Pages

Friday, March 30, 2018

Banklardan əhaliyə kreditlər: hər 100 manatın 37 manatı daşınmaz əmlaka gedib


Banklar əvvəl mənzil tikənlərə kredit verirlər, sonra həmin mənzil alan müştərilərə.
Nəticədə tikinti və əmlak sektoru banklar kreditləşməsində piroritet rol qazanır. Bir məsələ dəqiqdir ki, bank sektorunun dayanıqlı inkişafı real sektorun inkişafından, ilk növbədə yüksək əlavə dəyər, geniş məşğulluq və ixrac imkanları yaradan istehsal və xidmət sahələrinin davamlı inkişafından keçir.
Aydındır ki, indi bankların kreditləşmə prioritetlərində müşahidə olunan meyllər onların könüllü seçimi deyil və bu reallıqda onları günahlandırmaq çətindir. 2015-2016-cı ilə sektorda baş verən proseslər, aktivlərin kəskin azalması, resurs bazasının sürətlə daralması, cəlb olunan resursların kəskin bahalanması və zərərin artması fonunda banklar hara olsa "para satıb para qazanmağa" məhkumdurlar. Problem bank resurslarına tələbi kəskin azalan, azad və rəqabətli biznes mühiti tapa bilməyən, monopol oyunçuların, kötəkli məmurların çərçivələrini aşa bilməyən real sektordadı.
Faktlara baxın, özünüz nəticə çıxarın:
2013-2016-cı illərdə tikinti sektorunun bank kreditlərində payı 12-15% intervalında olub. Aydın məsələdir ki, tikinti sektoruna gedən kreditlərin əsas hissəsi mənzil tikintisi ilə bağlı olub. 2017-ci ildə həmin göstəricidə kəskin azalma baş verib - tikinti sektoruna kreditlər cəmi kreditlərin 4.6%-ni təşkil edib. Əvəzində nə baş verib? Bankların daşınmaz əmlakın tikintisi və alınması (ipoteka da daxil olmaqla) məqsədlilə əhaliyə (ev təsərrüfatlarına) verdiyi kreditlərin ümimi kreditləşmədə payı 14.3%-ə yüksəlib. Halbuki 2012-2015-ci illərdə həmin göstrici 5-7%-dən çox olmamışdı, 2016-cı ildə 10%-ə çatmışdı. Ev təsərrüfatlarına ayrılan bütün krditlərin 37%-i daşınmaz əmlak alqısı və tikintisi ilə bağlı olub.
Bir maraqlı məqamı da deyim: 2005-2014-cü illərdə Azərbaycan iqtisadiyyatında daxili tələbi ev təsərrüfatlarının istehlakından çox nəhəng pullarından qaynaqlanan investisiyalar (əsasın mənzil sektoruna və infrastruktura qoyulan)  formalaşdırmışdır. 2015-201-ci illərdə neftə bağlı olan investisiya imkanları tükənən kimi artım mənbəyi də kəsildi və bəlli oluğu kimi iqtisadi artım da dayandı. Analizlər göstərir ki, dövlət iqtisadiyyatının və resusrlarının hökmran olduğu iqtisadiyyatda hökumət artımı hansı amil hesabına, tələbi hansı mənbə hesabına stimullaşdırmaq yolu seçirsə, bank sektoru da həmin tələblərə uyğun öz strategiyasını qurmağa məhkum olur.
İndi 2018-də hökumət yenə də "genşmiqyası tikinti modeli" ilə iqtisadi artımı təmin etmək yolu seçib və bankların da davranışlarının bu modeldən kənara çıxa bilməyəcəyi məlumdur. Yenə də nə qədər ki, neft pullarından qaynaqlanan yüksək investisiya imlanları var, 2005-2014-cü ildə müşahidə etdiyimiz dayanıqsız iqtisadi sabit sabitlik tendensiyasını qorumaq mümkün olacaq. Amma neftdən qaynaqlanan investisiya imkanları məhduddur və sabit deyil.
Bütün bəyanatlara, qəbul edilən xəritə və proqramlara rəğmən, əgər 4-5 ildə "məmur iqtisadiyyatı"nın miqyası kiçilmirsə, kiçik və orta sahibkarlar əsas oyunçuya, bankların əsas müştərilərinə çevrilmirsə, deməli durum yenə risklidi - əsas da bank sektoru üçün.