Wednesday, March 16, 2016

Sərəncam böhranı yenəcəkmi?

Ölkə prezidenti böhrana qarşı strategiya və tədbirlərin hazırlanması ilə bağlı sərəncam imzalayıb.
Kifayət qədər ləngimə olsa da, müsbət addımdır. Amma bir reallığı qəbul etmək lazımdır - indiki vəziyyətdən yalnız iqtisadiyyatın yenidən qurulmasına yönəlik mexanizm və tədbirlərlə çıxmaq mümkün olacaq. İqtisadiyyatı yenidən qurmaq üçün idarəetmə yenidən qurulmalıdır.
İsmlərin dəyişilməsindən söhbət getmir - həlledici olan davranışların və təfəkkürn dəyişilməsidir.
Əgər antiböhran tədbirlərinin mərkəizində aşağıdakı mexanizmlər dayanacaqsa, vəziyyətin real dəyişməsi üçün niyyətlərin saf, nəticələrin real olacağı da şübhə doğurmayacaq:
1) Mərkəzi icra hakimiyyəti sistemində köklü islahatlara start verilir. Bu islahatlar çərçivəsində paralel və oxşar funksiayaları yerinə yetriən bütün strukturlar birləşdirilir, fəaliyyəti iqtisadiyyat üçün heç bir töhfə verməyən strukturlar ləğv edilərək büdcənin yükü yüngülləşdirlir;
2) Nəticəli büdcə modelinə keçid üçün hüquqi baza yaradılır, bütün nazirlik və komitələrin yalnız 3-5 illik strateji palnlar əsasında büdcədən vəsait alması məcburi hüquqi norma kimi təsbit edilir. Hər bir nazirlik və komitənin fəaliyyətinin nəticələrini ölçmək üçün kəmiyyət-keyfiyyət indikatorları təsdiqlənir, ildə bir dəfə bütün nazirlərin məhz bu indikatorlar əsasında parlamentə hesabatı təqdim edilir:
3) Əksmərkəzləşmə strategiyası qəbul edilir, ən azından keçid dövrü üçün kənd (qəsəbə) icra nümayəndəliklərinin səlahiyyətləri bələdiyyələrə ötürülür, bələdiyyələrin maliyyə sisteminin yenidən qurulması üçün qanunvericilikdə dəyişikliklər edilir. Avropa Şurasının tövsiyyələrinə uyğun olaraq yaxın 1 ildə Bakı Böyük Şəhər bələdiyyəsinə seçkilər keçirilir;
4) Kiçik və orta sahibkarların kreditlərinin sığortalanması üçün Kredit Zəmanəti Fondu yaradılır;
5) Kommunal xidmətlər göstərən bütün dövlət şirkətlərinin konsessiya əsasında təcrübəli investorlara idarəetməyə verilməsi təmin edilir;
6) İctimai nəzarət funksiyasını yerinə yetirən, həmçinin araşdırma və təşəbbüsləri ilə hökumətə yeni ideyalar verən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə törədilən bütün manelər ləğv edilir;
7) Məmurların gəlir bəyannaməsini təqdim etməsi təmin olunur;
8) Dövlət vəsaitləri hesabına kreditlərin verilməsində şəffaflıq təmin edilir, xüsusilə də bu vəsaitləri alan subyektlərin adı kommersiya sirri hesab edilmir;
9) Dövlətdən vəsait alan bütün kommersiya şirkətləri üçün təsisçilərin adını açıqlamaq məcburi sayılır;
10) Mərkəzi Bankın banklara resursların verilməsi prosesində şəffaflıq və hesabatlılıq təmin edilir;
11) Hökumət aqrar sektorda monopoyaya səbəb olan aqroparkları deyil, kiçik və orta fermerlərin bazasında kooperativlərin yaradılması dəstəkləyir;
12) Kənd İnkişaf proqramı qəbul edilir, coğrafi şəraitində və iqtisadi imkanlarında olan fərqləri əsas götürərək kəndlərə differsial dəstək tədbirləri təklif edilir, icmaların və bələdiyyələrin qabaqcıl təəbbüslərini dəstəkləmək üçün Regionların İnkişafı Dövlət Fondu yaradılır;
13) Ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının 73%-ni təşkil edən dövlət və bələdiyyə torpaqlarından istifadə barədə hesabatlılıq sistemi yaradılır, bu torpaqlardan bütün subyektlərin bərabər istifadə imkanı təmin edilir;
14) Azərbaycanın dünya bazarlarında müqayisəli üstünlüyü ola biləcək məhsulların siyahısının müəyyən edilir, onların istehsalının təşkili üçün potensial investorlara üçün dəstək mexanizmləri hazırlanır;
Əslində bu siyahını yetərincə uzatmaq olar, amma məqsəd əsas institusional tədbirlərə diqqəti yönəltmək idi..


Monday, March 7, 2016

Uçot dərəcəsi artdı. Nə dəyişəcək?


Mərkəzi Bankın Uçot dərəcəsini artırması ilə bağlı maraqlı müzakirələr gedir. Əsas yanaşma budur ki, ölkədə az qala 14%-ə çatan inflyasiya səviyyəsi olduğu şəraitdə uçot dərəcəsinin səviyyəsi hətta indikindən daha yüksək olmalıdı - 10 və ya 15%-lik hədd təklif edən mütəxəssislər də var.
Nəzəri baxımdan doğru yanaşmadı: uçot dərəcəsi kreditləri bahalaşdırır, nəticədə kommersiya banklarının Mərkəzi Bankın yüksək uçot dərəcəsi ilə təklif etdiyi resurslara, biznesin və ailə təsərrüfatlarının isə kommersiya banklarının əvvəlkindən daha yüksək faizlə təklif etdiyi kreditlərə tələbatını azaldacaq. Kreditlərə (həm də real pula) tələbatın azalması o deməkdir ki, pul təklifi məhdudlaşır. Klassik inflyasiya nəzəriyyəsinə görə, pul təklifinin azalması inflyasiyaya azaldıcı təsir göstərir.
Nəzəri baxımdan tam doğrudur və tarixin müxtəlif dönəmlərində, fərqli dünya iqtisadi böhranlarında praktik olaraq öz sübutunu tapıb.
Düşünürəm ki, Azərbaycanın hazırkı iqtisadi reallığında uçot dərəcəsinin indiki 7%-lik həddinin hətta  2 dəfə yükəltməsinin inflyasiyanı cilovlayacağını iddia etmək müzakirə və dartışma tələb edir. Şəxsi gözləntim budur ki, təsir etməyəcək və əsas arqumentlərim bunlardır:

1) Uçot dərəcəsinin yüksəldilməsi inflyasiyaya o zaman azaldıcı təsir göstərir ki, həmin iqtisadiyyatda monetizasiya səviyyəsi ən azından dünya üzrə orta hesab edilən səviyyəyə yaxın olsun. Monetizasiya pul kütləsinin (M2) ÜDM-ə nisbətini ifadə edir. BVF statistikasına görə, dünyada orta göstərici 40-50%, yüksək göstərici 50-100%-dir. Ultra yüksək göstəricilər də var - 100-200%. Hazırda Azərbaycanda iqtisadiyyatın monetizasiyası 15% ətafındadı. Birinci devalvasiyadan əvvəl 28% olub. Ötən il ərzində Mərkəzi Bank monetizasiya səviyyəsini 2 dəfəyədək azaltdı - amma bu prosesdə uçot siyasəti bir alət kimi heç bir rol oynamadı.
Sözün qısası - bizim iqtisadiyyatımız onsuz da pulsuzdu, indi Mərkəzi Bankın sərt uçot siyasətilə bu səviyyəni hansı həddəqədər azaltmağı hədəfləyir? 5-10 faizəmi?
Əgər Azərbaycanda pul kütləsinin 2 dəfə azaldığı (özü də uçot siyasətinin heç bir rol oynamadığı) şəraitdə yüksək inflyasiya baş verirsə, deməli onun səbəbi monetar deyil, qeyri-monetar amillərdir. Uçot siyasəti isə sırf monetar alətdir. Əgər qeyri-monetar amilləri monetar alətlərlə sıradan çıxarmaq mümkün olacaqsa, bu dünya iqtisadiyyat elmi üçün yenilik olacaq.

2) İqtisadiyyatın, xüsusl
ə real sektorun pula yüksək tələbatı şəraitində uçot siyasəti inflyasiyaya azaldıcı təsir göstərə bilir. İqtisadiyatın pula tələabatını xarakterizə edən ən bariz göstəricilərdən biri pul multiplikatorudur. Pul multiplikatoru - manatla geniş pul kütləsinin (M2) nağd pul kütləsinə nisbətini ifadə edir. İqtisadi mənası odur ki, Mərkəzi Bankın dövriyyəyə buraxdığı hər bir manat hesabına iqtisadiyyat əlavə neçə manat pul yarada bilir. Pul multiplikatorunun səviyyəsinin artımında bank sekoru vasitəçidir, əsas mühərrik real sektordur, biznesin potensialıdır. Bir manatı 5 manat əlavə pula çevirmək üçün biznesin kreditlərə ehtiyacı fasiləsiz və dayanıqlı olmalıdır. Azərbaycanda belə iqtisadiyyat mövcud deyil. Sübut pul multiplikaorunun hazırkı səviyyəsidir. Bizdə bu göstəricinin səviyyəsi 1.25-dir. Amma inişaf etmiş ölkələrdə 5-7 intervalında, Rusiya və Qazaxıstanda 2.5-3.5 intervalındadı.
Qısası, hazırda bizim iqtisadiyyatın problemi pula tələbatın həddən artıq yüksək olması deyil ki, sərt uçot siyasəti ilə onu cilovlayaq, əksinə tələbat o qədər aşağıdır ki, bu tələb stimullaşdırılmasa, Azərbaycanda iqtisadi inikaşaf mümkün olmayacaq, durğunluq davam edəcək.

3) O ölkələrdə uçot siyasəti pula tələb və təklifə, son nəticədə inflyasiyaya təsir edir ki, Mərkəzi Bankın kredit resursları ümumi kreditlərin 35%-dən az olmasın. Araşdırmalar göstərir ki, Beynəlxalq Banka ayrılan vəsaitlər nəzərə alınmazsa, Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslarının ümumi kreditləşmədə payı 10-15%-dən çox deyil..


Aydındır ki, Mərkəzi Bank indiki şəraitdə hansısa addımlar atmalıdır. Sadəcə deyəcəyim bu ki, seçilmiş siyasət aləti qarşıya qoyulan hədəf (inflyasiyanı cilovlamaq) baxımından nəticəyə aparmayacaq...

Sunday, March 6, 2016

Uşaq qidasını niyə idxal edirik?


Qeyri-neft sektorunun inkişafı ilə bağlı rəsmi bəyanatların arası kəsilmir, amma yada düşmür ki, müxtəlif dövlət proqramlarda konkret müssisələrin açılması üçün öhdəliklər olub. Məsələn, Azərbaycan hökumətinin icrasını artıq başa çatdırdığı "2008-2015-ci illərdə əhalinin etibarlı ərzaq təminatına dair Dövlət Proqramı"nın 5.11.16-cı bəndinə görə, hökumət ölkədə uşaq qidası istehsal edən müəssisələrin yaradılmasını dəstəkləməli idi. Hətta 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyinin iştirakı ilə Azərbaycan İnvestisiya Şirkəti və Almaniyanın “HİPP” şirkəti arasında ölkəmizdə uşaq qidası istehsalının təşkili ilə bağlı layihənin həyata keçirilməsi haqqında xidməti müqaviləsi imzalanmışdı. Hətta Sahibkarlığa Kömək Milli Fondu məlumat yaydı ki, Masazırda 3 milyon manat güzəştli kredit əsasında illik istehsal gücü 2 000 ton olan müəssisə də yaradlıdı. Amma interet mənbələrində, statistik hesabatlarda həmin müəssisənin fəaliyyətinin nəticələri ilə bağlı hər hansı məlumata rast gəlmədim. Əvəzində ölkəyə uşaq qidasının idxalı ilə nə qədər istəsəniz məlumat tapmaq mümkündür.
Dövlət Gömrük Komitəsinin hələlik açıq olan ən son məlumatına görə, 2014-cü ildə Azərbaycana 13.5 milyon dəyərində 2.7 min ton uşaq qidası idxal edilib. Məlumat üçün deyim ki, Comtrade-in məlumat bazası da Azərbaycana uşaq qidası idxalının həcminin təxminən bu qədər olduğunu təsdiqləyir, lakin dəyər ifadəsində idxalın daha çox olduğunu – 21.8 milyin dollar olduğunu göstərir. Uşaq qidası üçün xərclənən valyutanın həcmi göstərir ki, bu bazar yerli sahibkarlar üçün heç də kiçik dövriyyə təklif etmir.
Əlavə olaraq, bu sənayenin yaranması son məhsul üçün tələb edilən müxtəlif xammalın timsalında yan sahələrin də inkişafını stimullaşdıra bilər. Məsələn, dünyada qida sənayesi üçün əsas xammallardan biri təbii meyvələrdir.
Comtrade-in məlumatları göstərir ki, 2014-cü ildə Azərbaycanın uşaq qidası bazarına 11 ölkədən idxal olub. Lakin həmin il idxalın təxminən 95%-ə qədəri 6 ölkənin payına düşüb: Almaniya, Niderland, Avstriya, Polşa, Türkiyə və Rusiya. Az miqdarda Gürcüstan və Danimarkadan da idxal var. Gürcüstan demişkən, Saakaşvili hakimiyyəti dövründə (2008-ci ildə) bu ölkədə bilavasitə “HİPP” şirkətinin sərmayəsi əsasında uşaq qidası müəssisəsi yaradılıb. Zavod 1000-dən artıq fermerlə müqavilə əsasında onlardan xammal kimi alma alır.