Pages

Wednesday, July 13, 2016

Elm və dərman: bizi hansı sağaldacaq?

Dövlət başçısı hökumət üzvləri ilə keçirdiyi müşavirədə bəyan edib ki, yaxın zamanlarda dərman istehsalına başlanacaq və dərman preparatları istehsal edəcək fabriklərin tikilməsi gündəlikdədi.
Qeyri-neft sektorunun inkişafı və iqtisadiyatın şaxələndirilməsi baxımından cəlbedici bəyanatdı. Amma ortada çox mühüm bir sual var:  dərman istehsalı üçün hansı şərtlər tələb olunur?

1) Elmi potensialın mövcudluğu

Dərman sənayesinin əsas fərqləndirici cəhəti sıx və böyük həcmdə elmi-tədqiqat işləmələri üçün sərmayə tələb etməsidir. Bu gün dünyada elmi tədqiqat üçün çəkilən xərclərin strukturunda 15% payla məhz dərman sənayesi 1-ci yerdə dayanır – və hər il təxminən 150-160 milyard dollar xərclənir.  
Azərbaycan kimi elmi potensialı zəif, elmə sərmayə qoyulmadığı, iqtisadiyyatla elmi sferalar arasında bütün əlaqələrin itdiyi ölkədə dərman sənayesinin indiki elmi potensial müqabilində imkansız görünür. Tibbi, bioloji və kimya sahəsində elmi ptensial elə səviyyədə olmalıdır ki, istehsal elədiyin məhsul Dünya Səhiyyə Təşkilatının işlədiyi və dərman istehsalında dünya norma və standartlarını müəyyən müəyyən edən “Yaxşı istehsal təcrübələri”nə cavab verə bilsin. İlk növbədə elmi potensial olmadan klinik araşdırmalar üçün fundamental baza qurula bilmir. Klinik araşdırma müəyyən bir sağlamlıq problemini haqqında əvvəldən təyin olunmuş, cavabı bilinməyən problemləri yeni müalicə üsulları ilə araşdırmaq üçün elmi cəhdlərdir. Bu işdə ölkənin tibb elmi və infrastrukuturu iştikak etməlidir. Vətədaşı elementar xəstəliklərin müayinəsi üçün qonşu dövlətlərə üz tutan ölkədə tibb elmi və infrastrukuturu belə klinik araşdırmalara dəstək verə biləcəkmi? Məlumat üçün deyim ki, Türkiyə kimi tibb sənayesi və elminin inkişaf etdiyi ölkə klinik araşdırmaların sayına görə, Avropa və ABŞ-dan on dəfələrlə geri qalır.  Halbuki Türkiyənin 10-dək universitetinin nəzdində fəaliyyət göstərən texnoloji inkişaf bölgələrində dərman istehsalı sahəsində elimi araşdırmalar aparılır. Əlavə olaraq, Türkiyədə 5 dərman şirkərinin özünün böyük elmi-tədqiqat mərkəzi mövcuddur. Bizdə belə mərkəzləri quracaq kadr potensialı varmı?

2) Zəruri infrastrukturun mövcudluğu

Dərman sənayesi üçün elmi mərkəzlərin qurulması üçün köklü baza olmalıdır – universitetdən gələn bir baza. Məsələn, Türkiyədə dərman sənayesi üçün elmi-tədqiqat mərkəzlərinə kadr yetişdirən infrastruktura diqqət yetirək: ölkənin müxtəlif universitetlərində 31 kimya mühəndisliyi, 46 kimya, 28 kmya texnologiyası, 49 bioloji, 81 tibb, 34 genetik və molekulyar bölmə fəaliyyət göstərir.  Nəzərə alaq ki, Türkiyə hələ dərman istehsalına görə dünyada 31-ci sırada yer alan bir ölkədir.
Dərman sənayesinin infrastrukturuna elmi-tədiqiqat mərkəzləri ilə yanaşı hazır məhsulun emalı üçün zəruri məmulatları istehsal edən müəssisələrin mövcudluğudur. Bu müəssisələr hansı kadr potensialı və xammalla qurulacaq?
Yoxsa bütün komponentlər idxal ediləcək və bizim adına “dərman sənayesi” dediyimiz sənaye yalnız qablaşdırma ilə məşğul olacaq?     

3) Rəqabət qabiliyyətli məhsul  

Azərbaycan bazarı böyük bazar deyil – illik dərman istehlakı xərclərinin real həcmi 650-700 milyon manatı manatı ötmür. Bu dərman dövriyyəsinin əhəmiyyətli hissəsi şiş və qan xəstəlikləri ilə bağlı yüksək texnologiya və elmi baza tələb edən dərmanlardır ki, bu dərmanları hətta Türkiyə yaxın illərdə istehsal etmək gücündə olmadığını etiraf edir. Əgər söhbət ən yaxşı halda 200-250 milyon manatlıq dövriyyəsi olan bir sənayenin yaradılmasından gedirsə, bu istər ÜDM və məşğulluğa, istərsə də büdcəyə qatqısı baxımından yeni sənayenin potensialının böyük ola bilməz. Ona görə yerli dərman sənayesi məhdud daxili bazara deyil, yalnız ixrac dayalı qurulmalıdır. İxrac isə rəqabətabiliyyətli (həm qiymət, həm keyfiyyət baxımından) məhsul sayəsində mümkündür. Bazarın 95%-ni əlində saxlayan transmilli dərman nəhəngləri ilə rəqabətə girəcək potensialımız varmı?    

Sənayeləşmə strategiyası nəyi hədəfə almalıdır?

Postneft dövrünün hökumətin gözləntilərinin əksinə zidd olaraq onu tez yaxalaması tələsik və pərakəndə qərarların verilməsinə səbəb olur. Amma məsələlərə köklü yanaşma olmalıdır. Məsələn, yaxşı işlənmiş bir sənaye strategiyası olmalıdır. Həmin sənəddə dünyada qəbul olunan hər bir texnoloji səviyyədə bizim imkanlarımız, fürsətlərimiz və zəif nöqtələrimiz dəqiq müəyyən edilməli, hər bir səviyyə üçün hədəflərimiz və resurslarımız müəyyən edilməlidir.
Hazırda dünyada sənaye məhsulları 4 qrupa bölünür: aşağı, orta aşağı, orta yüksək texnoloji və yüksək texnoloji qrupuna daxil olan məhsullar.
Yüksək texnoloji qrupa təməl əczacılık məhsulları və əczacılıqla əlaqəli məmulatların emalı, kömpüter, elektronik və optik məhsullar, hava texnikası və kosmik vasitələrin istehsalı daxildir. Bu qrup məhsulların istehsalı ən yüksək səviyyədə və ən yeni nəsl texnologiyaların tətbiqi, elmi-tədqiqat işləmələri sayəsində mümkündür.
Orta yüksək texnoloji məhsul qrupuna kimyəvi məhsulların, silah ve sursat, elektriklə çalışan avadanlıqlar, motorlu quru nəqliyyat vasitələri, tibbi və stomatologiya ilə əlaqədar vasitələr istehsalı daxildir.
Orta aşağı texnoloji məhsul qrupuna rəfinə edilmiş neft məhsulları istehsalı, rezin və plastik məhsulların istehsalı, digər qeyri-metal mineral məhsulların istehsalı, baza metallurgiya sənayesi məhsulları, maşın və avadanlıqlar istisna olmaqla metal məmulatların emalatı, gəmilərin və üzən strukturların inşası, maşın və avadanlıqların quraşdırılması və təmiri.
Aşağı  texnoloji məhsul qrupuna qida məhsullarının, içkilərin, tütün məmulatlarının, toxuculuq məmulatlarının, geyim əşyalarının, dəri məmulatlarının, ağac məmulatlarının, kağız məmulatlarının və mebelin istehsalı  
Bu təsnufata diqqət edin: biz əsasən aşağı, müəyyən qədər isə orta aşağı texnoloji məhsul istehsal edə bilirik. İndilikdə bizim hədəfimiz orta yüksək texnoloji məhsulların istehsalı üçün potensial yaratmaq, bu mərhələdə isə yüksək texnologi qrupa daxil olmaq üçün elmi potensial formalaşdırmaq olamalıdır. Göründüyü kimi, əczaçılıq məhsulları məhz yüksək texnoloji qrupa daxildir.   
Məlumat üçün deyim ki, Sinqapur 60-cı illərdə müstəqillik quran zaman yaratdığı keramika və gəmiqayırma sənayesi iflasa uğrayıb- elmi potensialın zəifliyi, rəqabətqabiliyyətli məhsul istehsalı yarada bilməməsi, daxili bazarın məhdudluğu səbəbindən. Lakin o dövr üçün bu ölkənin mövcud imkanlarına uyğun və Norveç sərmayəsinin dəstəyilə yaratdığı forel balıqlar üçün qarmaq istehsalı müəssəisələri ölkə iqtisadiyatına daha böyük fayda gətirib.
Yeri gəlmişkən, Türkiyədə dərman sənayesi və biotexnoloji sahə ilə bağlı 2015-2018-ci illər üzrə 2 ayrı strategiya və tədbirlər planı qəbul edilib.  

Dünya dərman istehsalı ilə bağlı maraqlı faktlar

Hazırda dünya dərman bazarının həcmi 1 trilyon dollar təşkil edir. Bazarın 95%-i transmilli şirkətlərin, o cümlədən 65%-i Şimali Amerika (ABŞ və Kanada) və Avropa ölkələrinə məxsus şirkətlərin əlindədi.
Bölgə ölkələrindən Türkiyə bu sahədə öndədir. Bu ölkə yüksək istehsal texnologiyası (biotexnoloji) əsasında istehsal olunan dərmanlar istisna olmaqla istənilən növ dərmanları istehsal etmək potensialına malikdir. Türkiyə dərman istehsalını DST-nın müəyyən etdiyi “Yaxşı istehsaıl təcrübələri”nə uyğun dünya norma və standartlarına uyğunlaşmaq istiqamətində son 35 il ərzində çox böyük yol qət etsə də, yetərli rəqabət gücünə malik deyil.  Hazırda Türkiyədə 15-i xarici olmaqla 77 dərman istehsalı şirkəti fəaliyyət göstərir. 3100 adda dərman istehsal edilir, 31 000 insan çalışır, 900 miıyon dollar ixraca malikdir.Təxminən 1.2 milyard dollarlıq məhsul da daxili bazarda satılır. Yəni yerli istehsalın ümumi dövriyyəsi 2 milyard dollar ətrafındadır.

Cəmi 4.2 milyon əhalisi olan İrlandiyanın ÜDM-nin 11%-i, ixracının 50%-i dərman sənayesi hesabına formalaşır. Dərman ixracınının illik həcmi 30 milyard dollar ətrafındadı. Bu ölkə dərman sənayesinin inkişafını ötən əsrin 70-ci illərində elan etsə də, yalnız 80-90-cı illərdə tibbi və texniki universitetllərin inkişafı sayəsində dünya bazarına çıxa bilmişdi. Hazırda dünyada ən çox satılan 12 dərman növündən 5-i İrlandiyada istehsal edilir.