Pages

Friday, December 30, 2016

Yaxşı il necə olur?

2016-cı il özündən əvvəlki ilin davamı oldu. Ölkədə iqtisadi böhran daha da dərinləşdi, yoxsullar daha da yoxsullaşdı, hökumətin etiraf eləmədiyi işsizliyin real səviyyəsi bir az da yüksəldi, qiymətlər, xüsusən gündəlik tələbat mallarının qiyməti əhəmiyyətli dərəcədə bahalandı. Büdcəmiz yenə ixtisar oldu, iqtisadiyyatımız bir az da kiçildi. Bank sektorunda böhran davam elədi, bankların az qala dörddə biri sıradan çıxdı, bank aktivləri 10%-dən çox azaldı, sektor üzrə yaranan zərərin həcmi 3 dəfədən çox genişləndi, bank kreditlərinin həcmi 25%-dək azaldı. Milli valyutamız il ərzində 20%-dək yenidən dəyər itirdi...
Hökumət islahatlarla bağlı bolluca vədlər verdi, xeyli sənədlər qəbul etdi. Amma gerçək islahat addımları atılmadı. Məsələn, mərkəzi hakimiyyət orqanlarının funksionlallığının yüksələdilməsi, onların fəaliyyətinin səmərəliyinin və şəffaflığının artırılması istiqamətində heç bir real addımlar atılmadı, yerlərdə icra hakimiyyətlərinin kötəkli hakimiyyəti yenə davam etdi, parlament keyfiyyətli və ədalətli qanunlar qəbul etməkdən daha çox ayrı-ayrı deputatların cəmiyyətin əsəblərini tarıma çəkən, toplumun mənfi emosiyalarını artıran çıxışları ilə yadda qaldı.
Ölkədə müstəqil təsisatların, vətəndaş özünüidarəetməsinə əsaslanan demokratik institutların, azad media və vətəndaş cəmiyyətinin bərpasına yönəlik effektiv addımların şahidi olmadıq. Ədalət simvolu olmalı olan məhkəmələrimiz yenə bizi sevindirmədi - siyasi baxışlarına görə həbsxanada olan dostlarımızdan 2016-da da ailələrinə qovuşa bilməyənlər oldu.
Hər kəsin öz hesab-kitabı var. Hərə ilə öz qiymətini verir - mənim üçün istər şəxsi, istər ictimai baxımdan 2016 uğursuz və ağır il oldu. İnsan bəzən səmərəsiz keçirdiyi 5-10 dəqiqəyə belə heyfslənir,  o ki ola 365 gün və ya 8760 saat ola. 
Min illərdir dünyanın dəyişməyən bir qanunu var - yer öz oxu ətrafında fırlandıqca təkcə təqvimi dəyişmir. Fırlandıqca fürsətlər və faciələri də əlində fırlayır. Fürsətlərdən ötrü can atan toplumlara fürsətlər, fürsətlərdən qaçanlara faciələr nəsib olur. Nə qədər ki, torpaq bütövlüyümüz yoxdu, yüz minlərlə insan əsirlikdəki doğma yurdların həsrətilə qovrulur, nə qədər ki, on minlərlə insan məhkəmələrdə axtardığı ədaləti tapa bilmir, nə qədər ki, yüz minlərrlə insan seçki qutusunda səs verdiyi gerçək adamı axtarır, amma tapa bilmir, nə qədər ki, yüz minlərlə insan məmləkətin gələcəyinə nikbin baxa bilmir, demək biz fürsətlərin tamamını qaçırmışıq. Yaxşı il dediyimiz il bax bu problemlərin öz həllini tapdığı il olacaq...   
2017-ci il gərgin il kimi gözləyirəm - həm siyasi, həm iqtisadi baxımdan. Siyasi gərginlik əsasən hakimiyyətdaxili ziddiyətlərin gərginləşməsi ilə bağlı olacaq. Pul və varidat üzərində bərqərar olan siyasi hakimiyyətlərdə kapitala çıxış kanallara məhdudlaşdıqca daxili qarşıdurmaların güclənməsi məntiqi proesdir.   
İqtisadi problemlərin dərinləşməsi ilk növbədə özünü əmlak bazarında, tikinti sektorunda, bank sferasında aşkar gəstərəcək. Manat ilboyu təzyiq altında olacaq. Hökumət valyuta öhdəliklərini icra etmək üçün imkanı çatan qədər ölkənin xarici borc yükünü artırmağa, Neft Fondunun aktivlərindən ən müxtəlif formada istifadə etməyə çalışacaq.   
İki inzibati ərazi vahidinin bazasında tibbi sığortanın tətbiqi ilə bağlı təşəbbüs müsbət addım olsa da, ciddi effekt gözləmirəm. Çünki tibbi sığorta sistemi o şəraitdə effekt verir ki, məşğul əhalinin ən azı 70-80%-i leqal çalışır, işsizlik səviyyəsi aşağıdır, işləyənlərin əmək haqqı elə səviyyədədir ki, tutulan sığorta haqları işçinin normal sığortasına, sağlamlığını qorumasına imkan verir. Bizdə bu sistemi əyalətlərdən tətbiq etməyə başladılar - o yerlərdə ki, məşğul əhalinin maksimum 25%-i leqal çalışır (əmək müqaviləsi var), məvaciblər isə həddən artıq aşağıdır. Amma yenə də bu addım 2016-cı ilin bəlkə də ən müsbət addımlarından biri oldu...
İli pessimist ovqatla başa vursam da, çoxlu sayda zəhmətsevər, ağıllı insanlarımıza baxanda ölkəmizin gələcəyi ilə bağlı bədgüman və ümidsiz hissələri özümdən xeyli uzaq tuta bilirəm.
Dəyərli dostlar, boş ümidlər və gərəksiz şükranlıqladan uzaq olmaqla daha gözəl bir il arsuzu ilə...

Friday, December 16, 2016

Dəngəsi pozulan balans


Mərkəzi Bank 2016-cı ilin 9 ayı üzrə tədiyyə balansına dair məlumatları açıqlayıb.
2 devalvasiya qərarının qəbul edildiyi 2015-ci ilə nisbətən 2016-cı ildə tədiyyə balansında gərginliyin xeyli azaldığı müşahidə edilsə də, ümumi balans yenə mənfidir. Amma ən pisi odur ki, əvvəlki illərdə bir qayda olaraq cari əməliyyatlar balansında müsbət, maliyyə hesabında kəsir müşahidə edilirdi. Məsələn, son 20 ildə ölkənin valyuta sistemi üçün ən gərgi il kimi yadda qalan 
2015-ci ildə 9 ayın nəticələrinə görə cari əməliyyatlar balansında 240.5 mln. dollarlıq profisit yarandığı halda, bu ilin eyni dövründə 1.113 mlrd. dollarlıq defisit qeydə alınıb.
Yaranan kəsiri nəzərə almasaq, cari hesablar balansında müşahidə edilən əsas meyllər kimi bunları qeyd etmək olar:

1)      Xarici ticarət balansının müsbət saldosu 5.3 mlrd. dollardan 2.9 mlrd. dollara enib. Bu qarşılıqlı xarici ticarət əməliyyatları nəticəsində ölkəyə daxil olan valyuta kütləsinin 2.4 mlrd. dollar azalması deməkdir;
2)      Xidmətlər balansının mənfi saldosu 3.4 mlrd. dollardan təxminən 2.3 mlrd. dollara enib. Bu o deməkdir ki, qarşılıqlı beynəlxalq xidmət əməliyyatlarının nəticəsi kimi ölkədən çıxan xarici valyuta kütləsinin 1.1 mlrd. dollar azalması deməkdir. Xidmət əməliyyatları ilə bağlı mənfi tendensiya budur ki, qeyri—rezidentlərə göstərilən nəqliyyat xidmətlərinin həcmi 300 mln. dollar azalaraq 824 mln. dollara enib. Müsbət tendensiya isə odur ki, əcnəbilərə göstərilən turizm xidmətlərinin həcmi 383 mln. dollar artaraq 2.055 mlrd. dollara yüksəlib. Amma azərbaycanlı turistlərin xarici ölkələrdə xərclədiyi vəsaitlərin həcmində kəskin azalma olmayıb – cəmi 84 mln. azalıb. Azərbaycan vətəndaşlarının turist kimi xarici ölkələrdə xərclədiyi vəsaitin həcmi 1.847 mlrd. dollar olub.  
3)      Tikinti xidmətləri üzrə mənfi saldo ötən ilə nisbətən 750 mln. dollar azalaraq 2.817 mlrd. dolardan 2.162 mlrd. dollara enib. Azərbaycan demək olar ki, tikinti xidmətləri ixrac etmir (cəmi 19.2 mln dollarlıq tikinti xidmətləri ixrac edilib), əsasən idxal edir. 2016-cı ilin 9 ayında bu xidmətlər üzrə idxalın ümumi həcmi 2.187 mlrd. dollar təşkil edib. Bu məbləğin 2.101 mlrd. dolları neft-qaz sektorunun hesabına baş verib.
4)      İlkin gəlirlər hesabında təxminən 1.8 mlrd. dollar defisit yaranıb və 2015-ci ilin 9 ayının  göstəricisilə təxminən eynidir. Bu hesab çərçivəsində Azərbaycandan 2.5 mlrd. dollar ödəniş edilib. Həmin məbləğin 1.791 mlrd.  dolları beynəlxalq neft-qaz konsorsiumlarına düşən xam neftin dəyəridir. Yerdə qalan 709 mln. dollar isə xaricilərə ödənən əmək haqqı və xarici kreditlərə görə faiz ödənişləridir. Təəssüf ki, Mərkəzi Bank bu mövqlərin hər biri üzrə məlumatları ayrıca təqdim etmir.
5)      Təkrar gəlirlər hesabı çərçivəsində Azərbaycana daxil olan pul köşürmələri 2 dəfəyədək azalaraq 927 mln. dollardan 470 mln. dollara enib. Məlum olduğu kimi bu vəsait əsasən miqrant kimi, həmçinin xidməti vəzifə ilə əlaqədar xarici ölkələrdə çalışan həmvətənlərimizin yaxınlarına göndərdiyi vəsaitlərdir.        

Maliyyə hesabı ilə bağlı göstəricilərə gəldikdə, ölkəyə birbaşa investisiyalar formasında 5.4 mlrd. dollar daxil olub. Həmin vəsaitin 4.3 mlrd. dolları neft-qaz sektoru ilə bağlı olub ki, bu əvvəlki ilə nisbətən 700 mln. dollar azdır. Qeyri-neft sektoruna birbaşa sərmayələr isə 1.1 mlrd. dollar olub – 2015-ci ilin 9 ayına nisbətən 400 mln. dollar çoxdur.
Eyni zamanda, kredit və digər borcların ödənilməsi ilə bağlı 878 mln. dollar qeyri-rezidentlərə ödəniş həyata keçirilmişdi və bu əvvəlki ilə nisbətən 12 dəfə çoxdur. Depozitlər və nağd valyuta maddəsi üzrə ölkədən çıxan vəsaitərin həcmi 800 mln. dollardan bir qədər artıq olub. Halbuki 2015-ci ilin 9 ayında bu göstərici 5.5 mırd. dollara çatırdı.
Beləliklər, cari əməliyyatlar, kapital və maliyyə hesablarının yekunu olaraq 2016-cı ilin 9 ayında Azərbaycanın tədiyyə balansının ümumu saldosu mənfi 1.190 mlrd. dollar olub. Amma ötən il üzrə məcmu defisit 9.141 mlrd. dollar təşkil edib.

Göründüyü kimi, tədiyyə balansının mənfi saldosi 8 dəfəyədək azalsa da, valyuta bazarında gərginlik ötən ilə nisbətən əhəmiyyətli dərəcədə artıb. Heç şübhəsiz bunun başlıca səbəbi iqtisadiyyatın strukturunda, real sektorda, ölkənin maliyyə-bank sektorunda baş verən proseslər, xüsusilə Beynəlxalq Bank və iri dövlət şirkətlərinin daxili borclanmanın sürətlə genişlənməsi, iqtisadiyyatda əlavə dəyər yaratmayan maliyyə resurslarının yaratdığı təzyiq, milli valyuyata inamın sarsılması fonunda yüksək iqtisadiyyatda ifrat dollarlaşma kimi faktorlar həlledici rol oynayır.    

Sunday, December 4, 2016

Daxili dövlət borclanmasının təhlükələri. Yaxud manat dolları necə "udur"?

Yazının sərlövhəsindəki sual qəribə görünə bilər. Amma bu bir reallıqdır: daxili borc resursları iqtisadiyyat üçün əlavə dəyər yaradanda, ixrac qabiliyyətli məhsul və xidmət istehsalına dəstək verəndə ölkəyə xarici valyuta gətirir. Daxili borc resursları əlavə dəyər yaratmayan, səmərəsiz layihələri dəstəkləyəndə isə iqtisadiyyatın min bir əziyyətlə qazandığı valyuta sərfətlərini istehlak edir. Yazıda bu mexanizmi sadə formada izah etməyə cəhd edilib...
Son zamanlar Azərbaycanın xarici dövlət borcunun artmasına, xüsusilə manatın dəyərdən düşməsindən sonra dollar ifadəsində ÜDM-də xarici borcların payının artmasına diqqət çəkilir.
Məsələn, 2014-cü ilin sonuna xarici borcun ÜDM-də payı 10% ətrafında idi, amma indi 20%-i ötür. BVF-nin proqnozuna görə, yaxın 2 ildə bu göstərici 40%-ə çatacaq.
Amma daxili borclar da sürətlə artır - 2014-cü ilin sonunda daxili borcun ÜDM-də payı cəmi 2.6% idi. Hazırda 13%-ə yüksəlib.
Gələn il artım davam edəcək - Dövlət Neft Şirkəti qaz təminatı ilə bağlı layihələr üçün 2017-ci ildə Mərkəzi Bankdan yenidən borc götürəcək. Hökumət isə Beynəlxalq Bankın problemli aktivlərinə görə, sonuncu tranş borcu Mərkəzi Bankdan götürəcək.
Hesablama Palatasının məlumatına görə, bu ilin ilk yarısnın yekunlarına görə dövlət daxili borcunun həcmi 7.3 milyard manata çatır. Həmin borclara isə “Aqrarkredit” QSC-nin hökumət adından Beynəlxalq Banka görə borclanması, “Azərbaycan Hava Yolları” QSC-nın, Dövlət Neft Şirkətinin, “Azəralüminium” ASC-nin və “Azərenerji” ASC-nin hökümət zəmanətilə Mərkəzi Bankdan almış olduğu kreditlər daxildir.
İlin 2-ci yarısı ilə bağlı məlumatlar hələlik açıqlanamdığı üçün Beynəlxalq Bank üçün götürülmüş 2-ci mərhələ borc həcmi bu statistikada yoxdur. Həmin statistikada Beynəlxalq Bank üçün alınmış yalnız 3 mlrd. manat borc məbləği əks olunub. Lakin "Aqrarkredit"in 10 mlrd. manat borc öhdəliiyi qeydiyyata alınıb - yəni əlavə olaraq 7 mlrd. manat da götürülməldir. Bu məbləği də nəzərə alsaq, 2017-ci iilin sonunda daxili dövlət bprcunun ÜDM-də payı 40%-ə çatacaq. Xüsusilə də ölkə iqtisadiyyatının böhran dövründə kifayət qədər yüksək göstəricidi - ÜDM-nin 40%-i qədər daxili dövlət borcu, 40%-i qədər isə xarici dövlət borcu...
Burda ən ciddi problem təkcə daxili borc həcminin sürətlə artması deyil. Daxili borcların necə və hansı məqsədlə istifadəsidi: hazırkı şəraitdə daxili dövlət borcları iqtisadiyyatda dəyər yaratmaq, real sektoru dəstəkləmək üçün emissiya olunmur. Xidmətlə məşğul olan iri dövlət şirkətlərinin səmərəsiz və qeyri-şəffaf idarəçiliyinin yaratdığı maliyyə resurslarına tələbi "çap maşını" ilə qarşılamağın iqtisadiyyat üçün sonu çox pis bitəcəyini indidən görmək elə də çətin deyil.
Borclanma (istər daxili, istər xarici) faydalıdır o halda ki, iqtisadiyyat üçün əlavə dəyərin yaradılmasını dəstəkləyir, yeni dəyərin yaradılmasında iştirak edir.
Sadə müqayisə: ixrac qabiliyyətli şirkət daxili borc resurslarının yaratdığı imkanlardan maksimum yararlanır, xaricə məhsul satır, ölkəyə valyuta gətirir. Nəticə belədi: Mərkəzi Bank vasitəsilə daxili borclanmaya gedən kommersiya banklarının kredit formasında real sektora yönəltdiyi manat əlavə dəyərin yaratmaqla (bu nümunədə ixrac vasitəsilə) ölkəyə xarici valyuta gətirmiş olur. Obrazlı deyilsə, bu halda manat "dollar istehsal" etmiş olur.
İkinici bir müqayisə: Mərkəzi Bankın emissiya elədiyi kreditlər Beynəlxalq Bankın, Neft Şirkətinin dəyər yaratmayan layihələrinə, məsələn, onların borclarının qaytarılmasına yönəlir. Belə şəraitdə manat nəinki "dollar istehsal" edir, əksinə ölkənin mövcud valyuta resurslarını udur. Bu isə arxasında istehsal dayanmayan izafi manat kütləsinin "dolları istehlak" prosesidir.
Beynəlxalq Bankın timsalında sonuncü nümunəni çox aydın görə bilərsiniz..