Sunday, October 2, 2016

İdxalı bahalaşdıran, yoxsulların cibini boşaldan rüsumlar

Ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi ilə bağlı rəsmi statistikanın məlumatları olduqca etibarsızdır. Məsələn, rəsmi məlumata görə, meyvə-giləmeyvə istehsalının həcmi daxili tələbatdan 20%, tərəvəz itehsalının həcmi daxili tələbatdan 3% artıqdır. Rəsmi statistikaya görə, qoyun əti tələbatının 98%-i, mal əti tələbatının 88%-i, toyuq əti tələbatının 98%-i, yumurta tələbatının 100%-i daxili istehsal hesabına qarşılanır.
Aydındır ki, bu sahədə alternativ hesablama və hesabatların yoxluğu real mənzərəni aydın görməyə imkan vermir. Amma sadə istehlakçı gözü ilə baxanda nə görürürük?
Yay mövsümü bitəndən sonrakı 7-8 ay müddətində ölkənin meyvə və tərəvəz tələbatı tam idxal məhsulları hesabına ödənir. Oktyabr ayının 2-ci yarısından sonra ta iyun ayının ortalarınadək İran və Türkiyədən gələn meyvə-tərəvəz, Polşa və Rusiyadan gələn kartofdan bizim tələbatı qarşılayır.
Pərakəndə satış kanallarında olan ət əsasən yerli məhsul olsa da, ət məhsullarının hazılandığı sənaye müəssisələrində, böyük kütlə ilə ət istehlakının baş verdiyi obyektlərdə (şadlıq evləri və restoranlar, dönərxanalar) idxal ətinin istifadə edilməsi ilə bağlı xeyli məlumatlar var. Yəni həmin idxal kütləsi nəzərə alınsa, tələbatda xaricdən alınan ətin real payının daha yüksək olduğu aydın olar.
Başqa bir fakt: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 19.8 milyon dollar ət və ət məhsulları idxal edilib. Lakin comtrade məlumat bazasında dünya ölkələri tərəfindən Azərbaycana 67.8 milyon dollar dəyərində ət və ət məhuslları göndərildiyi əksini tapıb. Braziliyadan 24.5 mln., Hindistamdan 13.5 mln., Ukraynadan 6 mln., Türkiyədən 3 mln. dollar ət və ət məmulatları idxal edildiyi göstərilir.
İdxaldan asılılığın yüksək olduğu şəraitdə yüksək rüsumların bazarda qiymətləri artıracağı şübhəsizdir. Xüsusilə də milli valyutanın ucuzlaşmasının davamlı olduğu və xarici valyutaların uzun müddət ərzində bahalaşacağı riskinin kifayət qədər yüksək olduğu şəraitdə idxal inflyasiyasının sürətlənməsi sosial durumu daha da ağırlaşdırcaq, yoxsulluğun miqyasını sürətlə genişləndirəcək. Xüsusilə də 2017-ci ilin büdcəsi göstərir ki, hökumət maaş, pensiya və sosial müavinətləri ümumiyyətlə indeksləşdirmək imkanında olmadığını nümayiş etdirir.
Daxili bazarı qorumağa yönəlik yüksək idxal tariflərinin tətbiqi daxili istehsalın inkişafına töhfə verə bilərmi? Verə bilər, amma hökumət aqrar sektorda yüksək çinli məmurlara yaxın iqtisadi qrupların yaratdığı iri təsərrfatları dəstəkləmək siyasətindən əl çəkib bütün resursları xırda və orta fermerlərə yönəltsə. İri təsərrüfatları qurmaq istəyənlər qoy öz kapitalı ilə qursun - onların onsuz da resursu var.
Məbləği 50 min manata qədər olan kreditləri Sahibkarlıq Fondundan xırda və orta fermerlərə heç bir girov təmin etmədən, maksimum 2-3%-lə, güzəşt müddətini 5 ilə, kreditlərin qaytarılması dövrünü 15 ilə qədər artırmaqla, heyvandarlıq və meyvə-tərəvəz məhsullarına zəmanətli alış qiymətləri tətbiq etməklə qısa müddətdə daxili istehsalı tələbatı ödəyə biıəcək həddə qədər inkişaf etdirmək mümkündür. Bu kreditləri fermerlər heç bir bürokratik maneə olmadan, çox qısa müddət içərisində (maksimum həftə) götürməki imkanında olmalı, həmin kredit üçün riskləri sığortalayan mexanizmlər tətbiq edilməlidir.
İndilikdə isə hökumət yüksək gömrük rüsumlarını heç olmazsa mövsümi tətbiq etməlidir. Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dyandırıla bilər.
Bir daha vurğulayıram: kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda rəqabət mühitinin olmadığı, resursların ədalətli bölgüsünə təminat verilmədiyi şəraitdə idxalın bahalaşması oliqarxiyanın və büdcəni doldurmaq üçün mənbə axtaran məmurların maraqlarına xidmət edir.
Məlumat üçün deyim ki, hazırda qonşu Rusiyada da mövsümi rüsumlar (ilin müəyyən aylaırnda) tətbiqi təcrübəsi var. Məsələn, meyvənin hər kq-ı üçün 0.12 avro, süd məhsullarının hər kq-ı üçün 0.29-0.35 avro. Hətta Rusiyanın DTT qarşısında götürdüyü öhdəlikər çərçivəsində bu rüsumların tətbiqi qüvvəsini saxlayır.
Qonşu Gürcüstanda isə tamam fərqli yanaşma tətbiq edilir. Ölkə daxilində tələbatı ödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof və tərəvəz) üçün 12% idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatı ödəyəcək səviyyədə potensial yoxdu (məs., banan, kokos, əncir, qarığadalı, yaşıl çay), həmin məhsullara idxal rüsümu "0" dərəcə ilə tətbiq olunur.

Thursday, September 29, 2016

Əyalətlərimiz necə büdcə müstəqilliyi qazandı?

2017-ci ilin büdcəsində çox vacib bir məqamı aydınlaşdırmağa ehtiyac var.
Büdcə layihəsinin təqdimatında belə bir məlumat var ki, öz gəlirləri xərclərini təmin edən, yəni özünü sərbəst dolandıra bilən rayon və şəhərlərin sayı 6-dan 33-ə çatmışdı.
Məsələ burasındadır ki, rəsmi məlumata görə 2017-ci ildə yerli gəlirlərin məbləği (642.4 miıyon manat) 2016-cı ilə nisbətən (766.3 milyon manat) az proqnozlaşdırlır. Yəni gəlirlərdə elə bir artım yoxdur ki, xərcləri qarşılama imkanları genişləsin. Səbəb çox sadədir: yerli xərclərin məbləği 2 dəfə azaldılaraq 1.541 milyard manatdan 718 milyon manata endirilib. Məlumat üçün deyim ki, yerli xərclərin təxminən 98%-ni 4 xərc istiqaməti təşkil edir: təhsil (orta məktəblərin və bağçaların saxlanması), səhiyyə (yerlərdəki xəstəxana, poliklinika və həkim məntəqələrinin saxlanması), rayon (şəhər) icra hakimiyyətlərinin və bəzi nazirliklərin (komitələrin) yerli aparatlarının saxlanması, mənzil-kommunal (yerli icra hakimiyyəti orqanları vasitəsilə MİS-lərin saxlanması, abadlıq işlərinin aparılması) və yerli əhəmiyyətli mədəniyyət (idman) obyektlərinin saxlanması.
Öz növbəəsində inidyədək bütün yerli xərclərin də təxminən 60%-ni təhsil xərcləri təşkil edib. Hökumət 2017-ci ildən orta məktəblərə üzrə təhsil xərclərini yerli xərclərin tərkibindən çıxarır. Bu isə təxminən 750 milyon manat deməkdir. Həmin xərclər gələn ildən mərkəzi hakimiyyətin xərcləri hesab olunacaq. Səbəb isə odur ki, rayon (şəhər) təhsil idarələri regional formata keçir. Yəni reallıqda "33 rayon öz xərcini maliyyələşdirir" təqdimatı yanlışdır. Çünki reallıqda yerli xərclər büdcə qanunvericiliyinin "yerli" hesab etdiyi xərclərdənəh əhəmiyyətli dərəcədə böyükdür. Məsələn, rayon polis idarələrində çalışan işçi heyəti yerdə çalışır və əyalətdə maaş alır, amma onların xərcləri mərkəzi hesab edilir. Yaxud ölkədə 3 milyard manata yaxın sosial müavinət, pensiya ödənir, amma mövcud qanunvericliyə görə bu xərclərin hamısı mərkəzi hesab edilir. Eyni qaydada kənd təsərrüfatı xərcləri: kəndlinin öz təsərrüfatına görə yaşadığı ərazidən kənara çıxmadan aldığı subsidiya (ümumiyyətlə isə bütün kənd təsərrüfatı xərcləri) mərkəzi xərclər kateqoriyasına aiddir.
Yəni real qiymtləndirmə aparılsa, dövlət büdcəsinin 16 milyard manatdan çox xərcləmələrinin ən azı yarısı yerlərdə xərclənir, amma yerli xərc hesab olunmur. Əgər nəzəri olaraq büdcə ayırmalarını xərclənmə yerinə görə qruplaşdırsaq, məlum olacaq ki, yerli gəlirlər yerli xərclərin heç 10%-ni belə qarşılamağa yetərli deyil. Belə təsnifat olsa, Bakıdan savayı heç bir ərazi öz xərclərini qarşılaya biləcək gəlirlər formalaşdıra bilməz və büdcə qanununda bütün bölgələr "dotasiya ilə yaşayan bölgələr" kateqoriyasına aid edilər.
Amma təəssüf ki, bu cür təsnufatı aparmaq bizim hazırkı hüquqi sistemimiz imkan vermir. Söhbət nədən gedir?
Azərbaycanda regional dövlət hakimiyyəti sistemi olmadığına görə mərkəzi hakimiyyət orqanlarının səlhiyyəti çərçivəsində maliyyələşdirilən bütün xərclər mərkəzi xərclər hesab olunur. Məsələn, bu ilədək təhsil xərcləri (orta təhsil və bağçalar) hər bir rayon icra hakmiyyətinin səlahiyyətində idi. Regional təhsil idarələri yaradılacağı üçün həmin xərclərin artıq hansısa konkret rayon icra hakimiyyətinə səlahiyyəti çərçivəsinə sığışdırmaq mümkün olmur. Azərbaycanda isə bir çox ölkələrdə (məsələn, Gürcüstan, Moldova, Ukrayna) olduğu kimi regioanal idarəetmə olmadığından, avtomatik olaraq yerli icra hakimiyyətlərinin xərc salahiyyəti mərkəzləşir. Eyni məntiqlə sabah səhiyyə xərclərini də tam mərkəzləşdirməklə və yerli hakimiyyətlərin xərc yükünü qayçılamaqla 33 deyil, ən azı 50 bölgəni "maliyyə cəhətdən müstəqillik qazanmış ərazi" qrupuna keçirtmək olar. Əslində baş verən proses neqativdi . Çünki beynəlxaq təcrübədə yerli xərclərin ümumi dövlət xərcləmələrində payının yüksək olması ölkədə maliyyə əksmərkəzləşməsinin səviyyəsinin yüksək olduğuna dalalət edir.
İnkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrdə maliyyə əksmərkəzləşməsi əmsalı 30%-60% intervalında dəyişir. Bizdə bu göstərici 2016-cı ildə 7% ətrafında idi, təhsil xərclərinin tam mərkəzləşməsi ilə bağlı qərar nəticəsində 2017-ci ildə 3%-ə enəcək.
Əslində büdcənin indiki səviyyədə mərkəzləşməsi həm də siyasi mərkəzləşmənin göstəricisidir. Ölkədə regional idarəetmə sisteminin formalaşdırılmasına, onların vasitəsilə yerli hakimiyyətlərinin sosial-iqtisadi və maliyyə muxtariyyətinin gücləndirilməsinə zərurət olduğu bir şəraitdə, tam əks proses gedir...

Thursday, August 18, 2016

İlin sona qalan 4 ayı: manatı nə gözləyir?

İkinici devalvasiyadan sonra manatın dollar qarşısında ən yüksək məzənnəsi mart ayında qeydə alınmışdı (1.64). Ümumilikdə mart ayının ilk yarısında məzənnə 1.60-1.64 intervalında dəyişdikdən sonra may ayının axırlarında manat özünün ən yüksək (ucuz) məzənnəsi ilə müqayisədə 10% bahalanaraq 1.49 nöqtəsində qərarlaşdı.
Valyuta və neft bazarları arasında əlaqə və dinamikanı izləyən təhlilçilər yaxşı bilir ki, qısamüddətli dövrdə (bir neçə gündən 1-2 aya qədər) neft bazarında baş verən proseslər manatın məzənnəsində özünü göstərmir. Məsələn, dünya neft birjalarında qiymət dinamikası ilə rus rublunun məzənnəsi arasında əlaqə birbaşadı. Bunun 2 mühüm səbəbi var: 1) Rusiya Mərkəzi Bankı rublu sərbəst buraxıb, lakin Azərbaycan Mərkəzi Bankı formal bəyan etməsinə rəğmən manatın məzənnəsini sərt şəkildə tənzimləyir; 2) Rusiyada bazar infrastrukturunun vacib elementləri olan maliyyə və fond bazarları fəaliyyət göstərir, həmçinin Rusiyanın dünya fond birjalarınının listinqində olan, bu birjalar vasitəsilə səhmlərinin dəyəri formalşan şirkətləri mövcuddur. Rusiya iqtisadiyyatının özülünü neft təşkil etdiyi üçün təkcə rublun deyil, həmin şirkətlərin kapitalizasiyasına da neftin qiyməti təsir edir. Dolayısı ilə isə rublun dəyərini neftlə yanaşı fond bazarında rusiya şirkətlərinin səhmlərinin dəyəri, daxili fond bazarında isə “rus indeksləri” təsir edir. Manat isə belə “yan təsirlər”dən tam azaddır. Ölkədə fond bazarı yoxdur – deməli fond indekslərinin manatın məzənnəsinin formalaşmasında iştirakı da yoxdur. Eynilə, beynəlxalq fond bazarlarında listinqə düşən milli şirkətlər yoxdur, deməli arxasında neftin dayandığı iqtisadiyyatda baş verənlərin həmin şirkətlərin kapitalizasiyasına, bu faktoruun isə manatın dəyərinə təsiri istisnadır. Uzağa getmədən Türkiyə nümunəsinə baxın – daxili siyasi faktor fond bazarında türk fond indekslərini “öldürən” kimi lirə adekvat miqyasda dəyər itkisinə məruz qalır.
Manata isə orta və uzun müddətli dövrdə (ən azı 3 ay və daha uzun müddətə) birbaşa neft ixracının təsiri altında olan tədiyyə balansının vəziyyəti təsir göstərir. Məsələn, 1-ci rübün nəticələrinə görə, ölkənin tədiyyə balansının ümumi mənfi saldosu 1.3 milyard dollara, cari hesablar balansının mənfi saldosu 432 milyon dollara çatmışdı. Məhz həmin ərəfədə manatın dollar qarşısında ən ucuz olduğu dövrdür (3 ay ərzində məzənnə 1.56-1.64 intervalında hərəkət edib).
Amma manatın məzənnəsinə təsir edən çox vacib amil kimi bankların davranışlarını da diqqətdən kənarda saxlamaq olmaz. Bank sektorunun xalis valyuta mövqeyi müsbət olduqda manatın xarici valyutalar qarşısında dəyər itirməsi riski xeyli azalır. Xalis valyuta mövqeyinin müsbət olması o deməkdir ki, bank sektorunun valyuta aktivləri onun valyuta öhdəliklərini üstələyir. Başqa sözlə, banklar zəruri həcmdə valyuta likvidliyinə malikdir və bazara onun ehtiyacı olduğu qədər valyuta çıxara bilir. Xalis valyuta mövqeyi 2 göstərici əsasında formalaşır ki, onlardan birincisi  bank sektounun xalis xarici aktivləridir. Xarici aktivlərə bankların xarici banklara olan hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər və s. daxildir. Bankların xarici öhdəliklərinə xaricdən aldıqları kreditlər, əcnəbilərin xarici valyuta ilə depozitləri və yerli bank hesablarındakı xarici valyuta ilə nağd qalıqları və s. (məs, qiymətli metallar formasında saxlancları) daxildir. Xarici aktivlərin və öhdəlikırin nisbəti bank sektounun xalis xarici aktivlərini formaşadırır. Aktivlər öhdəliklərdən çoxdursa, fərq müsbətdir və banklar likvid valyuta ehtiyatlarına sahibdirlər. Öhdəliklər aktivlərdən çoxdursa, deməli banklar nəinki əlavə valyuta ehtiyatlarına malik deyil, əksinə bu öhdəlikləri zamanı çatdıqda icra etmək üçün kənardan (ya birbaşa alış əsasında valyuta bazarından, ya da Mərkəzi Bankdan borc formasında) valyuta cəlb etməldir.  
Bu baxımdan Azərbaycanın bank sektorunun hazırkı vəziyyəti yaxşı deyil. Belə ki, ilin əvvəlində bankların xarici aktivləri öhdəliklərini 14% üstələyirdi (5.4 milyard dollar aktiv, 4.6 milyard dollar öhdəlik vardı). İyulun əvvəlinə olan məlumata görə isə vəziyyət tam əksinədir:  bankların xarici öhdəlikləri aktivlərini 27% üstələyir (3.4 milyard dollar aktiv, 4.3 milyard dollar öhdəlik var).  Rəqəmlərə diqqət edək: 6 ay ərzində bank sektorunun xarici öhdəlikləri cəmi 300 milyon azalıb, amma xarici aktivləri 2 milyard dollar. Bu o deməkdir ki, xarici öhdəliklərin icrasından sonra bank sektorunun “əriyən” 1.7 milyard dollarlıq valyuta vəsaiti də manatın qorunmasında Mərkəzi Banka və Neft Fonduna dəstək verməsi kifayət qədər real ehtimaldır. Bankların xalis xarici aktivlərinin belə sürətlə əriməsinin yaxın zamanlada ən azı 2 mənfi nəticəsini göstərmək olar: manatın qorunmasında daxili valyuta bazarına bank sektorunun dəstək imkanı azalır və bankların xarici öhdəlikərini icra etmək üçün zəruri həcmdə likvid valyutaya malik olmaması onların reytinqini kəskin şəkildə pisləşdirəcək. Manatın dollar qarşısında ən baha olduğu vaxtlar aprel-iyun ayları oldu. Məhz həmin 3 ayda bankların xarici aktivləri 2 milyard dollar “əriməyə” məruz qalıb.
Bankların valyuta mövqeyinə təsir göstərən ikinci amil daxili resurlar üzrə valyuta aktivlərinin və öhdəliklərinin nisbətidir. Söhbət əlbəttə ilk növbədə valyuta ilə kreditlərin və depozitlərin nisbətindən gedir. Təəssüf ki, 2015-ci ilin 1-ci rübündən sonra Mərkəzi Bank bank sektoru üzrə vacib göstəriciləri, xüsusilə aktiv və passivlərin həcmini, həmçinin strukturunu gizli saxladığı üçün təhlilin bu hissəsini yalnız kredotlər və depozitlər üzərində qaurmağa məcburuq. Çünki bank sektorunun aktiv və passivləri ilə bağlı yeganə açıq məlumat bu göstəricələrdir. Deməli, ilin əvvəlində bank sektorunun valyuta kreditləri (aktivləri) valyuta depozitlərindən cəmi 8% az (585 milyon dollar) idi. İyulun əvvəlinə bu fərq 20%-ə (1.5 milayrd dollara) çatıb.
Hər 2 fakt bank sektorunun xalis valyuta mövqeyinin qısa müddətdə müsbətdən mənfiyə keçdiyini aşkar göstərir.
Nəhayət, manatın taleyinə təsir göstərən həlledici amil hökumətin xərcləmələridir. Hökumət 2016-cı ildə icmal büdcədən (Neft Fondu, dövlət büdcəsi, Sosial Müdafiə Fondu və xaricdən alınan kreditlər üzrə birgə xərcləmələri) 24.5 milyard manat xərcləməyi planlaşdırır. Bu vəsaitlərin ən azı 13 milyard manatı neft gəlirləri hesabına təmin edilməlidir. Nəzərə alaq ki, ilin ilk yarısında hökumət icmal büdcənin proqnoz edilən həcminin cəmi üçdə birini (8.2 milyard manat) xərcləyib. İkinici yarıda isə yerdə qalan 70%-ni xərcləməlidir - əgər büdcəni tam icra etməyi hədəfləyibsə. Xüsuilə də 6 ayda Neft Fondunun büdcəsi illik proqnozun cəmi 25%-i qədər xərclənib.

Bu təhlildən çıxan əsas nəticələr: 

1) Hökumət sekvestrə getmədən icmal büdcəni proqnoza uyğun icra etməyi qərara alıbsa, Mərkəzi Bank ilin sonrakı aylarında manatın yüksək məzənnəsini (ən azından 1.55-1.65 intervalı) qorumaqda maraqlı olacaq. Bu hökumətin fiskal maraqları baxımından çox önəmlidir. 

  2) Bankların xalis valyuta mövqeyi mənfidir, bank sektorunun yaxın müddətdə valyutaya tələbi yüksək olacaq. Bu amil də dollara tələbin yüksək olacağını və məzənnənin ən azından 1.55-1.65 intervalında hərəkət etməsini stimullaşdıracaq.   


Yalnız ilin sonrakı aylarında neftin qiymətinin heç olmazsa 55-60 dollar ətrafında hərəkət etməsi manatın nisbətən aşağı məzənnəsinə (1.50-1.55 intervalı) dəstək verə bilər. Hələlik neft bazarında qiymətləri aşağı çəkən səbəblərin (Norveçdə 1 ildə hasilatın 10% artması, İranın sanksiyalardan əvvəlki hasilatı bərpa etməsi və OPEK-lə hasilatın dondurulması məsələsində danışıqlaradn imtina etməsi, Səudiyyə Ərəbistanının Asiya bazarlarında dempinq tətbiqi, Çinin enerji istehlakının sabitləşməsi və s.) daha təsirli olduğunu nəzərə alsaq, qiymətlərin ilin sonunadək son aylardakı trayektoriyada (40-50 dollar) hərəkət etməsi daha real görünür.  





Wednesday, July 13, 2016

Elm və dərman: bizi hansı sağaldacaq?

Dövlət başçısı hökumət üzvləri ilə keçirdiyi müşavirədə bəyan edib ki, yaxın zamanlarda dərman istehsalına başlanacaq və dərman preparatları istehsal edəcək fabriklərin tikilməsi gündəlikdədi.
Qeyri-neft sektorunun inkişafı və iqtisadiyatın şaxələndirilməsi baxımından cəlbedici bəyanatdı. Amma ortada çox mühüm bir sual var:  dərman istehsalı üçün hansı şərtlər tələb olunur?

1) Elmi potensialın mövcudluğu

Dərman sənayesinin əsas fərqləndirici cəhəti sıx və böyük həcmdə elmi-tədqiqat işləmələri üçün sərmayə tələb etməsidir. Bu gün dünyada elmi tədqiqat üçün çəkilən xərclərin strukturunda 15% payla məhz dərman sənayesi 1-ci yerdə dayanır – və hər il təxminən 150-160 milyard dollar xərclənir.  
Azərbaycan kimi elmi potensialı zəif, elmə sərmayə qoyulmadığı, iqtisadiyyatla elmi sferalar arasında bütün əlaqələrin itdiyi ölkədə dərman sənayesinin indiki elmi potensial müqabilində imkansız görünür. Tibbi, bioloji və kimya sahəsində elmi ptensial elə səviyyədə olmalıdır ki, istehsal elədiyin məhsul Dünya Səhiyyə Təşkilatının işlədiyi və dərman istehsalında dünya norma və standartlarını müəyyən müəyyən edən “Yaxşı istehsal təcrübələri”nə cavab verə bilsin. İlk növbədə elmi potensial olmadan klinik araşdırmalar üçün fundamental baza qurula bilmir. Klinik araşdırma müəyyən bir sağlamlıq problemini haqqında əvvəldən təyin olunmuş, cavabı bilinməyən problemləri yeni müalicə üsulları ilə araşdırmaq üçün elmi cəhdlərdir. Bu işdə ölkənin tibb elmi və infrastrukuturu iştikak etməlidir. Vətədaşı elementar xəstəliklərin müayinəsi üçün qonşu dövlətlərə üz tutan ölkədə tibb elmi və infrastrukuturu belə klinik araşdırmalara dəstək verə biləcəkmi? Məlumat üçün deyim ki, Türkiyə kimi tibb sənayesi və elminin inkişaf etdiyi ölkə klinik araşdırmaların sayına görə, Avropa və ABŞ-dan on dəfələrlə geri qalır.  Halbuki Türkiyənin 10-dək universitetinin nəzdində fəaliyyət göstərən texnoloji inkişaf bölgələrində dərman istehsalı sahəsində elimi araşdırmalar aparılır. Əlavə olaraq, Türkiyədə 5 dərman şirkərinin özünün böyük elmi-tədqiqat mərkəzi mövcuddur. Bizdə belə mərkəzləri quracaq kadr potensialı varmı?

2) Zəruri infrastrukturun mövcudluğu

Dərman sənayesi üçün elmi mərkəzlərin qurulması üçün köklü baza olmalıdır – universitetdən gələn bir baza. Məsələn, Türkiyədə dərman sənayesi üçün elmi-tədqiqat mərkəzlərinə kadr yetişdirən infrastruktura diqqət yetirək: ölkənin müxtəlif universitetlərində 31 kimya mühəndisliyi, 46 kimya, 28 kmya texnologiyası, 49 bioloji, 81 tibb, 34 genetik və molekulyar bölmə fəaliyyət göstərir.  Nəzərə alaq ki, Türkiyə hələ dərman istehsalına görə dünyada 31-ci sırada yer alan bir ölkədir.
Dərman sənayesinin infrastrukturuna elmi-tədiqiqat mərkəzləri ilə yanaşı hazır məhsulun emalı üçün zəruri məmulatları istehsal edən müəssisələrin mövcudluğudur. Bu müəssisələr hansı kadr potensialı və xammalla qurulacaq?
Yoxsa bütün komponentlər idxal ediləcək və bizim adına “dərman sənayesi” dediyimiz sənaye yalnız qablaşdırma ilə məşğul olacaq?     

3) Rəqabət qabiliyyətli məhsul  

Azərbaycan bazarı böyük bazar deyil – illik dərman istehlakı xərclərinin real həcmi 650-700 milyon manatı manatı ötmür. Bu dərman dövriyyəsinin əhəmiyyətli hissəsi şiş və qan xəstəlikləri ilə bağlı yüksək texnologiya və elmi baza tələb edən dərmanlardır ki, bu dərmanları hətta Türkiyə yaxın illərdə istehsal etmək gücündə olmadığını etiraf edir. Əgər söhbət ən yaxşı halda 200-250 milyon manatlıq dövriyyəsi olan bir sənayenin yaradılmasından gedirsə, bu istər ÜDM və məşğulluğa, istərsə də büdcəyə qatqısı baxımından yeni sənayenin potensialının böyük ola bilməz. Ona görə yerli dərman sənayesi məhdud daxili bazara deyil, yalnız ixrac dayalı qurulmalıdır. İxrac isə rəqabətabiliyyətli (həm qiymət, həm keyfiyyət baxımından) məhsul sayəsində mümkündür. Bazarın 95%-ni əlində saxlayan transmilli dərman nəhəngləri ilə rəqabətə girəcək potensialımız varmı?    

Sənayeləşmə strategiyası nəyi hədəfə almalıdır?

Postneft dövrünün hökumətin gözləntilərinin əksinə zidd olaraq onu tez yaxalaması tələsik və pərakəndə qərarların verilməsinə səbəb olur. Amma məsələlərə köklü yanaşma olmalıdır. Məsələn, yaxşı işlənmiş bir sənaye strategiyası olmalıdır. Həmin sənəddə dünyada qəbul olunan hər bir texnoloji səviyyədə bizim imkanlarımız, fürsətlərimiz və zəif nöqtələrimiz dəqiq müəyyən edilməli, hər bir səviyyə üçün hədəflərimiz və resurslarımız müəyyən edilməlidir.
Hazırda dünyada sənaye məhsulları 4 qrupa bölünür: aşağı, orta aşağı, orta yüksək texnoloji və yüksək texnoloji qrupuna daxil olan məhsullar.
Yüksək texnoloji qrupa təməl əczacılık məhsulları və əczacılıqla əlaqəli məmulatların emalı, kömpüter, elektronik və optik məhsullar, hava texnikası və kosmik vasitələrin istehsalı daxildir. Bu qrup məhsulların istehsalı ən yüksək səviyyədə və ən yeni nəsl texnologiyaların tətbiqi, elmi-tədqiqat işləmələri sayəsində mümkündür.
Orta yüksək texnoloji məhsul qrupuna kimyəvi məhsulların, silah ve sursat, elektriklə çalışan avadanlıqlar, motorlu quru nəqliyyat vasitələri, tibbi və stomatologiya ilə əlaqədar vasitələr istehsalı daxildir.
Orta aşağı texnoloji məhsul qrupuna rəfinə edilmiş neft məhsulları istehsalı, rezin və plastik məhsulların istehsalı, digər qeyri-metal mineral məhsulların istehsalı, baza metallurgiya sənayesi məhsulları, maşın və avadanlıqlar istisna olmaqla metal məmulatların emalatı, gəmilərin və üzən strukturların inşası, maşın və avadanlıqların quraşdırılması və təmiri.
Aşağı  texnoloji məhsul qrupuna qida məhsullarının, içkilərin, tütün məmulatlarının, toxuculuq məmulatlarının, geyim əşyalarının, dəri məmulatlarının, ağac məmulatlarının, kağız məmulatlarının və mebelin istehsalı  
Bu təsnufata diqqət edin: biz əsasən aşağı, müəyyən qədər isə orta aşağı texnoloji məhsul istehsal edə bilirik. İndilikdə bizim hədəfimiz orta yüksək texnoloji məhsulların istehsalı üçün potensial yaratmaq, bu mərhələdə isə yüksək texnologi qrupa daxil olmaq üçün elmi potensial formalaşdırmaq olamalıdır. Göründüyü kimi, əczaçılıq məhsulları məhz yüksək texnoloji qrupa daxildir.   
Məlumat üçün deyim ki, Sinqapur 60-cı illərdə müstəqillik quran zaman yaratdığı keramika və gəmiqayırma sənayesi iflasa uğrayıb- elmi potensialın zəifliyi, rəqabətqabiliyyətli məhsul istehsalı yarada bilməməsi, daxili bazarın məhdudluğu səbəbindən. Lakin o dövr üçün bu ölkənin mövcud imkanlarına uyğun və Norveç sərmayəsinin dəstəyilə yaratdığı forel balıqlar üçün qarmaq istehsalı müəssəisələri ölkə iqtisadiyatına daha böyük fayda gətirib.
Yeri gəlmişkən, Türkiyədə dərman sənayesi və biotexnoloji sahə ilə bağlı 2015-2018-ci illər üzrə 2 ayrı strategiya və tədbirlər planı qəbul edilib.  

Dünya dərman istehsalı ilə bağlı maraqlı faktlar

Hazırda dünya dərman bazarının həcmi 1 trilyon dollar təşkil edir. Bazarın 95%-i transmilli şirkətlərin, o cümlədən 65%-i Şimali Amerika (ABŞ və Kanada) və Avropa ölkələrinə məxsus şirkətlərin əlindədi.
Bölgə ölkələrindən Türkiyə bu sahədə öndədir. Bu ölkə yüksək istehsal texnologiyası (biotexnoloji) əsasında istehsal olunan dərmanlar istisna olmaqla istənilən növ dərmanları istehsal etmək potensialına malikdir. Türkiyə dərman istehsalını DST-nın müəyyən etdiyi “Yaxşı istehsaıl təcrübələri”nə uyğun dünya norma və standartlarına uyğunlaşmaq istiqamətində son 35 il ərzində çox böyük yol qət etsə də, yetərli rəqabət gücünə malik deyil.  Hazırda Türkiyədə 15-i xarici olmaqla 77 dərman istehsalı şirkəti fəaliyyət göstərir. 3100 adda dərman istehsal edilir, 31 000 insan çalışır, 900 miıyon dollar ixraca malikdir.Təxminən 1.2 milyard dollarlıq məhsul da daxili bazarda satılır. Yəni yerli istehsalın ümumi dövriyyəsi 2 milyard dollar ətrafındadır.

Cəmi 4.2 milyon əhalisi olan İrlandiyanın ÜDM-nin 11%-i, ixracının 50%-i dərman sənayesi hesabına formalaşır. Dərman ixracınının illik həcmi 30 milyard dollar ətrafındadı. Bu ölkə dərman sənayesinin inkişafını ötən əsrin 70-ci illərində elan etsə də, yalnız 80-90-cı illərdə tibbi və texniki universitetllərin inkişafı sayəsində dünya bazarına çıxa bilmişdi. Hazırda dünyada ən çox satılan 12 dərman növündən 5-i İrlandiyada istehsal edilir.   

Friday, June 24, 2016

Qlobal böhranlar və qapalı iqtisadiyyalar....

Qlobal iqtisadiyyatda baş verən neqativ proseslərdən o ölkə təsirlənir ki:
1) Ölkədə liberal iqtisadiyyat mövcuddur, kapitalın və işçi qüvvəsinin axını, valyuta məzənnələrinin formalaşması azad bazar mexanizmləri əsasında baş verir. Azərbaycanda bu mövcud deyil;
2) Ölkə iqtisadiyyatı ixracyönümlüdür - ixracın ÜDM-də payı 30-35%-dən az deyil. İxracın ÜDM-də payı yüksəldikcə, qlobal iqtisadiyyatdan asılılıq, son nəticədə qlobal iqtisadi böhranların təsirlənmək ehtimalı daha yüksək olur. İxracyönümlü ölkələrin qlobal böhranların neqativ təsirlərindən sığortalanması yalnız bir halda baş verir: ixrac həm əmtəə, həm də coğrafi strukturuna görə maksimum şaxələnmiş olur. Bu o deməkdir ki, hansısa mal qrupunun və xarici ölkənin ixracatçı ölkənin məcmu eksportunda payı 15-20%-dən çox deyil. Beynəlxalq təcrübədə bu hədd ideal ixrac diversifikasiyası hesab edilir. Nefti saymasaq Azərbaycan ixracyönlü ölkə deyil. Azərbaycanın qeyri-neft ixracının qeyri-neft ÜDM-də payı 3-4%-dən çox deyil;
3) Ölkə iqtisadiyyatı xammal ixracatı üzərində qurulub. Qlobal iqtisadi böhranlar bir qayda olaraq əmtəə bazarlarını çökdürür. Bu kanalla qlobal böhran Azərbaycana öz caynağını uzada bilir. Çünki ölkənin valyuta gəlirlərinin 90%-dən çox xammal sektoruna bağlıdır.
4) Ölkədə fond bazarı mövcuddur və milli fond birjası qlobal fond birjalarına inteqrasiya olunub. Bu gün dünyada fond bazarlarının qlobal həcmi 70 trillyon dolları ötür. Milli şirkətlərin fond birjalarının listinqinə daxil olması o deməkdir ki, qlobal böhranlarda səhm bazarlarının çöküşü şirkətlərin təmsil etdiyi milli valyutaları da çökdürür. Burda fond bazarları ilə valyuta bazarları arasında düz əlaqə mövcuddur. Fond bazarı iqtidadiyyatın (həmçinin milli sərvətin çox mühüm hissəsinin) dəyərini ifadə edir: fond bazarının məcmu dəyərinin artması iqtisadiyyatın "bahalanması" deməkdir, "bahalı" iqtisadiyyatın valyutası da bahalı olur. Bir qayda olaraq qlobal böhranlarda böhranın zəif həlqəsi olan ölkələrin səhmlərinin ucuzlaşması təhlükəsi qarşısnda investorlar onları sataraq can qurtarmağa, satışdan əldə etdikləri vəsaiti daha etibarlı valyutaya çevirərək ölkədən qaçırmağa üstünlük verirlər. Belə kapital qaçışı şəraitində həmin ölkənin fond bazarı ilə yanaşı valyuta bazarı da çöküşdən qurtara bilmir.
Azərbaycanda fond bazarı və deməli şirkətlərinin bazar dəyəri yoxdur, onların səhmləri açıq bazarda alınıb satılmır. Başqa sözlə, bizdə iqtisadiyyatın və onun arxasında duran milli valyutanın dəyərinin formalaşmasında fond bazarı həlledici faktor deyil.
5) Ölkə iqtisadiyyatında, ö cümlədən bank sektorunda xarici sərmayənin payı həlledicidir. Bu gün neft sektoruna qoyulan sərmayələri nəzərə almasaq xarici investisiyaların ümumi sərmayələrdə payı heç 10%-də deyil. Əmlak bazarında xarici sərmayələrin payı böyük olan ölkələr qlobal böhranlardan daha çox təsirlənir. Azərbaycanın belə bir qayğısı yoxdur.
6) Əhalinin gəlirlərinin formalaşmasında işçi qüvvəsi ixracından gəlirlərin payı yüksəkdir. Rusiya istisna olmaqla digər ölkələrdən işçi qüvvəsi ixracı hesabına Azərbaycana daxil olan remitansların əhalinin məcmu gəlirlərində payı heç 5%-dən də azdı.
7) Ölkənin xarici borclardan asılılığı kifayətə qədər yüksəkdir. Bütün sektorların (hökumət, biznes, bank) xarici borclarının ÜDM-də payı 60%-i ötürsə, qlobal maliyyə və valyuta böhranlarının təsiri daha böyük olur. Hazırda Azərbaycanda bu 3 sektorun xarici borclar;n;n ÜDM-də payı 50% ətrafındadır. Hələlik kritik həddə deyil, amma sürətlə genişlənir və getdikcə borclara xidmət xərclərinin artımı valyuta bazarında narahatlıqları da gücləndirir.
8) Xarici ölkələrə böyük sərmayə və əmanətlər yerləşdirib. Azərbaycanın bu narahatlığı var: valyuta ehtiyatlarımızın ən azı 90%-i və ya 35 milyard dollardan çox hissəsi xaricdədi. Bankların da xarici aktivlərini bunun üzərinə gəlsək, təxminən 40 milyard dollar xarici aktivdən söhbət gedir. Aktivlərin yerləşdirildiyi hansı valyuta dəyər itirəcəksə, biz də aktivlərimizin dəyərini ona proporsional olaraq itirəcəyik.
Bu amillərin sayını artırmaq mümkündü, lakin ən mühüm olanlarını qeyd elədim. Göründüyü kimi, sadalananlar arasında Azərbaycanı qlobal iqtisadiyyata bağlayan 2 vacib kanal var: xammal ixracı və xaricdəki aktivlərimiz. Ona görə də ilk növbədə əgər dünya xammal birjalarında kəskin ucuzlaşma olacaqsa, əsas təsirləri o zaman hiss edəcəyik - necə ki, 2009-cu ildə və ötən il neff 30 dollarlıq həddə düşəndə Azərbaycan iqtisadiyyatı ölümcül zərbələr aldı. Bir də əsas itkilərimizi Neft Fondunun və Mərkəzi Bankın xaricdəki aktivləri, bank sektorunun xarici aktivlərii vasitəsilə ölçə biləcəyik.
Qlobal iqtisadiyyatdan təcrid edilmiş qapalı iqtisadiyyatlar yoxsul iqtisadiyyatlar olur. Yoxsul iqtisadiyyatlar kasıb insanlar kimidi: ətrafda nə baş veridyi yoxsul insanları heç vaxt narahat etmir. Çünki böhranın onların əlindən alacağı heç nə yoxdu. Amma dünyada böhranlardan sonra intihar etmiş zəngin insan tarixçələri var - çünki itirəcəkləri çox şey olub....

Monday, June 6, 2016

Sərvət bərabərsziliyi: milli gəlirdən kimə nə çatır?


Sonuncu yazım sərvət qeyri-bərabərliyi ilə bağlı idi - amma gəlirlərin deyil, əmlak və aktivlərin ən üst səviyyədə olan əhali qruplarının əlində təmərküzəşməsinin doğurduğu bərabərsizliyə həsr edilmişdi.
Həmin yazıda əlimiz çatan məlumatlardan aydın görünürdü ki, daşınmaz və daşınar əmlak fondunun, maliyyə akitvlərinin əhəmiyyətli hissəsinin (ən azından yarısından çoxu) əhalinin üst səviyyədə yer tutan 5%-lik kəsiminin əlində cəmlənməsi çox realdır. Bahalı avtomobil parkının, bank depozitlərinin və kreditlərin ən azı 75-80%-nin bütün iqisadi subyektlərin ən yaxşı halda zəngin onda birliyə məxsus olması hələlik əmlak qeyr-bərabərliyinin səviyyəsini kobud da olsa qiymətləndirmək, bu istiqamətdə hətta ibtidai səviyyədə təsəvvür formalaşdırmaq üçün bizə yardm edə biləcək nadir məlumatlar sayıla bilər.
Kaş Azərbaycanda da bütünlüklə ev təsərrüfatları inkişaf etmiş ölklərdə olduğ kimi elektron formada gəlir və əmlak bəyannaməsi təqdim edəydi. O zaman əhalinin ən üst sırdakı onda birində hər 1000 nəfər hesabı ilə mənzil və qeyri-yaşayış obyektərinin sayı ilə əhalinın orta təbəqədən aşağı səviyyə hesab edilən 50%-lik kəsimi üzrə eyni göstəricini müqayisə etməklə real mənzərini aydın görmək olardı. Əslində normal və şəffaf hökumət bu məlumat bazasını yaratmağa, onlar əsasında təhlillər aparmağa, belə informasiyaları ictimailəşdirməyə özü maraqlı olmalıdı. Ən azı o səbəbdən ki, ölkədə ədalətli sosial mühitin yaradılması, effektiv iqtisadi siyasətin formalaşdırılması, uzunmüddətli siyasi, iqtisadi və sosial sabitliyin zəmanət altına alınmasına vəsilə olan orta sinfin mövcudluğu məhz gəlir və əmlak bölgüsündə ədalətlilyin təmin edilməsindən asılıdır.
Məhz hökumətin gəlir və əmlak təmərküzləşməsilə bağlı son dərəcə hərtərəfli məlumat bazasına malik olması sayəsində aşağıdakı problemlərin həllinə nail ola bilər:

  • Yoxsulluqla gerçək mübarizə üçün siyasət mexanizmləri və alətləri; 
  • Yoxsullara səmərəli yardım sisteminin qurulması; 
  • Zənginlərin gəlir və əmlakının vergiyə cəlb edilməsi yolu ilə gəlirlərin bölgüsü və yenidən bölgüsündə daha ədlətli mexanizmlərin yaradılması; 
  • Bütün bu məqsədlər üçün hökumətin zəruri maliyyə bazası formalaşdırılması; 
  • Orta sinfin ayaqda qala bilməsi üçün bu sinfə yönəlik dəstəkləyici vergi və sərmayə sisteminin formalaşdırılması. 

Hökumət hətta  müstəqil təhlil institutlarının bu məlumatlara çıxış imkanın yaradılmasında maraqlı olmalıdır.
Amma əlbəttə bu seçicinin səsi ilə formalaşan, hesabatlı, şəffaf və demokratik (iştirakçı) hökumətlər üçün keçərlidir. Bir halda ki, məmurlar kresloya xalqa xidmət vasitəsi kimi deyil, daha çox zənginləşmək vasitəsi kimi baxırlar, ən üstdəki 10%-lik zəngin kəsimi istinasız olaraq özləri təmsil edirlər, onlar mümkün olduğu qədər belə məlumatların nəinki ictimaləşdirilməsinə, hətta tarix üçün iz qalmasın deyə həmin məlumat bazasının yaradılmamasına çalışması təbiidir. Bununla bağlı bircə sübut: mövcud qanunvericiliyə görə əmlaka mülkiyyət sənədi verərkən səlahiyyətli orqan (reyestr xidməti) əmlakın dəyərini də müəyyən edib göstərməlidir. Son 2-3 ildə mülkiyyət sənədi alan ən azı 3-4 nəfər dost-tanışdan soruşdum, onlardan heç biri mülkiyyəti təsdiqləyən sənəddə dəyəri müəyyən edən rəqəm olduğunu təsdiqləmədi. Əslində onsuz da sənəd verilərkən əmlaka baxış keçilir və qiymətləndirici şirkətlərlə müqavilə əsasında bütün əmlakın bazar dəyərini müəyyən edib məlumat bazasında əmlakı təyinatına və dəyərinə görə qruplaşdırmaq, fərdi məlumat azadlğını pozmadan (mülkiyyət sahiblərinin adı çəkilmədən) yalnız rəqəmlərin əks olunduğu bu bazanı online saxlamaq olar.
Aydın məsələdir ki, indiki idarəetmə mühitində bu bizim üçün xəyal olaraq qalacaq. Bir hökumət ki, kommersiya obyektlərinin təsisçilərinin ismini açıqlamağı qanunla qadağan edir, ondan mülkiyyətin dəyərini açıqlamağı gözləyəcək qədər sadəlövh olmağa da gərək yoxdu.
Əslində yazacağım mövzunun əsas mesajından xeyli uzaqlaşdım: bu yazının məqsədi sərvət bərabərsizliyinin miqyasını milli gəlirin bölgüsü vasitəsəilə də açıb göstərməkdir. Nəzəri yanaşmalar və terminlərlə sizi çox yormadan qısaca deyim ki, milli gəlir ölkə daxilində mal və xidmətlərin yaradılması nəticəsində proses iştirakçılarına çatan gəlirlərin məcmusudu: milli gəlir əmək gəlirləri formasında işçilərə, mülkiyyətdən gəlirlər formasında sahibkarlara, vergi gəlirləri formasında hökumətə çatan gəlirlərin cəmini əhatə edir. Milli gəlirlə Ümumi Daxili Məhsul arasında fərq ölkənin qalan dünya ilə iqtisadi əlaqələrinin saldosu qədərdir. Aydın olsun deyə rəqəmlə izah edim: 2015-ci ildə Azərbaycanın ÜDM-i 54.5 milyard olub. Amma Azərbaycana dünya ölkələrinə ödədiyi əmək haqqı, pul transfertləri, mülkiyyət və investisiya gəlirləri həmin ölkələrdən eyni mənbələr üzrə aldığı gəlirlərdən 1.9 milyard manat az olub - yəni mənfi 1.9 milyard manatlıq saldo. Saldo müsbət olduqda, ÜDM məbləğini bu həcmdə artımaq, mənfi olduqda həmin həcmdə azaltmaq lazımdı. Deməli indiki halda Azərbaycanın milli gəliri 52.6 milyard manat (54.5 mlrd. manat -1.9 mlrd. manat) təşkil edir.
Milli gəlirin əmək və mülkiyyət sahibləri arasında bölgüsü nə qədər proposional olursa, cəmiyyətdə sərvət və gəlir bölgüsü də bir o qədər adalətli olur. Azərbaycanda rəsmi statistikanın məlumatlarının inkişaf etmiş ölkələrlə müqayisəsi göstərir ki, bizdə mülkiyyət sahibləri mlli gəlirdən daha böyük pay götürür. Əmək sahibləri və hökumətin milli gəlirindən aldığı pay həddən artıq kiçikdir. Rəqəmlərə diqqət edək: Azərbaycanın təxminən 53 milyard manatlıq milli gəlirinin 10.5 milyard manatı və ya (19.8%) əmək gəlirləri kimi işləyənlərə, 4.5 milyard manatı (8.4%) istehsal və idxala vergilər formasında (mənfəət vergisi istisna olmaqla) hökumətə, 38 milyard manatı (71.8%) ümumi mənfəət (qarışıq gəlirlər) fomasında sahibkarlara və mülkiyyət sahiblərinə çatır. Məlumat üçün deyim ki, ümumi mənfəətə (qarışıq gəlirlər) mülkiyyətin icarəsindən renta gəlirləri, qiymətli kağızlardan və depozitlərdən faiz gəlirləri və sahibkarların istehsal (xidmət) fəaliyyətindən əldə edilmiş bölüşdürülməşmiş mənfəət daxildir.
İndi eyni rəqəmləri dünyada sosial dövlət kimi tanınan bir sıra ölkələrin timsalında nəzərdən keçirək: İsveç, İsveçrə və Almaniyada milli gəlirin orta hesabla 50-55%-i əmək gəlirləri formasında işçilərə, 15-20%-i vergilər formasında hökumətə çatır. Göründüyü kimi, bu ölkələrədə muzdlu çalışanlara və hökimətə çatan pay 65-75%, sahibkarlara və mükiyyət sahiblərinə çatan hissə 25-35% intervalındadı (bizdəkinin tam əksi olan mənzərə).    
Şübhəsiz ki, Azərbaycanda gizli iqtisadiyyatın real miqyasının yüksək olması milli gəlirin məbləğinin də daha böyük olması deməkdir. Amma gizli iqtisadiyyatın da gəlirlərinin əsas hissəsi yenə də sahibkarların və mülkiyyətçilərin gəlirlərinə aiddir. Çünki sahibkar hökumətə vergini yayındırırsa, bu qazanc özünə qalır. Onlar vergidən yayındırdıqları gəlirin bir hissəsini qeyri-rəsmi maaşların verilməsinə yönəldir, yerdə qalan hissəsi yenə də özlərinə qalır.
Ola bilər gizli iqtisadiyyat hesabına milli gəlirin real həcmi rəsmi bəyan ediləndən xeyli böyükdür (bəzi məlumatlara görə gzili iqtisadiyyat 40-50% intervalında dəyişir). Amma şübhəsiz ki, hətta gizli gəlirlər nəzər alınsa belə, bölgü elə rəsmi elan edilən səviyyədədi: milli gəlirin hər 4 manatından 3-ü mülkiyyətdən gəlirlərə, yalnız 1 manatı əməyi ilə pul qazananlara və hökumətin büdcəsinə çatır.
Təsəvvür edin ki, sosial ədalətin ən üst səviyyədə olduğu, hazırda milli gəlirin təxminən 25%-nə mülkiyyətçilərn sahib çıxdığı sosial dövlətlərdə (məsələn, İsveç) sərvətin ən yaxşı halda 35-40%-i əhalinin ən zəngin 10%-nə məxsusdur.
İndi bizim vəziyyətimizi nəzərə alın: rəsmi statistika özü etiraf edir ki, milli gəlirin 75%-i mülkiyyət sahblərinə məxsusdur....                              


Wednesday, June 1, 2016

Sərvət qeyri-bərabərliyi: zənginlərin pulunu necə sayılmalı?


Böyük neft pullarının Azərbaycana gətirdiyi siyasi bəlalar çox üzdədi, onları qiymətləndirmək çox asandı: seçki sisteminin, azad medianın və sivil toplumun sıradan çıxarılması, uzunömürlü hakimiyyətə təminat verən konstituson mexanizmlərin formalaşdırılması məhz nəhəng resurs gəlirlərinin şəffaf (həmiçinin effektiv) istifadə edilməməsinin nəticəsidi.       
Asan anlaşılsın deyə iqtisadi fəsadları qısaca olaraq azad biznesin oliqarxiya kapitalı qarşısında tam çökdürülməsi kimi də təsvir etmək olar. Amma bu təsvir renta idarəçilyinin cəmiyyətimizin hazırkı sosial struktunun formalaşmasına, ölkənin iqtisadi perspektivlərinə hansı dağıdıcı zərbələri vurduğunu aydınlatmaq üçün yetərli deyil. 
Əlimizdə 2005-2015-ci illərdə ölkədə formalaşan milli sərvətin dəyəri, bu sərvətlərin əhalinin müxtəlif gəlirlilik qrupları arasında necə bölüşdürülməsi, toplanan sərvətin müxtəlif qruplara gətirdiyi gəlirliliyin səviyyəsi barədə statistik məlumatlar olsa idi, havayı neft pullarının ölkəmizə gətirdiyi sosial-iqtisadi bəlaların real miqyasını hər kəs daha aydın görə bilərdi.
Reallıq isə belədir: Azərbaycanın rəsmi statistikası milli sərvətin uçotunu aparmır, əhalinin müxtəlif gəlirlilik qrupları üzrə sərvət paylaşımını statistik olaraq müayinə etmir. Bizim rəsmi statistika əhalinin sosial qeyri-bərabərliyini yalnız gəlirlər əsasında təqdim edir. Bu statistikanın nə qədər etibarlı olduğunu müəyyən etmək üçün rəqəmlərə diqqət edin: ölkədə ən yoxsul 20% əhalinin adambaşına gəliri ən zəngin 20% əhalinin gəlirindən cəmi 2.2 dəfə azdı. Yəni, bu statistikaya görə yoxsul əhali ayda adambaşına 180 manat, varlı insanlar 400 manat qazana bilir.
Təsəvvür edin ki, ölkədə bir tərəfdə sərvətinin dəyəri milyardlarla ölçülən onlarla, milyonlarla ölçülən yüzlərlə ailə təsərrüfatı var, o biri tərəfdə gündəlik çörək pulu uğrunda mübarizə aparan on minlərlə ailə var. Aşağı və yuxarı əhali qruplarının sərvətlərinin dəyəri arasında fərqin 100 dəfələrlə ölçüldüyü ölkədə gəlir bərabərsziliyinin cəmi 2 dəfə olmasına inanmamaq üçün mütəxəssis olmağa belə ehtiyac yoxdu. Əgər qonşunzuun 300-400 min dollarlıq mənzil fondu, 100-150 min dollar dəyərində avtomobil parkı, bankda 200-250 min dollar əmanəti varsa, siz isə sadəcə 60-70 min dollarlıq mənzilə sahibsinizsə, statistikanın “yoxsulların və zənginlərin gəlirləri arasında fərq 2 dəfə təşkil edir” hesabatına heç bir mütəxəssis rəyi oxumadan belə əlinizi yelləyib güləcəksiniz. Statistikanın yazdıqlarına deyil, öz gördüklərinizə inanmaqda haqlısınız. Ən azı üzdə olan məlumatlarla bu qonşunuzla sizin sərvətin dəyəri arasında fərq 10 dəfədən çoxdu. Sərvət isə insanların gəlirlərindən formalaşır. Əgər zəngin qonşunuzdan 10 dəfə az qazanırsınızsa, zamanla sahib olacağınız sərvətlərin dəyəri də buna uyğun formalaşacaq.                   
Mövzu əslində gəlir bərabərliyi yox, sərvət yığımındakı qeyri-bərabərlikdi: Azərbaycanda sərvətlərin bölgüsündə bərabərsizliyin real miqyasını təsəvvür etmək üçün hansı hipotezalardan, informasiyalardan çıxış etmək olar? Ümumiyyətlə milli sərvətin özəl sektora (ev təsərrüfatları və biznes) aid olan hissəsinin ehtimal olunan real dəyəri nə qədər ola bilər?
Məlumat üçün deyim ki, hazırda hətta inkişaf etmiş ölkələrdə də sərvət bölgüsündə bərabərsizlik qalmaqdadır. Məsələn, məşhur fransız iqtidaçı Tomas Pikketinin məlumatına görə, hazırda Fransada milli sərvətin 60%-i ən zəngin 10% əhali qrupunun əlində cəmlənir, ən yoxsul 50% sərvətlərin 4%-nə, 40% orta təbəqə isə sərvətlərin 36%-nə sahibdir. Göründüyü kimi inkişaf etmiş ölkələrin əsas özəlliyi orta təbəqənin sərvətdə ciddi bir paya malik olmasıdı. Halbuki 100 il əvvəl sərvətlərin 95%-ə qədəri zəngin 10% əhali kəsiminə mənsub idi. Son 100 ildə ən ciddi irəliləyiş orta təbəqənin yaranması və zəngin 10%-dən əhəmiyyətli pay qoparması olub. Ən yoxsul 50%-in payında isə heç bir dəyişikliyin baş verməməsi ciddi problem olaraq qalırıq. Amma əlbəttə ki, ötən 100 ildə inkişaf etmiş ölkələrdə sərvətin dəyəri on dəfələrlə artdığı üçün kasıb 50%-in adambaşına düşən sərvətin dəyəri yoxsul ölkələrin eyni qrupuna aid göstəricidən əhəmiyyətli dərəcədə çoxdur.
Azərbaycan üçün belə bir statistikanın mövcudluğu bizə yuxu kimi görünür. Normalda ölkənin vergi sisteminin və daşınmaz əmlak üzrə reyestrin məlumatları həm biznes, həm də qeyri-biznes təyinatlı daşınmaz əmlakın (bina və tikililər, həmçinin torpaq) dəyəri haqda real məlumatları əldə etməyə imkan verməlidi. Amma bir şərtlə ki, bütün daşınmaz əmlakın bazar dəyəri müəyyən edilmiş olsun. Çox təəssüf ki, Azərbaycanda əmlakın bazar dəyərini müəyyən edən mexanizmlər tətbiq edilmir: yaşayış fondu (həm torpaq, həm də tikililər) sahə ölçüsünə görə, qeyri-yaşayışı təyinatlı əsas fondlar (həmçinin binalar) qalıq dəyəri əsasında müəyyən edilir. Məsələn, bir nəfərin Bakı şəhərində real bazar dəyəri 200-250 min manat olan (sahəsi 300 kvadratmetr) mənzili, real bazar dəyəri 500-600 min manat olan, amma 10 illik istismar müddətindən sonra hazırkı orta illik qalıq dəyəri 150 min manat olan biznes obyekti var. Bu şəxs real bazar dəyəri 700-800 min manat olan mülkiyyətinə görə ildə cəmi 1620 manat əmlak vergisi ödəyəcək (mənzilin hər kavdratmetri üçün 0.4 manat+kommersiya obyektinin orta illik qalıq dəyərinin 1%-i). Halbuki hazırda dünyada əmlak vergisinin dərəcəsi əmlakın təyinatından asılı olaraq onun bazar dəyərinin 0.5-1% intervalında dəyişir. Azərbaycanda 0.5%-lik orta vergi dərəcəsi tətbiq edilsə, 700 min manat real bazr dəyəri olan mülkə görə 3500 manat əmlak vergisi tutulmalıdır. Bir sözlə, əmlakın bazar dəyəri ilə vergiyə cəlb edilməməsindən 2 zərbə alırıq: 1) ən  azından əmlak vergisindən büdcə 2.5 dəfə itirir; 2) daşınmaz əmlak formasında milli sərvətin real dəyəri ilə bağlı statistik məlumat bazası formalaşdırmaq mümkün olmur.
Bəs Azərbaycanda mənzil fondunun real bazar dəyəri nə qədər ola bilər? Hansı ipiucuna əl atsan, yazacaqlarımız və hesablamalarımız çox subyektiv olacaq. Hazırda ölkədə təxminən 2 milyon mənzil var ki, onun təxminən 25%-i son 20 ildə (1995-2015-ci illər) tikilib. Rəsmi statistikaya görə, ümumilikdə həmin mənzillərə təxminən 15 milyard dollar sərmayə qoyulub. Mənzilin real bazar dəyəri onun investisya qoyuluşu əsasında hesablanan istismar dəyərindən ora hesabla 2-2.5 dəfə çox olduğunu nəzərə alsaq, təkcə müstəqillik dövründə yaranan mənzil fondunun dəyərinin 30-35 milyard dollardan az olmadığı real görünür. Mənzillərin yerdə qalan 75%-nin sovetlər dönəmində tikilən köhnə, xeyli hissəsinin də istismar müddəti keçmiş mənzillər olduğunu nəzərə alsaq, sahəcə 3 dəfə çox olmasına rəğmən ən yaxşı halda yeni yaradılmış mənzil fondu qədər dəyərə malik ola bilər. Əgər bu kobud hesablamanın riyazi dəqiqliyi heç olmazsa 70-80% olsa, onda milli sərvətin tərkib hissəsi olan mənzil fondunun dəyərinin 65-70 milyard dollar olduğunu iddia etmək mümkündür.
Bəs bisnes əsaslı mülkiyyətin real dəyərini necə hesablamaq mümkündür? “21-ci əsrdə Kapital” əsərinin müəllifi Piketti təklif edir ki, əgər hansısa ölkədə vergi üzrə məlumatlar milli sərvətin bu hissəsinin dəyərini müəyyən etməyə imkan vermirsə, o halda özəl sərmayələrin dəyərini əsas məlumat bazası kimi istifadə edə bilərsiniz. Məsələn, bank-sığorta sektoru üzrə sərvətin dəyərinin hesablamaq mümkündür, çünki pis-yaxşı ortada hesabatlar var. Məsələn, bank-sığorta şirkətlərində dövlət payını nəzərə almasaq, özəl şəxslərə məxsus aktivlərin dəyəri 3.5 milyard manata yaxındı. Bu dəyərə sahiblərin səhm və daşınmaz əmlak, nağd pul formasında bütün aktivlər daxildir.  
Özəl sektora məxsus qida və içki sektorunda, emal sənayesində, turizm və restoran biznesində, ticarət və nəqliyyat xidməti sektorunda, kənd təsərrüfatında son 20 ildə 25 milyard dollara yaxın əsas fondlar yaranıb. Biznes obyektlərinin də real bazar dəyərinin onların investisya qoyuluşu əsasında hesablanan istismar dəyərindən orta hesabla 2-3 dəfə çox olduğunu nəzərə alsaq, əsas biznes sektorları üzrə maddi aktivlərin real bazar dəyərinin 50 milyard dollardan az olmadığını ehtimal etmək mümkündür.
Avtomobil parkının dəyərini də bura daxil etmək lazmdı, son 2005-2015-ci illərdə ölkənin avtomobil parkı 2 dəfədən çox genişlənib. Minik avtomobillərini sayı 550 min ədədə yaxın artıb ki, bunun təxminən 450 min ədədi MDB istehsalı olmayan xarici maşınlardır. Öz növbəsində ən azı 60-70 min ədəd dəyəri 30-40 min dollardan 200-250 min dollaradək olan bahalı maşınlar daxil olub ölkəyə.   
Yerdə qalır maliyyə aktivləri. Ölkə daxilində fond bazarı olmadığından qiymətli kağızlar formasında maliyyə aktivlərinin dəyəri haqda da danışmağın yeri yoxdu. Azərbaycanda maliyyə aktivlərinin əsas forması banklarda saxlanan depozitlərdir – həm ev təsərrüfatlarının əmanətləri, həm də korporativ depozitlərdir. Depozitlərin ümumi həcmi 15 milyard dollardır.                    
Göründüyü kimi yalnız ölkə daxilində özəl biznesə və ev təsərrüfatlarına məxsus maliyyə və qeyri-maliyyə aktivlərinin təxmini dəyəri 125-130 milyard dollardan az deyil. Lakin bura yalnız Azərbaycan vətəndaşlarının ölkə daxilindəki aktivlərinin dəyəri daxildir, xaricdə bisnes məqsədilə daşınmza əmlak və qiymətli kağızlara yatırımların, banklarda və investisiya fondlarında saxlanan vəsaitlərin real miqyası barədə məlumat əldə etmək, hətta təxminlər etmək mümkün deyil.  
Hazırda dünyanın ayrı-ayrı ölkələrində mill sərvətin məcmu dəyəri ölkənin bir illik mill gəlirinin 4-7 misli arasında dəyişir. Məsələn, Azərbaycanda hazırda rəsmi statistikaya görə milli gəlirin illik həcmi 35 milyard dollar ətrafındadı, “kölgə iqtisadiyyatı” 40-45% təşkil etməsi ilə bağlı müxtəlif hesablamarı nəzərə alsaq, təxminən 50 miyard dollardı. Dünyada mövcud olan bu standartdan çıxış etsək Azərbaycanda milli sərvətin real dəyəri 250-300 milyard dollar ətrafındadı. Dövlətə məxsus müəssisələrin mülkiyyətinin, təbii resurslarının və maliyyə aktivlərinin dəyəri nəzərə alınmazsa, bu sərvətin yerdə qalan hissəsi özəl sektora və ev təsərrüfatlarına məxsusdur.
Milli sərvətin real dəyəri haqda təxmini də olsa müəyyən təsəvvür varsa, qarşıya növbəti sual çıxır: milli sərvət (təbii ki, özəl sektora məxsus olan hissəsi) əhalinin müxtəlif qrupları qarasında necə paylaşıb? Məsələn, əhalinin ən yoxsul 10%-i, 20%-i, 50%-nə və, ən zəngin 1%-ə, 10%-ə, bu iki sinfin ortasında yerləşən 40%ə düşən sərvətin dəyəri nə qədərdir?
Rəsmi statistika, vergi və əmlakın reyestr sistemi birlikdə milli sərvətin real dəyərini, sərvət bölgüsünün miqyasını  müəyyən etməkdə siyasi baxımdan maraqlı deyil. Çünki özəl sektora məxsus milli sərvətin real dəyəri məlum olsa, insanlar özlərinin və başqalarının real sahib olduqları haqda daha aydın bilgiyə və müqayisə imkanına malik olacaqlar. 2005-ci ildə qanunun qəbuluna rəğmən hələ də vəzifəli şəxslərin maliyyə və qeyri-maliyyə formasında mülkiyyəti, həmçinin gəlirləri barəsində bəyannamə təqdim etməsindən yayınmasının əsas səbəblərindən biri də budur: onların hətta gəlir və əmlakının əsas hissəsini gizlədib az qismini leqallaşdırması belə xatalıdı. İxtiyari varlı bir məmurun sahib olduğu 1 mənzil və 1 maşının dəyərinin belə onların rəsmi qazancları müqabilində çox baha olması ortaya çıxacaq.
Milli sərvətin də real dəyəri aydınlaşsa, məlum olacaq ki, rəsmi gəlirlər hesabına biznes və ayrı-ayrı şəxslər indiki qədər sərvətə malik ola bilməzlər, yaxud sərvətin indiki dəyəri müqabilində biznesin qazanclarına, ev təsərrüfatlarının sahib olduqları mülklərinin dəyərinə görə ödədikləri vergiləri qəpik dəyərindədi.   
Bəs səvət bölgüsünün real ölçülərini təxmini də olsa hansı göstəriclər, informasiyalar və ya meyarlar əsasında təsəvvür etmək olar? Burda 2 yanaşma oa bilər: 1) sadə-populyar yanaşma; 2) sərvət haqda bəzi rəsmi statistik məlumatlar əsasında peşəkar yanaşma.
Sadə populyar yanaşma budur ki, hər kəs tanıdığı ən zəngin qohumunun, dostunun, tanışının sahib olduqları ilə özünün malik olduqları arasında fərqə baxır. Məsələn, tanıdığız və içərilərində varlı dövlət məmurunun, iş adamını olduğu insanların gözlə görünən sərvətinin (mənzil, avtomobil, biznes obyekti və s.) dəyəri ilə özünüz sahib olduğunuz oxşar mülklərin dəyərini müqayisə edirsən, nəticə real vəziyyəti təsəvvür etməyə imkan verəcək.
Əlçatan statistik məlumatlar əsasında sərvət bölgüsünü təyin etmək üçün peşəkar yanaşma necə ola bilər? Banklarda olan depozitlərin konsentrasiyası, banklardan götürülən kreditlərin konsentrasiyası, ölkənin maşın parkında zəngin insanların maddi imkanlarına uyğun avtomobillərin xüsusi çəkisi, milli gəlirin əmək və sərmayə gəlirləri arasında bölgüsü əsasında sərvətin konsentrasiya səviyyəsi ilə bağlı hipotetik rəqəm söyləmək olar.       
Məsələn, 2015-ci ilin yekunlarına görə bank sekoru üzrə kreditlərin 41%-nə sahib olan 3 nəhəng bank (“KapitalBank”, Beynəlxalq Bank və “XalqBank”) üzrə kredit konsentrasiyası 60%-dən çoxdur. Bu 3 bankın ayırdığı təqribən 8 milyard manat kreditin 5 milyard manatı və ya 63%-i 53 borcgötürənə çatıb. Ölkədə ev tsərrüfatı və biznes strukturları qismində potensial olaraq kreditə iddia edə biləcək 2.5 milyona yaxın subyekt var, amma banklardan götürülən kredit resurslarının 60%-dən çoxuna bütün subyektlətin hətta 0.1%-dən az hissəsi sərəncam verir.
Təəssüf ki, depozit konsentrasiyası haqda banklarda məlumat olmur. Amma, bugünlərdə bir bankdan aldığım məlumata görə, 2015-ci ildə bankda olan 1.2 milyard manata yaxın müştəri hesabının təxminən 80% cəmi 13 müştəriyə məxsus olub. Əslində kreditlərin və depozitlərin çox kiçik qrupun (ev təsərrüfatlarının və biznes subyektlərinin 0.1%-dən də az hissəsnin) əlində cəmlənməsi sərvətlərin təmərküzləşməsi ilə bağlı hipotetik ideyalar üçün 2-3 göstəricidən biridir.  
Yaxud sayı milyonu ötən minik avtomobili parkında bütün ailə təsərrüftlarının ən yaxşı halda 5%-nin sayına uyğun (maksimum 100 min ailə) yüksək dəyərə (təxminən 30-40 min dollardan çox) və zəngin ailələrin maddi imkanlarına uyğun bahalı avtomobil parkı mövcuddur.
Əslində dünyada sərvət təmərküzələşməsi hesablanarkən ən zəngin 10% əhali qrupu götürülür.  Bizdə bu təxminən 200 min ailə edir – Azərbaycanda bu sayda zəngin ailənin olduğu qətiyyən real görünmür. Real fəaliyyət göstərən və böyük dövriyyəyə malik biznes obyektlərinin sayını, böyük qazanca sahib məmur heyətinin sayını təsəvvür etməyə çalışanda, bu rəqəm 50-100 min intervalında ola bilər – yəni ailə təsərrüfatlarının maksimum 5%-i. Yuxarıda həm kreditlərin təmərküzələşmə səviyyəsi, həm bahalı avtomobil parkının miqyası da zəngin 5%-lik top ailə haqqında fikir yürütməyə imkan verir.
Yeri gəlmişkən, ötən il Dünya Bankı Azərbaycanda əhalini gəlirliliyə görə, bu cür təsnif etmişdi: 5% yoxsul, 66% yoxsulluqdan çıxsa da orta sinfə daxil ola bilməyən həssas əhali qrupu, 29% orta təbəqə.

Milli gəlirdən kapitalın və muzdlu işçilərin aldlğı pay da sərvət qeyri-bərabərliyini qiymətləndirmək üçün mühüm indikatordu. Amma yazı uzun alındı deyə həmin məsələ barədə ayrıca yazacam...