məsələn, onların borclarının qaytarılmasına yönəlir. Belə şəraitdə manat nəinki "dollar istehsal" edir, əksinə ölkənin mövcud valyuta resurslarını udur. Bu isə arxasında istehsal dayanmayan izafi manat kütləsinin "dolları istehlak" prosesidir.
Beynəlxalq Bankın timsalında sonuncü nümunəni çox aydın görə bilərsiniz..

Monday, November 28, 2016

Terapiyasız şok...

Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək.
Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycnda 5% kiritik yoxsulluq və 28% təminatlı orta təbəqə arasında qalan 67%-lik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəyi tədqidə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər.
Bizdə 1-ci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdu. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz, yaramıza məlhəm qoya biləcək iqtisadiyyatdan söhbət gedir.
Başqa tərəfdən, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətl pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 miyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.
Təkcə bir faktı xatırlatma kifayətdir ki, manatın 2 dəfə ucuzaşdığı, ən zəruri istehlak mallarının səbətinin 50%-dək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10% indeksasiya edilib.
Hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir. Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricidindən azı 3 mlrd. manat az olacaq.
90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı "şok terapiyası" islahatları geniş yayılmışdı (buna qədər isə 80-ci illərin ortalarında Boliviya və İsrail bu siyasəti tətbiq etmişdi). Qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi.
Bizdə isə indi şok var, amma terapiya yoxdu. Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir. Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflğını təmin etməyə maraqlı görünmür.
İndi isə islahatlar çox gec görünür - vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi...

Sunday, November 13, 2016

Azərbaycanın ixrac bazarları: görünən və görünməyən tərəflər

Ölkənin xarici ticarətdə rəqabətqabiliyyətliliyini əks əks etdirən 4 vacib faktor var: ixracın artım dinamikası, ixracın əmtəələrə görə diversifikasiyası, ixracın coğrafiyasının diversifikasiyası, ixrac səbətinin keyfiyyət strukturu.

İxracın artım dinamikası - ixrac göstəricisi hər il artırsa, deməli dünyada ölkənin məhsullarına tələbat hər zaman var, bu məhsullar rəqabət apararaq başqa ölkələrin məhsullarını sıxışdırır, özünə yeni kanallar açır. Bu göstəriciyə görə hazırkı durumumuz necədir? 2015-cil ilin 9 ayında Azərbaycanın neftdənkənar ixracı 1.2 milyard dollar olmuşdu, bu ilin 9 ayında 887 milyon dollara enib. 313 milyon dollar və ya 26% azdır. Hətta bu azalmanı nəzərə almasaq belə, bu göstəriciyə görə vəziyyət ürəkaçan deyil. Çünki 2011-ci ildə qeyri-neft ixracı 1.2 milyard dollara yaxın idi. Yəni son 4 il ərzində qeyri-neft ixracı yeni məhsullar və satış bazarları hesabına genişlənə bilməmişdi. 2016-cı ildə isə əksinə kəskin azalma  müşahidə edilir.

Əmtəələrə görə diversifikasiya səviyyəsi. Beynəlxalq statistikaya görə 97 mal qrupu üzrə 10 mindən artıq əmtəə xarici ticarətin obyektidir. Ölkənin xarici ticarətində nə qədər çox əmtəə və mal qrupu iştirak edirsə və ayrı-ayrılıqda onların ümumi ixracda payı nə qədər az olursa, deməli əmtəə diversifikasiyasının səviyyəsi də yüksəkdir. Bu səviyyəni ölçmək üçün tədqiqatçılar Herfidahl indeksindən istifadə edirlər. Ölkənin ixracında daha çox sayda əmtəə qrupu proporsional payla iştirak etdikdə, Herfindahl indeksi "0"a daha çox yaxınlaşır, az sayda əmtəə daha yüksək payla iştirak etdikdə Herfindahl indeksi "1"ə yaxınlaşır. İxracda ən yüksək paya malik 10 məhsulun bazasında apardığımız hesablamalar göstərir ki, Azərbaycan üzrə ixracın konsentrasiyasını ölçən Herfindahl indeksi 0.78-ə bərabərdir və bu göstərici ixracın əmtəə mövqeyi üzrə diversifikasiyasının olmamasını göstərir.

İxracın coğrafi diversifikasiyası da mühüm göstəricidir. Ölkənin ixracı nə qədər geniş coğrafiyaya, həm də proporsional həcmdə yayılırsa, coğrafi difersifikasiyanın səviyyəsi də yüksək olur. Qeyri-neft məhsulları üzrə coğrafi konsentrasiyasını da Herfidahl düsturu əsasında hesabladıq və alınan rəqəm 0.40-dır. Bu nəticə onu göstərir ki, Azərbaycanın qeyri-neft məhsullarının coğrafi konsentrasiyası da yüksəkdir və həmin məhsullar özlərinə çox məhdud sayda ölkədə bazar tapa bilirlər. Doğrudan da 2015-cil ilin nəticələrinə görə, 1.450 milyard dollarlıq qeyri-neft ixracının 74.2%-i və ya 1.072 milyard dolları 5 ölkəyə gedib - Rusiya (26.4% pay), Əfqanıstan (17.1% pay), İraq (13% pay), Türkiyə (11% pay), İsveçrə (6.7% pay). Bir zəruri qeyd edim ki, İsveçrənin bu sıraya düşməsinin də səbəbi elə xammal ixracıdır - Gədəbəy qızıl yatağından istismar olunan məhsul külçə halında bu ölkəyə ixrac edilir.
Maraqlı bir müqayisəyə diqqət edin: Azərbaycan Latın Amerikası bazarına 2015-ci ildə cəmi 375 min dollarlıq məhsul ixrac edib, Amma Gürcüstan üzrə bu göstərici 100 dəfə çoxdur - 39 milyon dollar. Yaxud, Azərbaycan bütövlükdə Avropa qitəsinə 285 milyon dollar qeyri-neft məhsulu ixrac edib, Gürcüstan üzrə 700 milyon dollara yaxındır. Avropanın bir sıra regionlarına, məsələn, Baltik ölkələrinə Azərbaycan məhsulları demək olar ki, gedib çıxa bilmir. Ötən il regionun 3 ölkəsinə Azərbaycan cəmi 1.5 miıyon dollar əmtəə ixrac edə bilib (halbuki bu regiondan idxalımız 35 milyon dollara yaxın olub). Gürcüstanın isə həmin dövrdə Baltik regionuna ixracı 40 milyon dollara yaxın olub.
Hətta Gürcüstan MDB-dən imtina etsə belə, 2015-ci ildə bu bazara 850 milyon dolarlıq məhsul ixrac etmək imkanı qazandığı halda, Azərbaycanın neft və qeyri-neft ixracının cəmi 550 milyon dollar ətrafında olub.

Nəhayət, 4-cü göstərici ixrac səbətinin keyfiyyətidir. İxracda yüksək dəyərə malik əmtəələrin xüsusi çəkisi nə qədər yüksək olarsa, səbətin gəlirlilik səviyyəsi də yüksək olur. Tədqiqatçıları bununla bağlı ixrac səbətinin "EXPY" dəyərini hesablayır. Bu göstərici ixracın təkmilliyi ölçüsü (measure of export sophistication (EXPY) adlanır. İxrac səbətində daha yüksək məhsuldarlıq və gəlirlilik səviyyəsinə malik (tibb sənayesi, kosmik sənaye, rəqəmsal texnologi məhsullar, avtomobil sənayesi məhsulları) mallar üstünlük təşkil etdikcə, ixracın "EXPY" dəyəri daha yüksək olur.

Tuesday, November 8, 2016

Yaşıl tut yarpağı, bəyaz atlaz, göy dollar arzusunun simvolu - İpəkqurdu...

Hökumətin son aylar qəbul etdiyi qərarlarla subsidiya dəstəyi vermək istədiyi 3 sahədən biri baramaçılıqdı. Azərbaycanın tarixən bu sahədə təcrübəsi, istehsal infrastrukuru olan ölkədi. Sovetlər dönəmində 2 damazlıq ipəkçilik stansiyası, 7 barama zavodu hesabına ölkə keçmiş ittifaqın əsas xam ipək bazalarından biri olub.  
Lakin müstəqillikdən sonra bu fabriklərin hamısı faktiki olaraq  dayandı. Şəki ipək müəssisəsinə arada əcnəbi inestorlar gəldi, yerlilərdən də kimlərinsə dəstək verməsi ilə bağlı məlumatlar dolaşdı. Amma nəticə dəyişmədi və baramaçılıq bir sektor kimi sıradan çıxdı.
Hökumət yenidən sahəni dirçəldəcəyini deyir və barama istehsalçılarını həvəsləndirmək üçün subsidiya ayrılması ilə bağlı qərar da artıq rəsmiləşib. Müzakirə edilməli əsas sual budur: hazırkı rəqabət mühitində baramaçılığıın ölkə iqtisadiyyatı üçün faydalı bir sahə çevrilməsi üçün imkanlar nə dərəcədə genişdir. Baramaçılıq üzrə mütəxəssislər sahənin spesifik məsələlərini şərhə edə bilər. Məsələn, baramanın bəslənməsi üçün ənənəvi yemləmə üsullarının alternativi varmı, saxlanacaq qurdların damazlıq toxum bazası nə dərəcədə keyfiyyətlidir və mövcud baza hədəflənən barama istehsalını təmin etmək üçün yetərlidirmi, məhsuldarlığı artırmaq üçün hansı texnolji üsullar mövcuddurmu, ipəkqurdu xəstəlikləri ilə effektiv mübarizə imkanları, kadr potensialı varmı? Bu tip sualların cavablarını peşəkar baramaçıların və sahənin mütəxəssislərinin öhdəsinə buraxaq.
Lakin sektorun iqtisadi problemlərinə diqqət çəkmək, xüsusən sahənin rəqabətqabiliyyətliliyini dəyərlədirmək də çox önəmlidir. Dünya təcrübəsinin araşdırılması göstərir ki, iqtisadi baxımdan baramaçılıq pambıqçılıqdan daha gəlirli və daha az zəhmət tələb edən sektordur. Müxtəlif ölkələrlə ilə bağlı faktlara baxanda bunu daha əyani görmək olur.
Hazırda dünyada 850 min tona yaxın yaş barama istehsal edilir. Bu həcmdə baramadan hər il orta hesabla 130-140 min tona yaxın xam ipək emal edilir. Dünyada yaş baramanın təxminən 80%-ə qədərini və ya 650 min tonunu Çin istehsal edir. İlk üçlüyü Çinin ardınca Hindistan və Özbəkistan qapayır. Hindistanda 130, Özbəkistanda isə 30 min tona yaxın yaş barama istehsal edilir. Hazırda dünyada ümumilikdə 30 yaxın ölkədə barama istehsal mövcuddur.
Comtrade-in məlumatına görə, 2015-ci ildə dünya üzrə 200 tona yaxın təxminən 1.7 milyon dəyərində barama ixrac edilmişdir ki, bu da baramanın hər kq-nın orta ixrac qiymətinin 8.5 dollara yaxın olduğunu göstərir. Lakin ixrac olunun baramanın yaş və quruluğuna görə ixrac qiymələtləri fərqlənir. Məsələn, ötən il Qazaxıstan 111 min ton yaş barama ixrac edib və orta ixrac qiyməti 3.3 dollar olub. Lakin Çin 13.5 min ton quru barama ixrac edib və orta ixrac qiyməti 18 dollara yaxın olub. Hazırda dünyada 1 kq xam ipəyin alnması üçün orta hesabla 6.5-7 kq yaş barama, 3 kq-a yaxın quru barama istifadə edilir. Lakin ipəkqurdunun toxumunun və baramanın özünün keyfiyyətindən asılı olaraq ayrı-ayrı ölkələrdə məhsuldarlıq fərqlidir. Hazırrda barama istehsalı üzrə ixtisaslaşmış ölkələrdə 1 qutu baramanın ən aşağı məhsuldarlığı 20 kq, ən yüksək məhsuldarlığı 40 kq yaş baramadır. Bu o deməkdir ki, 1 qutu baramanın xam ipək çıxımı 2.5-3 kiloqramdan 7 kq-a qədər dəyişir.
Rəsmi məlumata görə, Azərbaycanda yaş barama istehsalı hazırda 70 ton ətrafındadır. Amma rəsmi mənbələrdən nə qədər ailə təsərrüfatının baramaçılıqla məşğul olması, bir ailə təsərrüfatlarına düşən qutluların sayı, bir qutu ipəkqurdunun barama çıxarı barədə hər hansı məlumat əldə etmək mümkün deyil. Hökumətin təşviq siyasətinin hədəfi kimi seçilən digər sahələrə münasibətdə yeni eyni səhvlər buraxılır: baramaçılığın hədəfi nədir: xam ipək ixrac etməkmi? Əgər budursa, yaxın dövr üçün nə qədər xam ipək ixracı hədəfə alınıb? İxracda rəqabət qabiliyyətliliyimiz yetərincə qiymətləndirilibmi? Məsələn, Comtrade-in məlumatına görə, 2015-ci ildə dünya bazarında xam ipəyin orta ixrac qiyməti 45 min dollar ətrafında olub. Bizdə mövcud iqtisadi şərtlər, baramanın maya dəyəri, xam ipək emalının mövcud texnoloji kəpəsitəsi bu qiymətlə rəqabət aparacaq səviyyədə ixraca təminat verirmi?  Nümunə üçün deyim ki, 2015-ci ildə dünya üzrə xam ipəyin ümumi ixracı 15 min tona yaxın olub ki, onun yarısından bir qədər azı Çinin payına düşüb. Çindən xam ipəyin orta ixrac qiyməti 47 min dollar ətrafında olub.
Bəlkə hədəf xam ipək ixracı deyil, ipək parçalar, ipək iplik və ya ipək xalılar formasında hazır məhsul istehsalına nail olmaqdır? 2015-ci ildə düyada ipək ipliyin orta ixrac qiyməti 60 min dollar ətrafında olub. Bu məhsulun ixracı üzrə ən böyük dövriyyə Çinə (98.2 milyon dollar) və Rumıniyaya (66.3 milyon dollar) məxsus olub. İpək ipliyin orta ixrac qiyməti Çin üzrə 55 min, Rumıniya üzrə 63 min dollar ətrafında olub. İki ölkənin ipək iölik ixracı 3 min tona yaxın olub. Dünya üzrə ipək ipliyin ümumi ixracı 242.8 milyon dollar,  həcmi isə 5 min tona yaxın olub. 
Tərkibində 85% ipək olan parçaların dünya üzrə ixracı ötən il 1.271 milyard dollara yaxın olub. İpək parça ixracına 686 milyon dollarla Çin liderlik edir. İkinci yerdə 179 milyon dollarla İtaliya gəlir. Sonrakı yerlərdə Fransa 79, Hindistan 71, Cənubi Koreya 63, Yaponiya 53, Almaniya 27 milyon dollarla gəlir.
Əgər baramıçılığın hədəfi sadalanan hazır məhsulların istehsalı seçilibsə, bu ölkələrin məhsulları ilə müqayisədə keyfiyyətli və ucuz məhsullar istehsalı üçün hansı imkanlar, üstün tərəflər və risklər var? Sahəyə büdcə təşviqi yolu sərmayə qoymağa hazrlaşan hökumətin bu əsaslandırması ilə büdcəyə vergi ödəyən vətəndaş, alternativ rəy institutları hansı mənbədə tanış ola bilər?
Mövcud yem bazası nə qədər barama istehsalına təminat verir? Məsələn, türkiyəli mütəxəssislərin hökumət üçün hazırladığı hesabatda qeyd edilir ki, ipəkqurdunun normal məhsuldarlıqda və keyfiyyətdə son fazaya çatdırılması üçün 20 min ədəd yumurtanın qoyulduğu 1 qutu ipəkqurdu üçün orta hesabla 700 kq tut yarpağı tələb edilir. Bu qədər yarpaq kütləsi üçün isə 40 tut ağacı gərəkdir. Onların hesablamalarına görə, 1 hektar tut bağı və ya 1200 tut ağacı hesabına orta hesabla normal şərtlərlə böyüyən 35 qutu ipəkqurdu bəsləmək mümkündür. Dünya üzrə orta məhsuldarlıqdan çıxış etsək, bu potensial olaraq 1100 kq-a yaxın yaş barama, 170-180 kq xam ipəyə bərabərdir. Yenə də dünyada yaş baramanın orta ixrac qiymətindən çıxış etsək, 1 ha tut bağının məhsulu hesabına 3500-4000 dollar dəyərində barama, 8500-9000 dollar dəyərində xam ipək əldə etmək mümkündür. İndi əsas suallardan biri budur ki, bizdə tut bağlarının real sahəsi ilə bağlı qiymətləndirmə varmı və bu sahə yeni sahələr məhsul verənə qədər (ən azı 4-5 il) hansı həcmdə barama istehsalına təminat verir?
Daha ciddi problem: Azərbaycanda ipək emalı rəqabətli deyil – emal məqsədilə barama alan cəmi 1 alıcı subyekt var. Çoxlu sayda oyunçuların olmadığı şəraitdə xammal alışı üçün təyin edilən qiymətlər nə dərəcədə ədalətli olacaq?
Məlumat üçün deyim ki, ipək sənayesində dəyər zənciri çoxhəlqəlidir: barama istehsalı, xam ipək istehsalı, ipək iplik istehsalı, ipək parça istehsalı, ipək xalı istehsalı və ipək geyimlər istehsalı. Bu sahədə öncül olan ölkələrin təcrübəsinin araşdırılması göstərir ki, son məhsul hədəfə alındığı ölkələrdə, 1 dollarlıq barama son məhsul formasında təxminən 9-10 dollarlıq əlavə dəyər yarada bilir. 

Bu qəbildən olan rəqəmlər, qoyulan suallar əsasında müzakirələr açmağa ehtiyac var. Xüsusilə də ictimai pullar hesabına təşviq edilən sahələrin gələcək inkişaf imkanları, seçilən təşviq alətlərinin effektivliyi dartışılmalıdır. 

Bizim məşhur "bəsləsən atlaz olar tut yarpağından" misalımız ticarətin qloballaşmadığı dövrdə meydana gəlib. İndiki sərt rəqabət şəraitində tut yarpağını atlaza çevrimək üçün 40 gün dayanmadan ipəkqurdu üçün tər tökmək çox azdı. Əksinə daha məhsuldar sektor yaratmaq üçün bilikli kadrlara, yüksək texnolji emal imkanlarına ehtiyac var.
   
   

Sunday, November 6, 2016

Valyuta bazarının durumu: müstəqil proqnozlar nə qədər etibarlıdır?

Yola saldığımız həftə manatın yenidən dəyər itirməsi ilə yekunlaşdı. İlk kəskin devalvasiya qərarından ötən 1 il 9 ay ərzində manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə - 1.6596 manat=1 USD həddinə düşməmişdi.
Valyuta bazarında yaranan ajiotajın dəqiq səbəbləri ilə bağlı müstəqil ekspertlərdən kimsənin tam etibarlı rəy söyləyəcəyi real deyil. Məsələnin peşəkarlıqla əlaqəsi yoxdu, problem informasiya qıtlığı ilə bağlıdır. Valyutaya tələbi və təklifi formalaşdıran amillərin hər biri ilə bağlı müfəssəl məlumatlar olsa, proqnozların etibarlılıq səviyyəsi də yüksələr.
Doğrudur, Neft Fondu müntəzəm olaraq bazara çıxardığı valyutanın həcmi ilə bağlı operativ məlumat verir.
Lakin valyuta bazarında təklifi təkcə Neft Fondu formalaşdırmır. Xarici kredit müqavilələri əsasında gələn valyuta, pul baratları formasında daxil olan valyuta, xarici sərmayə formasında gələn valyuta, xidmət ixracı formasında gələn valyuta - bunların hər biri çox dəqiq informasiya tələb edir. Məsələn, biz bilmirik ki, il ərzində hansı xarici kredit müqavilələri imzalanıb və müqaviləyə uyğun olaraq vəsaitlər rüblər (aylar) üzrə hansı tranş ölçüləri və qrafiki ilə daxil olacaq. Yaxud xarici sərmayə qoyuluşu ilə bağlı təsərrüfat subyektləri arasında bağlanan müqavilə üzrə vəsaitlərin qoyulması hansı qrafiklə həyata keçiriləcək. Məsələn, kim deyə bilər ki, yaxın 1 ayda bağlanmış kredit və ya sərmayə müqavilələri üzrə iqtisadiyyata əlavə valyuta daxil olmayacaq?
Eyni vəziyyət xarici valyutaya tələbə də aiddir. Valyutaya tələbi təkcə əmtəə idxalı formalaşdırmır. Gömrük Komitəsinin aylıq statistikasına əsasən idxal üçün valyutaya tələbatı 5 aşağı 5 yuxarı proqnoz etmək olur. Amma hökumətin, bankların, SOCAR-ın hesabına yaxın 2 ayda ölkədən çıxacaq xarici valyutanın həcmi barədə məlumatlıyıqmı? Deyilik. Məsələn, Rusiya Mərkəzi bankı hökumətin və dövlət şirkətlərinin, bankların qarşıdakı rübdə qaytarılacaq həcmi ilə bağlı məlumatı ictimaiyyət üçün açıqlayır. Ona görə sadə vətəndaş belə valyuta bazarının yaxın aylardakı durumunu təsəvvür edə bilir. Bu praktika bizim Mərkəzi Banka aiddirmi? Deyil. Bir qurum deyə ki, xalis daxili və xarici aktivlərin strukturu dövlət sirridi, ondan gərəkli məlumat və şəffaflıq gözləməyin yeri yoxdu.
Amma elə məlumatlar var ki, onu müstəqil ekspertlər təhlil edə, həmin məlumatlar əsasında valyuta bazarının durumu ilə bağlı gözləntiləri əsaslandırmaq, trendeləri qeyd etmək mümkün olur. Məsələn, büdcə xərcləmələrinin dinamikası və miqyası belə göstəricilərdən biri kimi istifadə edilə bilər. Azərbaycan hökuməti 2016-cı ilin 9 ayında dövlət büdcəsi vasitəsilə 10.6 milyard manat xərcləyib. Bu, illik büdcə proqnozunun 57%-nə bərabərdir. Bu o deməkdir ki, hökumət büdcəni nəzərdə tutulan səviyyədə xərcləməli olsa, sonuncu rübdə az qala əvvəlki 3 rübdə xərclədiyi qədər vəsait xərləməli olacaq. Bu nə deməkdir? Arxada qalan 9 ayda hər rüb üzrə orta hesabla 3.5 milyard manat xərclənib, amma təkcə son rübdə 8 milyard manat xərcləmək lazım gələcək. Aydındır ki, bu qədər vəsaitin qısa müddətdə iqtisadiyyata yönəlməsi (fərqi yoxdu maaş kimi, mal və xidmətlərin haqqının ödənilməsi formasında) likvidliyi kəskin artırmaqla manata təzyiqi də gücləndirər.
Başqa bir göstərici xidmət ixracından valyuta daxilolmalarının həcmi ilə bağlı gözləntilər ola bilər. Belə ki, iqlimdən asılı olaraq Azərbaycanda turizm xidmətlərinin axınından daxilolmalar rüblər üzrə fərqlənir. Ötən illərin statistikasına baxsaq, rüblər üzrə bu göstəricinin məbləği arasında 100-150, bəzi hallarda 250-300 milyon dollar fərq yarandığını görmək mümkündür. Azərbaycana xarici turist axını yaz-yay aylarında daha genişmiqyaslı olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, son 3 ayda turizmin gətirdiyi xarici valyuta azala bilər.
Müstəqli təhlillər əhəmiyyətlidir və vacibdir. Lakin Mərkəzi Bankın və Maliyyə Nazirliyinin daha şəffaf informasiya siyasəti yürütməsi bu təhlillərin sambalını daha da artıra bilər. Məsələn, Rusiyada, Estoniyada olduğu kimi Mərkəzi Bank tədiyyə balansının ən vacib göstəricilərini rüblük deyil, aylıq açıqlaya bilər. Mərkəzi Bank bank sektorunun vəziyyəti ilə bağlı məlumatları da operativ açıqlamır. Artıq noyabrın ilk 10 günlüyü bitir, amma ən son məlumatar avqusta aiddir. Halbuki cari ayın 10-dan gec olmayaraq əvvəlki ay üzrə pul-kredit göstəriciləri açıqlanmalıdır. Bizim Mərkəzi Bank isə cari ayda 2 ay öncəki ayın informasiyalarını icitmailəşdirir.
Yaxud Maliyyə Nazirliyi büdcə xərclərinin və gəlirlərinin icra vəziyyətini, proqnozlara əməl edilmə səviyyəsini aylıq açıqlaya bilər, rüblük yox.